Qarabağdan qovulmuş separatçılar özünü buraxdığını elan etmiş qondarma “Artsax”ı virtual olaraq “yaşatmaq” üçün İrəvanda dar çərçivəli toplantılar keçirirlər.
Modern.az “Hraparak”a istinadən xəbər verir ki, bu günlərdə məlum olub ki, qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın “qərarı” ilə Artur Arutyunyan olmayan bir durumun “dövlət naziri vəzifəsi”ndən azad edilib. Əvəzində qondarma “Artsax”ın “keçmiş şəhərsalma naziri” Aram Sarkisyan “dövlət naziri” təyin edilib.
Qeyd edək ki, Artur Arutyunyan Qarabağ separatçılarının Bakıda həbsdə saxlanılan keçmiş başçısı Arayik Arutyunyanın əmisi oğludur.
“Hraparak” yazır ki, Artur Arutyunyan çoxdandır ki, “Artsax” məsələlərindən yaxa qurtarmaq istəyirdi. O, ötən ilin sentyabrında Şahramanyan “prezident” seçiləndən sonra “Artsax”a “dövlət naziri” təyin edilmişdi.
Məlumata görə, Artur Arutyunyan xaricə, konkret olaraq Almaniyaya köçmək niyyətindədir, ailəsi artıq Avropaya gedib. Arturun özünün isə Ermənistan hakimiyyətinin tələbi ilə “işdən çıxarılması” gecikdirilib.
İddiaya görə, məhz Artur Arutyunyan vasitəsilə Ermənistan hakimiyyəti müəyyən siyasi proseslərin qarşısını ala bilib.
Qeyd olunur ki, Artur Arutyunyan yeganə şəxsdir ki, Ermənistan hakimiyyət orqanları ilə, xüsusən də baş nazirin müavini Tiqran Xaçatryanla rəsmi əlaqə saxlayıb və Qarabağdan çıxan ermənilərə sosial dəstək proqramlarını əlaqələndirib. Eyni zamanda Ermənistan hakimiyyəti onun vasitəsilə qondarma “Artsax”ın siyasi meydanına müəyyən mesajlar verir, üsyankar və vətəndaşlığı olmayan kütlələri nəzarətdə saxlayırdı.
“Hraparak” qeyd edir ki, Ermənistan parlamentinin yaxın vaxtlarda separatçı qurumun “Artsaxbank”dakı payını və digər maliyyə məsələlərini öyrənmək üçün təhqiqat komissiyası yaradacağı gözlənilir.