Novruzun gəlişini İstanbulda idrak etdik.
İçimiz qan ağlasa da, Təzə ili qarşılamağa özümüzü məcbur etdik...
Əslən təbrizli olan, yarım əsr bundan əvvəl İrandan Azərbaycana pənah gətirmiş demokrat bir ailənin oğlu kimi dünyaya gələn Nəvid mənim məktəb yoldaşımdır. Yeddi il bir sinifdə oxuduq. İslam inqilabından bir il əvvəl ailəsi ilə Bakıdan Tehrana köçdü.
Bizim sinifdə beş iranlı vardı, daha doğrusu, beş Güney azərbaycanlısı, beş İran türkü. Onlardan yalnız Nəvidgil Tehrana qayıtdı. Sovetlər dağılandan sonra Nəvid Bakıya gəlib bizi tapdı. Sinif yoldaşımız Hikmət Qasımovun sahibi olduğu "Kompas" şirkətində çalışan gözəllər gözəli bir qızla evləndi. Yaxşı bir ailə qurdular, uşaqları oldu, uzun illər Tehranda yaşayıb, şad-xürrəm yaşadılar.
İllər sonra Nəvid ailəsini də götürüb İstanbula köçdü. Sanki gələcəyi öncədən duymuşdu. Amma Tehrandakı şirkətini bağlamadı, oradakı ofisinin fəaliyyətini dayandırmadı. Dostum uzun zaman üç şəhər arasında yaşadı: Tehran, İstanbul və Bakı. Sanki taleyi üç şəhərin arasına "həbs olunmuşdu"; sanki ömrü üç ayrı üfüqə bölünmüşdü...
Bu gün səhərdən israr etdi ki, Novruzu bizdə qarşılayaq.
Getmək istəmədim. Min cür bəhanə gətirdim.

İranın bu ağır günündə onu kədəri ilə baş-başa buraxmaq doğru olmaz deyə düşündüm. Zatən Nəvidin israrı da əskilmədi.
Yoldaşıma “gedək, bəlkə bir az fikri dağılar” dedim...
İran üsulu fisincan plovdan bir şey anlamadım.
O süfrədə nə İran düyüsünün ətrini hiss etdim, nə də narla cevizin kombinasiyasını.
İçimizdə bir hiddət, bir qəzəb vardı... və bir də çarəsizliyin boğazda düyünlənən, səssiz-sadasız adamı içindən parçalayan nərəsi...
Dərdimiz ortaq idi, amma bu dəhşətin səbəbləri, bu nöqtəyə gətirib çıxaran hadisələr zənciri haqqında düşüncələrimiz fərqliydi. Eyni masanın ətrafında oturmuşduq, amma hərəmiz öz içimizdə ayrı bir uçurumun kənarında dayanmışdıq.
Gecə ayrılarkən dostuma dedim ki, İranın bu günə düşməsində ABŞ və İsraillə yanaşı başqa bir dövlətin də böyük günahı var.
Bu haqda yaxında yazacağam...
Boz ayın son günlərində başlayan yağış iki gündür ki, dayanmır.
Elə bil göy üzünün qara misraları İstanbulun küçələrinə enib.
O yağış sanki İstanbul üçün yağmırdı.
Təbrizin, Tehranın, Urmiyanın, Ərdəbilin üstünə yağan görünməz bir matəm buludu gəlib İstanbulun damlarında, pəncərələrində, səkilərində sığınacaq tapmışdı...
Nəvidgildən çıxıb evimizə qayıdarkən küçələrin yaş daşları altından su yerinə içimdə yığılıb qalan sözlər axırdı. İşıqlar gölməçələrdə sınır, külək üzümə dəyir, gecə isə bütün ağırlığı ilə çiyinlərimə çökürdü...
Gecənin irəliləyən saatlarında sanki başqa bir məmləkətin xarabalıqları içindən keçirdim. Atdığım hər addım məndə bir qəzəbi dərinləşdirirdi. Bir tərəfdə dostumun kədəri və ağrısı – uşaqlıq dostumun gözündə öz vətəninin acısını görməyin sarsıdıcı acısı... O biri tərəfdə xalqımızın ağrısı – sərhədlərlə bölünsə də, dərdi bölünməyən bir xalqın yanğısı.
Bir də bütün bunların fövqündə insanın içini yandıran o köhnə, tanış hiss: böyük dövlətlərin riyakarlığı, güc sahiblərinin masa arxasında çəkdiyi xətlərin, xəritələrin, qərarların milyonlarla insanın taleyinə necə qəddarcasına çevrilməsi...
Evə qayıdanda üst-başım su içində idi.
Amma bu gecə ruhum da islanmışdı.
Sanki soyuq yağış içimə yağmışdı.
Evə bir dostun kədərindən, bir xalqın taleyindən, bir əsrin bitməyən zalımlığından keçib gəlmişdim.