Modern.az

Kürqırağı fəlakət zonalarında son vəziyyət necədir?

Kürqırağı fəlakət zonalarında son vəziyyət necədir?

8 May 2010, 18:48

Kür çayında baş vermiş daşqınlar nəticəsində Sabirabad, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Neftçala rayonlarında vəziyyət gərgin olaraq qalır.

Son məlumatlara görə, daşqınlarla əlaqədar artıq Sabirabad rayonunun bir sıra kəndlərindən əhali evakuasiya olunub. Qeyd edək ki, mayın 7-də Kür çayı Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində yerləşən bəndi 50 metr məsafədə yarıb. 

“Azadlıq” radiosunun su basmış ərazilərə ezam olunan müxbiri bildirir ki, Sabirabadın Dadaşbəyli, Qaragüney, Şıxlar, Salahlı, Osmanlı, Qüdəcühr, Qaratoğay, Zalqarağac kəndləri boşaldılıb. Lakin əksər kənd sakinləri ev heyvanlarını su basan kəndlərdən çıxara bilməyiblər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri rezin qayıqlar, katerlər vasitəsilə kəndin yollarında hərəkət edir, insanlara yardım etməyə çalışırlar. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini Abid Şərifov hadisə yerindədirlər. Abid Şərifov jurnalistlərə bildirib ki, bəndlərin uçduğu yerdə su sürətlə axır. Bəndi aşan çay suyu kəndlərə sarı 12 kilometr irəliləyib. Bəndin yarıldığı yerdə suyun hündürlüyü 16-17 metr təşkil edir. Hazırda ərazidə 700-dən artıq maşın bəndin bərkidilməsi üçün çalışır. Havaların pis keçməsinin vəziyyətin daha da ağırlaşmasına səbəb olduğunu deyən A. Şərifov mayın 10-11-də havanın yenidən pisləşəcəyinin proqnozlaşdırıldığını, bunun çətinliklərin daha da artmasına səbəb ola biləcəyini söyləyib: “Vəziyyət çox gərgindir. Ancaq lazımi tədbirlər görülür və görüləcək”. Evlərini tərk edən sakinlər üçün Sabirabad şəhərinin mərkəzi stadionunda çadırlar qurulub. Heyvanları gətirərkən çay sularının apardığı ehtimal olunan 19 yaşlı Sabirabad rayonunun Qaratoğay kənd sakinin axtarışları davam edir. Qarağac kəndinin yaxınlığından keçən yük vaqonlarından biri aşıb. Ürək tutmasından bir neçə nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Respublika Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə baş vermiş təbii fəlakətlə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev daşqına görə bəzi istiqamətlərdə nəqliyatın hərəkətinin dəyişdirildiyini bildirib. Şirvan - Sabirabad yolu bağlandığına görə bu istiqamətdə hərəkət edən sürücülərə Hacıqabul-Padarçöl, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan- Biləsuvar yolundan istifadə etmək məsləhət görülüb.

Sel suları nəticəsində Salyanla Şirvan rayonları arasında da nəqliyyat əlaqəsi kəsilib. Hazırda təhlükənin daha da böyüməsinin qarşısını almaq üçün tədbirlər davam etdirilir.

 

Azərbaycanda baş verən sel və daşqın hadisələri ilə bağlı Azərbaycanın nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib. Onun sözlərinə görə, Kürdə daşqınların baş verməsinin səbəbi işğal altında olan Azərbaycan ərazisindəki “Xudafərin” su anbarından Araz çayına suyun normadan artıq buraxılmasıdır. Belə ki, İran tərəfi suyu normadan artıq buraxdığına görə, Araz çayında suyun səviyyəsi kəskin artır, bu isə Arazda və Kürdə daşqınlara səbəb olur. “Məlum olduğu kimi, İran tərəfindən su çox gəlir. Adi qaydada oradan buraxılan suyun həcmi 750 kubmetrdən yuxarı olmamasına baxmayaraq, indi bu rəqəm 1100-1200 kubmetrdir. Bu həcmdə suyu isə nizamlamaq mümkün olmur. "Xudafərin" su anbarı da yeni tikildiyindən orada çox su yığmaq olmur. Hazırda bu sahədə İran tərəfi ilə danışıqlar aparılır. Bizim mütəxəssislər indi oradadır. Suyun nizamlanması üçün tədbirlər aparılır. Belə olsa, selin dağıdıcı təsirinin alınması asanlaşar”, deyə Ə. Əhmədzadə bildirib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub