Modern.az

Zahid Oruc: “Qızımla bağlı içimdə daşıdığım aləm fərqlidir, ondan başqa hər şeyim siyasidir” - MÜSAHİBƏ

Zahid Oruc: “Qızımla bağlı içimdə daşıdığım aləm fərqlidir, ondan başqa hər şeyim siyasidir” - MÜSAHİBƏ

14 Dekabr 2013, 13:42

“Əlimdən rəngsazlıq gəlmir, bənna da deyiləm”

Modern.az saytının “Pəncərə” layihəsinin budəfəki qonağı millət vəkili Zahid Orucdur.

– Zahid müəllim, son proseslərdən üzü bəri nə baş verir? Hansı hadisələrə qarşı təəccüb hissiniz artıb?

– Allah insanın fiziki potensialını bir limitdə yaradıb. Fövqəlinsan yoxdur. Tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəldiyindən hamının əksər insanları anlamaq, dərk etmək, təhlil və süzgəcdən keçirməyə ehtiyacımız var. Sokratcasına deyim ki, öyrənməyə, bilgi əldə etməyə, baxmağa, müşahidə aparmağa gərəkən hadisələr az deyil. Bu cəhətdən yorulmuram, amma başqa psixoloji və mənəvi təəssüratları az yaşamıram. Onlar bəzən yorğunluqdan daha ötə olurlar. Ola bilməz insan desin ki, məni başqalarından fərqləndirən qeyri-iradi keyfiyyətlər bəşəriyyəti anlamaq üçün tam yetərlidir və son idrak mərhələsinə yetişib. İnsanın İQ əmsalı yuxarı ola bilər, institutu əla qiymətlərlə qurtarar, daha çox kitablar oxuyar. Amma Allah insanın fizioloji, bioloji imkanlarını müəyyən bir çərçivədə yaradıb. O səbəbdən də ayrı-ayrı məsələlərə yanaşmamda təəssüfləndiyim, acı hisslərlə baxdığım situasiyalar olub. Lakin sizin üçün nə qədər inanılmaz səslənsə də deməliyəm ki, təəccüb hissimi çoxdan islah etmişəm. Çünki siyasətin labirintləri və gözlənilməzlikləri o qədər çoxdur ki, insanı təbiətcə bütün situasiyalara hazırlayır. Gənc yaşlarımdan başlayaraq gördüyüm insan mənzərələri, psixoloji portretlər yetərincə çox olub.

– Bununla bərabər iki övlad atasısınız. Övladlarınızla bağlı sizi təəccübləndirəcək nəyinsə olması qeyri-mümkün deyilmi?

– Şou əhli bütün aksesuarlarını, şəxsi özəlliklərini cəmiyyətə o qədər “səxavətlə” çıxarıblar ki, bu tendensiyanın ictimai normaya çevrilməsi bizi qorxudub və fərdi informasiyalara yasaq qoymağa vadar etdirib. Ona görə qapalı rejimdən çıxmağın tərəfdarı deyiləm və həmkarlarınızın təşəbbüslərinə müsbət cavab verdiyim hallar çox az olur. Baxmayaraq ki, hər bir vəzifə adamı üçün qanunun konkret tələbi var ki, ictimai personalar cəmiyyətə açıq olmalıdır. Çünki vətəndaşın ixtiyarı var ki, vəzifə adamı haqda hər şeyi bilsin və burada konfidensiallıq olmasın. Ona görə də yalnız qızım haqqında danışa bilərəm. Onun 12 yaşı var. Əksər keyfiyyətlərinə görə mənə daha çox yaxındır. Hamımız Şərq mentallığına mənsubuq. İsti iqlim qurşağının yetirmələriyik. Nənəm deyərdi ki, “sac üstündə diri qorğayıq”, yəni mütəhərrikik, impulsivik, reaksionistik. Bununla bərabər, daxili temperamentimiz bizi ilahi keyfiyyətlər sayılan nəciblik, xeyirxahlıq və mərhəmət hissləri kimi ali dəyərlərlə yaşamağa sövq etdirib. Ona görə həmişə deyirəm ki, insanın iç dünyası real dünyanın özündən qat-qat böyükdür. Övladlar hər birinin öz yeri var. Lakin qız uşaqlarının ailə aurası tamam başqadır. Hətta Peyğəmbər əleyhissalam deyirdi ki, əgər üstünlük vermək lazım gəlsəydi, üçüncü sorğuda üstünlüyü qıza verərdim. Görünür, zərifliyə belə qiymət ta qədimdən-dini ənənələrimizdən gəlir. Qızımın məktəb illəri, bəlli şagird dünyası və bizim mühiti tənzimləmək qabiliyyəti yumorla desəm ayrıca “fəlsəfi mövzudur”. Bəzən bunu mifləşdirirlər ki, filankəs vəzifə adamıdır və ona görə qeyri-adidir, qeyri standartdır. Elə deyil. Hamının mədə tələbatı, geyim, mətbəx, qonaq və başqa oxşar yaşantıları var. Sadəcə zövq, həyat stili və standartlar fərqli ola bilər. Kim hansı dəyərlərə üstünlük verirsə, ona uyğun ömür yolunu seçir. Ayrıca nida işarəsilə qeyd edim ki, qızımla bağlı içimdə daşıdığım aləm fərqlidir. Ondan başqa hər şeyim siyasidir.

– Deyirlər ki, ata qızına daha yaxındı. Qızınızla müzakirələriniz əsasən hansı mövzuda olur? Sizə suallar verirmi?

– Əlbəttə verir. Məncə ata-qız münasibətləri son dərəcə ilahi və söz təsvirinə gəlməz olduğu üçün heç kim onun içərisinə daxil ola bilmir. Övlad insanın irs, qalıcılıq və digər ali hisslərinin məcmusudur. Ona görə uşağın maraq dünyasına qatılmalısan, onun düşüncə sisteminə qoşulmalı və uzlaşma nöqtələri tapmalısan. Həmişə belə düşünmüşəm ki, uşaq dünyasını içində saxlayan adam yaxşı adamdır. Eltac adlı qızımdan sonra bir çox yaxın ətraf mənim üçün yüksək mərtəbədə deyil. Bir yerdə oxumuşdum ki, 6 əsər var ki, onu filmləşdirə bilmirlər. Elə bilirdim ki, kino dünyası insanın bütün varlığını əks elətdirə bilir. Sən demə, atanın övladla münasibətlərini tam filmləşdirmək olmur.


Valideyn olaraq, sizi nə narahat edir?

– Miflərimizdə nağıllarımızda xeyli qüsurlar var. Bizdə Məlikməmmədin nağılını uşaqların beyninə yeridiblər. Halbuki onun içində qardaşın sevgilisinə sahiblənmək üçün onun kəndirini kəsib qaranlıq dünyaya atmaq hadisəsi mövcuddur. Yaxud yenicə dil açan körpələrə öyrətdiyimiz “Uşaq və buz” şeri. Mübarizə ruhundan daşındıran məktəbli yıxıldığı yerin üzərində möhkəm dayanmağı öyrənmək əvəzinə yazın gəlişini gözləməyə təhrik edilir. Divi su gətirməyə göndərən və balacalıq kompleksi yaradan başqa nağıl qəhrəmanlarımızdan heç danışmıram. Mənim övladlarımın bu miflərdən xəbəri yoxdur.

– Siyasətçinin ailədə siyasətdənkənar olmaması normal deyil. Bu anormallığı necə aydınlaşdıra bilərsiniz?

– Bu əslində quruluq deyil. Bilirəm ki, işarəniz ona yönəlib ki, “yəqin həddindən artıq cansıxıcı mühitdir”. Xeyr. Əsla, tam əksinə. Daşıdığımız mənəvi keyfiyyətləri paylaşmaq, gərəkəndə musiqi dinləmək, birgə filmləri seyr etmək və maraqlı yaşamağın motivini yaratmaq üçün hər şeyi edirəm. Ölməz Rəşiddən başlamış ilahi səsə və fikrə xidmət edən nə varsa,onları kollektiv məhsula çevirməyə çalışıram.

– Sizin həm də çox qəliz dil quruluşunuz var. Ədəbi cümlələrlə danışırsınız. Hiss etmirsinizmi ki, bu cür halınızla ətrafınızdakıları yorursunuz?

– Artıq hamı mənim leksikonuma uyğunlaşıb. Doğrudur, nəzəri dillə danışıram və bunun fərqindəyəm. Ola bilər, kiməsə belə görünsün ki, mürəkkəb bir siyasi dillə danışıram. Lakin başlıcası, fikirdə bəlli sərhədlər, orijinal məna tutumu və aydın süjet xətti olmalıdır. Ola bilər fikir sıxlığı çox olan nitqlər sevilməsin. İnsanların daha asan çıxışlara meyl etməsi başa düşüləndir. Lakin zəngin siyasi hadisələri tam məişət səviyyəsinə salmaq və diplomatiyanı gətirib məhəlli bir prizmadan izah etmək də olmaz. Ölkədə bir neçə şəxs var ki, belə danışır. Onları naturasına görə də həmkar saymaq olar. Bəziləri heç vəzifə adamları da deyil. Onların varlığına çox sevinirəm ki ayrıca bir orijinallıq gətirirlər həyatımıza. Ancaq neyləyim ki, beləyəm. Əvvəllər bunu etiraf etmirdim. İlk dəfə sizə söyləyirəm ki, bu mənim mövcudluq formamdır və əksər hallarda vəziyyəti dramatikləşdirmədən, onu çarpaz fikirlərə və aforizm şəkilli sistemə gətirməklə nəinki özüm, hətta yaxın siyasi çevrəmi də yoluxdurmuşam. Bəzən tez-tez telefon əlaqələrim olan insanlar zəng edib deyirlər ki, “yeni aforizmlər yaratmışıq, dinləyirsənmi?” Şəxsi həyatda da beləyəm. Akademik dil hamıya mane ola bilər. Ancaq naturaca sadə insanların iç yaşantılarından, ideallarından, baxışlarından. həyat stilindən də uzaq deyiləm. Yəni mən “elitar, aristokrat bir aləmdəyəm, toxunmayın mənə” deyə xüsusi bir kompleks yaşamıram.

Siyasi fəaliyyətinizə son qoysanız, hansı peşənin arxasınca gedərsiniz?

Əlimdən rəngsazlıq gəlmir, bənna da deyiləm. Texniki sahəni seçərdim. Elmi işçi olaraq fizika institutunu təmsil edirəm. Ali məktəbi əla qiymətlərlə başa vurmuşam. Gözümün enerjisi, fiziki gücüm kitabların içində gedib. Bu aləm mənim üçün qaranlıq dünya deyil. İnstitut dövründə də çalışmalarım hədsiz çox olub. Texniki universitetdə ən yüksək qiymətlərlə oxuyan 8 nəfərdən biri idim. Elmi Şuranın üzvü kimi lap gənc vaxtlarımdan alimlərin mühitində fəal diskussiyaların iştirakçısı olmuşam. Lakin siyasətlə alimlik çalışmalarını eyni bir səviyyədə aparmaq mümkün deyil. Ona görə birincini seçdim.

– Seçki öncəsi Fəzail Ağamalı ilə gərgin münasibətlər yaşandı. Partiya sıralarından ayrıldınız. İndi münasibətlər nə yerdədir? İçinizdə kin varmı?

– Namidə xanım, istər xristian aləmində ,istərsə də müsəlman dünyasında Allahın günah kimi buyurduğu əməllərin siyahısı hamıya bəllidir. Bunlara heç zaman yol vermirəm. Prinsiplərim sırasında birini qabartmalı olsam deyərəm ki, getdiyim yolda çiyindaşlığın vəzifələrinə sona qədər əməl edərəm. Bir zaman hansısa yolu keçmişiksə, çörək kəsmişiksə, eyni vəzifələri yerinə yetirmişiksə, onları sonrakı dönəmdə istiqamət dəyişəndə heç zaman təftiş etmirəm, bunlara ayrı meyarlarla şağalma mövqeyindən baxmıram. Sualınızla bağlı deyim ki, beyin yarımkürəmdə heç zaman nifrətə yer olmayıb. Üstəlik burada kin saxlayacaq bir düşmənçilik hadisəsi də baş verməyib. Əslində mənim “günahım” seçkilərə namizəd olaraq qatılmağım idi. Həmin dövrdə hansısa emosiyalara, açıqlamalara dözümlə yanaşdım. Hamısına cavabım belə oldu: düzgün saydıqları qərarı versinlər və onları anlayışla qarşılayacam. Bunu hər kəs gördü və əksəriyyət yaxşı davranış nümunəsitək qiymətləndirdi. Başa cür də ola bilməzdi. Küsülülük məsələsinə gəlincə, açığı media üzərindən münasibətləri aydınlaşdırmağın tamamilə əleyhinəyəm. İstənilən məsələnin çözümü var. Əgər bir təşkilatın sıralarından azad olunuramsa, müstəqil şəxsə çevrilirəmsə, sonucda gəlib o yerdə necə əyləşə bilərdim? Bu dünənki günü qara rənglərlə təsvir etmək cəhdi deyil, reallıqdır. Lakin yerim dəyişsə də, kursum sabitdir. Münasibətlərə gəlincə, mənim tərəfimdən keçmiş, indiki və gələcək ünsiyyəti məhv edəcək heç bir sözə yol verilməyib. Olmayacaq da. Əksinə, prezidentliyə namizədliyin məsuliyyəti və şərəfi adlı yazımda hörmət və ehtiramımdan irəli gələrək sabiq partiyadaşlarıma minnətdarlıq ifadə etmişdim. Ana vətənçilərə heç bir önyarğılı münasibətim yoxdur, olmayacaq da. Mənim bugünkü planlarım bir partiya içərisində deyil. Həmin partiyada fəaliyyətimin həddindən artıq qabardılmasını istəmirəm.


– Bir ara yeni partiya yaradacağınız haqqında söhbətlər dolaşdı. Məsələ nə yerdədi?

– İndiki vəziyyətdə bu statusun verdiyi tribunadan faydalanaraq mövqeyimi cəmiyyətə çıxara bilirəm. Partiya sadəcə bir meydandır, düşüncələrin birliyidir. Lakin özüm elə bir partiyayam da. Etiraf edim ki, seçki dövründə mənim komandamın içində olan insanlar gələcək planlarımızın içində bir təşkilat yaratmağı daha çox tələb edirdilər. Lakin mən sizdən soruşuram: bir tərəfdən klublara çevrilən, qovluğa yerləşəcək qədər kiçik marginal qrupları, partiyaları qınayan cəmiyyət, məni partiya yaratmamaqda niyə günahlandırır ki? Bu paradoksu mənə izah edin.

– Siz yaradın, digər partiyaların təhlilini apardığımız kimi əmin olun ki, sizin partiyanız da bu cür təhlillərdən kənarda qalmayacaq. Prezidentliyə namizəd oldunuz. Həmin müddətdə bu sizə divident qazandırdımı? Kifayət qədər tanınırsınız. Buna ehtiyac vardımı?

– Siyasətə ağ və qara rəngdə yanaşanlar səhv edirlər. Burada çoxlu ideoloji-siyasi baxışların müxtəlifliyi, ideyaların buketi mövcuddur. Çoxlarına elə gəlir ki, yalnız iki barrikada var. və döyüşən tərəflər bəllidir. Halbuki təbiət nə qədər çox spektrlidirsə, siyasi həyat da elədir. Ola bilməz ki, deyəsən ki, mənim düşüncəm hakimiyyətin mövqeyi ilə yüz faiz üst-üstə düşür. Seçkidə missiyam daşıdığım düşüncələri insanlara təqdim etmək idi. Dedik ki, fikirlərimiz qalib gəlsin. Amma efirin şərtləri elə oldu ki, sanki qladiator savaşındaymışıq kimi özümüzü hiss elədik. İlk debatda arzumu dilə gətirmişdim ki, ora məhkəmə salonuna çevrilməsin. Orda qələm və zəka ilə vuruşmağın tərəfində idim. Beynilə, qələmilə əgər nəyisə yazacaq insanlar vardısa bir neçəsindən biri mən idim. Şahidisiniz ki, seçkisəonrası emosiyalar xeyli sakitləşəndən sonra bir çox obyektiv təhlil qrupları qeyd etdilər ki, Zahid Oruc heç kimi təhqir etmədən intellektual savaş perfomansı sərgiləyə bildi. 6 dəqiqənin yol verdiyi imkanlar çərçivəsində təfəkkür rəqabəti aparmaq və əhalinin hər hansı bir seqmentində tam qəbul olunmaq asan məsələ deyildi. Lakin yekunu bütövlükdə millətimiz üçün uğurlu qiymətləndirirəm və bizim də iştirakımız milli həyatımız və gələcəyimiz üçün faydalı olduğunu zənn edirəm.

– Əyləncə vaxtlarınızı necə keçirirsiniz?

– Əyləncəmin içində də siyasət var. 7-8 il özümə qarşı o qədər qəsbkarlıqla yaşamışam ki, uzun müddət mənim putyovkamdan başqaları istifadə edib. Bir neçə ildir ki, mən də konkret ünvanlarda dincəlməyə başlamışam. Lakin bu radiusca çox da uzaq məsafələr deyil.

– Maraqlıdır, sadə insan Zahid Oruc ictimai nəqliyyatdan istifadə edirmi?

– Xeyli müddətdir ki, etmirəm. Bu hal mənim heç bir cəmiyyət köklərindən qopmağım mənasına gəlmir.

– Tarif Şurasının qərarı ilə benzinin qiyməti bahalaşdı. Sizin maşınınız bu bahalaşmadan necə sığortalanıb?

– Maşınım “Mersedes” markalıdır. Deputatlıq sosial statusumu kardinal olaraq kəskin dəyişməyib. Xeyli mötədil və təvazökar həyatın sahibiyik. Övlad üzərində də kölgəmin çox görünməsi və onların “ana usagı”na çevrilməsinə qarşı olmuşam. Həqiqətən də Azərbaycanda maşınamaniya sindromu var. Var yoxdan çıxıb şəxsi avtomobil sahibi olmağa meyl mövcuddur. Lakin benzinin bahalaşdığı bir həftədən sonrakı Bakı küçələrinin mənzərəsi bir ay əvvəlki tıxaclı durumdan çoxmu fərqlənir?

– Yeri gəlmişkən Milli Məclisin deputatlarının maaşlarının qaldırılması müzakirə olunur. Bunu necə dəyərləndirirsiniz?

– Məsələ müzakirəyə təqdim olunub. Xalqçı nöqteyi-nəzərdən danışmalı olsam deməliyəm ki burda proporsionallıq həmişə gözlənilməlidir. Əgər siz iç söhbətlərin içinə enməyi tələb edirsinizsə, nəzərə alın ki, aldığımız 1700 manat maaşın ictimai yükü o qədər böyükdü ki, onu sadalasam, sizin özünüz də bəlkə bəzilərinə rəhm edərsiniz.

– O zaman müəllimə kim rəhm etməlidir? Maksimum əmək haqqı 250 manat civarındadır.

– Təbii ki, onu da biz etməliyik. Hökumətin borcudur. Müəllimin əmək haqqının aşağı olmasının sadə səbəbi var. Ölkədə 1 milyon 300 min şagird var. 179 min təkcə orta məktəbdə çalışan müəllimlərdir. Orta Avropa göstəricisinə görə 20 şagirdə 1 müəllim düşməlidir. Bizdə isə təqribən 8 şagirdə bir müəllim düşür. Bu minvalla 3 dəfə artıq yük mövcuddur. Tibb bacılarımızın da göstəricisi eynidir. Artım tələb edənlərin məntiqinə görə təhsilə çoxlu pul ayırmaq avtomatik olaraq on illərlə bir tələbə istehsal etməyən məktəblərin nəticəsini sizcə dəyişəcəkmi, yaxud repetitorluğu ortadan qaldıracaqmı? Deməli, kütləvi ixtisarlar və ya riyazi artım nəyisə dəyişməcək. Köklü təhsil islahatlarına ehtiyac var. Rəhm hissindən danışarkən bir məqamı da unutmayın-əgər millət vəkili təkcə bir yerdə çalışırsa, hər hansı biznesi himayə etmədən yaşamaq istəyirsə, onda müxtəlif əhali qruplarından bir neçə dəfə artıq görünən həmin 1700 manatı kütlələrdən əlçatmaz dərəcədə yüksək komfort həyat mənbəyi kimi təsvir etmək və parlament üzvünü ona nifrət hədəfinə çevirmək səhv olardı. Bəli, əhalisi varlı olan ölkənin qanun istehsalçısı da yaxşı yaşamalıdır. Hamımız birgə ona çalışmalıyıq ki, Azərbaycan hər kəsin güvənli və təminatlı vətəninə çevrilsin.

 

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi