Modern.az

2025-ci ildə parlamentin ən fəal və az işləyən komitələri - RƏQƏMLƏR DANIŞIR

2025-ci ildə parlamentin ən fəal və az işləyən komitələri - RƏQƏMLƏR DANIŞIR

Parlament

1 Yanvar 2026, 16:00

Milli Məclisdə komitələrin fəaliyyəti qanunvericilik prosesinin necə təşkil edildiyini, hansı sahələrin daha çox müzakirə predmeti olduğunu göstərən əsas mexanizmlərdəndir.

Komitələrdə keçirilən iclasların sayı və müzakirə olunan mövzular, mövzuların ictimai yükü parlament gündəliyinin strukturunu, ehtiyac duyulan istiqamətləri üzə çıxarır.

Bu baxımdan komitələrin işi qanunvericilik prosesinin praktiki tərəfini görmək üçün mühüm göstərici hesab olunur.

Komitə fəaliyyətinin intensivliyi müzakirələrin hansı sahələrdə cəmləşdiyini, hansı mövzuların daha tez-tez gündəmə gəldiyini və hansı istiqamətlərin nisbətən arxa planda qaldığını göstərir.

Bu yazıda 2025-ci il üzrə Milli Məclisin komitələrinin fəaliyyətini təhlil edilib, ən çox işləyən, ən məhsuldar və kölgədə qalan komitələrlə bağlı araşdırma aparıb.

67 sənəd müzakirə edilib

Əli Hüseynlinin sədrlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi müzakirə edilən məsələlərin sayına görə komitələr arasında lider mövqedə qərarlaşıb.

İl ərzində komitə üzvləri 14 iclas keçirib və bu iclaslarda ümumilikdə 67 məsələ müzakirə olunub.

İclasların bir çoxu digər komitələrlə birgə həyata keçirilib. Bunlardan 5-i İnsan hüquqları, 3-ü Regional məsələlər və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələri ilə birgə, 1-i isə Mədəniyyət komitəsi ilə ortaq formatda baş tutub.

İclasların gündəliyində əsasən Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında” Qanun, həmçinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi və digər mühüm sənədlər müzakirə edilib.

22 iclas keçirilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi isə iclasların sayına görə komitələr arasında liderdir.

Arzu Nağıyevin sədrlik etdiyi bu komitə iki sessiyada ümumilikdə 22 iclas keçirib. Keçirilən iclaslarda 45 məsələ müzakirə edilib.

Komitə üzvləri 2025-ci ilin son aylarında, noyabrda 5, dekabrda isə 4 dəfə toplaşıblar. Komitədə “Hərbi xidmətkeçmə haqqında”, “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunları müzakirə ediblər. Eyni zamanda bu qəbildən olan qanun layihələrinə bir sıra dəyişikliklərlə yanaşı, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında” Sazişi və  büdcə layihəsini plenar iclasa tövsiyə ediblər.

12 iclasda 43 sənəd müzakirə olunub

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilin ən məhsuldar komitələrindən hesab olunur. Belə ki, Azər Əmiraslanovun sədrlik etdiyi bu komitədə 12 iclas keçirilib. İclaslarda ümumilikdə 43 məsələ müzakirə edilib ki, bu da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini ən çox məsələ, qanun layihəsi müzakirə edən üçüncü komitə edib.

Oktyabr ayı istisna sessiyaların digər aylarında iclas keçirən komitə sentyabrda 10, martda isə 7 məsələ müzakirə edib. Digər aylarda isə komitədə ortalama 3 məsələ müzakirə edib. İqtisadi siyasətlə bağlı qəbul edilən önəmli qanun layihələrinin müzakirəsi, beynəlxalq sazişlərin ratifikasiya edilməsi gündəlikdə olan əsas məsələlərdən olub.

İl ərzində 13 iclas

Zahid Orucun sədrlik etdiyi İnsan hüquqları komitəsi 2025-ci ildə Milli Məclisin ən fəal komitələrindən biri kimi diqqət çəkib. Komitə il ərzində 13 iclas keçirib və bu iclaslarda ümumilikdə 17 məsələ müzakirə olunub.

Komitənin gündəliyində mühüm yeniliklərdən biri “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsi olub: bu sənədlə ilk dəfə olaraq sosial media sahəsi qanunvericiliklə tənzimlənib.

Bununla yanaşı, “Media haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara dəyişikliklər, 2026-cı il dövlət büdcəsi layihəsi, eləcə də Ombudsmanın illik məruzəsi komitədə müzakirə edilən əsas məsələlər sırasında yer alıb.

İl ərzində 25 sənəd müzakirəyə çıxarılıb

Ötən il Sadiq Qurbanovun sədrlik etdiyi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 9 iclas keçirilib və deputatlar 25 məsələni müzakirə ediblər. Komitədə fevral, may və oktyabr ayında heç bir iclası keçirilməyib. Əsas müzakirə olunan məsələlər sırasında enerji resurslarından səmərəli istifadə, ətraf mühitin mühafizəsi, istehlakçıların hüquqlarının müdafiəsi kimi layihələr yer alıb.

İclas sayına görə ikinci komitə

Aqrar siyasət komitəsi 2025-ci ildə iclas sayına görə ikinci yerdədir. Tahir Rzayevin rəhbərlik etdiyi bu komitə il ərzində 21 iclas, 1 ictimai dinləmə keçirib. Komitə iclaslarında ümumilikdə 38 məsələ müzakirə edilib. Keçirilən iclaslarda minatəmizləmə fəaliyyəti, Torpaq Məcəlləsinə müxtəlif dəyişikliklər, eyni zamanda kənd təsərrüfatına aid digər sahələri müzakirə edilib.

18 iclasın gündəliyi - 42-dən artıq sənəd

Musa Quliyevin rəhbərlik etdiyi Əmək və sosial siyasət komitəsi 2025-ci ilin ən fəal parlament komitələrindəndir. İl ərzində bu komitənin üzvləri 18 dəfə toplaşaraq 42 məsələni müzakirə ediblər. Komitə sadəcə mart ayında heç bir iclas keçirməyib. Digər aylara nəzər saldıqda bütün aylarda fəallıq olub. 5 dəfə dekabr, 4 dəfə noyabr ayında toplaşan komitə əmək pensiyaları, sosial xidmət, işsizlikdən sığorta, minimum ehtiyac meyarı kimi məsələləri müzakirə ediblər.

Səhiyyə komitəsinin vacib müzakirələri

Səhiyyə komitəsinə rəhbərlik edən Əhliman Əmiraslanov bu komitənin üzvləri ilə birlikdə 6 iclas keçirib. İclaslar yanvar, aprel, may, sentyabr və noyabr aylarında baş tutub. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında”, “Tibbi sığorta haqqında” qanun layihələri ilə yanaşı müzakirə edilən 11 məsələyə həmçinin komitənin hesabatı, iş planı və digər komitələrdə müzakirə edilən beynəlxalq müqavilələrin ratifikasiyası, büdcə müzakirələri də yer alır.

Komitədə valideynini itirən uşaqlar müzakirə edilib

Hicran Hüseynovanın rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsində il ərzində 11 iclas keçirib və burada millət vəkilləri 17 məsələ müzakirə ediblər.

Komitənin aprel, oktyabr və növbədənkənar sessiya dövrü iclası keçirilməyib. Valideynini itirən uşaqların müdafiəsi, həmçinin Əmək Məcəlləsində bir sıra dəyişikliklər komitənin əsas müzakir etdiyi məsələlərdən olub.

Gənclər və idmanla bağlı müzakirələr

Gənclər və idman komitəsi 2025-ci ildə 5 iclas keçirib. Şahin İsmayılovun rəhbər olduğu komitədə əsasən yanvar və sentyabr ayında hesabat və iş planı haqqında müzakirələr aparıblar. Noyabr ayında isə komitə 2026-cı il dövlət büdcəsini müzakirə edib.

İctimai birliklər və dini qurumlar komitəsində 4 dəfə toplaşıblar

2025-ci ildə Milli Məclisin ən az iclas keçirən komitəsi İctimai birliklər və dini qurumlar komitəsi olub. İl ərzində sadəcə 4 dəfə iclas keçirən komitə ötən ilin yanvar və sentyabr ayında komitənin hesabatı və iş planının müzakirəsi üçün toplaşıblar. Digər iki iclas isə noyabr ayında keçirilib ki, həmin dövrdə Fazil Mustafanın sədrlik etdiyi komitə 2026-cı ilin Büdcəsini müzakirə ediblər.

16 iclasda 19 sənəd

Siyavuş Novruzovun sədrlik etdiyi Regional məsələlər komitəsinin üzvləri il ərzində 16 dəfə Milli Məclisə toplaşaraq iclas keçirib. Lakin məhsuldarlıq baxımından komitə keçirdiyi iclas sayına və digər komitələrlə müqayisədə geri qalır. Bu komitədə il ərzində 19 məsələ müzakirəyə çıxarılıb. Əsasən iclaslarda sadəcə 1 məsələ müzakirə edilib. Ən çox məsələnin müzakirəyı çıxarılıdığı sentyabr ayında 3 fərqli istiqamət fonunda danışıqlar aparılıb. Bunlar isə komitənin cari sessiyada iş planı, ötən sessiyanın hesabatı kimi məsələlər olub. Bələdiyyə idarəçiliyi və yerli özünüidarəetmə, torpaq münasibətləri və daşınmaz əmlak kimi məsələlər gündəlikdə yer alan əsas sahələr olub.

Təhsil müzakirələri

Elm və təhsil komitəsi il ərzində 8 iclas keçirib. Komitə sədri Anar İsgəndərovun sədrliyi ilə iclaslarda müzakirə olunan məsələlərin ümumi sayı isə 11 olub. Komitənin gündəliyində əsasən “Ümumi təhsil haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanun layihələri yer alıb və müzakirələrin əsas məzmununu məhz bu sənədlər təşkil edib.

9 iclasda 22 sənəd

Polad Bülbüloğlunun sədrlik etdiyi Mədəniyyət komitəsi il ərzində ümumilikdə 9 iclasda 22 məsələni müzakirə edib. Adətən ayda maksimum 3 iclas keçirən komitə yalnız dekabr ayında Hüquq siyasət və dövlət quruculuğu komitəsi ilə birgə təşkil olunan iclasda 8 məsələni gündəliyə çıxarıb. Fevral, mart, may və oktyabr aylarında, həmçinin növbədənkənar sessiya dövründə komitənin iclası keçirilməyib. İl ərzində komitədə əsasən “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanun layihələri müzakirə olunub.

Beynəlxalq məsələlər, 12 iclasda 28 sənəd

Beynəlxalq münasibətlər komitəsi il ərzində ümumilikdə 12 iclas keçirib. İclaslarda müzakirə edilən məsələlərin sayı isə 28-dir. Səməd Seyidovun sədri olduğu komitədə keçirilən iclasların ən intensiv dövr iyun ayına təsadüf edib,həmin ay komitə 3 dəfə toplaşaraq 4 məsələni müzakirə edib. Oktyabr ayında isə komitənin iclası keçirilməyib. Komitədə əsasən xarici siyasət və beynəlxalq əməkdaşlıq, enerji, iqlim və ekoloji təhlükəsizlik, nəqliyyat, aviasiya və logistika, rəqəmsal inkişaf və texnologiyalar, müdafiə, təhlükəsizlik və hüquqi əməkdaşlıq, kənd təsərrüfatı, qida təhlükəsizliyi və səhiyyə, parlament diplomatiyası və institusional məsələlər, diplomatik nümayəndəliklərin təsis edilməsi və beynəlxalq mövcudluğun genişləndirilməsi, eləcə də qlobal proseslər və strateji baxış sənədləri müzakirə edilib.

Ümumiləşdirilmiş mənzərə göstərir ki, Milli Məclisin komitələrinin fəaliyyəti fərqlidir. Bu özünü həm iclasların, həm də müzakirəyə çıxarılan sənədlərin sayında açıq göstərir. Təbii ki, burada yeni dövrün yanaşmaları, ictimai sifariş kimi faktorlar da nəzərə alınmalıdır.

Ümumilikdə, təqdim olunan göstəricilər Milli Məclisdə komitələrin fəaliyyətinin tematik prioritetlərə uyğun formalaşdığını, qanunvericilik yükünün isə əsasən dövlət idarəçiliyi, təhlükəsizlik, sosial-iqtisadi və hüquqi sahələrdə cəmləndiyini ortaya qoyur.

Qeyd edək ki, komitə sədrləri aylıq 8520, komitə sədrinin müavini isə 7987, 5 manat maaş alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ