Modern.az

Gülər Əhmədova: “Bəzi məmurlar insanlarda hökumətə inamı sarsıdırlar”

Gülər Əhmədova: “Bəzi məmurlar insanlarda hökumətə inamı sarsıdırlar”

Müsahibə

21 May 2010, 12:36

Modern.az saytının suallarını Yeni Azərbaycan Partiyasından olan millət vəkili Gülər Əhmədova cavablandırır

  

- Gülər xanım, ölkədə parlament seçkisi öncəsi vəziyyət sizi qane edirmi?

- Hesab edirəm ki, normal və sağlam bir mühit var. İctimai-siyasi mühitdə fövqəladə bir şeyin baş verdiyini düşünmürəm.

- Bəs prosesə hazılıq məsələsini necə dəyərləndirirsiniz?

- Hər kəs öz səviyyəsində, hər kəs öz imkanları, texnologiyaları səviyyəsində hazırlaşır. Yəqin ki, partiyalar da eyni qaydada seçkilərə gedəcək.

- Partiyaniz yeni texnologiyalardan istifadə edəcəkmi?

- Bu gün müxalifət partiyaları tez-tez siyasi texnologiya barədə fikirlər yürüdürlər, siyasi texnoloqlarının varlığından bəhs edirlər. Ancaq onların internet saytlarına, bloqlarına baxıram, bir-ikisini çıxmaq şərti ilə qalanlarının bloqları da, saytları da çox bərbad vəziyyətdədir. Mən bilmirəm onların necə siyasi texnoloqları var ki, hələ indiyədək internet məkanında səliqə-səhman yarada bilməyiblər.

- Onlarn adını çəkə bilərsinizmi?

- Ad çəkmək istəmirəm. Birinin adını çəkib o birini küsdürmək istəmirəm.

- Müxalifətdə dostlarınız var ki?

- Siyasətlə məşğul oluruqsa, ən azından biri-birimizi tanıyırıq.

- Necə hesab edirsiniz, Kürboyi rayonlarda baş verən təbii fəlakət siyasi meydanı süstləşdirməyib ki?

- Kürün daşması, camaatımızın rastlaşdığı problemlər mənim üçün şübhəsiz ki,  siyasətdən üstün məsələdir. Güman edirəm bu, hər bir azərbaycanlı üçün belədir.

- Gülər xanım, siz cəmiyyətdə sözünü deyən deputat kimi tanınırsınız. Kürboyu ərazilərdə baş verənlərdə məmurların vaxtında iş görməməsi, bu sahəyə ayrılan vəsaitlərin mənimsənilməsi fikirləri də səsləndirilir. Sizin bu barədə rəyiniz necədir?

- Mən bu sahənin mütəxəssisi deyiləm. Ancaq elə bir şeylər zaman-zaman həmin bölgələrdən seçilən deputatların dilindən səsləndirilib. Birbaşa kənd təsərrüfatı sahəsində çalışmaları olan alimlərin bu gün verdiyi açıqlamalar var. Ölkə Prezidenti hökumət komissiyası yaratdı. Mən çox əminliklə bilirəm ki, bu məsələyə cavabdeh şəxslərlə bağlı ölçü götürüləcək.

- Konkret məmur adı çəkə bilərsinizmi ki, o, cəzalandırılmalıdır?

- Mən bilmirəm məmurların neçəsinin adını çəkmək olar. Amma fəlakətin fəsadlarının qarşısının alınmasında böyük əməyi olan məmurlarımız da var. Mən bir məmurun adını çox böyük həvəslə çəkmək istəyirəm, o da fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Fövqəladə Hallar Nazirliyi yaradılanda bir çox adamlar vardı, deyirdilər ki, bu qurum nə işlə məşğul olacaq. Amma həyat sübut etdi ki, bu gün həmin qurum olmasaydı, onun həm təcrübə, həm texnoloji cəhətdən imkanları olmasaydı, bu dərəcədə aktiv rəhbəri olmasaydı, məncə fəlakətin daha böyük fəsadları ola bilərdi. Hadisələri hər an izləyirik, bu bölgələrdə hamının qohum-əqrabası var. Mən hər gün informasiya alıram ki, nələr baş verib. Bu nazirliyin fəaliyyəti  məndə rahatlıq yaradıb.

- Dediyinizdən belə çıxır ki, həmin nazirlik təbii fəlakətin qarşısını almağa qadirdir. Amma dünyanın heç bir yerində müvafiq qurum təbii fəlakətlərin qarşısını ala bilmir. Burada bir parodoks görmürsünüzmü?

- Düzdü Kür hər an yenidən daşa da bilər. Belə hadisələrə ona görə təbii fəlakət deyirlər ki, onun adı da, mahiyyəti də təbiətlə bağlıdır. Təbiətlə vuruşa çıxmağın özü elə bir qəhrəmanlıqdır. Amma unutmaq lazım deyil ki, Kür dünyada olan çayların heç də ən böyüyü, hesablanmamışı, nəzərdə tutulmamışı, öyrənilməmişi, ən dəlisi deyil. Ona görə də əgər zamanında büdcədən ayrılan vəsaitlər doğru, dürüst, mən artıq yenə qeyd etmək istəyirəm, həmin rayonlardan olan deputatların çıxışlarına baxmışam, xərclənsəydi hadisələr bu qədər böyük olmazdı. Güman edirəm orada bir neçə təşkilatın birgə fəaliyyətinə ehtiyac var. Azərbaycana çox böyük ziyan dəydi, şübhəsiz ki, bunun maddi, mənəvi tərəfi var. Mən hesab edirəm ki, bu məmurlar maddi tərəfdən daha çox mənəvi şeylərə cavab verməlidirlər. Çünki Azərbaycan insanında artıq mənəvi rahatlıq yaranırdı ki, Azərbaycanın Prezidenti, hökuməti Azərbaycan insanın sosial rifahı, gələcəyi ilə bağlı konkret addımlar atır. Regionların sosial iqtisadi inkişafı ilə bağlı nə böyük işlər görülüb. Amma bu təbii fəlakətin təbii tərəfini kənara qoyub məmurlar tərəfindən buraxılmış səhvləri nəzərə alsaq, demək bəzi məmurlar insanlarda inamı sarsıdırlar.

- Bu məsələ seçkilərdə insanların hakim partiyaya olan münasibətinə təsir göstərə bilərmi?

- İntellektual baxımında hamının səviyyəsini eyniləşdirmək olmaz. Hərə bir cür fikirləşir. Adam var ki, “JEK”dən bir arayış ala bilməyəndə deyir ki, parlament hara baxır. Halbuki,  o “YEK”in arayış verməməsi hər hansı məmurun insanlıqdan kənar, rüşvətlə bağlı hərəkətləridir. Təbii fəlakətlə bağlı Prezidentimiz hökumət komissiyasını elə belə yaratmadı. Gözləyirəm və əminəm ki, bu məsələlərdə məsul olanlar Prezident tərəfindən öz dəyərini alacaq. İnsanlar bunu gördükdən sonra başa düşəcəklər ki, bəli, bu ölkədə heç bir məmur ürəyi istədiyi kimi hərəkət edə bilməz və dövlətin vəsaitindən ürəyi istədiyi kmi istifadə edə bilməz. O baxımından əminəm ki, seçkilərə kimi bu məsələlər öz yerini tapacaq.

- Növbəti parlamentin tərkibini necə görmək istərdiniz? İndiki deputatlardan elələri var ki, beş ildə bir dəfə olsun çıxış etməyiblər. Bu, sizi qane edirmi?

- Mən iki çağrışdır ki, millət vəkiliyəm. Gördüklərim bundan ibarətdir, bizim ən böyük uğurlarımızdan biri o oldu ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı millət vəkili oldu. Onun millət vəkili olmağı Azərbaycanın siyasət məkanında  qadınların öz roluna baxışı, qadınların görə biləcəyi işlərə münasibəti kökündən dəyişdi. Ona görə də inanıram ki, növbəti parlament seçkilərinə qatılacaq qadınların da sıraları genişlənəcək və yaxud namizədlərin sayı kifayət qədər artacaq. Çünki Mehriban xanım bir president qoydu ki, bəli, qadın olarsan, elə işlər görərsən ki, səndən əvvəl kişilər belə  işlərin öhdəsindən gələ bilməyiblər.

- İndiki çağırış Milli Məclisin fəliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan daha çox Şərq dünyası, İslama bağlı bir ölkədir. Dünyada bu məkana bir xoşagəlməz baxış var. Amma Mehriban xanım bütün dünyaya sübut etdi ki, bu məkanda bütün dünyaya örnək olacaq insanlar var. Bu çox önəmli məsələdir. Əlbəttə ki, bizi Azərbaycanda yaşayan insanlar seçir. Amma hər kəs bilir ki, bizim Qarabağla bağlı problemlərimizin beynəlxalq təşkilatlarda önə gəlməsi, problem kimi təşkilatların qarşısına qoyulması daha çox xaricdə yaşayan azərbaycanlılarla bağlıdır. Bu da bilavasitə bizim yerli seçicilərin maraqlarına uyğun gəlir. Bu baxımdan indiki çağrışda Azərbaycan parlamentinin üzvlərinin özündən öncəki parlamentin deputatlarına nisbətən beynəlxalq səviyyələrdə qazandıqları uğurlar və beynəlxalq səviyyədə qurduqları əlaqələr çox ciddi irəliləyişdir. Burada da konkret olaraq bizim partiyadan olan insanların əməyi çox böyükdür.

- Parlamentari olub cəmiyyətdə kimsə tərəfindən tanınmayan deputatlarla bağlı fikirlərinizi bilmək istərdik...

- Bu məsələ təkcə parlamentə aid bir şey deyil. Orta məktəbdə ibtidai sinif müəllimi var ki, onun buraxılışının əksəriyyəti qızıl medala namizəd olur və əksinə.

- Amma parlament məktəb deyil..

- Hesab edirəm ki, Azərbaycan insanın bir qədər dəyişməsi lazımdır. Bir çox insanların payladığı vəsaitlərin qarşılığında ona səs vermək lazım deyil. Sən yaxşı biznesmen, yaxşı pul qazanmağı bacaran insan ola bilərsən, amma bu demək deyil, sən parlamentari olmalısan. Təəssüflə demək istəyirəm ki, bəzən bizdə seçicilər daha çox maddi yardımlar göstərə bilən insanlara səs verməyə üstünlük verirlər. Bu da siz dediyiniz tipdə insanların parlamentə gəlməyinə yol açır.

- Belə məlumat var ki, partiyanız bu seçkilərdə iqtidaryönlü partiyaları dəstəkləməyəcək. Siz necə hesab edirsiniz, elə partiyalar lazımdımı?

- Elə partiyaların olması normal bir şeydir. Təbiətdə olan hər hansı hadisənin cəmiyyətdə də olması normaldır. Planetlərin ətrafında peyklər olur, o baxımından mən hesab edirəm YAP-ın ətrafında peyk partiyalar olmalıdır.

- Namizədliyinizi hansı dairədən verəcəyinizi müəyyənləşdirmisinizmi?

- Bu qərar partiyamızdan asılıdır.

- Amma partiyanızın digər üzvü, millət vəkili Nazim Məmmədov seçkilərlə bağlı fikrini qətiləşdirib.

- Görünür Nazim Məmmədov gənc olduğu üçün bu şeyləri hələ bilmir. O, bir çox məsələlərdə xeyli təcrübəsizdir. Ümid edirəm ki, təcrübə toplayar.

- Seçkilərdə partiyanızın nüfuzlu siyasi tərəfi olmayanlara üstünlük verəcəyi də söylənilir. Bu, bəzi partiyadaşlarınızın kənarda qalmaq ehtimalını artırmır ki?

- Məsələ elə burasındadır ki, YAP-ın xətt məhz nüfuzu olan şəxsləri partiyaya cəlb etməkdir. Bu ulu öndər Heydər Əliyevin başladığı siyasətidir və bu günə kimi davam etdirilir. Nüfuzlu şəxslərin YAP-da birləşməsi əslində yeni bir məsələ deyil.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi