Modern.az

Aİ Ukraynaya yardım üçün Budapeştdən yan keçməyin yolunu tapdı

Aİ Ukraynaya yardım üçün Budapeştdən yan keçməyin yolunu tapdı

Dünya

22 Yanvar 2024, 09:36

"The Wall Street Journal" (WSJ) sənəd layihəsinə istinadən yazır ki, Avropa Xarici Fəaliyyət Xidməti Macarıstanın tətbiq etdiyi vetodan yan keçmək üçün Ukraynaya yardım fondu yaratmağı düşünür.

 

Modern.az xəbər verir ki, fondun büdcədənkənar Avropa Sülh Fondunun aktivlərindən təxminən 6,5 milyard avro alacağı və 2024-cü ildən 2027-ci ilə qədər hər il Kiyevə 5 milyard avroya qədər vəsait ayıracağı gözlənilir.

 

WSJ-nin aydınlaşdırdığına görə, layihənin məqsədi bu pulu ölkələrə Ukrayna üçün hərbi yardım, o cümlədən döyüş sursatları və hava hücumundan müdafiə raketlərinin birgə alınmasına görə kompensasiya ödəmək üçün istifadə etməkdir. Vəsaitin bir hissəsi Avropa İttifaqının (Aİ) Ukrayna üçün hərbi təlim proqramının xərclərinin ödənilməsinə də sərf olunacaq. Təkcə 2024-cü ildə fondun sayəsində Aİ ölkələri təxminən 7,5 milyard avro təzminat ala biləcəklər.

 

Qəzetin fikrincə, yeni fondun strukturu Macarıstanın blokladığı və ya qarşılığında öz tələblərini irəli sürmək üçün istifadə etdiyi tranşların ayrılmasından qaçmağa kömək edəcək. Fondun həmçinin az miqdarda döyüş sursatı olan Aİ ölkələrinə birgə satınalmalarda resursları birləşdirməyə icazə verməsi gözlənilir.

 

2023-cü ilin dekabrında Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardım proqramı ilə bağlı qərara veto qoyub. Yanvar ayında "Politico" mənbələri Budapeştin Kiyevə yardımı hər il nəzərdən keçirmək imkanı veriləcəyi təqdirdə vetonu ləğv edəcəyini bildirib. "Euractiv"in məlumatına görə, Aİ mart ayından gec olmayaraq Ukraynaya yardım göstərəcəyini vəd edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə