Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında şair və publisist, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Musa Urudun müəllifi olduğu “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının təqdimat mərasimi təşkil olunub.
Modern.az xəbər verir ki, Musa Urud bildirib ki, nəşr Azərbaycanın qədim mədəniyyət və dövlətçilik ocaqlarından biri sayılan Qərbi Zəngəzur bölgəsinin yer adlarının kompleks və sistemli şəkildə araşdırılmasına həsr olunub.
Müəllif vurğulayıb ki, kitabda qədim dövrlərdən bu günədək müxtəlif mənbələrə, arxiv sənədlərinə, kameral təsvirlərə, elmi ədəbiyyata və xəritələrə, eləcə də yerli əhalinin verdiyi məlumatlara əsaslanaraq bölgənin toponimlərinin tarixi, etimoloji mənası və mədəni-etnoqrafik xüsusiyyətləri tədqiq edilib. Onun sözlərinə görə, nəşrdə həmçinin XX əsrin 30-cu illərindən etibarən Ermənistanda toponimlərin məqsədli şəkildə dəyişdirilməsi və erməniləşdirilməsi prosesinin xronologiyası da təqdim olunur.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bu kitab Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşdirilməsi istiqamətində müəyyənləşdirilən vəzifələrin icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz Ələkbərli bildirib ki, lüğətdə Zəngəzur mahalının Azərbaycanın tarixi ərazilərindən biri olduğu faktlarla əsaslandırılıb: “Belə nəşrlər vasitəsilə biz tarixi torpaqlarımıza mənəvi baxımdan qayıdırıq və gələcəkdə fiziki olaraq da qayıdacağıq. Çünki həmin torpaqlar bizim əzəli yurdumuzdur”.
Daha sonra Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, professor İsrafil İsmayılov, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov çıxış edərək nəşrin elmi və tarixi dəyərindən danışıblar.
Qeyd edək ki, Musa Urud həm də Azərbaycan Respublikası Milli Məclisinin Toponimiya Komissiyasının üzvüdür. Təqdim olunan kitab müəllifin Zəngəzurun tarixinə həsr etdiyi yeddinci elmi-tədqiqat əsəri hesab olunur. Nəşr bölgənin tarixi, toponimiyası və mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, 316 səhifədən ibarət kitabın elmi redaktoru İsa Həbibbəyli, rəyçiləri isə siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.








