Modern.az

Miçel Kadera: “Azərbaycanı Ermənistanla müqayisə etməzdim”

Miçel Kadera: “Azərbaycanı Ermənistanla müqayisə etməzdim”

9 Aprel 2010, 19:32

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ) dəvətilə Avropa Gənclər Forumunun bir qrup üzvü Azərbaycandadır. Modern.az xəbər verir ki, bu gün forum üzvləri səfər çərçivəsində təhsil nazirinin müavini Elmar Qasımovla görüşüblər. Tədbirdə millət vəkili, ARGTMŞ-nin sədri Fuad Muradov da iştirak edib.

Görüşün ardından Avropa Gənclər Forumunun büro üzvü Miçel Kadera Modern.az saytının qonağı olub. 

- Azərbaycana gələrkən öz işinizlə bağlı hansı ideyaları həyata keçirməyi planlamısınız?

- Azərbaycan çox çətin proseslərdən keçmiş və çox böyük tarixi olan bir ölkədir. Bu da sözsüz ki, gənclərə və gənclər hərəkatlarına öz təsirini göstərib. Bura gələrkən bir daha bunun şahidi olduq. Dövlət xadimləri ilə görüşlər və hökumət nümayəndələri ilə müzakirələr zamanı hiss etdik ki, Azərbaycanda gənclərə mümkün olan dəstək verilir. Gəlməmişdən öncə biz düşünürdük ki, yalnız Qərb ölkələrinin təcrübəsini buraya gətirmək mümkün olar. Çünki, Çexiya və digər Şərqi Avropa ölkələrində bu günə qədər belə təcrübələr tətbiq olunub. Lakin biz burda gördük ki, elə Azərbaycanın özünün də özünəməxsus sistemləri var və bu, tətbiq olunur. Əslində, bizim özümüzün də bu təcrübədən yararalanmağımız yaxşı olardı.

- Azərbaycan Gənclər Təşkilatları Milli Şurasıyla əməkdaşlığınız hansı səviyyədədir və bu təşkilatın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Gənclər Təşkilatları Milli Şurasıyla çox geniş əməkdaşlığımız var. Bizim bütün tədbirlərimizdə Azərbaycanın gəncləri, onların birləşdikləri Qeyri-Hökumət Təşkilatları çox fəal iştiak edirdilər. Azərbaycan haqqında çox böyük təsəvvürlərimiz və müsbət fikirlərimiz var.

- Daha hansı ölkələrə bu cür səfərlər etmisiniz?

- Şəxsən mən Rusiya və Ermənistanda olmuşam və oranın təcrübəsiylə tanış olmuşam. Şərqi Avropanın bütün ölkələrində və Avropa Birliyinin də bir çox ölkələrinə də bu cür səfərlər etmişəm.

- Azərbaycanla Ermənistan  arasında nə kimi fərqlər var?

- Azərbaycanı Ermənistanla müqayisə etməzdim. Amma Bakını öz yaşadığım Brüssellə müqayisə edə bilərəm. Paytaxtın təmizliyi və gözəlliyi doğrudan da diqqəti cəlb edir. Çünki Brüsseldə bu qədər təmizlik müşahidə edilmir. Bakıda şəhərin mərkəzi  hissəsində gəzərkən tarixi abidələr, muzeylər, təmizlik doğrudan da tədqirəlayiqdir.

- Ölkəmizdən hansı təəssüratlarla ayrılacaqsınız?

- Deyə bilərəm ki, mənim yalnız bir neçə gün burda olmaq imkanım var. Bu müddət ərzində heç də geniş təəssüratla burdan ayrılmaq elə asan deyil. Ancaq inanıram ki, qısa zaman içində bu mümkün olar. Mən bunları 3 istiqamətdə bölüşdürərdim. Birinci odur ki, Azərbaycanın bəxti çox gətirib ki, onun yeraltı ehtiyatları-nefti var. Buradan gələn gəliri düzgün istiqamətdə istifadə edilir. Burada müşahidə etdiyim bir şey də ondan ibarətdir ki, Azərbaycanda istər gənclər, istərsə də ölkəni idarə edənlər daha çox inkişaf naminə çalışırlr. Azərbaycan cəmiyyəti çox ağıllı cəmiyyətdir. Sizin cəmiyyət öyrənmək həvəskarıdır, hətta qonşularından da çox şeyi öyrənir və bunları gələcəkdə öz inkişafları naminə tətbiq etməyi də bacarır.

 

 

 

Dürrə Həsənova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır