Modern.az

Liviya səfiri: “Azərbaycan şirkətləri indi Liviyada fəaliyyət göstərir” - MÜSAHİBƏ

Liviya səfiri: “Azərbaycan şirkətləri indi Liviyada fəaliyyət göstərir” - MÜSAHİBƏ

22 May 2014, 14:04

“Nazirlər Kabinetinin verdiyi qərarla Liviya əsgərləri hazırda terrorla mübarizə aparır”


Liviya Dövlətinin Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abdalrzak Şakahiyə Modern.az saytı üçün müsahibə almaq istəyimizi bildirdikdə, tərəddüd etmədən razılaşdı.
“Qapımız hər zaman sizin üzünüzə açıqdır” deyib qısa zaman içində görüş təyin etdi.

- Cənab müvəqqəti işlər vəkili, bir ildən artıqdır Azərbaycandasınız. Ölkənizin Xarici İşlər Nazirliyində Qafqaz regionu ilə bağlı mühüm vəzifədə çalışmısınız. Ümumiyyətlə, Azərbaycan sizə necə təsir bağışladı.

-
1991-ci ildən bu yana Xarici İşlər Nazirliyində Orta Asiya və Qafqaz regionu ilə bağlı şöbədə çalışmışam. Ərəb Dövlətləri Liqasında da fəaliyyət göstərmişəm. Həmin ərəfələrdə Liviyanın Qazaxıstandakı səfirliyində işləmişəm. 2012-də Azərbaycana təyin olundum və o zamandan ölkəmin buradakı müvəqqəti işlər vəkiliyəm. Hazırda mənim üçün ikinci ölkəm sayılan Azərbaycanda işləmək şərəfdir. Həm rəsmi şəxslərlə, həm də sadə insanlar görüşlərdə qonaqpərvərliyinizi görürəm. Özümü burada qərib hiss etmirəm. Qəbələdə, Qubada, bir neçə başqa şəhərlərdə və Naxçıvan Muxtar Respublikasında olmuşam. Naxçıvan səfərindən çox razı qayıtdım. Bölgələrə uyğun mətbəxiniz var və mətbəxinizi çox bəyəndim.

- Orta Asiya və Qafqaz regionu üzrə çalışmış bir mütəxəssis kimi hər halda rus dilini bilməmiş deyilsiniz.

- Qazaxıstanda işlədiyim zaman rus dilini öyrənmişdim. Oradan Liviyaya qayıtdım və 4 il burada çalışdım. Dili unutmamaq üçün ünsiyyətdə olmaq vacibdir. Nəsə, mən bir az dili yadırğadım. Amma əvvəlki kimi danışa bilməsəm də, söhbəti anlayıram.

- Bu günlərdə general Hаftарın yaraqlıları Tripolidə parlаmentə hücum edib insanları girov götürmüşdülər. Bu insident həll olundumu?

- Liviyada baş verən proseslər hal-hazırda Gat şəhərində Nazirlər Kabinetinin verdiyi qərarların icrasıdır. Yəni orada terrorla mübarizə aparmaqla bağlı qərarlar verilir. Və hazırda Liviya əsgərləri terrorla mübarizə aparır. Bu da ondan irəli gəlir ki Liviyanı ikinci Əfqanıstana çevirə bilməsinlər. Hər zaman sülh tərəfdarı olmuşuq və Liviya xalqının əmin-amanlığı üçün sülh bayrağını üstün tutmuşuq. Liviyalılar da Azərbaycan xalqı kimi sülh, əminamanlıq istəyir.

- O zaman bu cür məlumatlar haradan qaynaqlanır və səbəb nədir?

-
Siz də bilirsiniz ki hazırda mətbuat istədiyini yazır, şişirdir. Yəni bu da onun nəticəsidir. Hər zaman istəmişik və onun tərəfdarı olmuşuq ki xalqa düzdün informasiya çatdıraq. Təkrar edirəm, bu gün baş verən hadisələr terrorla mübarizə aparmaqdır. Bu isə Liviya xalqının haqqıdır.

- Hazırda Liviyada sabitliyin hökm sürdüyünü deyə bilərikmi?

-
Demək istəyərdim ki hazırda Liviyada  radikal islamçıların mərkəzləşdiyi şəhərlərdə sabitlik yoxdur.  

- Bir az da keçmişə qayıdaq. İnqilab ölkəyə nə verdi?

-
Ölkədə demokratiyanın bərqərar olunması üçün xalq ayağa qalxdı və 2011-ci il 17 fevralında inqilab etdi. 2012-ci ildə parlament seçkilərini keçirdi. Qeyd etmək istəyirəm ki yaxın 3 ay ərzində yenidən parlament seçkiləri keçiriləcək. İlin sonuna kimi ölkə Konstitusiyası bərpa olunacaq. Krallığın dövründə, yəni 1951-ci ildə yazılmış Konstitusiyanı Müəmmar Qəddafi 1969-cu ildə hakimiyyətə gəldiyi zaman ləğv etmişdi. Həmin tarixdən 2011-ci ilədək Liviyada heç bir Konstitusiya olmayıb. İnşallah, bu ilin sonuna kimi yeni bir Konstitusiyamız olacaq. Bu Liviya tarixində ikinci Konstitusiya kimi tarixə düşəcək.

- Ölkənin tam formalaşması uzunmu çəkər?

- Keçən cümədən bu günə kimi ölkədə sabitlik öz yerini tutub. Əminəm ki, bundan sonra da sabitlik qorunub saxlanılacaq.    

- Kütləvi etirazlar zamanı ölkəyə dəymiş zərər aradan qaldırıldımı?

-
Hazırda hökümət ölkəyə dəyən ziyanın aradan qaldırılması üçün müəyyən addımlar atıb və atmaqdadır. İnqilab zamanı Liviyanı tərk edən xarici şirkətlər artıq ölkəyə gəlməyə davam edir. Azərbaycandan olan özəl şirkətlər var ki, indi də Liviyada fəaliyyət göstərir. Yaxın gələcəkdə yeni layihələr təqdim olunan zaman Azərbaycan şirkətlərinə də müraciət ediləcək. Təhsil sahəsinə gəlincə, Liviya-Azərbaycan arasında tələbə mübadiləsi aparmaq niyyətindıyik.  Hər iki ölkənin universitetləri arasında ikitərəfli müəyyən müqavilələr imzalanacağna ümid edirik.

- Liviyanın dövlət quruluşu dəyişdirildimi? İnqilabdan əvvəl Böyük Xalq Sosialist Liviya Ərəb Cəmahiriyyəsi adlanırdı. Bildiyim qədər o zamandan 17 fevral Milli Bayram kimi qeyd edilir...

-
Parlamentin verdiyi qərara görə, ölkənin rəsmi adı Liviya Dövləti adlanır. Onun milli bayramı 24 dekabr Liviyanın Milli İstiqlal Günü, 17 fevral isə Xalq İnqilab Günü kimi qeyd ediləcək. 24 dekabr 1951-ci ildə Liviya xalqı şəhidlər verməklə xarici işğalçılardan qurtularaq öz müstəqilliyini elan etdi. Məhz şəhidlərin ruhuna hörmət əlaməti olaraq Liviya xalqı bu tarixi bayram günü kimi qəbul etdi.

- Ölkənizin gələcək planları nədir?

-
İstəyirik ki, bizim də ölkəmiz inkişaf etsin, övladlarımız xaricdə təhsil alsın. Xarici şirkətlər ölkəmizdə fəaliyyət göstərsin, sərmayə yatırsın. Çox arzulayıram ki, ölkəm inkişaf etmiş dövlətlərin sırasında olsun. Fürsətdən istifadə edərək Allahdan arzu edirəm ki, Azərbaycanın işğal olunmuş torpaqları tezliklə qaytarılsın. Bu məsələ yaxın vaxtlarda sülk yoluyla öz həllini tapsın. Bu yolda qan tökülməsinin əleyhinəyik.  

- İşğaldan söz düşmüşkən, Liviyanın Dağlıq Qarabağ münaqişəsiylə bağlı mövqeyi nə yerdədir və Ermənistanın ölkəmizə təcavüzünə münasibəti necədir?

-
Qeyd edim ki, biz həmişə Azərbaycan xalqının yanındayıq.  İstəyirik ki, Dağlıq Qarabağ problemi beynəlxalq səviyyədə öz həllinin tapsın. BMT-nin Dağlıq Qarabağla bağlı çıxardığı qətnamələr icra olunsun.

- Liviya-Azərbaycan münasibətləri nə yerdədir, qənaətbəxşdirmi və son hadisələr bu əlaqələrə necə təsir edib?

-
Son hadisələr əlaqələrə heç bir təsir etməyib. 2012-ci ildən burada çalışıram. Azərbaycanın Liviyadakı səfiri yaxın dostumdur. İnqilabdan əvvəl azərbaycanlı tələbələr Liviyada təhsil alırdı. Arzu edirəm ki, azərbaycanlı tələbələr Liviyada yenidən təhsillərini davam etdirsinlər.  

 



Laçın SƏMLA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?