2022-ci ildə gənc qız Məhsa Əmininin polis tərəfindən hicaba görə saxlanıldıqdan sonra müəmmalı şəkildə ölməsi ilə başlayan hökumət əleyhinə nümayişlərdən sonra İranda insanlar ilk dəfə seçkiyə gedirlər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, seçkidə iki fərqli məclis üçün səs veriləcək.
Bunlardan birincisi parlament, digəri isə Ekspertlər Şurasıdır. Parlament seçkiləri 4 ildən bir, digəri isə 8 ildən bir keçirilir. Ekspertlər Şurası İranın ruhani liderini seçən, vəzifədən azad edən və ona nəzarət edən strukturdur.
İranın Keşikçiləri Şurası hər bir parlamentə namizədləri yoxlayaraq təsdiq edir. Bu Şuranın üzvləri isə İranın dini lideri Ayətullah Əli Xamenei tərəfindən təyin edilir. 2009-cu ildə etirazlara səbəb olan mübahisəli seçkilərdən sonra ən kiçik tənqidi fikirlər səsləndirən namizədlər belə yarışdan kənarlaşdırılmışdı.
Seçkilərə qatılacaq 15200 nəfərdən yalnız 30-u islahatçı qanaddandır. 2004-cü ildən parlamentdə mühafizəkarlar çoxluq təşkil edir və bunun dəyişməsi gözlənilmir. Əvvəlki seçkilərdə islahat tərəfdarı düşərgə namizədləri yarışa, insanları isə seçkiyə getməyə təşviq edirdi. Lakin bu seçkilərdə ilk dəfə olaraq “mənasız, rəqabətsiz, ədalətsiz və səmərəsiz” seçkilərin bir parçası olmaqdan imtina etdiklərini açıqlayıblar.
Sosial azadlıqlar və iqtisadiyyat baxımından seçkilərin böyük rolu yoxdur. Bu məsələlərlə bağlı son qərarı həmişə İranın ruhani lideri Ayətullah Əli Xamenei verir. Bugünkü seçkilərdə aşağı fəallığın olacağı gözlənilir.