Modern.az

İlham Əliyev müharibə variantından danışıb (hərbi təlimdən fotolar)

İlham Əliyev müharibə variantından danışıb (hərbi təlimdən fotolar)

25 İyun 2010, 09:52

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib. Prezident İlham Əliyev xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxıb. Sonra Ali Baş Komandan hərbi texnika və silah nümunələri ilə tanış olub və bir bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Prezident mərasimdə çıxış edərək hərbçiləri və Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Azərbaycan Ordusunun gündən-günə gücləndiyini deyən Ali Baş Komandanın sözlərinə görə, bunun üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır: “Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni, bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq. Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaqdır. Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilmişdir. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıbdır. Biz elə etməliyik ki, Azərbaycan Ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik”.

Azərbaycan gələcəyə nikbinliklə baxan ölkə olduğunu vurğulayan Prezident “məqsədimiz ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir” deyib.

İlham Əliyev xatırladıb ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarının azad olunmasıyla bağlı beynəlxalq qərarlara, qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır. “Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir”. İ.Əliyevin sözlərinə görə, Azərbaycan məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməyib. “Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir”. Prezident deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlar yolu ilə mümkün olmayacaqsa, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələr hazır olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə öz doğma torpaqlarını azad etsinlər. “Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında qurulubdur. Ancaq biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu, bizim təbii haqqımızdır. Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub. Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Dağlıq Qarabağdan və ətraf bölgələrdən yüz minlərlə Azərbaycan vətəndaşı qovulmuşdur. Nə vaxta qədər biz buna dözməliyik?”

İlham Əliyev daha sonra deyib: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər oraya qonaq kimi gəlmişlər. Sadəcə olaraq, Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olmuşdur. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülübdür. Bu ad Sovet İttifaqı zamanında verilibdir. Dağlıq Qarabağ – Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmışdır və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu, heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı vardır və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq".

İlham Əliyevin sözlərinə görə, bu təlimlər bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətini göstərir. “Bugünkü təlimlər həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları tərəfindən birgə keçirilmişdir və biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək”.  

Modern.az AzərTAc-a istinadla mərasimdən fotoları təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı