Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya sahəsində böyük inkişaf yolu qət edib. Bu inkişafın kökündə Ümummilli lider Heydər Əliyevin vaxtında, yerində atmış olduğu addımlar dayanır. Heydər Əliyev qədim İpək Yolunun yenidən canlanmasını və burada Azərbaycanın əsas rol oynamasını istəyirdi. Bu, Azərbaycanın iqtisadi baxımdan daha da güclənməsinə töhfə verəcəkdi. Ümumilli liderin dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət də hər şeyə qadir olacaqdı. Məhz bu səbəbdən də ABŞ və Avropa İttifaqının Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya sistemini qurmasına, şərti olaraq “Böyük İpək yolu” adlandırılan transmilli layihəsini müsbət qarşıladı. Azərbaycanın da bu layihədə əsas rol almasını istədi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bəs TRASEKA layihəsi niyə bu qədər önəmlidir?
SSRİ-nin dağılması və vaxtilə Sovet İttifaqının tərkibinə daxil olan respublikaların müstəqillik qazanmasından sonra Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi daha aktual xarakter aldı. Regionu nəzarətində saxlamağa və alternativ enerji dəhlizlərinin yaranmasına mane olmağa çalışan Rusiyanın müqavimətinə baxmayaraq, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı bu istiqamətdə səylərini aktivləşdirdilər. Onlar TRASEKA adlanan layihə çərçivəsində Avropanı Asiya ilə birləşdirən nəqliyyat-kommunikasiya sisteminin qurulmasına, şərti olaraq “Böyük İpək yolu” adlandırılan transmilli layihənin həyata keçirilməsinə başladılar.
TRASEKA proqramının tətbiqi hökumətlər arasında daha sıx əməkdaşlıq və dialoqla nəticələnib. Bu da tranzit ödənişlərin rəqabətli səviyyədə saxlanılması razılığına və sərhəddən keçmənin rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsinə gətirib çıxardı. TRASEKA dəhlizi boyu iritonnajlı yüklərin nəql edilməsi haqda da razılaşmalar əldə olunub. Onun Mərkəzi Asiyanın dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli və ən ucuz marşrut olduğu təsdiq edilir.
TRASEKA proqramı üzrə Texniki Yardım Avropa Yenidənqurma və Bərpa Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarından böyük məbləğdə sərmayə qoyuluşunun cəlb edilməsinə kömək edib. Bu təşkilatlar TRASEKA dəhlizi boyu limanlar, dəmir yolları və avtomobil yolları üzrə əsaslı layihələrin maliyyələşdirilməsi üçün 1,7 milyard avrodan çox vəsait ayırmışlar. Bundan əlavə, Avropa İttifaqının özəl sərmayəçiləri Qafqaz və Mərkəzi Asiya nəqliyyat şirkətləri ilə birgə müəssisələrdə iştirak edirlər.
Nəqliyyat dəhlizi olmaqla inteqrasiyaya doğru əhəmiyyətli tədbir kimi TRASEKA-nın inkişaf dinamikası bu gün həmişəkindən daha güclüdür. Tərəfdaş ölkələr TRASEKA-nı milli nəqliyyat sistemlərinin dünyanın digər ölkələri ilə inteqrasiya üçün əhəmiyyətli sayırlar. Mərkəzi Asiyadan başlayaraq, Qafqazdan keçərək, Qara Dənizə istiqamətlənmiş və regionu Trans-Avropa Şəbəkələri və dünyanın digər nöqtələrilə birləşdirən Şərq-Qərb dəhlizi böyük həcmdə yük daşımalarını təmin edən reallıqdır. Regional nəqliyyat hüquqi bazasının Avropa və beynəlxalq normalara inteqrasiyası və uyğunlaşdırılması davamlı bir prosesdir. Avropa və digər beynəlxalq agentliklər malların hərəkətində süni maneələrin azaldılması üçün TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərirlər. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası öz missiyalarını yerinə yetirmək və iş təcrübələrini tətbiq etmək baxımından TRASEKA layihələrində iştirak edirlər.
Heydər Əliyev nəqliyyat-kommunikasiya sahəsində bu layihənin əhəmiyyətini hələ ilk günlərdən görərək, Azərbaycanın da bu layihədə iştirakına önəm verib.
Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrilib. Belə ki, 1992-ci ildən MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının (DYƏT), 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başladı. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncağı, Tarif Konfransı, DYƏT-nin Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmiryolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilib.
6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapıb. Hazırda, dövlət Proqramı sürətlə icra olunur.
Ulu öndər Heydər Əliyevin alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.
Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi
2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq.
Şimali Avropanı Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.
Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək.
Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub.
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra Zəngəzur dəhlizi məsələsi Azərbaycan Prezidenti tərəfindən irəli sürüldü.
“Zəngəzur dəhlizi”nin açılması bölgədə reallaşan strateji layihələrin icrasına müsbət təsir edəcək, daha əlverişli regional tranzit imkanları yaranacaq. Eyni zamanda, Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı qurulacaq, Avrasiya məkanında sərnişin və yük daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. “Zəngəzur dəhlizi” Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycandan və Ermənistandan keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanacaq yükdaşımalarını daha səmərəli edəcək. Bu fikri beynəlxalq ekspertlər də qəbul edirlər.
Ermənistan hələki buna mane olmağa çalışır. Lakin bu layihə əvvəl-axır reallaşacaq. Çünki bu layihə geoiqtisadiyyat baxımdan olduqca mühümdür.
Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur