Modern.az

Misir Mərdanov qəzet və jurnalları peşə əxlaqına yaraşmayan hərəkətlərdə suçlayıb

Misir Mərdanov qəzet və jurnalları peşə əxlaqına yaraşmayan hərəkətlərdə suçlayıb

29 İyun 2010, 18:02

Təhsil Nazirliyinin və Mətbuat Şurasının birgə təşəbbüsü ilə «Təhsil və mətbuat» mövzusunda konfrans keçirilib. Tədbir Füzuli rayonunun Horadiz qəsəbəsindəki Mədəniyyət evində baş tutub. Toplantı iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

 

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin, Təhsil Nazirliyinin məsul şəxslərinin, ictimaiyyət nümayəndələrinin, yerli dövlət qurumları strukturlarının təmsilçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov açıb. O, qonaqları salamlayaraq bölgədə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib. Ölkədə həyata keçirilən mütərəqqi proseslərin, o cümlədən təhsil sahəsindəki nailiyyətlərin ictimaiyyətə çatdırılmasında medianın müstəsna roluna diqqət çəkən natiq bu baxımdan dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqələrinin vacib əhəmiyyət daşıdığını vurğulayıb.

 

Təhsil naziri Misir Mərdanov prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncamı medianın cəmiyyətdəki yeri və roluna qiymətin, KİV-ə dövlət dəstəyinin növbəti bariz nümunəsi kimi xarakterizə edib. Təhsil müəssisələri ilə mətbuat orqanlarının hazırkı münasibətlərinin vəziyyətinə dair faktlar açıqlayan nazir bəzi qəzet və jurnalların peşə əxlaqına yaraşmayan hərəkətlərinin təhsil işçilərinin də fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. O, Mətbuat Şurasının mövcud halların aradan qaldırılması istiqamətindəki işlərinin müsbət nəticələr verməyə başladığını vurğulayıb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə təhsili ilə bağlı məlumatların ictimaiyyətə dəqiq, obyektiv və qərəzsiz şəkildə çatdırılmasının vacibliyindən söhbət açıb. Bu kimi məsələlərə Təhsil Nazirliyinin hər zaman böyük diqqət yetirdiyini deyən Ə.Amaşov diqqəti hər iki qurumun təhsil sahəsindəki maarifləndirməni və jurnalistlərin ixtisaslaşmalarını nəzərdə tutan birgə fəaliyyətinə yönəldib. Şura sədri həmçinin ölkə mediasının başlıca problemlərindən olan «reket jurnalistika»nın təhsil sisteminə də mənfi təsir göstərdiyini deyib, belə xoşagəlməz dumunu aradan qalxmasında birgə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini önə çəkib.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı ölkədə jurnalist kadrların hazırlığı prosesindən söhbət açıb. Onun sözlərinə görə, hazırda jurnalistikada meydana çıxan bir sıra neqativ halların kökündə təhsil məsələsi dayanır. E.Şıxlı vəziyyətdən çıxış yolu kimi ali məktəblərin jurnalistika fakultələrinə qəbul olmaq istəyən abuturiyentlərin ümumi fənn imtahanları ilə yanaşı qabiliyyət imtahanları da vermələrini təklif edib.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkədə media və təhsil müəssisələri arasındakı əlaqələrin mövcud durumundan bəhs edərkən bildirib ki, bu sahədə nəzərəçarpacaq irəliləyişlər mövcuddur və görülən əməli işlər prosesi daim gücləndirməkdədir. Milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı prezident sərəncamına toxunan baş redaktor belə təntənəli anımın mütərəqqi ənənələrə malik Azərbaycan mediasına verilən yüksək dəyər olduğunu vurğulayıb.

 

Mətbuat və təhsilin bir-birini tamamlayan vahid sistem təşkil etdiyini deyən «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu hər iki sahə arasındakı münasibətlərin səviyyəsinin bütövlükdə cəmiyyətin həyatına təsir göstərdiyini bildirib. H.Babaoğlu istər, təhsilə, istərsə də mediaya dövlət qayğısının geniş vüsət aldığını önə çəkərək mövcud amili Azərbaycanın etibarlı gələcəyinə mühüm təminat nümunəsi kimi dəyərləndirib.

 

Çıxış edənlərdən İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri - «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, millət vəkili Aqil Abbas, digər KİV rəhbərlərindən - «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, təhsil işçilərindən Bərdə rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli rayon təhsil şöbəsinin müdiri Hafiz Tahirov və başqaları media və təhsil arasındakı əlaqələrin əhəmiyyətini qabardaraq konfransda müzakirə edilən mövzunun problematik cəhətlərinə dair məsələlərdən söhbət açıblar. 

Milli Məclisin sədr müavini Bahar Muradova sonda çıxış edərək Azərbaycan jurnalistikasının bugünkü durumu, ölkədə söz və kütləvi informasiya vasitələri azadlığından, hpkumətin müstəqil mətbuata verdiyi önəmdən danışıb. O, KİV materialarında obyektivliyin və həqiqətin əks olunmasının vacibliyini vurğulayıb.

 

 

 

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir