Modern.az

Çexiya dialoqun davam etdirilməsinə dəstək göstərir - Adamova

Çexiya dialoqun davam etdirilməsinə dəstək göstərir - Adamova

Dünya

1 Fevral 2024, 23:29

Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstək göstərir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

 

O bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

 

M.Pekarova Adamova qeyd edib ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.

 

O, ölkəmizin COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.

 

Görüşdə, həmçinin ölkəmizin enerji sahəsində hər zaman etibarlı tərəfdaş olduğu qeyd edilib, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir.

 

Deputatlar Palatasının sədri Azərbaycana ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə