Modern.az

Gözəlliyə aid kitabların müəllifi: "Mənim kitablarımın rəqibi yoxdu..."

Gözəlliyə aid kitabların müəllifi: "Mənim kitablarımın rəqibi yoxdu..."

3 May 2010, 22:00

Azərbaycan xanımları gözəlliklə bağlı suallara cavab tapmaq üçün adətən bəzi jurnallara müraciət edirlər. Lakin onlar az sayda olan bu jurnallardan gözəl və cazibədar görünmək üçün geyim, saç və üz maskaları, saça, dəriyə qulluq, kökəlmədən qurtulma və s. kimi məsələlər barədə yetərli, tam əhatəli məlumatlar əldə edə bilmirlər. Gənc yazar Aynur Qurbanqızının "Xanımların gözəllik sirləri” silsiləsindən yazdığı kitablar isə sağlam və gözəl görünmək istəyən xanımların ixtiyarına verilmiş yegənə və rəqibi olmayan nəşrlər hesab olunur. Çünki Aynur Qurbanqızının kitabları mövzusuna görə Azərbaycanda oxucuların ixtiyarına verilmiş ana dilində yazılmış ilk nəşrlərdi.

Qeyd edək ki, Aynur Qurbanqızı Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Onun bir-birinin ardınca 5 kitabı çapdan çıxıb, daha 6 kitabı isə hazırda çap olunmaq ərəfəsindədir.

 

 

- Aynur xanım, necə oldu ki, bu kitabları yazdınız? Bu maraq sizdə hardan yarandı?

- İlk kitabım “Arıqlamağın sirləri” kitabıdı. Bu kitab belə ərsəyə gəldi: özüm arıqlamaq istəyirdim. Kökəlməklə bağlı problemim var idi. Bununla əlaqədar ana dilimizdə kitab axtarırdım, amma, belə bir vəsait yox idi. Pəhrizlə bağlı çoxlu kitab, jurnal toplamışdım. Araşdırma zamanı gördüm ki, Azərbaycanda bir dənə də olsun qadınlara - gözəlliyə aid kitab yoxdur. Baxmayaraq ki, biz internetə daxil olanda görürük ki, Türkiyədə və ya başqa ölkələrdə gözəllik, gigiyena, özünəqulluqla bağlı kitablar çoxdu. Azərbaycana gələn kitablar isə Rusiyadan gətirilir, onlar da mükəmməl deyil. Belə qərara gəldim ki, yazmaq qabiliyyətim varsa, özüm bu addımı atım. Beləliklə, “Arıqlamağın sirlərii”ni hazırladım. Bu kitabım çox uğur qazandı, xanımlar tərəfindən sevilən kitab oldu. Sonra qərara gəldim ki, qadınlar üçün digər kitablar da yazım. Düşündüm ki, misal üçün qadınlarda saç tökülməsi problemi varsa, üz dərisinə qulluq, sızanaqlar, civzələr varsa, bununla bağlı kitab yazmaq olar. Yəni bir qadının gözəlliyi üçün - dəriyə qulluq, makiaj, geyim və s. kitab hazırlamağı düşündüm və buna nail oldum. Hazırda 5 kitabım çap olunub.

- Qadın gözəlliyini açmaq üçün bu kitablar yetərlidirmi, yəni başqa kitablarınız da olacaqmı?

- Əlbəttə ki, gözəllik sirləri üçün hazırladığım bu kitablar yetərli deyil. Ona görə də başqa kitablar da hazırlamışam və hazırda 6 kitabım çap olunmaq ərəfəsindədir. Nəşriyyatda ağ kağız problemi var deyə, bir az ləngiyir. Onlar da işıq üzü görəndən sonra kitablarımın sayı 11-ə çatacaq. Daha 2 kitab da hazırlayıram. Bir də mən təkcə gözəlliklə bağlı kitablarla kifayətlənmirəm. Çünki ən böyük arzum həkim olmaq olub. Sadəcə olaraq kimya fakültəsinə daxil olmuşam. Amma ixtisasım fərqli olsa da, tibb sahəsinə marağıma görə tibbi kitablar da hazırlamağı düşünürəm. “Orqanizmin təbii yolla təmizlənməsi” adlı kitab hazırlayıram. Burada qanın saflaşdırılması, daxili orqanlar, limfaların çöküntülərdən təmizlənməsi, orqanizmin zəhərlərdən təmizlənməsi kimi ayrı-ayrı bölmələr olacaq ki, bu da nəinki qadınlar, hər kəs üçün чох əhəmiyyətli kitab olacaq. Onu da deyim ki, kitablarım mövzusuna görə Azərbaycanda ilk dəfə nəşr olunur. Deyə bilərəm ki, bu kitabların rəqibi yoxdu. Bəzən mənə deyirlər ki, hamilələr haqqında, uşağa qulluqla bağlı da kitablar hazırla. Amma o işə qoşulmuram. Ona görə ki, mən ümumiyyətlə Azərbaycanda olmayan kitabları hazırlamaq iсtəyirəm.  Hamiləlik, uşağa qulluqla bağlı tərcümə olunmuş variantda olsa da, satışda bir-iki kitab var. Amma mənim ağlıma gələn mövzu və ideyalar Azərbaycanda öz dilimizdə yoxdu. Ona görə də mən olmayan kitabları təqdim eləmək istəyirəm.

- Kitablarınızın birinin başqaları tərəfindən piratçılıq yolu ilə yayıldığını demişdiniz...

- Bu məni çox əsəbiləşdirir. “Saçlara qulluq sirləri” kitabım “ksereks” ounaraq rayonlara satılır. Bilirsiniz, məni narahat edən öz çap etdiridiyim kitabların satışı deyil, narahatçılığım ondadır ki, belə kitablar çox pis səviyyədə olur, içindəki şəklillərin yarısı pozulmuş vəziyyətdədir və s. Ona görə narahat oluram ki, sabah onu alan oxucu elə biləcək ki, tərtib etdiyim kitab belə pis vəziyyətdədi. Mənim üçün utancdı, oxucu elə biləcək, o səviyyədə kitab çıxartmışam. Axı hamı professianal deyil ki, kitabın həqiqi, yaxud “ksereks” olub-olmadığını bilsin. Əslində, isə istəyirəm gözəlliyə aid bütün kitablarım dizayn, tərtibat baxımından da yüksək səviyyədə olsun. Kitablarımın nəşriyyatda qalmasının bir səbəbi də odur ki, onlara demişəm kitablarım ən yaxşı kağızdan çap olusun. Həmin kağız da hələlik olmadığı üçün kitablarım nəşriyyatda qalıb. Amma onlar təklif edir ki, bir az rəngi sarıya çalan, keyfiyyəti aşağı olan kağızda buraxaq, razılaşmıram. Çünki bu kitablar qadınlara, gözəlliyə aiddirsə, istəyirəm qadınlar o kitabı əlinə alanda kitabın özündən də zövq alsınlar. Hətta aralarında rəngli səhifələr də var. Qorxuram ki, sussam, digər kitablarım da bu aqibəti yaşasınlar. Amma buna qarşı necə mübarizə aparacağımı da bilmirəm. Ən böyük nəşriyyatlarla maraqlanmışam, hamısı deyir ki, Azərbaycanda piratçılığın qarşısını alacaq heç bir qüvvə yoxdur.

- Kitablarınızın hazırlanmasında tərcümədən istifadə edirisiniz?

- Təbii ki, özümdən nəsə kəşf edib yaza bilmərəm. Burda mövzular da müxtəlifdi – saç tökülməsi, geyim və s. Onda gərək mən həm modelyer olam, həm dermotoloq, həm kosmetoloq, həm cərrah... Mən bu sahələrin hamısını bilə bilmərəm. Ona görə də məlumdur ki, onları mənbələrdən götürüb istifadə edirəm. Özü də çox ciddi yanaşıram. Məsələn, saç tökülməsi mövzusu ilə bağlı. Mən bu mövzunu sadəcə bir metoddan yazmıram. Saç tökülməsi başdan başlanır - saçın quruluşu, onun anatomiyasından tutmuş həkim məsləhətləri araşdırılır. Sonra kosmetoloji salonlardan müsahibə alıram ki, görəsən bu salonlarda saç tökülməsi necə müalicə olunur. İnternetdən araşdırıram ki, xaricdə gedən son araşdırmalar nədir, o cümlədən saç tökülməsinə aid nə kimi maskalar, xalq təbabəti var, o barədə də kitabda məlumat verirəm. “Arıqlamağın sirləri” kitabında da kökəlmənin yaranma səbəbindən tutmuş arıqlama vitamini, çayları, prosedurlar, arıqlama proqramları, hətta incə görünmək barədə geyim sirlərinə kimi hər şey barədə məlumat vermişəm. Bilirisiniz, mən necə yanaşıram bu kitab işinə, sanki bir dissertasiya işi götürmüşəm və geniş araşdırma aparıram. Kitablarımda xaricdəki ən məhşur həkimlərin, kosmetoloqların kitabından da ən maraqlı bölmələri tərcümə edib yazıram. Ən əsası da bütün kitablarımda Azərbaycandakı həkimlərdən müsahibə xüsusi yer tutur. Bəzi məsələlər var ki, onları tibbi baxımdan araşdırmaq lazım olur. Bəzi kitablarımın rəyçiləri, redaktorları da peşəkar həkimlərdir.

- Kitablarınızda plastik əməliyyatlar bölməsinə də rast gəlinir. Niyə plastik əməliyyatlara üstünlük verirsiniz?

- Оna görə plastik əməliyyatlara üstünlük verirəm ki, əgər bir qadın çirkin görünüşə malikdirsə, ya anadangəlmə fiziki qüsuru varsa və ya sonradan qazanılmış qüsurlara sahibdirsə, onun ömür boyu əzab çəkib, utanmağındansa, cərrah stolunun üstündə uzanmasına üstünlük verirəm.

- Bəs özünüz plastik əməliyyat etdirərdiniz?

- Əməliyyata pis baxmıram. Ümumiyyətlə, pis baxdığım şeyləri kitablarımda yazmıram. Misal üçün, «Arıqlamağın sirləri”ndə arıqlama ilə bağlı elə bir mövzu yoxdur ki, toxunmayım, yalnız arıqlama dərmanlarından başqa. Xeyrinə inanmadığım heç nəyi kitabıma salmaram. Qaldı ki, sualınıza, təbii ki, gələcəkdə ehtiyacım olduğu təqdirdə heç düşünmədən bunu edəcəm. Çünki həmişə gözəl və cavan qalmaq istəyirəm.

- Aynur xanım, sizi tələbəlikdən tanıyıram. O vaxtlar hekayələr yazırdınız, arzunuz var idi ki, nə vaxtsa bu hekayələri bir kitabda çap etdirəsiniz. Maraqlıdır, niyə o hekayələri çap etdirmədiniz, başqa mövzuda kitab yazdınız? Nə zamansa hekayələrinizi kitab halına gətirməyi düşünmürsüz?

- Birincisi, mən özümü həvəskar yazar kimi görürəm.

Professional yazıçı olmadığım üçün  belə bir kitabı təqdim etməyə utanaram. Sadəcə olaraq həyatda gördüyüm neqativ halları yazmaq qabiliyyəti olan biri kimi hansısa obrazların dili ilə qələmə almışam. Gələcəkdə ola bilər ki, hekayələr kitabım da çıxsın. Çünki bu kitablardan dolayı adım tanındığına görə yəqin oxucular mənim o kitabıma da maraq göstərər. Gözəllik kitablarını birinci ona görə yazdım ki, belə götürsək mənim hekayələrim heç kəsə lazım deyil. Məsələnin maliyyə tərəfi də var. Məsələn, mən kitablarımı bankdan aldığım kreditlə çap etdirirəm. Bəzən mənə sual verirlər ki, sponsorunuz kimdi? Mən deyərdim ən yaxşı sponsor elə özüməm. Hətta ilk kitabımı çıxaranda dedilər ki, maddi tərəfini həll etmək üçün reklam da ala bilərsən. Amma xoşuma gəlmir ki, kimlərinsə qapısına bir-bir gedib reklam üçün yalvarım. Təbii ki, kimsə gəlib özü təklif etsə, bu başqa məsələ... Həmçinin, nə vaxtsa o qədər şəxsi pulumun da olmasını oturub gözləyə bilməzdim. Ona görə fikirləşdim ki, ən yaxşı yol kredit götürüb kitablarımı çıxarım. Kitablarım satıldığına görə bankın pulunu ödəməklə bağlı hələki problemim olmur. Amma hekayələr kitabını çıxartsaydım, onun satılma ehtimalı bilinmirdi. Bu kitablarıma isə güvənirəm. Nə qədər borc pul götürsəm də, bilirəm ki, kitabın gəliri krediti ödəyəcək. Çünki kitablarıma tələbat var.

- Yeri gəlmişkən, kitablarınızda e-mail ünvanınızı, telefon nömrənizi də göstərmisiniz. Heç oxucular tərəfindən sizə müraciət edilirmi?

- Bəlkə də Azərbaycanda ilk olaraq bu addımı mən atmışam ki, bütün kitablarımda cəsarətlə əlaqə vasitələrini yerləşdirmişəm. Оxuculardan çox zəng edənlər var. Тəşəkkürünü bildirənlərlə yanaşı, problemlərini həll etmək üçün məsləhət almaq istəyənlər də olur. Mən onlar üçün xüsusi zaman ayırıram, yarım saat-bir saat dinləyirəm... Çalışıram onlara nədəsə kömək olum...

- Ən çox hansı məsələylə bağlı müraciətlər olur?

- Adətən “Arıqlamağın sirləri” kitabı ilə bağlı müraciət olur. Demək olar ki, bu kitabla bağlı zəng edənlərin sayı-hesabı yoxdu. Sevindirici hal odur ki, bu kitabla bağlı zəng edənlər təşəkkür edirlər. Çünki arıqlamağın xeyrini görənlər çoxdu. O cümlədən üzə qulluqla da bağlı mənə çox zənglər gəlir. Hətta çoxları elə bilir ki, mən həkiməm. Zəng vururlar ki, sizin qəbulunuza necə gəlmək olar. Onlara izah edirəm ki, həkim deyiləm. Amma çalışıram ki, onlara yaxşı bir həkimin ünvanını verim. Həm də izah edirəm ki, hər zaman həkimə getməyə ehtiyac yoxdu, kitabı oxusunlar. Çünki mən də həkimlərdən götürmüşəm. Hətta saç tökülməsinə qarşı müalicə resepti də yazmışam. Yəni kitabı dərindən oxuyan adam elə özü-özünü müalicə edə bilər. Saç tökülməsi ilə bağlı da mənə zəng edib saçlarının tökülməsinin dayandığını deyirlər. Çoxusu mənə ancaq təşəkkür etmək üçün zəng vurur. Burdan da görünür ki, Azərbaycanda belə kitablara ehtiyac var imiş.

- Kitablarınızın yayımı hansı səviyyədədi? Təkcə Bakıda satılır? Qiyməti neçəyədir?

- Qiymətlər 3-5 manat arasındadır. Problem ondadır ki, kitabın yayımı ilə geniş məşğul ola bilmirəm. Ona görə ki, bu işin içində təkəm. Rayonlara mən tərəfdən rəsmi şəkildə kitab göndərilmir. Amma rayonlardan da zəng vuranlar olub. Gəncədən, Ağdaşdan, Naxçıvandan mənə zənglər gəlib. Özüm də təəccüblənirəm ki, ora kitab göndərməmişəm. Sonra məlum olub ki, kitab satıcıları özlərı Bakıdan alıb aparıb rayonlarda satırlar. Çox təəccüblüdür ki, bu günlərdə Moskvadan da bir xanım Rusiya nömrəsi ilə mənə zəng vurub dedi ki, sizin “Üz üçün maskalar” kitabınızı almışam. Mənə təbii bitkidən maskalarla bağlı sual verirdi. Yəqin ki, Bakıdan alıb aparıb, ya göndəriblər. 

- Nömrənizə kişilərdən də zəng gəlir?

- Düzünü desəm ancaq xanımlardan zəng gəlir. Amma kitablarımla bağlı qəribə də olsa kişilərdən də zəng gəlib. Onları maraqlandıran məhz saç tökülməsi olub. Oğlanlarda saç tökülmə ciddi problem olduğundan, onlara qısa məsləhətlərlə yanaşı, güvəndiyim həkimin ünvanını verməklə kömək etməyə çalışmışam. Yeri gəlmişkən, kitablar xanımlara aid olsa da, kişilər də unudulmayıb. Hər kitabın bir bölməsi məhz onlara aiddir.

- İnternet ünvanınıza da yazanlar olurmu?

- İnternetdə də mənə çoxlu sual və təşəkkür göndərənlər var. Bundan başqa internetdə xanim.net və qadin.net saytlarından da mənə əməkdaşlıq təklifi gəlib. İnsanlarla ünsiyyətə girmək, onlara da nədəsə kömək etmək çox xoşuma gəlir. Yəni onları tək kitablarımla bağlı deyil, digər suallarını da  cavablandırmaq istəyirəm. Bu günlərdə qadin.net saytına yerləşdirdiyim ilk yazim, həmin sayt üçün bir gündə ən çox oxunanlar sırasına düşdü. Digər yazilarim da onun kimi.

- Bəs öz saytınızı açmaq fikrində deyilsiniz?

- Belə bir fikrim var. Düzünü desəm, birini açdırmışdım, amma, bir az problem yaşandı, aldatdılar məni. Ancaq daha yaxşı sayt açmaq niyyətindəyəm. İstəyirdim ki, portal sayt olsun, yəni, gündəlik dəyişən xəbərlərlə. Amma tanınmış qadın saytlarından mənə əməkdaşlıq təklifi gəldiyi üçün düşündüm elə bu saytlarda da iştirak edib öz missiyamı yerinə yetirə bilərəm. O cümlədən xanim.net və kitab.ws saytlarında mənim üçün xüsusi “gözəllik kitabları” bölməsi açılıb. Bununla yanaşı, тəbii ki, kitablarımın görüntüsü və özüm haqqımda məlumat üçün şəxsi saytım – www.aynurqurbanqizi.cом da bu günlərdə istifadəyə veriləcək.  İşimə dəstək olduqlarına görə hər kəsə, o cümlədən, gənc müəlliflərə güzəştlər etməklə daim yardımlarını əsirgəməyən “Qanun” nəşriyyatına təşəkkürümü bildirirəm.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi