Modern.az

“Elbrus Orucov Prezident Qvardiyasının rəisi olmaq istəyirdi” - Eks-icra başçısı ilə MÜSAHİBƏ

“Elbrus Orucov Prezident Qvardiyasının rəisi olmaq istəyirdi” - Eks-icra başçısı ilə MÜSAHİBƏ

30 İyun 2014, 10:53

“Rəhim Qazıyevin Elçibəyi aşağılayan çıxışını Pənah Hüseynova versəm də, tədbir görülmədi”


Modern.az
saytında “Elçibəy hakimiyyətinin icra başçıları” rubrikasının növbəti müsahibi Lənkəran rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseynqulu Məmmədlidir.

- Əbülfəz Elçibəy və onun komandası hakimiyyətdə olduğu dövrdə və hakimiyyətdən getdikdən sonra kifayət qədər tənqid olunub. Sizin də təmsil olunduğunuz hakimiyyəti “səriştəsizlər” adlandıran opponentləriniz sübut etməyə çalışırdılar ki, hakimiyyətdə olduğunuz bir il müddətində ölkə iqtisadiyyatını dağıtmısınız. Lənkəran kimi bir rayona rəhbərlik etmisiniz, siz iqtisadiyyatı necə “dağıtmısınız”?

- Bir ildə respublikanın iqtisadiyyatını dağıtdığımızı iddia edənlər özləri də tribunalardan düşən kimi dediklərindən utandıqlarını etiraf  edərək onları buna məcbur edənləri lənətləyir və üzr istəyirdilər.  Sovet sistemindən bizə miras qalan təsərrüfat subyektlərini bütün səviyyələrdə dağılmaqdan qoruyan, hərraca çıxarılmasının qarşısını məhz biz aldıq.  Bu, elə də asan deyildi.  O zaman məhsul istehsalı nəinki dayanmışdı, hətta dörd faiz artım da qeydə alınmışdı.       

Siz çox gözəl qeyd etdiniz ki, müxtəlif qüvvələr bizi “səriştəsizlər” adlandırıb yerli-yersiz tənqid edirdilər.  Onlar bizdən əvvəl hakimiyyətdə olan və respublikanı fəlakət qarşısında qoyanlar, hakimiyyətə gəlmək istəyənlər, lakin seçki texnologiyalarını ağlına belə gətirməyənlər, özünü müxalifət  qüvvələri adlandıranlar, hətta birgə mübarizə yolu keçdiyimiz cəbhəçilər idilər.

Əksər hallarda bu tənqidlər obyektiv reallıqdan uzaq olub qərəzli xarakter daşıyırdı və hakimiyyətimizin cavab reaksiyası olmadığından münaqişələrə yol açırdı. Səriştəsizlik məsələsinə gəldikdə, bəli, biz inzibati-amirlik sistemində işləməkdə səriştəsiz idik.  Biz həmin sistemin əleyhinə idik, onun tərəfdarı idik ki, insanlar fikir və düşüncələrini, bacarıq və qabiliyyətlərini ifadə edib özlərini göstərə bilsinlər. Biz idarəetmədə də qanunçuluq və demokratiya tərəfdarı olub, bunu həyata keçirmək istəyirdik. Təəssüf ki, hər şeyin ifratı zərərli olduğundan ifrat demokratiyanın tətbiqinin qurbanına çevrildik.

- Öz komandanızı formalaşdırmaq üçün kifayət qədər kadr potensialınız, həm də etimad etdiyiniz adamlar vardımı? 

- Çətinliklərin olması təbii idi.  İcra aparatında müavinləri və şöbə  müdirlərini dəyişmək AXC hakimiyyət sistemini önə çıxarmaq üçün kifayət idi. Təsərrüfat rəhbərlərini dəyişmək isə onların işgüzarlığından, peşəkarlıqlarından asılı olduğundan xüsusi yoxlamalara, araşdırmalara ehtiyac duyulurdu və  bu işləri “partizanlıq” etmədən həyata keçirirdik. İşinin öhdəsindən gələn təsərrüfat rəhbərlərini həm müdafiə edir, həm də təqdir edirdik. AXC üzvü olduğu üçün heç kimi vəzifələrə dartmırdıq, kommunist olmusan deyə heç kimi də vəzifəsindən uzaqlaşdırmırdıq.

-  Sözsüz ki, hamı sizin istədiyiniz kimi ola bilməzdi. Hansısa təzyiqlə üzləşirdinizmi?

- İlk aylarda heç bir təzyiq hiss etmirdim. Lakin aylar keçdikcə təzyiqlərin artması mərkəzi hakimiyyətdə olduğu kimi rayonlarda da özünü göstərməyə başladı. Müharibə  bölgəsində döyüşlərin getməsi, Kəlbəcər hadisələrindəki uğursuzluqlar, hərbi səfərbərliyin lazımı səviyyədə olmaması, əhalinin ərzaq təminatındakı sıxıntılar  və Lənkəran şəhəri üçün özəl olan Ələkrəm Hümbətovun əks təbliğatının ifrat forma alması, bizi xüsusi təzyiqlərlə üz-üzə qoyurdu.  Bütün bu işlərdə həddən artıq dözüm və səbir nümayiş etdirməyimiz vəziyyəti bir az da qəlizləşdirirdi. Yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrdən uzaqlaşdırılanlar Hümbətovun ətrafında isti yuva qururdular. Hətta bu adamın silahlı dəstələri icra hakimiyyətinin binasını bir neçə dəfə mühasirəyə almaqdan belə çəkinməmişdi. Bu silahlı dəstələr hətta təsərrüfatlarda çalışanlara, müəllimlərə, səhiyyə işçilərinə belə təzyiqlər göstərir, əhalini hakimiyyətə qarşı qaldırmağa çalışırdılar. Hər dəfə Prezident Aparatına verdiyim hesabatlar tədbir görülmədən cavabsız qalırdı. Burada xüsusi olaraq qeyd etməyə ehtiyac var ki, hakimiyyətə qarşı əks təbliğat aparan, silahlı birləşmələr yaradanlar qanun qarşısında cavabdehliyə  cəlb edilmək əvəzinə, daha yuxarı vəzifələrə çəkilirdi, bunu guya işimizə  mane olmamaları üçün edirdilər. Bəlkə də bu dünya siyasətində analoqu olmayan bir idarəetmə forması idi.  Ələkrəm Hümbətovun döyüş bölgələri üçün təlim keçdiyi silahlı dəstələrdən eyni zamanda hakimiyyətə qarşı da istifadə edilirdi. Bu hərəkətinə görə onu mühakimə etmək əvəzinə müdafiə naziri Rəhim Qazıyevin müavini postuna təyin olundu. Belə təyinatlar təbii olaraq döyüşlərdə uğursuzluqlar yaradanda hərbi təhsili olmayan bu iki şəxs vəzifələrindən azad edildilər və prezidentin əleyhinə daha güclü mübarizələrə yol açdılar. Elçibəy haqqında çirkin şayiələr yayır, hətta Rəhim Qazıyev icra hakimiyyətində rəsmi qəbul zamanı yüksək vəzifəli hərbiçilər önündə prezidenti iki uşağını saxlaya bilməyən fərsiz ata adlandırdı. Onun maqnitofon vasitəsilə yazılan çıxışının kasetini dövlət katibi Pənah Hüseynova şəxsən təqdim etsəm də, tədbir görülmədi.

- Belələrinə qarşı mübarizəni rayon, yaxud bölgə səviyyəsində aparmaq mümkün deyildimi? Bildiyim qədər AXC-nin Lənkəran şöbəsi o zaman respublikada ən güclü təşktilatlardan biri idi...

- Hakimiyyətin devrilməsi uğrunda mübarizəyə qalxan silahlı birləşmələri neytrallaşdırmaq üçün ölkənin Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının kontingenti var idi. Bu qüvvələri isə hərəkətə gətirmək üçün prezidentin münasibəti və sərəncamı olmalı idi və bunlar  tam şəkildə susmaqda idilər. Onu da qeyd etmək yerinə düşər ki, Lənkəran Daxili Qoşunların yerli qurumu yaradılan, Bakıdan sonra ikinci şəhər idi.

- Lənkəranda çoxlu sayda irili-xırdalı sənaye müəssisələri, fabriklər və digər emal müəssisələri olub. Hər hansı şəxs yüksək vəzifəsindən getməməsi üçün sizə nəsə təklif edirdimi?

- Belə hallar çox olub, artıq üstündən 20 ildən artıq vaxt keçdiyindən sadalamağa ehtiyac duymuram, bəziləri rəhmətə gedib, bəziləri də artıq vəzifələrini yuxularında görürlər. Lakin bütün hallarda yeganə tələbim rüşvətsiz, düzgün işləmək, yeni qaydalarla ayaqlaşmaq olub.  Bir daha xatırladıram, işlədiyim 1 il 1ay müddətində bircə nəfər vəzifəli şəxsi belə xoşuma gəlmədiyindən,  qərəzli şəkildə vəzifədən uzaqlaşdırmağa təşəbbüs etməmişəm. Hətta xoşuma gəlmək, etimadımı qazanmaq üçün 1992-ci il seçkilərində Elçibəyin xeyrinə saxtalaşdırmaya təşəbbüs edənləri cəzalandırmışam.

 - Ətrafınızdakı adamlara nə dərəcədə  etibar edirdiniz? 

- Etibar olmayan yerdə həmişə qalmaqal, gərginliklər olar. Aparatın 53 nəfərlik işçilərinin hörmət və ehtiramını görmüşəm, özüm də onlara eyni hörmət və ehtiramla yanaşmışam. Təkcə adını deməyəcəyim bir işçimizin məndən İsa Qəmbərə şikayət etdiyini öyrəndim və indiyə kimi də bunu onun üzünə vurmamışam.

- Hüquq-mühafizə orqanları, xüsusilə də polislə işbirliyiniz alınırdımı? 

- Qətiyyən yox. Bir il müddətində  4 polis rəisi dəyişdik. Heç birinin də rüşvətsiz, vicdanlı fəaliyyətinə nail ola bilmədik. Hər dəfə də daxili işlər naziri İsgəndər Həmidova şikayətimiz pis rəisin daha pislə əvəz olunması ilə nəticələnirdi.

- Bizdə olan məlumata görə Ələkrəm Hümbətov 1993-cü il iyunun 6-da, yaxud 7-də dağlara çəkilib hökumətə müharibə elan etmişdi...

- Məlumatınız doğrudur.  İyunun 6-da AMİP mərkəzi meydanda mitinq keçirmək istədi. Tələbləri ilə tanış olmaq üçün onları icra aparatına dəvət etdik. Hümbətov da təşkilatçılar arasında idi. 1-2 həftə öncə ona avtomobil sənayesi nazirinin müavini postu təklif edilmişdi. Baş nazirin təklifini ona mən çatdırmışdım. İki dəfə görüşüb müzakirələr apardıq. Sonda “Biz artıq başqa yolu tutmuşuq,  Elçibəyi devirəcəyik”, - deyib imtina etdi.  “Biz” deməklə kimləri nəzərdə tutduğunu bilirdim. Söhbət Azərbaycanı parçalamaq planlarından və bu planda keçmiş prezident Ayaz Mütəllibovun, Surət Hüseynovun, Rəhim Qazıyevin, Rusiya kəşfiyyat orqanlarının fəaliyyətindən gedirdi. “Beş illik müddətə seçilən prezidenti bir ildən sonra devirmək, sizə müyəssər olmayacaq” deyib ayrılmışdıq. Növbəti gün baş nazir Pənah Hüseynova zəng edib Hümbətovun təklifdən imtina etdiyini bildirdim və ona söhbətimizin məzmununu anlatdım. Pənah bəy istehzalı gülüşlə dedi: “Onların bütün planlarından xəbərimiz var. Narahat olmayın, işinizə davam edin”. Deyəsən, Pənah bəy “15 il hakimiyyətdə qalacağıq” düşüncələrinə hələ də sadiq idi. Qayıdaq sözümün əvvəlinə: Mitinq təşkilatçıları tələblərini təqdim etmədilər və görüşdən boyun qaçırdılar. Çünki bir tələbləri vardı: Hökumətin istefası. Bundan sonra polisə mitinqə imkan verməmək əmri verildi. Mitinq baş tutmayandan sonra məlum oldu ki, Hümbətov 11 nəfər silahlı əsgərlə dağlara çəkilib və hökuməti devirəcəyini elan edib.  Daxili siyasi sabitliyin pozulmasının qarşısını almağa məsul olan Daxili Qoşunların Lənkəran şöbəsinin komandiri polkovnik Elxanı (soyadını unutmuşam) yanıma dəvət etdim. Elxan Daxili Qoşunların nizamnaməsini göstərib bildirdi ki, əməliyyat əmrini yalnız Daxili Qoşunların komandanından – Fəhmin Hacıyevdən alandan sonra  fəaliyyətə keçə bilər. Fəhmin Hacıyevsə bu vaxt Gəncədə Surət Hüseynov tərəfindən həbs edilmişdi. Prezidentlə əlaqə yaratmaqdan başqa çarəm qalmamışdı. Nəhayət, telefon əlaqəsi yaradıldı və Elçibəyə bütün baş verənləri anlatdım. Daxili Qoşunlara əmr verəcəyinə söz verdi.  Elxanla bu əmri iki gün gözlədik.  Heç bir əmr, sərəncam, göstəriş belə yox idi. Telefon bağlantımız ikinci dəfə baş tutdu. Yenə vəziyyəti anladıb Daxili Qoşunların Lənkəran şöbəsinə əmr verilmədiyini bildirdim. “Mən tapşırmışdım, bir daha maraqlanaram, əmr verilər”, - prezidentin son sözləri bu oldu. Lakin heç bir əmr verilmədi. Hümbətovun iyunun 16-da gecə saat 2-də icra hakimiyyətinin binasını mühasirəyə almasına iki gün qalmış Elxan ağlayaraq bildirdi ki, ona qəti şəkildə əmr edilib ki, nəinki əməliyyat keçirməsin, hətta dislokasiya yerlərindən kənara belə çıxmasınlar. “Nədən, nə üçün”  sualı bu gün də cavablandırılmayıb.                                                                                                                                                 

 - Elçibəy hakimiyyətinə 1993-cü ildə baş verən iyun hadisələri ilə son qoyuldu. Bütün digər səbəblərlə yanaşı, sizin hakimiyyətin daxilindəki müəyyən çəkişmələrin, müəyyən vəzifə sahiblərinin bir-birini qəbul etməməsinin də az rol oynamadığı iddia olunur. Həmin hakimiyyətin təmsilçilərindən biri də siz olmusunuz. Bir ildən sonra hakimiyyətdən getməyinizə sadalananların da təsir etdiyi iddiası ilə razılaşırsınızmı?

- Bir o qədər də yox. Hər bir hakimiyyətin özünəməxsus nəzarət mexanizmləri var. Bu, işlək mexanizmdir. Mexanizm işləmirsə, o dəqiqə də fəlakətlərə yol açılar. Bizim hakimiyyətimiz zamanı nəzarət mexanizmi demək olar yox idi. Yerlərə o qədər müstəqillik, sərbəstlik verilmişdi ki, sadəcə, qabiliyyətin çatırdısa, özünü göstərə bilirdin. Mən nə prezident, nə dövlət katibi, nə də ayrı-ayrı nazirlər səviyyəsində öz üzərimdə xırdaca da olsun basqı, nəzarət hiss etmirdim. Bəlkə elə bunun nəticəsi idi ki, AXC rayon şöbələri ilə hakimiyyətdə olan cəbhəçilər arasında ziddiyyətlər aylar keçdikcə dərinləşirdi. Fərəc Quliyevin haradansa tapılıb AXC-yə sədr qoyulması vəziyyəti bir az da qəlizləşdirirdi. Fərəc Quliyevin hər rayon şöbəsində 2 - 3 nəfərdən ibarət yaratdığı xüsusi qrup hakimiyyətdə olan cəbhəçiləri izləməkdə, onların vəziyyətə uyğun düzgün qərarlarını belə tənqid etməkdə davam edirdilər. Qərb rayonlarından birində icra başçısını cəbhəçilər rayondan qovub çıxarmışdılar. Sonradan onu Prezident Aparatında məsul vəzifəyə təyin etdilər. Günahkardırsa, nədən cəzalandırmadılar, günahsızdısa, niyə vəzifəsinə bərpa edib günahkarları cəzalandırmadılar?  Fərəc Quliyevin hətta prezidentin qərarlarına müdaxiləsi özünü göstərməkdəydi. Belə müdaxilələr rayonlarda prezidentin nüfuzuna xələl gətirir, reytinqinə ağır zərbələr vururdu. Son nəticədə də AXC hakimiyyətinin bütün strukturlarının fəaliyyətinə öldürücü zərbələr vururdu. Əgər xatırlayırsınızsa, Az. TV-də Pənah Hüseynovla AMİP Siyasi Şurasının üzvü Mübariz Qurbanlının teledebatı zamanı daxili işlər nazir İsgəndər Həmidovun birbaşa efirə çıxıb nalayiq sözlər işlətməsi əhali arasında bir çaşqınlıq yaratmışdı. Ən böyük çaşqınlığı isə növbəti gün prezidentin vəziyyətə münasibəti, daha doğrusu, münasibətsizliyi oldu. Halbuki hamı səbirsizliklə prezidentin nazirini və ya dövlət katibini cəzalandıracağını gözləyirdi. Belə faktları çox çəkə bilərəm, sonu da ona gətirib çıxardı ki, sən demə, ifrat demokratiya, sadəcə anarxiyadan başqa bir şey deyilmiş.

Bəziləri belə hesab edir ki, Gəncə qiyamının qarşısı alınsaydı AXC hakimiyyəti beş illik seçim dönəmini uğurla başa vuracaqdı. Mənsə belə fikirləşmirəm. Mənə görə AXC hakimiyyətinin sonu 7 iyun 1992-ci ildən başlamışdı. Gəncə qiyamı bu başlanğıcın son nöqtəsi idi və baş da tutdu. Təbii ki, dövlət  yeni qurulurdu, hakimiyyətə yeni siyasi qüvvə gəlmişdi, ona görə nəzarət daha ciddi həyata keçirilməli idi. Lakin bu nəzarət dövlət maraqlarına uyğun həyata keçirilməli idi, kimlərinsə şəxsi düşüncələrinin, şəxsi istəyinin nəticəsi olaraq yox. Sualınızın son bölümündə xatırlatdığınız vəzifə sahiblərinin bir-birini qəbul etməməsi məsələsinə gəldikdə, məncə, hakimiyyətdə belə bir gərginlik yox dərəcəsində idi, Arif Hacıyevin, Pənah Hüseynovun mənəm-mənəmliklərini nəzərə almasaq.

 - Bir il ərzində Elçibəylə neçə dəfə görüşə bilmişdiniz?

-  Prezidentliyi dövründə yalnız bir dəfə. Cənub bölgəsində cərəyan edən siyasi proseslər haqda məlumat verib məsləhətlərini aldım. İkinci dəfə isə görüşə təşəbbüs etsəm də, buna nail ola bilmədim.

- Belə söz-söhbət yayılırdı və indi də yayılmaqdadır ki, Elçibəyin ətrafındakı bəzi adamlar onu kimlərdənsə təcrid edirdilər. Siz belə situasiya ilə üzləşmişdinizmi?

- Düzünə qalsa bizdən – icra başçılarından tələb edilirdi ki, bütün məsələlərlə bağlı ərazi idarəetmə şöbəsinin müdirinə, dövlət katibinə, Nazirlər Kabinetinə müraciətlər edək. Bu, təbii hal idi. Hər şey üçün prezidentə müraciət etməyə dəyməzdi. Qaldı kimlərinsə prezidentlə görüşə qadağalar qoymasına, bu barədə məlumatlı deyiləm.

- Salyan rayon icra hakimiyyətinin o vaxtkı başçısı Ədalət Yusibov bizə müsahibəsində qeyd edirdi ki, Azərbaycan dövlətinin taleyi ilə bağlı prezidentlə görüşə təşəbbüs etsə də, buna nail ola bilməyib və sizin də görüşməli olduğunuz iddia edilsə də, görüşünüz baş tutmayıb...           

-  Ədalət bəy xətrini ən çox istədiyim əqidəli, dönməz, mətanətli insanlardan biridir. Müsahibəsini də oxumuşam. Məndən inciməsin, bəzi yanlışlıqlara yol verib. Onun qeyd etdiyi kimi, Salyanda və Əli-Bayramlıda (indiki Şirvan şəhərində -red.)  9 rayonun icra başçısının Elbrus Orucovla görüşü həqiqətən də olub. Bu görüş Ədalət bəyin təşəbbüsü ilə baş tutub, məni də o dəvət edib. 1992-ci il avqust ayının əvvəllərində mənə zəng edib bildirdi ki, dövlətimizin mənafeyi, hakimiyyətimizin taleyi ilə bağlı çox mühüm bir məsələ var. Cənub bölgəsinin cəbhəçi icra başçılarına da xəbər ver və gecə saat 12-də Salyana gəlin. Həm də dönə-dönə xahiş etdi ki, gəlişinizdən heç kimin xəbəri olmasın. Cənub bölgəsində Masallı və Lerikin icra başçıları cəbhəçi deyildilər, Astaranın icra başçısı Faiq Cəfərov həmin vaxt İranda idi, Cəlilabadın icra başçısı Rahim Nuriyevlə razılaşıb deyilən vaxtda Salyana getdik. Oradansa Ədalət bəylə birlikdə Əli-Bayramlıda Elbrus Orucovla görüşdük. Onun verdiyi məlumat tam çılpaqlığı ilə belə idi: “Məni Müdafiə Nazirliyində tutduğum vəzifədən azad ediblər. Prezident qvardiyasına rəhbərlik etmək istəyirəm. Mən ona sadiqəm və onu müdafiə etməyə həmişə hazıram. Sizlər prezidentə təsir edib razı sala, inandıra bilərsiniz”. Elbrus Orucov deyirdi ki, Rəhim Qazıyev dövlət çevrilişi hazırlayır, prezidentinsə qvardiyası belə yoxdur. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzədir. Gəncədə Surət Hüseynov,  Şəkidə Rəhim Qazıyev, Şamaxı-Şirvanda Ayaz Mütəllimov, Cənub bölgəsində Ələkram Hümbətov, Quba-Xaçmazda “Sadval” eyni vaxtda üsyan hazırlığına başlamaq planları qurmaqdadırlar. Prezidentsə şəxsi qvardiyaya belə sahib deyil  Mən bu planın baş tutmaması üçün hər şeyə hazıram. Elbrus Orucov Ədalət bəyin sadaladığı və sadalamadığı bütün məsələlərdən danışırdı. Onun həbsi ilə bağlı hərbi polisə göstəriş verildiyini, artıq gizləndiyini,  Şuşada döyüşmüş Kosalar batalyonu   əhatəsində özünü qoruduğunu, bizimlə görüşə də gizlin gəldiyini iddia edirdi. Hərbi hissələrə rəhbərliyə talış əsillilərin gətirildiyini, İsa Qasımovun, Balağa Hacıyevin, Zaur Rzayevin vəzifələrinə layiq olmadıqlarını iddia edirdi. Mən bilmirəm, görəsən, Elbrus Orucov Kəlbəcərin müdafiəsinin təşkilində Zaur Rzayevin necə bacarıqlı bir general olduğunu da görmüşdümü? Bu talış əsilli generalın türk əsilli ilə əvəz olunması nəticəsində Kəlbəcərin erməni işğalı ilə nəticələnməsinin şahidi olmadıqmı? Vətəndaşlarımızı, ən azından peşəkar hərbiçilərimizi milli mənsubiyyətinə görə ayırmaq milli xəyanət deyilmi?  

Bu görüşdə “Talış Muğan Respublikası” haqda bircə kəlmə belə söhbət olmayıb. Müsahibəni oxuyandan sonra görüşdə iştirak edən icra başçılarının bəzilərinə də zəng etdim.  Hamısı indi dediklərimi təsdiqlədilər. Onu da əlavə edim ki, Ələkrəm Hümbətov həmin vaxtlarda Lənkəranda döyüş bölgələri üçün peşəkar əsgər hazırlığı ilə məşğul idi. Bəlkə heç onun özündə də “Talış Muğan Respublikası” ideyası yaranmamışdı. Bütün bunlar sonrakı proseslərin məhsulu idi. Onu da əlavə edim ki, həmin görüşün təşəbbüsçüsü olduğuna görə Ədalət bəydən bir az incimişdik. Birincisi, Elbrus Orucovun Şuşanın işğalı zamanı xəyanətkarlığını bilirdik. İkincisi, 9 rayonun icra başçıları ilə görüşə içkili vəziyyətdə gəlmişdi. Hələ onu demirəm ki, Elbrusun qardaşının təsadüfən açdığı atəş nəticəsində Əli-Bayramlının icra başçısının “QAZ-24” markalı maşınının kümündən deşiklər açılmışdı. Hansısa bir təsadüf Loğman bəyi ölümün caynağından qurtarmışdı. Əli-Bayramlıda görüşdən sonra bəzi məsələlərə aydınlıq gətirmək üçün Orucovun Çuxanlı hərbi hissəsindəki xidməti evinə gəldik. Bizi çay süfrəsinə dəvət etmişdi. Burada onun uzun-uzadı danışıqlarından sonra bəlli oldu ki, həqiqətən hakimiyyət üçün təhlükəli planlar hazırlanmaqdadır və bunu yalnız prezidentin özünə şəxsən çatdırmağa ehtiyac var. Prezidentlə görüşmək mənə həvalə edildi və səhər saat 9-da artıq prezidentin qəbulunda idim. Köməkçi Gürşad Zərbəliyev prezidentə məlumat verərək gözləməyimi xahiş etdi. 5-6 dəqiqə gözləmişdim ki, qəbula 6-7 nəfərdən ibarət yaşlı qocalar gəldilər. Gürşad içəri girib çıxandan sonra mənə yaxınlaşıb “Səni qəbul edə bilməyəcək, dedi ki, Pənah bəyə məlumat versin”, - deyə bildirdi. Çuxanlıdakı qərarımıza uyğun olaraq dövlət katibinə məlumat verməməli idim. Prezident aparatından çıxıb Xanım Xəlilova ilə görüşdüm. Onun Elçibəylə sıx əlaqələri vardı, istədiyi vaxt görüşə bilirdi. Vəziyyəti anladıb Elçibəylə görüşümü təşkil etməsini xahiş etdim. Növbəti gün hər şey bitdi. Xanım Xəlilova bildirdi ki, prezidentin hər şeydən xəbəri var və narahatlığa da heç bir əsas yoxdur. Bu barədə Ədalət bəyə də, diğər icra başçılarına da məlumat verdim. İndi üstündən 25 il keçəndən sonra, Ədalət bəyin bu cür açıqlamalar verməsi məni bir az təəccübləndirdi. Mən onu başa düşürəm, bu hakimiyyət bizim idi, onu yüksək amallarla əldə edib xalqımıza xoş güzəran, xoşbəxt gələcək, demokratik həyat qurmaq istəyirdik. Lakin xalqın seçiminə hörmətsizlik edib, beş illiyə aldığımız mandatı bir ildən sonra tərk etmək məcburiyyətində qaldıq. Səbəblərini də hərə bir formada, öz düşüncələrinə uyğun əsaslandırır. Ədalət bəyin “Keçmişdə məqsədli-məqsədsiz baş verən bu və ya digər səhvləri qabardıb yenidən açılan müzakirələrin bugünkü münasibətlərə təsir etməsini istəməzdim” düşüncəsi tarixin son 20 illik təcrübəsi göstərdi ki, özünü doğrultmayıb. Azərbaycan müxalifətinin indiki durumu buna bariz nümunədir. Həqiqət nə qədər acı olsa da, çılpaqlığı ilə ortaya qoyulmalı idi.

 - Hakimiyyətdən gedəndən sonra Elçibəylə görüşəndə ona bununla bağlı nəsə dedinizmi? Bəlkə həmin köməkçi sizin istəyinizi heç prezidentə çatdırmamışdı?

- Kələkidə Əbülfəz bəylə görüşümüzdə bu məsələyə toxunduq. Məlumatı olmadığını dedi.

- Belə çıxır ki, köməkçi ona heç nə deməyib?

 - Heç nə deyə bilmərəm. Gürşad Zərbəliyevin gözümün qabağında prezidentin otağına girib-çıxdığını görmüşdüm.

 - Məncə, bu cür məsələlərin araşdırılması çox vacibdir. Bilmirəm, kim bunu edəcək, amma Azərbaycan tarixinin o dövrünü əməlli-başlı araşdırılmasına ehtiyac var. Bu, sonrakı məsələdir. Sizin hakimiyyətin sona çatmasından danışaq. Niyə hakimiyyətin ömrü bir il çəkdi? Doğrudanmı, səriştəsizlik sizin hakimiyyətin süqutu ilə nəticələndi?

- Sizin bu sualınız uzun illərdir cəmiyyətimizdə kabus kimi dolaşmaqdadır. Elçibəy hakimiyyətinin süqutu ilə bağlı hələ indiyə kimi rəsmi açıqlama verilməyib. Bunu o hakimiyyətin yüksək eşolonundakı rəsmilər etməli idilər, onlar da bunu etmədilər. AXC-nin 1996-cı ildə keçirilən qurultayını xatırlayıram. Hamı bir nəfər kimi Əbülfəz bəydən rəsmi hesabat gözlədiyi anda  o“hər şeyin zamana ehtiyacı var. Zamanı gələndə hər şeyi açıqlayacağam”, - deyib hesabat məruzəsini oxumaq üçün sözü Əli Kərimliyə verdi. Səriştəsizlik yüz səbəbdən biri ola bilərdi, lakin bu əsas göstərici deyildi.

- Siz, şəxsən hakimiyyətin süqutunu nədə görürsünüz?

- Mən bu barədə bir qədər bəhs etdim. İfrat demokratiya, hakimiyyət strukturlarına, cəmiyyətdə gedən proseslərə nəzarətsizlik, güc strukturlarından lazımı səviyyədə istifadə edilməməsi, müharibə təbliğatının aparılmaması, hərbi müxalifətin yaranmasına göz yumulması və s. və i.a.

Azər Hüseynbala

P.S. Modern.az saytı olaraq müsahibədə adları çəkilən hər kəsi dinləməyə və fikirlərini yaymağa hazırıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir