Modern.az

Deputatları qəbul etməyən icra başçıları

Deputatları qəbul etməyən icra başçıları

19 May 2010, 16:53

Milli Məclisin bəzi üzvləri deputat seçildikləri rayonlarda işləyə bilmirlər. Bunun əsas səbəbi rayon İcra hakimiyyətlərinin başçıları tərəfindən millət vəkillərinə ciddi maneəçiliklərin törədilməsidir. Bəzi millət vəkilləri Modern.az saytının əməkdaşı ilə söhbət zamanı yerlərdə icra başçısı - deputat münasibətlərinin gərgin olduğunu etiraf ediblər.

Deputatlar bildirirlər ki, rayonlarda seçicilərimin problemlərinin həlli ilə maraqlananda bu, bəzi yerli məmurların xoşuna gəlmir. Özlərini işlədikləri rayonların sahibi kimi aparan İcra Hakimiyyətinin başçıları heç kimi saymır, hətta deputatları belə yaxın buraxmaq istəmirlər.

Millət vəkilləri deyirlər ki, öz seçicilərinin problemlərinin həllilə məşğul olarkən icra başçıları bunu qısqanclıqla qarşılayır, dolayı yollarla maneçilik törətməyə çalışır, məsələni süründürməçiliyə salırlar, yəni rayonların “kiçik padşahları” elə hesab edirlər ki, deputatlar onların işinə müdaxilə edir. Bəzi rayonlarda isə deputatların icra strukturlarından asılı olması barədə məlumatlar var. Bir sira rayonlarda tərəflər arasında münasibətlərin münaqişə həddinə çatdığı qeyd olunur. Araşdırmalar göstərir ki, yerlərdən deputatlara ünvanlanan şikayətlər əsasən sosial problemlərlə əlaqədardır. Həmin problemlərin isə rayon İcra hakimiyyətlərindən qaynaqlandığı heç kimə sirr deyil. Saytımıza verilən məlumatlara görə, bəzi məqamlarda hansısa nazirə güvənən bir sıra rayon İcra hakimiyyətlərinin başçıları deputatı saatlarla qəbul otağında gözlədir, millət vəkilinin telefon zənginə cavab vermir, vaxtlarının olmadığını əsas gətirərək görüşməkdən boyun qaçırırlar. Belə olan halda deputat ona ünvanlanan hansısa sosial məsələni həll edə bilmədiyinə görə, öz seçicisi qarşısında xoşagəlməz vəziyyətdə qalır.

Qeyd edək ki, icra başçısı – deputat münasibətlərinin gərginliyinə dair mətbuatda indiyədək kifayət qədər məlumatlar yer alıb və əksər hallarda həmin informasiyalar deputatlar tərəfindən təsdiqlənib. Məsələn, Masallıda icra başçısı Qəzənfər Ağayevlə deputat Əhəd Abıyevin münasibətlərinin hansı həddə çatdığını hər iki tərəf dəfələrlə sərt ifadələrilə açıq-aşkar bəyan ediblər. Yuxarıda qeyd etdiyimiz kimi, Masallı icra başçısı – deputat münasibətlərinin gərgin olduğu yeganə rayon deyil.

Əldə etdiyimiz məlumata görə, Gəncədə də icra hakimiyyətinin başçısı ilə bu şəhərdən seçilən deputatlar arasında olduqca sərin münasibətlər hökm sürməkdədir.

Bundan başqa, Xaçmaz, Goranboy, İsmayıllı, İmişli, Qusar, Kürdəmir, Mingəçevir, Yevlax rayonlarında da icra başçılarının həmin bölgələrin deputatlarını eşitmək istəmədiklərinə dair yetərli məlumatlar var.       Yerlərdə məmurların deputatlara bu cür soyuq münasibət göstərmələri sözsüz ki, daim seçki dairəsinin ərazisində olan deputat köməkçilərinin işini birə-beş çətinləşdirir. Əksər hallarda rayon İcra hakimiyyətlərində deputat köməkçilərinin ümumiyyətlə yaxına buraxılmadığı söylənilir.   Adəm Qorxmaz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər