Milli Məclis ötən həftə Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında hesabatını dinləyib qəbul etdi.
Hesabatın müzakirəsi zamanı məlum oldu ki, bir il müddətinə deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb. Hökumətin müvafiq qurumları tərəfindən il ərzində 51 müraciət tam şəkildə icra edilib. Digər 35 müraciətlərə isə baxılmaqdadır.
Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında hesabata münasibət bildirib.
“Hesabatın əhatə etdiyi 2025-ci il respublikamızın inkişaf sütunlarından biri olan xarici siyasət sahəsində hörmətli Prezidentimiz İlham Əliyev cənablarının milli maraqlarımıza uyğun həyata keçirdiyi tədbirlər sayəsində əldə etdiyimiz uğurlu nəticələrlə zəngin olmuşdur. Keçən il dünyanın aparıcı ölkələri olan Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə imzalanan birgə bəyannamələr, respublikamızın bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilməsi, habelə uzun illər ölkəmizlə müharibə aparmış Ermənistanla dinc qonşuluq və əməkdaşlığın əldə olunması istiqamətində görülən işlər Azərbaycanın dünya miqyasında imicinin daha yüksək səviyyəyə qaldırıb”, - deyə E.İbrahibov qeyd edib.
Deputatın sözlərinə görə, xarici siyasət sahəsində əldə etdiyimiz uğurlar ölkəmizin sosial-iqtisadi inkişafına da öz təsirini göstəryb:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumətin həyata keçirdiyi geniş miqyaslı tədbirlər ölkəmizin müdafiə qüdrətinin artmasına, əhalini sosial-rifah halının yaxşılaşmasına əlverişli şərait yaratmışdır. Bu barədə Baş nazir Əli Əsədov da Milli Məclisdəki çıxışında ətraflı məlumat verdi”.
Eldar İbrahimov Mili Məclisin stajlı deputatı kimi ən çox məşğul olduğu və dövlətimizin qarşısında duran çox vacib məsələlərdən birinin - ərzaq təhlükəsizliyinin bazasını təşkil edən kənd təsərrüfatı ilə bağlı bəzi məsələlər barədə də fikirlərini bildirib:
“Fərəhli haldır ki, hökumətimiz əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də kənd təsərrüfatı məhsul istehsalçılarına əkin və məhsul subsidiyasının ödənilməsini davam etdirmişdir. Hesabat ilində 14,2 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş və bu sektorda yaradılan əlavə dəyər respublika üzrə ümumi daxili məhsulun 5,9 faizini təşkil etmişdir. Hesabatda kənd təsərrüfatı bitkilərinin əkin sahəsi və məhsul istehsalına dair təqdim olunan məlumatdan görünür ki, bir çox bitkilərin, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən buğda və arpanın əkin sahələri azalıb. Hesab edirəm ki, bu məsələ hökumətin daim ciddi nəzarətində olmalıdır. Digər bir məsələ bu cədvəldə yem bitkilərinin əkin sahəsinin əks olunmamasıdır. Məhz bu səbəbdən hesabatın göstəriciləri ilə statistik göstəricilər arasında böyük fərq yaranır. Ona görə də yaxşı olar ki, növbəti illərdə bu nəzərə alınsın. Bununla yanaşı, hesabatda qeyd olunur ki, ölkə üzrə buğdanın hər hektarından 33,5 sentner məhsul götürüldüyü halda ərzaqlıq buğda sahələrindən 57,6 sentner əldə edilir. Qeyd etmək istəyirəm ki, bu Avropa ölkələrinin əldə etdiyi nəticəyə uyğun olmaqla çox yüksək nailiyyətdir. Ona görə də bu təcrübə öyrənilib geniş tətbiq olunmalıdır ki, ölkəmizin ərzaqlıq buğdaya olan tələbatı əsasən yerli istehsal hesabına təmin edilsin”.
Deputatın sözlərinə görə, digər bir vacib məsələ kənd təsərrüfatı məhsullarının emalının təşkili ilə əlaqədardır.
“Düzdür, son vaxtlar hökumət bu istiqamətdə xeyli işlər görmüş, yeni emal müəssisələri tikilib istifadəyə verilmişdir. Buna baxmayaraq, yeni müəssisələrin fəaliyyətə başlaması, onların bütün bitkiçilik və heyvandarlıq məhsullarını əhatə etməsi və ölkəmizin bütün bölgələrində yerləşdirilməsi çox vacibdir. Çünki emal müəssisəsi yeni iş yerləri, yerləşdiyi ərazinin abadlaşması, yeni məhsullar istehsalı, habelə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırılmaqla əkin yerlərindən səmərəli istifadə olunması və digər məsələlərin həlli deməkdir. Eyni zamanda, emal müəssisələri ölkəmizdə bu məhsulların son istehlak mallarına kimi emalını tam əhatə etməlidir”, - E.İbrahimov deyib.
O, Naxçıvandan seçilən deputat kimi son günlər Muxtar Respublikada baş verən hadisə ilə əlaqədar bölgədə təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğının yerli əhali tərəfindən razılıqla qaşılandığını da vurğulayıb:
“Bununla əlaqədar seçicilərimin adından Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarıma öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Mən Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyətini müsbət qiymətləndirirəm”.