Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır. Qardaş ölkənin vətəndaşları mayın 28-də yenidən seçki məntəqələrinə üz tutaraq növbəti müddətə dövlət başçısının kim olacağını müəyyən edəcəklər.
Seçkinin ilkin mərhələsində Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan səs çoxluğu ilə öndə olsa da, növbəti dəfə prezident seçilmək üçün lazım olan mütləq səs çoxluğunu qazana bilməyib. O, ikinci turda CHP lideri Kemal Kılıçdaroğlu ilə yarışacaq. Seçkilərdə 5%-dən çox səs qazanaraq üçüncü yerə çıxan ATA ittifaqının namizədi Sinan Oğan ikinci turda önəmli siyasi fiqura çevrilib. O, hələlik bu raundda hansı namizədi dəstəkləyəcəyini açıqlamayıb, tərəflərlə danışıqlar apardıqdan sonra qərarını elan edəcəyini bildirib.
Türkiyədə seçkilər təkcə regionda deyil, beynəlxalq səviyyədə də maraqla izlənilir. Seçkidən sonra ABŞ, Rusiya, Avropa İttifaqından müxtəlif mesajlar verilib.
Xarici siyasi ekspert və politoloqlar hesab edirlər ki, Türkiyə xalqı yenidən Ərdoğanı prezident postuna seçəcək. Hazırda onun şansı rəqibindən daha yüksək qiymətləndirilir.
Pakistanlı ekspert Qaiser Nəvvab Modern.az-a açıqlamasında bildirib ki, Türkiyədə keçirilən prezident seçkilərini bütün dünyada olduğu kimi, Pakistanda da diqqətlə izləyirlər.

“Türkiyə və Pakistan qardaş ölkələrdir. Pakistan xalqı və hökuməti qardaş ölkədə seçkilərin uğurlu olmasını istəyir. Hazırda seçkilər ikinci mərhələyə keçib və iki namizəd var. Hazırkı hakimiyyət dövründə Türkiyə və Pakistan arasında əlaqələr yüksələn xətlə davam edib. Birlikdə beynəlxalq və regional layihələrə imza atılıb. Ümid edirik ki, Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi olarsa, əlaqələr əvvəlki formada davam edəcək", - ekspert deyib.
Onun sözlərinə görə, Türkiyə ilə əlaqələr Pakistan üçün lazımlıdır: "Azərbaycan-Türkiyə-Pakistan birliyinin hələ həyata keçirəcəyi layihələr var. Ona görə də Pakistan hakimiyyət dəyşikliyi olarsa da, bu əlaqələrə sadiq şəxsin gəlməsini arzu edir. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan bizim ölkə ilə münasibətlərə hər zaman xüsusi yanaşıb. Düşünürəm ki, Pakistan xalqı Ərdoğanı dəstəkləyir və onun yenidən hakimiyyətə gəlişini istəyir”.

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix ölkəsinin qəti şəkildə Ərdoğanı dəstəklədiyini bildirib:
“Kılıçdaroğlunun qələbəsi Türkiyə ilə Rusiya arasında münasibətlərin hərtərəfli pisləşməsi deməkdir. Digər tərəfdən bu, Gürcüstan və Ermənistanda yeni hərbi əməliyyatlar cəbhəsinin açılmasını istisna etmir. O, həmçinin LGBT icmasının dəstəkləyicilərindən biridir və Rusiya belə dəyərləri bölüşmür. Ona görə də bütün Rusiya Ərdoğanın qələbəsinə inanır”.

İsrailli ekspert Mixail Finkel ölkəsində Türkiyədə keçirilən seçkilərin maraqla izlənildiyini qeyd edib:
“Türkiyədə hazırkı hakimiyyət dövründə əlaqələrdə normallaşma prosesi başlayıb. Hazırda proses davam edir. İsrail dost Türkiyə xalqı üçün ən uğurlu namizədi dəstəkləyir. Ümid edirik ki, hakimiyyət dəyişikliyi olsa belə, dost münasibətlərimiz davam etsin. Türkiyə xalqının özü üçün ən uğurlu seçimi edəcəyinə inanırıq”.