Modern.az

Ombudsman döyülən müxalifətçi ilə bağlı baş prokurora müraciət edib

Ombudsman döyülən müxalifətçi ilə bağlı baş prokurora müraciət edib

21 İyun 2010, 16:22

İnsan Hüquqları ürə Müvəkkil Elmira Süleymanovanın nümayəndələri mayın 19-da “Azadlıq” blokunun aksiyasında həbs edilən Rövşən Sovet oğlu Nəsirlinin polis idarəsində döyülməsi faktını araşdırıb. Modern.az xəbər verir ki, bununla bağlı Ombudsman aparatının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirlir: “Hüquq müdafiəçisi Emin Hüseynli 19 iyun 2010-cu il tarixdə, saat 21.21-də Ombudsmanın işgəncələrlə bağlı fəaliyyət göstərən «Qaynar xəttinə» telefonla müraciət edərək, Rövşən Sovet oğlu Nəsirlinin Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsində döyüldüyünü bildirmişdir. O, R.Nəsirlinin adıçəkilən bölməyə aparılarkən üzündə xəsarət olmadığını, lakin bölmədən polis müşayiəti ilə çıxarkən sifətində qızartıların və gözünün altının göyərdiyini söyləmiş və məsələnin araşdırılmasını xahiş etmişdir.     «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri 19 iyun 2010-cu il tarixdə, saat 22.35-də DİN Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş R.Nəsirli ilə təkbətək görüşmüşlər.       Söhbət zamanı R.Nəsirli Səbail rayonu ərazisində aksiya zamanı saxlanılaraq Səbail RPİ 8-ci polis bölməsinə gətirildiyini, orada polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. R.Nəsirlinin bədəninə baxış keçirilərkən onun sifətində müxtəlif xəsarət izlərinin olduğu müəyyən edilmişdir. Ombudsmanın nümayəndələri daha sonra onunla birgə saxlanılan Mənsum İbrahim oğlu Bayramov, Dəyanət Səxavət oğlu Babayev və digərləri ilə də təklikdə görüşmüşlər. Onlar polis tərəfindən zorakılığa məruz qalmadıqlarını söyləmişlər.  MPM qrupunun üzvləri inzibati qaydada saxlanılanların tutulması ilə bağlı yaxınlarına məlumat verilməsini təmin etmişlər”.       Ombudsman Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən göstərilən halın tam və hərtərəfli yoxlanılması, təsdiqləndiyi halda, faktla bağlı müvafiq tədbirlər görülməsi, məhkəmə-tibbi ekspertizasının keçirilməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması ilə bağlı müraciət edib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı