Modern.az

“Kərkük” qəzetinin sahibi: “İraq ordusunun komandanı əmr verdi ki, silahları yerə qoyub geri çəkilin” - MÜSAHİBƏ

“Kərkük” qəzetinin sahibi: “İraq ordusunun komandanı əmr verdi ki, silahları yerə qoyub geri çəkilin” - MÜSAHİBƏ

17 İyun 2014, 10:35

 Şəmsəddin Küzəci: “Hədəf Nuri Əl-Malikinin getməsidir” 


İraqda nəşr olunan “Kərkük” qəzetinin sahibi, professor doktor, Şəmsəddin Küzəci İraqda baş verən son olaylar barədə Modern.az saytına danışdı.

 - Şəmsəddin bəy, İraqda nə baş verir?

- Soruşun ki, İraqda nə baş vermir? İraqda hər şey baş verir. İraq Şam İslam Dövləti (İŞİD) deyilən bir terrorçu təşkilat əslində 4-5 ildir ki, İraqda var idi. Əl-Qaidədən ayrılaraq Suriya ilə İraq sərhəddində fəaliyyət göstərən bir terrorçu təşkilatdır. Xeyli zamandır İraqda terrorçuluqla məşğuldur. Niyyətləri İraqda və Suriyada şəriət qanunlarına uyğun islam dövləti yaratmaqdır. İraqda fəaliyyəti ləğv edilən BƏƏS Partiyasının yeni bir variantıdır. Səddam Heseynin rəhbərlik etdiyi BƏƏS sosialist olaraq fəaliyyətə başlamışdısa, bunlar İslam köynəyi geyinərək terrorçu kimi fəaliyyət göstərir.

- BƏƏS Partiyasıyla Əl-Qaidədən ayrılan İŞİD-in nə əlaqəsi?

- BƏƏS Partiyasından ayrılanların yarısı İŞİD-də fəaliyyət göstərir. Partiyanın fəaliyyəti dayandırıldıqdan sonra üzvləri terrorla məşğul oldu, oranı-buranı bombaladılar, sui-qəsdlər hazırladılar. İŞİD-ə Səddam Hüseynin köməkçisi İzzət İbrahim rəhbərlik edir

- Mətbuat onun öldürüldüyünü yazır...

- O, ölməyib. Onun köməkçilərindən biri oğluyla birgə öldürülüb. Bildiyiniz kimi, bir həftə əvvəl Mosulu işğal etdilər. Ondan sonra Kərkükə gəlmək istədilər. Səlahəddin, Tikrit, Samirə, oradan Diyaləyə girmək istədilər. Diyalədən də Bağdada  50 km məsafədir. Hazırda Bağdadın sərhəddində dayanıblar. Tuzxurmatuya girə bilmirlər. Çünki Kərkükdən əsgərlər geri çəkiləndə peşmərgəlilər gəlib Tuzxurmatuda yerləşdi. Bu, bir turkman kəndidir, vaxtilə Kərkükə, indi isə Səlahəddinə bağlıdır. İndi ora pəşmərgilərin nəzarətindədir.

- Maraqlı oyun gedir. Terrorçular Mosula girəndə İraq ordusunun əsgərləri müqavimət göstərmədən silahlarını orda qoyub, hətta üst geyimlərini soyunub qaçdılar. Bu, əvvəlcədən hazırlanmış ssenariyə oxşayır, deyilmi?

- Xatırlayırsınızsa, ABŞ əsgərləri də İraqa girəndə belə olmuşdu. Bəsrədə vuruşdular, amma Bağdada girəndə İraq ordusu silahı yerı qoyub təslim oldu. Diqqət etsəniz, bu, o oyunun ssenarisiylə eynidir. Mosula girəndə hamı silahını qoyub geri çəkildi. İraq ordusunun quru qoşunlarının komandanı Əli Qeydan özü Mosulda idi və təlimat verdi ki, heç kim vuruşmasın, silahları yerə qoyub geri çəkilin. Mosulu belə verdilər. Dediyiniz kimi, bu bir oyun idi. İçəridən əsgərlər nəzarətə götürülmüşdü. Mosul əhalisi sünnidir və razılaşaraq ora girə biliblər. Onların əsl məqsədi İraqda şiə dövlətini yox etməklə sünni bir islam dövləti qurmaqdır. Adına diqqət edin, İraq Şam İslam Dövləti. Eynilə BƏƏS Partiyası da 1963-cü ildə Şamda yaradıldı, iqtidara gəldi. Uğurlu olmadı, 1968-ci ildə yenidən İraqda yaradıldı. Beləliklə, üçüncü dəfə quruldu. Arxasında BƏƏS Partiyasının öndə gedənləri, İzzət İbrahim, Səddam Hüseynin qızı var. Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İŞİD-ə dəstək verir.

Ərəb ölkələri İŞİD-ə dəstək verir

- Səddam Hüseynin qızı İordaniyada siyası sığınacaq alaraq orada yaşayır. Bu ölkə də terrorçulara dəstək verir?

- İordaniya prosesləri uzaqdan izləyir, tərəfsiz olduğunu göstərir.

- Səddam Hüseynin qızı Mosuldadır?

- Bəli, oradadır. Urdindən gəldi. Çıxıb dedi ki, mən ilk qadın olaraq İŞİD-ə qatılacağam. Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edirəm ki İŞİD-ə dəstək verir. Belə çıxır ki bu ölkələr İŞİD-ə maddi və mənəvi dəstək göstərir. 

- Bəzi müşahidəçilər bu oyunda Türkiyənin də yer aldığını bildirir. Sizsə, bu doğrudur?

- ABŞ-ın İraqdakı səfirliyi İŞİD-in Mosula girəcəyi barədə məlumatlıydı, amma açıqlama vermədi. Yəni baş verənlərdən ABŞ-ın xəbəri var idi. Zənn etmirəm, Türkiyənin bundan xəbəri olsun. Xəbəri olsaydı Mosuldakı baş konsulunu çıxarardı.

- Baş konsul başda olmaqla konsulluğun işçiləri, hətta yük maşını sürücüləri girov götürülsə də, qarşı tərəf onları nə öldürür, nə də konkret istəklərini bildirir...

- İlk gün Mosulu işğal etdikdən sonra konsulluğa girib dedilər ki, narahat olmayın, sizə toxunmayacağıq. 100-ə yaxın türk vətəndaşını girov saxlayırlar. Bu gün, sabah buraxa bilərlər. Amma İraqda terrorla sadəcə İŞİD məşğul olmur. Mosulda 15-ə yaxın terror təşkilatı var. İŞİD bu girovları buraxsa, yoldakı digər terrorçular onları rahat buraxmaz.

- Necə ki girov götürüblər, istəsələr ən təhlükəsiz şəkildə də təhvil verə bilərlər. Sizcə, bu bəhanə deyilmi?

- Əlbəttə bunlar bir bəhanədir. Bəlkə, Türkiyədən hansısa tələbləri, istəkləri ola bilır...

- Məsələn, nə ola bilər?

- Türkiyə həbsxanalarında bəzi insanlar var ki, onların buraxılmasını tələb edə, İraq dövlətinə qarşı silah dəstəyi verməsini istəyə, ABŞ-la müzakirələr zamanı “bizi dövlət olaraq tanısın” deyə bu kimi şərt irəli sürə bilərlər. Hazırda Türkiyə çətin vəziyyətdədir, vətəndaşları girovluqdadır. Belə olmasaydı, Türkiyə NATO vasitəsiylə müdaxilə edə bilərdi. Hətta Türkiyə ordusunun Mosula girməsinə də qarşıdır. 

Ən böyük səbəb Nuri Əl-Malikidir

 - Bilrisiniz ki, bu terrorçuların çoxu Türkiyə sərhəddindən maneəsiz Suriyaya keçə biliblər...

- Düz deyirsiniz, PKK necə Şimali İraqa girdisə, bu terrorçu təşkilatın üzvləri də o cür Suriyadan girə bildi. Bəlkə də bəzisi iş birliyi yaradıb. PKK-la bunların mənfəəti eynidir. Bunlar niyə Ərbilə, Kərkükə, Tuzxurmatuya girə bilmədi, çünki kürdlərlə razılaşmışdılar. Bununla kürdlərə xidmət etdilər. Kürdlər Kərkükü alıb, Tuzxurmatuyla birgə böyük Kürdüstan dövləti yaratmağın son mərhələsinə gəldi. 

- Bu günə kimi neçə adam öldürülüb, girov götürülüb?

- Öldürülənlərin sayı çox deyil. Çünki Mosulu müqavimətsiz aldılar. Tikritdə, Rumadidə də eyni vəziyyət yaranmışdı. Əminəm ki, ölənlərin sayı 200-ü keçməyib. Mosula 3 min nəfərlə giriblər. Mosulda 60 min əsgər var idi. İŞİD-in sayı az olsa da arxalarında güc var. 60 min əsgər silahı qoydu qaçdı. 3 min 60 minə nə edə bilərdi? Onu da deyim ki, onlar Bağdada gələ bilməz. Bir müddət sonra geri çəkiləcəklə, belə davam edə bilməz.

- Bəs qadınları zorladıqları, qaçırdıqları doğrumu? Saytlar iraqlı 4 qadın zorlandıqdan sonra özlərini öldürməsi barədə məlumat yayır.

- Bu barədə eşitməmişəm. Amma adam öldürməyə gəlincə, maşınla qarşılarına kim çıxırsa vurub öldürürlər. İraqda elə terrorçu təşkilatlar var ki, adamı yerə yıxıb başını kəsir. Bu, vəhşilikdir. Adları terrorçu təşkilatdır, şəxsiyyətləri məlum olmayan şəxsiyyətsizdirlər. Kimə xidmət etdikləri məlim deyil. Əgər bu, İslama xidmətdirsə, İslam adam öldürməyə, baş kəsməyə izn vermir. Günahı varsa, sübut edilirsə öldürə bilərsən. Amma günahsız insanları öldürmək özü günahdır.

- İraqın baş naziri Nuri Əl-Maliki də susur, hətta ailəsini ölkədən çıxardığı barədə məlumatlar verilir...

- Əslində, ən böyük səbəb Nuri Əl-Malikidir. Çünki, onu xəbərdar etdilər ki, üçüncü dəfə namizədliyini verməsin. O isə inad edərək üçüncü dəfə baş nazir oldu. Belə olan təqdirdə sünnilər hərəkətə keçdi. Hədəf baş nazirin getməsidir. O israr edərsə İraq üç yerə parçalanacaq. Bir yanda sünnilər, bir yanda şiələr, digər yanda kürdlər.

- Sizcə, bu durumda getməsi doğru olardımı?

- Biz türkmanlar üçün İraqın bütövlüyü önəmlidir. Nə Kürdüstanın qurulması, nə də İraqın parçalanması bizə xeyir verə bilər. Turkmanlara görə onun indiki durumda qalması lazımdır, getməsi bizə də zərər verə bilər. Turkmanlar istəyir ki, ölkə parçalanmasın və hər kəs öz haqqını ala bilsin. Kərkükün nə Şimali İraqa, nə də mərkəzi hökumətə bağlanmasını arzulayırıq. Amma özəl statusun olmasını istəyirik. Bunu etmirlər, çünki Kərkükün nefti var. Kürd də, ABŞ da, mərkəzi hökumət də neft istəyir. Bu şəkildə davam edərsə, ölkə 3 yerə bölünəcək. İraqın parçalanması planı 1991-ci ildən var. Bir ara ABŞ-ın məqsədi İraqı bütöv nəzarət altında qalması idi. Kərkük qardaşlıq şəhəridir. Tarix boyunca turkmanların şəhəri olub, 2003-cü ildən sonra kürdlərin sayı çoxaldıqca, ərəb və turkmanları keçdi. Nəzarət də kurdlərdədir. 



Prezidentin nəşi Avropadadır

- Diplomatik mənbələrə istinadən Cəlal Tələbaninin keçən ildən öldüyü və məlumatı müəyyən vaxta kimi gizlin saxlanılması barədə məlumat yazmışdıq. İraqın ölkəmizdəki səfiri məlumatı yalanlamağa çalışdı. Prezident ölübmü?

- Bəli, ölüb. Onun öldüyünü təsdiqləyirəm. Düşünürəm ki, ilin sonuna kimi məlumatı açıqlayacaqlar. Çünki bu məsələni daha çox uzada bilməzlər. Zatən özləri də bunu etiraf edir. Əgər bir adam xəstələnərsə, yataqda belə şəkli ortaya çıxar, TV-yə çıxıb uzaqdan da olsa əl yelləyər. Bu adamın bu günə kimi həyatda olması mümkün deyil. Hətta Almaniya hökuməti dedi ki, gəlin onu aparın, bu xəstəxanada qalmasını artıq istəmirik. Çünki əlavə olaraq ayda 150 min dollar xəstəxana xərcləri ödənilir. Həkimlər bildirdi ki, hətta istəsəniz onu mumyalaya da bilərlər. Almaniya qanunlarına görə, ölmüş insan 45 gün, 2 ay xəstəxanada saxlanıla bilər. Amma İraq hökuməti onun saxlanılmasını istədi. Əslində, Məsud Bərzani də prezidentin ölüm xəbərinin gizlədilməsini istəyir. Hazırda bu məlumat elan olunarsa, İraqda kürdlər arasında bir xaos yaranar. Zatən kürdlər bölünmüş vəziyyətdədir. 

- Prezidentin nəşi Almaniyadadır, yoxsa İraqda saxlanılır?

- Onu heç kim bilmir. Amma İraqda da deyil. İraqa gətirilsəydi, bilinərdi. Hazırda İraqda təhlükəsizlik elə səviyyədədir ki, məlumat o an ortaya çıxa bilər. Nəşi Avropadadır.

- Səddam Hüseyn devrildikdən sonra İraq hələ də özünə gələ bilmir. Necə düşünürsünüz, Hüseynin zamanı ölkəyə nə qədər xeyir verdi və indiki İraq nə qədər zərərə uğradı?

- İmkan versələr, İraq özünə gələr. Çünki İraq zəngin bir ölkədir.

Səddam dedi ki, İrana güvənməyin

- Zəngin ölkənin milyardları Əl-Malikini dünyanın ən zəngin insanları arasında 2-3 cü yerə çıxarıb...

- Bu pulları heç yerə apara bilməz. Səddam apara bilmədi. Amerika da, Avropa da onun banklardakı pullarını dondurdu. Bir qərar çıxarsalar o pullar yerindən İraqa qaytarıla, ölkənin iqtisadiyyatına sərf oluna bilər. İnsanlar pul məsələsində heç zaman dərs almır. Qəddafi, Mübarək, Hüseyn də ala bilmədi. Çünki ərəblərin içində, təbiətində var diktatorluq. Ərəb ölkələrinin 100 faizi diktator ölkələridir. Demokratik adlandırıla biləcək çox nadir ölkə var. Səddamın dönəmində önəmli olan o idi ki bir sistem mövcuduydu. Düzdür diktator idi, sünniləri də, şiələri də, kürdləri də öldürürdü, eyni mövqe göstərirdi. Dövləti və iqtidarını saxlamaq üçün hər şey edirdi. Onun zamanında bir düşmən vardı, indi düşmən bəlli deyil. İndi şiə, sünni, PKK, Əl-Qaidə və digər təşkilatlar var, bilmirsən bunlar haradan çıxır. Səddam edam zamanı dedi ki “İrana güvənməyin. Məndən sonra bir şiə iqtidar gəlir, arxasında İran var. Ona güvənməyin, ölkəni bölər”.  Bunu dedikdən sonra ipi boğazına keçirdilər. Şiə qrupunun rəhbəri Müqtəda Əs-Sədrin adamları və İrandan gələnlər onu edam etdi. Çox güclü, nüfuzlu biri olan Əs-Sədr turkman, sünni, kürd, şiələr arasında ayrı-seçkilik etmir. O, həmçinin, Əl-Malikinin üçüncü dəfə seçilməsinə qarşı çıxıb.

Son olaraq demək istədiyim bir məsələ var. İraqdakı 3 milyon İraq azərbaycanlısı sadəcə Türkiyədən deyil, Azərbaycandan da dəstək gözləyir. Çünki onların soyları, kökləri Azərbaycandan, Orta Asiyadan gedənlərdir. Azərbaycan dövləti, xalqı mütləq o İraq turkmanlarına sahib çıxmalıdır. Rəhmətlik Heydər Əliyev demişdi ki, İraqda 3 milyon azərbaycanlı var, onlar Böyük Azərbaycanın önəmli bir parçasıdır. O parçaya da Azərbaycan sahib çıxmalıdır.

Laçın SƏMLA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı