Modern.az

Hüquqi boşluq bəziləri tərəfindən fürsət kimi qiymətləndirilir - DEPUTAT

Hüquqi boşluq bəziləri tərəfindən fürsət kimi qiymətləndirilir - DEPUTAT

Parlament

12 Mart 2026, 17:22

Xlll Qlobal Bakı Forumunun müzakirəsinə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” kimi aktual bir mövzunun çıxarılması, əslində, iki məsələni təsbit edir. Birinci, beynəlxalq münasibətlər sistemində oturuşmuş köhnə qaydalar artıq əvvəlkitək işləmir və ikinci, yeni qaydaların boşluğu bəzi aktorlar tərəfindən güc tətbiqi üçün fürsət kimi qiymətləndirilir.

Ənənəvi olaraq Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunu nüfuzlu və cəlbedici beynəlxalq platformaya çevirən amillərdən biri onunla bağlıdır ki, bu Forum fərqli fikir və mövqelərin sərgilənməsinə, ən başlıcası, onların açıq şəkildə müzakirəsinə imkan yaradır. Nəzərə alsaq ki,  müharibələr nəinki Yaxın Şərqi, hətta Avropanı da ağuşuna alıb, bunun bütövlükdə dünya üçün nə qədər təhlükəli çağırış olduğunu dərin təhlil aparmadan da görmək mümkündür. Avrasiya coğrafiyası və Türk dünyası üçün, xüsusilə bu mühüm coğrafiyanın strateji mərkəzi rolunda çıxış edən Azərbaycan üçün həmin çağırışların təhlükəli cəhəti həm də onunla bağlıdır ki, müharibələrin birində şimal, digərində isə cənub qonşumuz iştirak edir.

Geosiyasi rəqabətin kəskin qarşıdurma məcrasına yönəlməsi və artıq qanlı müharibələrlə müşayiət olunması, ilk növbədə, onun nəticəsidir ki, bəzi aktorlar tərəfindən beynəlxalq hüququn fundamental prinsiplərinə məhəl qoyulmur, onları dayandırmalı olan aparıcı beynəlxalq təşkilatlar isə təsir imkanlarını getdikcə daha çox itirir. Köhnə qaydaların artıq işləmədiyi, yenilərinin isə hələ razılaşdırılmadığı indiki mürəkkəb geosiyasi şəraitdə müharibə yolu ilə məqsədə çatmaq aktorların bəziləri tərəfindən fürsət kimi dəyərləndirilir.

Xlll Qlobal Bakı Forumu bir daha göstərdi ki, yalnız coğrafi üstünlüyünə görə deyil, ilk növbədə, yürütdüyü müstəqil xarici siyasət kursuna və ötən illər ərzində ölkədə yaradılan geniş enerji, nəqliyyat və bağlantı infrastrukturuna görə Azərbaycan bu gün Avrasiya kimi mühüm coğrafiyada strateji mərkəz rolunda çıxış edir.   Bu tarixi nailiyyətin arxasında hansı əyilməz siyasi iradənin dayandığını ən aparıcı aktorlar və nüfuzlu beyin mərkəzləri də artıq görür və dəyərləndirirlər. Çünki onlar da yerləşdiyimiz bölgənin tarixən nə qədər mürəkkəb olduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün hansı sınaqlardan keçdiyini, hansı dairələrin müqavimətini qırmağa müvəffəq olduğunu yaxşı bilirlər.

Onu da görürlər ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın və Avrasiya məkanında inşa etdiyi geoiqtisadi əməkdaşlıq modelinin arxasında müstəqil siyasi iradə ilə yanaşı, bütün xalqlarla qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə söykənən dinc birgəyaşayış niyyəti dayanır. Xlll Qlobal Bakı Forumundan bir gün əvvəl, martın 11-də ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıda mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir: “Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır... Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır... Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür... Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir”.

Xlll Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr bir həqiqəti də təsbit etdi: ölkələrin bir-birindən iqtisadi asılılığının və qarşılıqlı faydalanmanın təmin olunması qarşıdurmaların və münaqişələrin azalmasına imkan verə bilər. Bununla yanaşı, bir ölkənin başqasından ifrat dərəcədə asılılığının yeni problemlərə yol açdığı da dövrümüzün reallığıdır. Bəzi aktorların təbii resursları, xüsusilə qazıntı yanacaq növlərini siyasi təzyiq alətinə çevirmək cəhdi iqtisadi əlaqə və bağlantıların şaxələndirilməsini labüd edir. Bu gerçəklik strateji tərəfdaşlıq münasibətlərinin diversifikasiyasını da zərurətə çevirir. Ölkəmizin xarici siyasət kursunu təhlil etdikdə görürük ki, Azərbaycan öz siyasətində dövlət maraqlarını əsas tutaraq məhz bu prinsiplərə söykənir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunun etirafı və Azərbaycanın etibarlı tərəfdaş reputasiyası yürüdülən dövlət siyasətinin məntiqi nəticəsidir. İndiki mürəkkəb geosiyasi şəraitdə bunu bacarmaq, bu cür reallığa nail olmaq  və xarici tərəfdaşların  birmənalı etimadını qazanmaq heç də hər dövlət liderinə nəsib olmur.

Bununla yanaşı, o da həqiqətdir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün 44 günlük Vətən müharibəsi və birgünlük anti-terror əməliyyatı yolunu seçmək məcburiyyətində qaldı.  Çünki  keçmiş Minsk qrupu çərçivəsində münaqişənin guya dinc yolla həllini vəd edənlər ədalətin bərpasına deyil, əksinə, işğalın ömrünü uzatmağa çalışdılar. BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüququ və xalqımızın haqqını bərpa etməli olan dörd imperativ qətnaməsi isə 27 il boyunca kağız üzərində qaldı. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq müharibə və anti-terror əməliyyatı yolu ilə ədaləti bərpa etməklə yanaşı, həm də həmin ali təşkilatın kağız üzərində qalan tələblərinin icrasına nail oldu.

Tarixi Zəfərimiz bədxahlarımızın iki əsrlik anti-Azərbaycan planını iflasa uğratdı, eyni zamanda,  məlum dairələrin ölkəmizə qarşı oturuşmuş  qərəzini və riyakar ayrı-seçkilik siyasətini ifşa etdi. Qalib Azərbaycan bununla həm də işğaldan və separatçılıqdan əziyyət çəkən başqa xalqlara Qələbənin düsturunu göstərdi, onlara ümid verdi. Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsində işğalçı ilə işğala məruz qalan arasında saxta “bərabərlik” işarəsi qoyan və bununla beynəlxalq hüququ gözdən salan dairələrin varisləri bu gün riyakarcasına bütün  müharibələrin eyniləşdirilməsi yolunu seçiblər. Bu,  həmin ədalətsizliyin və əxlaqsız siyasətin davam etdirilməsi cəhdidir.

Əminəm ki, Prezident İlham Əliyevin Xlll Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi bu fikir həm işğal və separatçılıqdan əziyyət çəkən xalqlara, həm də beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayan dairələrə ən tutarlı ismarıcdır: “İkinci Qarabağ Müharibəsi və daha sonra anti-terror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir”.

Müasir Azərbaycanın yaratdığı yeni reallığın qlobal əhəmiyyəti həm də bununla,  ədalətin və beynəlxalq hüququn qorunmasına verdiyi əməli töhfə və ibrətamiz örnəklə bağlıdır. 

Ülvi Quliyev
Milli Məclisin deputatı     
                                                                    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar