Modern.az

Qışda budama yayda bərəkətdir

Qışda budama yayda bərəkətdir

Aktual

15 Yanvar 2025, 13:22

Qış ayları bir çox bağban üçün sakit mövsüm sayılsa da, əslində bu dövr bağçılıqda ən vacib aqrotexniki tədbirlərdən biri – qış budamasının aparıldığı zamandır. Ağacların sağlam böyüməsi, bol məhsul verməsi və uzunömürlü olması məhz bu işin düzgün yerinə yetirilməsindən asılıdır.

Modern.az xəbər verir ki, “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin təlimçi ekspert Ağaməhəmməd Alosmanovun fikrincə, qış budaması ağacların vegetasiya dövründən – yəni yarpaq və meyvə dövründən kənarda aparılır. Bu zaman ağac “dincəlir”, lakin daxili həyat prosesi dayanmaz. Məhz bu sakitlik dövrü ağacın növbəti mövsümə daha güclü daxil olmasına şərait yaradır. Budama nəticəsində ağac işıq, hava və qida maddələrindən daha səmərəli istifadə edir, xəstəliklərə qarşı dayanıqlığı artır.

Kənd təsərrüfatı ekspertinin sözlərinə görə, budamanın əsas məqsədi ağacın tacını formalaşdırmaq, məhsuldarlığı artırmaq və zərərli budaqları aradan qaldırmaqdır. Əvvəlcə quru, xəstə və zədələnmiş budaqlar çıxarılır; tacın içərisinə doğru böyüyən və bir-birinə sürtünən zoğlar kəsilir; gənc ağaclarda formaverici, yaşlı ağaclarda isə cavanlaşdırıcı budama aparılır. Budama –5°C-dən aşağı olmayan havada həyata keçirilməlidir. Şaxtalı havada budaqlar kövrək olur, kəsiklər gec sağalır. Hər kəsik yeri bağ məhlulu, gil-kirec qarışığı və ya xüsusi mastika ilə örtülməlidir.

Bağbanlar bütün ağaclara eyni üsulla yanaşmamalıdırlar. Alma və armud ağaclarında tac açıq saxlanır, uzun zoğlar qısaldılır. Şaftalı ağacında hər il yeni meyvə budaqları formalaşır, ona görə cavanlaşdırıcı budama vacibdir. Ərik və gavalı həssas növlər olduğundan dərin budamadan çəkinmək lazımdır. Üzüm kollarında isə hər il meyvə verən zoğların 80–90%-i kəsilir, forma (Guyot, kordon və s.) saxlanır.

Budamadan dərhal sonra ağacın ətraf torpağı yumşaldılır, orqanik gübrə verilir. Bu, ağacın yaralarını tez sağaltmağa və yazda güclü böyüməyə kömək edir. Alətlər hər istifadədən əvvəl və sonra dezinfeksiya edilməlidir.

Qışda görülən bu sadə, lakin zəruri iş yazda bağbanı bol məhsulla sevindirir. Düzgün budama – sağlam ağacın, sağlam ağac isə bərəkətli məhsulun əsas təminatıdır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?