Onkoloji xəstələrin müalicəsi yalnız icbari tibbi sığorta çərçivəsində həll olunacağına inanmaq dünya təcrübəsində real görünmür. Ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək maddi-texniki bazası olan ixtisaslaşmış mərkəzlər var. Məsələn, bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə problemin həllini başqa strukturlarda axtarmaq bizi əsas hədəfdən uzaqlaşdırar, çox vacib vaxtımızı alar və ən əsası isə xəstələrin yaşamaq hüququnu risqə atar. Xüsusən bir az əvvəl dəfələrlə qeyd olunan onkoloji xəstələrin dərman təminatı hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı düşünürəm ki, paralel şəkildə bütün sahələrdə təmin olunmalıdır.
Modern.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Rəşad Mahmudov qeyd edib ki, dünyada artıq onkoloji xəstəlik ümidsiz diaqnoz deyil. Müasir hədəf terapiyaları, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun müddət yüksək həyat keyfiyyəti ilə yaşayırlar:
“Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3–4 dəfə artım həyati zərurətdir.
Bu niyə vacibdir?
1. Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır.
2. İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artmışdır. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər.
3. Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir.
4. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək”.
Deputat həmçinin çıxışı zamanı Baş nazirə rezident həkimlərin əməkhaqqı məsələsinin də həllinə görə müraciət edib.
“Bu məsələ tibb kadrlarının ölkədə qalmasına, keyfiyyətli xidmətə və insan kapitalının güclənməsinə birbaşa təsir edən əsas amildir. Bu istiqamətdə də dəstəyinizi istəyirəm” – deyə Rəşad Mahmudov vurğulayıb.