Martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra Türkiyə siyasəti yenidən formalaşacaq.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Qalib Ensarioğlu deyib.
O iddia edib ki, seçkilərdən sonra Cümhuriyyət Xalq Partiyasının sədri dəyişəcək və Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) elektoratı parçalanacaq.
Türkiyə siyasətinin iddialı nümayəndələrindən hesab olunan Ensarioğlunun sözlərinə görə, seçkilərdən sonra Meral Akşenerin rəhbərlik etdiyi İYİ partiya fəaliyyətini dayandıracaq.
Siyasətçinin sözlərinə görə, hakim partiya mövqeyini güclü şəkildə qoruyacaq. O deyib ki, AKP-nin bir pillə geriləməsi və ya iki pillə irəliləməsi onun mövqeyinə ciddi təsir etmir. Amma digər partiyaların səslərinin dəyişməsi ciddi nəticələrə səbəb ola bilər.
Deputat qeyd edib ki, təmsil olunduğu hakim blok da parçalanıb, Fatih Erbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası AKP-nin üstünlük təşkil etdiyi blokdan ayrılıb. Bu partiya AKP-dən çox səs götürəcək siyasi qüvvədir. "Amma sizə bunu deyim, bu seçkidir, demokratik yarışdır. Vətəndaş nəsə edəndə zərər görsək belə, vətəndaşı yox, özümüzü sorğu-sual edəcəyik. Yəni İstanbulu itirsək də, qiyamət olmayacaq. Amma biz İstanbulda, hər yerdə, Cənub-Şərqdə səslərimizi artıracağıq. Səsləri artıracağıq, aldığımız bələdiyyələrin sayını artıracağıq. Onların [DEM Partiyasının] səsləri azalacaq, bələdiyyələri azalacaq", - siyasətçi iddia edib.
Qalib Ensarioğlunun sözlərinə görə, İstanbulda keçirilən rəy sorğularında hakim partiyanın namizədi Murat Kurum öndə görünür. O qeyd edib ki, İstanbul uğrunda keçirilən sonuncu seçkidə şərtlər çox fərqli idi:
"Çoxlu səhvlər var idi. Bu dəfə İstanbul üzərində daha ehtiyatlı iş aparılır. İstanbulda səsləri artırırıq. Müxalifətin parçalandığını görmürsünüz? Müxalifət elektroratıbı itirib, liderlik problemi var"
O, seçkidən sonra yeni konstitusiyanın qəbul edilməsinin gündəmdə olacağını vurğulayıb.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək. Bələdiyyə sədrliyi və üzvlüyenə namizədlər artıq təsdiqlənib.