Arxiv
11 İyun 2014, 13:24 | MÜSAHİBƏ
Aida Qəmbər: “İsa bəy sonuncu ad günümdə siqaret çəkməyi həmişəlik tərgitdi” - MÜSAHİBƏ

“Aida İmanquliyeva mənim diplom rəhbərim olub”

Etiraf etməliyəm ki, Azərbaycan müxalifətinin aparıcı partiyalarından birinin rəhbərinin siyasətçi xanımı ilə görüşmək ilk baxışdan bir qədər çətin görünürdü. Müsahib xanım söhbətin hansı mövzuda gedəcəyini düşündüyü kimi, jurnalist olaraq suallarıma cavab ala bilməmək qorxusu vardı. Amma bu xanımın səmimiyyəti  qarşısında həyəcanım  bir anda aradan qalxdı.

Modern.az saytına “Pəncərə” layihəsinin budəfəki qonağı Müsavat Partiyasının başqanı İsa Qəmbərin həyat yoldaşı, şərqşünas alim Aida Qəmbərdir.

- Aida xanım, öncə qadınların cəmiyyətdəki rolundan danışmağınızı istərdim. Bugünkü Azərbaycan qadınını cəmiyyətdə necə görüürsünüz?

- Hesab edirəm ki, indi Azərbaycan qadını onun potensialına uyğun şəraitdə fəaliyyət göstərə bilmir. Gender bərabərliyi nöqteyi-nəzərindən balans saxlanılmır. Qadınlarımız müxtəlif işlərə cəlb olunmadıqlarından aktiv olaraq cəmiyyətdə daha layiqli yerini tuta bilmirlər. Məsələnin digər tərəfi də var. Deyə bilmərik ki, Azərbaycan cəmiyyətində qadınlar tamamilə cəmiyyətdən təcrid olunub. Düşünürəm ki, qadınları daha da geniş sayda istər iqtisadi, istərsə də siyasi sahəyə cəlb etmək olar. Cəmiyyətdə qadınların daha aktiv olmasının tərəfdarıyam. Cəmiyyətin inkişaf etdirilməsində və yeni nəslin daha da ətrafa açıq gözlə baxmasında qadınların rolu və yeri daha çoxdur. Nə qədər qadın özü inkişaf edərsə, bir o qədər də ailədə uşaqları inkişaf etdirmək əzmində olacaq.

- Siyasi baxışları geniş olan ailənin üzvü olmanız sirr deyil. Sizin ailədə  balans necə qorunur? Siyasi məsələlər müzakirə olunurmu?

- Ailədə çalışırıq ki, siyasi söhbətlər etməyək. Ona görə yox ki, kimisə siyasətlə bağlı nəsə maraqlandırmır. Hesab edirik ki, siyasi məsələlər hər kəsin işidir. O məsələlər işdə qalır. Ailədə özümüzü o məsələlərə kökləndirmirik. Digər tərəfdən, mən müxalif yönlüyəm. Hər bir məsələyə öz prizmamdan baxıram. Fikirlərimi kimsə dəyişdirə bilməz.

- O zaman deputat olmaq istəyinizi də ailədə heç kim dəyişdirə bilməz?

- Deputat olmaq istədiyimi sizə kim dedi?

- Sadəcə, düşündüm ki, niyə Aida xanım deputatlıq iddiasında olmasın...

- Əvvəla, 30 ilə yaxındır elmi fəaliyyətlə məşğulam. İşlədiyim mövzular  bu və ya digər formada daha çox Yaxın Şərq regionunda baş verən siyasi proseslərlə bağlıdır. Siyasi prosesləri dərindən izləmək imkanım həmişə olub və indi də davam edir. Deputat olmağıma gəlincə, əmin olun, Azərbaycanın daxili siyasətinə qoşulmaq üçün heç bir addım atmaq niyyətim yoxdur.

- Adətən, bu sualı müxalifətdə təmsil olunan kişilərə verirlər. Sizin qadın kimi müxalifyönlü olmağınız bu sualı sizə ünvanlamağıma şərait yaratdı. Sizcə, müxalifət niyə hakimiyyətə gələ bilmədi?

- Sizə dedim ki, daxili siyasi məsələlərdən danışmayacam. Ancaq israrla soruşduğunuza görə cavab verməliyəm. Azərbaycanda doğru-dürüst seçki keçirilmədiyindən demək olmaz ki, kimsə iqtidara nə gələ, nə də gedə bilib. İndiki şəraitdə o fikir söylənsə də, qəbul etmirəm. Ona görə də “iqtidara gələ bilmirlərsə, deməli, zəifdirlər” demək olmaz.

- Rəhmətlik Əbülfəz Elçibəy sizin müəlliminiz olub. Maraqlıdır, müəllim şagirdinin hafizəsində bugünə kimi necə qalıb?

- Çox maraqlı sualdır. Universitetin birinci kursunun ikinci semestrində “Ərəb ölkələri tarixi” predmetimiz vardı. O zamanlar ona siz dediyiniz kimi Elçibəy yox, Əbülfəz müəllim deyirdik. Mən rus sektorunda oxumuşam. Əbülfəz müəllim isə daha çox milli Azərbaycan dəyərlərinə üstünlük verirdi. Rus dilində də mükəmməl danışırdı. Çox yüksək səviyyədə maraqlı mühazirələr keçirdi. Müəllim kimi çox bilikli idi. Semestrin 2 ayı keçəndən sonra Əbülfəz müəllimin dərsi boş keçdi. Tələbə olaraq maraqlanmağa başladıq: “Görəsən, Əbülfəz müəllimə nə olub?”. Bildiyiniz kimi, o zamanlar sovet dönəmi idi. Bir-birimizə pıçıltı ilə deyirdik: “Əbülfəz müəllim niyə həbs olunub?”. Dedilər ki, sovet quruluşuna qarşı təbliğat apardığı üçün onu həbs ediblər. Bu minvalla onu həbs etdilər. Universiteti bitirənə kimi Əbülfəz bəyi görmədim.

İkinci dəfə Əbülfəz bəylə Moskvada görüşdüm. Artıq həbsdən çıxmışdı. Mən də Moskvada Şərqşünaslıq İnstitutunda indiki dillə desək, doktoranturada təhsil alırdım. Bir gün instituta gedirdim. Qış idi, güclü qar yağmışdı, yer də sürüşkən idi. Yolboyu üzü yuxarı başımı aşağı salıb gedərkən bir də gördüm kimsə mənə salam verdi. Başımı qaldıranda hündürboy, başı papaqlı bir kişinin dayandığını gördüm. Başına papaq qoyuduğundan öncə tanımadım. Bir xeyli söhbət etdik. O vaxtlar Əbülfəz bəy Şərqşünaslıq İnstitutunda doktorluq işini tamamlamaq üzrə idi. Onu Moskvada görəndə soruşdum: “Əbülfəz bəy xeyirdimi?”. Dedi ki, staj keçmədə material toplayır. Həbsdən azad olandan sonra universitetə qayıtmadı. Azərbaycan Demokratik Respublikası dövründə parlament binası olan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyirdi. Bir müddət orda çalışdıqdan sonra şöbə müdiri oldu. Universitetdən əvvəl Elmlər Akademiyasında işləyəndə  Əbülfəz bəylə tez-tez görüşüb söhbət edirdik. Onun tələbəsi olduğumu rəhmətlik Əbülfəz bəy heç vaxt unutmazdı. Əbülfəz bəy şərqşünas kimi orta əsrlər dövrü ilə məşğul olurdu, mən isə müasir dövrlə. Ona görə də həmişə məni tələbə kimi xatırlayırdı. Tez-tez fikir mübadiləmiz olurdu. Əbülfəz bəy çox savadlı insan idi. Yaşından asılı olmayaraq insanlara qiymət verməyi bacarırdı. Xanımlara daha çox hörmət edirdi. Qadınların cəmiyyətdə rolunun artmasını, savadlı olmasını, cəmiyyətə fayda verməsini çox istəyirdi. Sonralar siyasi ab-hava qızışmağa başlayanda Əbülfəz bəyi tez-tez görməyə başladım.

- Təbii ki, bu görüşlərinizdə İsa bəyin həyat yoldaşı olmağınız da rol oynayıb. Maraqlıdır, İsa bəylə tanışlığınız necə baş verib?

- İsa bəylə akademiyada tanış olmuşuq. Universitetdən öncə mən də orda çalışırdım. Mən “Ərəb ölkələri tarixi” şöbəsində, İsa bəy isə “İran tarixi” şöbəsində çalışırdı. Otaqlar da yanbayan idi. Təbii ki, elmi diskusiyalar üzrə  müəyyən marqlar üst-üstə düşürdü. İsa bəylə 1982-ci ildən tanışıq. Siyasət yalnız elm müstəvisində mövcud idi.

- Tanışlıq öz yerində. Hər halda, İsa bəyin davranışında, xarakterində cəlbedici mütləq nəsə olmalıydı. Bu nə idi?

- Son dərəcə intellektual insandır. Təbii ki, başqa cəhətləri də var. O, bütöv insandır. Sizə deyim, bir insan kimi İsa bəyə arxalanmaq olar. Ona görə də elmi maraqlarımız sonradan şəxsi münasibətlərə, şəxsi simpatiyalara çevrildi.

- Aida xanım, siz  naxçıvanlı, İsa bəy qarabağlıdır. Necə anlaşırsız?

- Əvvəla, siz söhbəti elə səmtə gətirdiniz ki, guya cəmiyyətdə Naxçıvan-Qarabağ qarşıdurması var. Xatırladım ki, cəmiyyətdə belə bir şey yoxdur. İkinci tərəfdən, insanlar ailə daxilində sevib-seviləndə qarşıda belə problemlər dayanmır. Mənim üçün kimin haralı olması önəmli deyil. Kimin kim olması önəmlidir.

- Bəs, ailədə daha çox hansı regionun mətbəxinə üstünlük verilir?

- Çalışıram ki, mətbəxdə sintez yaradım. Evimizdə bişirilən yeməklər mənim zövqümə əsasən hazırlanır. Ona görə çalışıram ki, mətbəx məsələsində ailəmin mənə olan etibarını yanıltmayım. İsa bəy heç vaxt hansısa yeməyi bişir deməyib. Qurmanlıq məsələsi zövqə bağlıdır. Çalışırıq ki, hər kəsin zövqünə uyğun yemək hazırlayaq.

- İsa bəy təcrübəli siyasətçidir. Maraqlıdır, ailədə sizin məsləhətinizə qulaq asırmı?

- İsa bəyə məsləhət vermirəm. Buna baxmayaraq, məişət məsələlərində fikir mübadiləmiz olur. İsa bəy mükəmməl siyasətçidir. Mənim məsləhət verməyim lazım deyil. Sadəcə, “Ərəb baharı” tüğyan edəndə bəzi fikirlərimi İsa bəylə bölüşürdüm. Amma söhbətimiz məsləhət formasında olmayıb.

- Siz həm də qayınanasınız. Bir vaxtlar siz də gəlin olmusuz. Sizcə, gəlin-qayınana münasibətləri arasında bu gün ciddi fərq varmı?

- Gəlin-qayınana münasibətlərində ailəmizdə fərq görmürəm. Gəlin gəldiyim ailə mənə ruhən yaxın olub. Heç vaxt qarşımda maneə olmayıb. Müasir, eyni zamanda milli dəyərlərə söykənən ailə olub. İndi də bizim ailəmizdə həmin ənənə davam edir. Çünki övladlarım da eyni tərbiyəni alıb. Çox güman ki, bu ənənəni hər zaman davam etdirəcəklər. Gəlinimə gəldikdə, o müstəqil insandır. Həkim işləyir. İlkinlə ailə həyatı quranda seçimlərini müstəqil surətdə ediblər. Ona görə də problem yoxdur.

- İsa bəylə Naxçıvana tez-tez gedirsiniz?

- Əvvəla, İsa bəylə Naxçıvanda heç vaxt olmamışam. İkincisi, sualı elə verdiniz ki, guya İsa bəyin Naxçıvana gedib-getməmək problemi var. Əmin olun, İsa bəyin belə problemi yoxdur. İsa bəy 2 ilə yaxın Naxçıvan Elmlər Akademiyasında çalışıb. Təbii ki, Naxçıvana ayrı-ayrılıqda səfər etmişik. Sonuncu dəfə 7-8 il bundan qabaq orda olmuşam.

- İsa bəy bir müddət qəlyanda tənbəki çəkirdi. Deyilənə görə, onun qəlyan çəkməyi tərgitməsində sizin də rolunuz olub. Bu söz-söhbət nə qədər doğrudur?

- Doğru deyil. İsa bəy özü 5-6 il əvvəl qəlyan çəkməkdən imtina edib. Bu məsələyə müdaxiləm olmayıb. Amma siqareti mənə verdiyi sözə əsasən atıb. İsa bəy uzun müddət siqaret çəkib. Siqareti çox çəkdiyindən tərgitməsinə israr edirdim. Bir gün özü dedi: “Söz verirəm ki, sənin ad günündə siqareti atacam”. Nəhayət, keçən il oktyabrın 22-si ad günümdə verdiyi sözü tutaraq siqareti atdı.

- Yaxınlarda Müsavat Partiyasının qurultayı keçiriləcək.  İsa bəydən başqa kimi partiyanın başqanı görürsünüz?

- Partiyanın üzvü olmadığıma görə Müsavatdan kimisə başqanlığa namizəd kimi təqdim edə bilmərəm. Bu, onların daxili işidir.  

- Parlamentdə təmsil olunan YAP-çı deputatlarla münasibətiniz necədir?

- Universitetin rektoru Abel Məhərrəmli, Bəxtiyar  Əliyev, Rəbiyyət Aslanova ilə salamlaşırıq. Görüşümüz ancaq tədbirlərdə olur.

- Bəs, müxalifətdən olan deputatlarla necə?

- Mənim anlamımda parlamentdə müxalifət adına deputat yoxdur.

- Sizin doktorluq dissertasiyanızla bağlı məsələ həll olundumu?

- O məsələ elə olduğu kimi qalıb. 2004-cü ildə “İraqın xarici siyasəti” adlı doktorluq dissertasiyamı müzakirəyə və müdafiəyə təqdim etdim. Əfsuslar olsun ki, siyasi səbəblərdən indiyə kimi doktorluq məsələm həll edilməmiş qalır. Doktorluq məsələsi artıq kitab, məqalələr formasında hətta xaricdə də çapdan çıxıb. Artıq 10 ildən artıqdır dissertasiya məsələsinə görə illəri  sayırıq. 

- Müxalifətdə təmsil olunan İsa bəyin xanımı olduğunuza görə universitetdə sizə münasibət necədir?

- Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, müəllim olaraq tələbələr arasında münasibət çox yaxşıdır. Mən tələbələrimi çox sevirəm. Ümid edirəm ki, tələbələr də mənə yaxşı münasibət bəsləyir. Rəhbərliklə də münasibətlər bəzi istisnalar olmaqla yaxşıdır. Universitet mühitində belə bir problem yoxdur, yalan danışa bilmərəm.

- Siyasətçi liderin xanımı olaraq, dostluq etdiyiniz çevrə mütləq var. Maraqlıdır, Əli Kərimlinin, Pənah Hüseynin, Əbülfəz Elçibəyin xanımları ilə münasibətiniz necədir?

- Əli Kərimlinin həyat yoldaşı Samara xanımla tanışlığım var. Dəfələrlə görüşmüşük. Bəzi məqamlarda ünsiyyət də qurmuşuq. Xoş münasibətlərimiz var. Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımı bir-iki dəfə tədbirlərdə görmüşəm. Amma yaxın tanışlığım yoxdur. Rəhmətlik Elçibəyin xanımı ilə ailəvi dostluğumuz var idi. Çox xoş xanımdır. Allah ona can sağlığı versin. Ərturqut bizim uşaqlarla həmyaşıd olduğundan gözümün qabağında böyüyüb. Pənah bəyin yoldaşı ilə də yaxşı münasibətlərim olub. Rəfiqə kimiyik. Çox insanlarla yaxşı münasibətim var. Mən insanlara açıq adamam. Sizi daha kim maraqlandırır?

- Məni Mehriban xanım Əliyeva ilə münasibətləriniz də maraqlandırır. Onunla heç üz-üzə gəlmisinizmi?

- Mehriban xanımla da üz-üzə gəlmişəm. Mən Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyəndə onun anası rəhmətlik Aida xanım İmanquliyeva bizim institutun direktoru idi. Aida xanım institutda mənim diplom rəhbərim olub. Aida xanım ərəb filologiyasına rəhbərlik edirdi. Sonra mən tarixə getdim. Neçə illər bir yerdə işləmişik. Ona görə də Mehriban xanımın ailəsi ilə tanışlığım var idi. Aida xanımın bir alim kimi tələbələrə münasibətini yüksək qiymətləndirirəm. Yəni o dövrü yadımdan heç vaxt çıxara bilmərəm. Şərqşünalıq İnstitutunda çox qaynar gəncliyimiz olub.



- Şərqşünas kimi yaxın Şərqdə cərəyan edən prosesləri necə dəyərləndirirsiz?

- Ümumiyyətlə, Yaxın Şərq deyəndə gözümüzün önünə ərəb ölkələri, Türkiyə və İran gəlir. Bəllidir ki, ənənəvi olaraq bu region həm öz strateji əhəmiyyətinə,  həm də orda gedən çox ciddi proseslərə görə fərqlənir. Soyuq müharibə şəraiti bitəndən sonra Yaxın Şərq regionunun strateji əhəmiyyəti daha da artdığından dünya siyasətində ön cərgələrdən birində dayanır. “Ərəb baharı” başlayandan sonra Yaxın Şərq dünya siyasətinə, dünya mediasına öz töhfəsini verdi və kəskin surətdə yerini tutdu. Azərbaycan KİV-i də bu məsələyə çox böyük önəm verdi.  Xüsusilə, jurnalistlərin  bu yöndə yazıları  təqdirəlayiqdir. Yəni Azərbaycan oxucuları üçün bu region yenidən açıldı. Təbii ki, ciddi və mürəkkəb proseslər davam edir. Bəzi ölkələrdə nisbətən itkilər az oldu, avtoritar rejimlər siyasi səhnədən silindi. Digər regionların, xüsusilə Suriyanın indiki durumu daha qəliz formada davam edir. Vətəndaş cəmiyyətinin zəif olduğu ölkədə siyasi palitranın  tamam sıradan çıxmış və çox zəif durumda olduğu zamanda avtoritar rejimləri xarici dəstək olmadan daxili güclər hesabına sıradan çıxarmaq olur. Avtoritar rejimlər uzun müddətdir orda hakimiyyətdədir. Hakimiyyətlərini son dərəcə möhkəmləndirdilər. Cəmiyyət zəif durumda olduğundan iqtidara müqavimət göstərmək imkanı çox aşağı səviyyədədir.  

Digər problemlər də var. Region və  aparıcı xarici dövlətlərin mövqeləri  arasında kəskin fikir ayrılıqları,  fikirlərin üst-üstə düşməməsi, geosiyasi,  geoiqtisadi maraqların olması yığılıb qalmış problemlərin yönündə təsirli ciddi addımların atılması hələ ki qabaqdadır.

- Həmin problemlərdən biri də Suriyada döyüşən azərbaycanlıların da həlak olmasıdır...

- Əvvəla, bu məsələni təqdir etmirəm. Ona görə yox ki, bizdə Qarabağ problemi var. Bəziləri loru dildə deyirlər: “Şəhid olmaq istəyirlərsə, gedib Qarabağda şəhid olsunlar”. Bu, məsələyə səthi yanaşmadır. Hər hansı Azərbaycan vətəndaşının ölkə xaricində istər dini pərdə altında, istər digər bəhanələrlə gedib məhv olmasını təqdir etmirəm. Amma sual yaranır: “Niyə bu proses baş verir?”. Bu, çox ciddi prosesdir. Həm siyasi, həm də iqtisadi məsələlərlə bağlıdır. Məndə olan məlumatlara görə, orda vuruşan, hətta həlak olanların ailələri günə külli miqdarda pul alırlar. O adamlar da fikirləşir: “Gedərəm, şəhid olaram, ailəmin burda müəyyən müddət dolanışığı olar”. Bu məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi dinlə bağlıdır. Əsasən sələfilər cərəyanına qoşulan adamlar mübarizə aparır. Onları maliyyə nöqteyi-nəzərindən təmin edirlər. Bu məsələ ideoloji formada qurulub. Ona örə də ora gedənlərə hansı bir ideya uğrunda döyüşdükləri ideologiya kimi təbliğ olunur. Onlar sabah başqa ölkədə də gedib vuruşa bilərlər. Azərbaycan vətəndaşı niyə Suriyanı seçir?

Bizim Qarabağ kimi ciddi problemimiz var. Bəllidir ki, Qarabağda indi müharibə getmir, atəşkəs rejimidir. İndi nə KİV-lər, nə də hökumət Qarabağda savaş təbliğatını aparır. Cəmiyyətin bir çox qismi məsələnin dinc yolla həll edilməsinin tərəfdarıdır. Bu səbəbdən insanlar hərbi yolla məsələnin həll olumasına köklənmir. İndiki şəraitdə Azərbaycan vətəndaşlarının Suriyaya getməsində əsas problem maliyyə və iqtisadi problemlərlə bağlıdır. Bu həm də beyinlərinə yeridilən ideologiya ilə bağlıdır. Bu məsələdə başqa ciddi amil görmürəm.

- Ərəb ölkələrində sonuncu dəfə nə vaxt olmusuz?

- İraqda 3 il tərcüməçi kimi işləmişəm. 2003-cü ildə İraqda müharibə başlayanda Səddam Hüseyn hakimiyyəti devrildi. Ondan sonra Azərbaycana qayıtdım. Əslində İraqda işləmək mənim üçün çox maraqlı idi. Çünki universitetin Şərqşünaslıq fakültəsini öz istəyimlə seçmişdim. Sonra ərəb ölkələinin tarixi üzrə ixtisaslaşdım.


Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenski Putinlə görüşdə ilk bu iifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16