Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ov etmə faktı ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı Şabran rayonu ərazisində yerləşən ovçuluq təsərrüfatının ərazisində “Harayçı qu”, habelə ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş “Fısıldayan qu” quşlarının qanunsuz olaraq ovlanması nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 258.2.1 (külli miqdarda ziyan vurmaqla qanunsuz ov etmə) və 258.2.3-ci (ovlanması tamamilə qadağan edilmiş quşları ovlama) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.