Modern.az

Mayın 10-da köçkünlər üşün yeni binanın rəsmi açılışı olacaq

Mayın 10-da köçkünlər üşün yeni binanın rəsmi açılışı olacaq

24 Aprel 2010, 20:27

Ölkə başçısının “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2009-cu il 2 sentyabr tarixli Sərəncamına əsasən Sabunçu rayonunun Ramana qəsəbəsində tikilmiş beşmərtəbəli, 70 mənzilli bina bu yaxınlarda istifadəyə verilib. Amma onun rəsmi açılışı hələ olmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, binaya metronun “Azadlıq prospekti” stansiyasının tikintisinin aparıldığı ərazidə, Bakı Yod Zavodunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Sabunçu rayonundakı pansionatda və digər boşaldılması zəruri olan dövlət əhəmiyyətli yerlərdə kommunal və sanitar normalara cavab verməyən şəraitdə yaşayan Ağdam, Şuşa, Cəbrayıl, Kəlbəcər və digər işğal altında olan rayonlardan didərgin düşmüş köçkünlər yerləşdirilib. Smeta dəyəri 5,2 milyon manat olan və “SNT İnşaat” ASC tərəfindən tikilmiş bina bir neçə il əvvəl məcburi köçkünlər üçün salınmış 450 ailəlik qəsəbəyə bitişik ərazidə inşa olunub. Burada 5 birotaqlı, 35 ikiotaqlı, 25 üçotaqlı, 5 dördotaqlı mənzil var. Ərazidə elektrik transformatoru və qaztənzimləyici məntəqələr, fasiləsiz su təchizatı üçün hər biri 150 kubmetrlik iki su anbarı və nasosxana tikilib, kanalizasiya xətti çəkilib, mənzillərin isidilməsi üçün lokal istilik şəbəkəsi yaradılıb. Binanın ətrafında yaşıllıq zolağı salınıb. Modern.az-a verilən məlumata görə, yaşayış binasının rəsmi açılışı mayın 10-da-mərhum dövlət başçısı Heydər Əliyevin doğum günündə olacaq. Tədbirdə Prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır