2025-ci ildən Gürcüstanda baş nazirin, prezidentin və bütün nazirlərin maaşları artacaq.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” Partiyası artıq parlamentə düzəlişlər layihəsi təqdim edib.
Baş nazir İrakli Kobaxidze deyib ki, bu, korrupsiyanın ən yüksək səviyyədə qarşısını almaq üçün profilaktik olaraq lazımdır.
Ən yüksək əmsal prezident və baş nazir üçün müəyyən edilir: ildə 160 min lari (təxminən 60 min dollar). Prezidentin maaşı iki dəfədən çox artacaq, baxmayaraq ki, bu, hazırkı prezident Salome Zurabişviliyə təsir etməyəcək - qərar seçkilərdən sonra qüvvəyə minəcək. Onun ötən il bütün maaşı 84 221 lari olub.
Baş nazirin maaşı az qala 73 faiz artacaq. Nazirlərin maaşları orta hesabla iki dəfə artaraq təxminən 136 min lari olacaq. Bundan əvvəl deputatların, spikerin və növbəti çağırış parlamentdəki deputatların maaşları artıq köklü şəkildə artırılmışdı.
Müqayisə üçün Gürcüstanda orta aylıq əmək haqqı təxminən 1700-1800 lari, yeni ildən pensiyalar isə 315-415 lari arasındadır.