Modern.az

Eks-icra başçısı: “Hakimiyyətdəki bəzi nazirlərə görə istefa verdim, dedilər prezident bu istefanı qəbul etmir” - MÜSAHİBƏ

Eks-icra başçısı: “Hakimiyyətdəki bəzi nazirlərə görə istefa verdim, dedilər prezident bu istefanı qəbul etmir” - MÜSAHİBƏ

14 İyul 2014, 12:35

“Sadval” 1993-cü ildə Azərbaycana qarşı ikinci cəbhə açmaq istəyirdi”


“Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Xudatda müstəqilliyimizə qarşı təxribatların qarşısının alınması üçün çox işlər görüb”

Modern.az saytında “Elçibəy hakimiyyətinin icra başçıları” rubrikasının növbəti müsahibi Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyevdir. AXC hakimiyyəti zamanında fəaliyyəti ilə müsbət imic qazanan Müqəddəs Mehdiyev əvvəlcə icra başçısı təyin olunmasından danışır:

- Mən AXC Xaçmaz rayon şöbəsinin sədri idim. AXC yaranmazdan öncə respublikada azəri türklərinin gizli təşkilatı vardı. 90-cı illərin yanvar hadisələri ərəfəsində Bakıya gələn silahdaşlarımla birgə sovet qoşunlarının qarşısının alınmasında bizim çox ciddi rolumuz olub, hətta hərbi eşolonu geri qaytara bilmişdik. Yəni o vaxt baş verən bir çox ciddi ictimai-siyasi hadisələrin ən fəal iştirakçıları arasında olmuşam. Yəqin ki, bütün bunlar nəzərə alındı və 1992-ci ildə respublikada ilk təyin olunan və ən gənc icra hakimiyyəti başçılarından biri  idim.

Başçı təyin olunanda 28 yaşım vardı. Mən vəzifəyə İsa Qəmbər Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edəndə təyin olunmuşdum. Əbülfəz Elçibəy prezident seçiləndən sonra görüşdük, aramızda həddindən artıq ciddi söhbət oldu.

- O zaman ölkədəki ictimai-siyasi vəziyyət birmənalı deyildi. Təbii ki, sizin icra başçısı təyin olunmağınız da birmənalı qarşılana bilməzdi. İcra başçısı təyin olunduğunuz zaman hansı problemlərlə, yaxud kimlərinsə tərəfindən fəaliyyətinizə mane törədilə biləcək faktlarla üzləşirdinizmi?

- Bizdən əvvəlki hakimiyyətin nümayəndələri gücümüzə bələd olduqlarından buna cəsarət edə bilməzdilər. Sadəcə, Elçibəylə söhbətimizdə məndən xahiş etmişdi ki, Xaçmaz Rusiya ilə həmsərhəd rayonudur, burada faktiki olaraq nə gömrük, nə sərhəd xidməti var, ona görə dövlətin qurulmasına daha ciddi yanaşmaq lazımdır, ola bilsin ki, müəyyən qüvvələr vəziyyəti gərginləşdirməyə cəhd edə bilərlər, amma ən vacibi Xaçmazda, eləcə də şimal bölgəsində dövlət quruculuğunu sürətləndirmək idi.

- Siz icra başçısı təyin olunandan sonra öz komandanızı formalaşdırmaq üçün əvvəlki hakimiyyətin bütün nümayəndələrini istefaya göndərdiniz, yoxsa kimlərinsə idarəetmə təcrübəsini nəzərə alaraq işləməyə üstünlük verdiniz?

- Mən təxminən beş aya yaxın əvvəlki hakimiyyət nümayəndələri ilə işlədim. Bundan sonra aparat tam buraxıldı və öz komandamı formalaşdırmağa başladım. Amma mənim birinci müavinim əvvəlki hakimiyyət zamanı da işləyən mərhum Ağakərim Ağayevlə hakimiyyətimizin sonuna qədər birgə çalışdıq. O, bizə dövlət quruculuğu və digər məsələlərdə fəal şəkildə kömək etdi. Çünki rəhmətlik siyasi proseslərə qarışmırdı, vicdanlı bir məmur idi.

- Bizim müsahibimiz olan o vaxtkı icra başçılarının əksəriyyəti hüquq-mühafizə orqanları, xüsusilə polislə bir çox problemlər yaşadıqlarını etiraf edirlər. Xaçmazda sizin bu orqanlarla işbirliyiniz necə qurulmuşdu?

- Bizim hakimiyyətimiz dövründə hüquq-mühafizə orqanlarında ciddi dəyişikliklər oldu, bütün strukturların rəhbərləri dəyişdirildi. Məhz bunun hesabına Xaçmazda yüksək səviyyəli bir komanda formalaşdıra bilmişdik. Bizim yeganə problemimiz fövqəladə rejim dövründə Bakıdan göndərilən komendantla bağlı idi. Bizim təşəbbüsümüzlə onu rayondan uzaqlaşdıra bilmişdik. O rəhmətə getdiyindən ətraflı danışmaq istəməzdim.

- Sizinlə komendant arasında fikir ayrılığının, yaxud belə deyək, yola getməməyinizin səbəbi nə idi?

- Komendant Xaçmazda real hakimiyyəti ələ keçirmək istəyirdi. Ancaq mən və hüquq-mühafizə orqanlarının rəhbərləri onun bu fəaliyyəti ilə bağlı arqumentlərimizi ortalığa qoyduq, qısa müddətdə vəzifəsindən kənarlaşdırılmasına nail olduq.

- Mənim bildiyimə görə, sizin hakimiyyətiniz zamanında Xaçmazda, eləcə də şimal bölgəsində ən ciddi problemlərdən biri “Sadval” hərəkatı ilə bağlı olub. Bu hərəkatın şimal bölgəsində təxribat planları ilə bağlı yetərincə faktlar da var. Sizin də “Sadval”a qarşı ciddi mübarizə apardığınız məlumdur. Rusiyadan idarə olunan bu hərəkatın hansı təxribatçı əməlləri ilə üzləşirdiniz?

- “Sadval” həmin dövrdə Azərbaycanın əleyhinə çox ciddi fəaliyyət göstərirdi. Rusiyanın himayə etdiyi general Qəhrəmanovun  (qeyd edək ki, o artıq ölüb-red.) rəhbərliyi ilə bu təşkilat Azərbaycanın şimalında çox ciddi şəkildə situasiyanı gərginləşdirməyə cəhdlər edirdi. Qəhrəmanov Şimali Qafqaz hərbi dairəsinin komandan müavini idi. Ümumiyyətlə, bir paralellik də aparmaq olar. Dağlıq Qarabağ ərazisində vəziyyət gərginləşən kimi “Sadval” da şimal bölgəsində vəziyyəti gərginləşdirirdi. O dövrdə buna bənzər proseslər ölkənin cənubunda da gedirdi. Təbii ki, mən hakimiyyətə gələndən sonra ilk atdığım addımlardan biri Azərbaycan-Rusiya sərhədində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının batalyonunu yaratmaq oldu. Həmin batalyonun yaradılmasında prezident Əbülfəz Elçibəy bir sərəncam da imzaladı. Bizim bu addımımız Rusiya tərəfinin xoşuna gəlmədiyindən separatçı qüvvələri daha da qızışdırırdılar. Bundan sonra Sərhəd Qoşunları formalaşdırıldı, indiki Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Xudat Sərhəd Dəstəsinin rəisi təyin olunmuşdu. Elçin Quliyevlə birlikdə hüquq-mühafizə orqanlarının rəhbərləri vaqonlardan, digər vasitələrdən istifadə edərək sərhəd bölməsi xidmətini yarada bildik. Məsələn, Sərhəd Dəstəsinin Xudatda yerləşdirilməsinə “Sadval” böyük müqavimət göstərirdi. Ancaq bizim səylərimiz nəticəsində yaradılan həmin dəstə indi də fəaliyyət göstərir. O zaman Xaçmazda gömrükxananın açılmasına da nail olduq. İndi yoxdur, o vaxtkı gömrük polisi Azərbaycan dövlətçiliyinin qurulması, üzləşdiyimiz təhlükələrin aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət göstərirdi.

- Qeyd etdiniz ki, Elçin Quliyev o vaxt Xudat Sərhəd Xidmətinin rəisi təyin olunub. Belə məlum olur ki, siz həmin dövrdə Elçin Quliyevlə çox səmərəli əməkdaşlıq edib, ölkənin müstəqilliyinə yönələn təxribatların qarşısının alınması üçün çox işlər görmüsünüz?

- Bəli, səmimi etiraf etmək lazımdır, Elçin Quliyev çox qısa müddətdə olduqca normal işlədi, birgə səylərimiz hesabına, nəhayət Azərbaycan-Rusiya sərhədi formalaşdı.

- Siz o vaxt Rusiya, xüsusilə “Sadval” tərəfindən hansı təxribatlarla üzləşirdiniz?

- O zaman Dağıstanın Məhərrəm kəndində mitinqlər keçirilirdi, burada Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürülürdü. Bu mitinqlərdə qarşıdurma yaradılmasına sövq edən şüarlar da səslənirdi. Məsələn, konkret faktlar da baş vermişdi. “Sadval”çılar Xaçmaz, Qusar və ətraf rayonlarda kifayət qədər fəallaşmışdılar, onlar Xudatın Xaçmazın tabeliyindən çıxarılıb ayrıca rayon olmasını tələb edirdilər. Bundan əlavə, onlar Xudatın Qusar rayonu ilə birgə milli mahal olması kimi tələblər irəli sürür, Ləzgistan dövlətinin yaradılması kimi iddialar da səsləndirirdilər. Biz “Sadval”ın bu məqsədlə ciddi fəaliyyət göstərdiyini bilirdik, eyni zamanda bununla bağlı baş verən bütün prosesləri diqqətlə izləyir, hər bir prosesi ciddi nəzarətdə saxlayırdıq. Təbii ki, bütün bunların arxasında  Rusiyanın müəyyən dairələrinin məkrli niyyəti dayanırdı. Hətta “Sadval”ın üzvləri bir dəfə Xaçmaz rayonunun Yalama kəndinə silah keçirərkən yaxalanmışdılar. Hüquq-mühafizə orqanları bir maşın silah ələ keçirmişdilər. Həmin maşını müşayiət edən rus millətindən olan bir nəfər idi. 1993-cü ildə bizə dəqiq məlumat daxil olmuşdu ki, Novruz bayramı ərəfəsində “Sadval” Azərbaycana qarşı konkret olaraq ikinci cəbhə açacaq. Bu plan təbii ki, Moskvada xüsusi olaraq hazırlanmışdı. Bunu sübut edəcək faktlarımız da vardı. Bizə daxil olan məlumatda bildirilirdi ki, general Qəhrəmanovun rəhbərliyi ilə böyük bir qrup Azərbaycanın Rusiya ilə olan sərhədini keçib Qusarın 25-ci ərazisində mitinq keçirəcək və orada süni şəkildə atışma təşkil olunacaq, hər iki tərəfdən ölən və yaralananlar olacaq, ardınca da münaqişə başlanacaq. Hüquq-mühafizə orqanları bu haqda xəbər alandan sonra qarşıdurma yaratmamaq üçün onların sərhədi keçmələrinə şərait yaradıldı, amma daxil olan bütün insanlar və maşınlar, təşkilatçılar həddindən artıq ciddi bir əməliyyat nəticəsində nəzarət altına alındılar və təbii ki, nəticədə istəkləri baş tutmadı. Çox maraqlıdır, həmin axşam Rusiyanın “Vesti” televiziyasında belə bir məlumat yayıldı ki, guya, Qusarın 25-ci ərazisində keçirilən mitinq zamanı ölənlər və yaralananlar olub. Qeyd etdim, doğrudan da bu plan elə hazırlanmışdı ki, ölənlər və yaralananlar olmalı idi. Bu qarşıdurma əgər planlaşdırılan ssenari üzrə getsəydi, ora yığışanlar arasında kimlərsə öldürülməliydi və dərhal Moskva bu haqda hay-küy salıb ardınca millətlərarası münaqişə başlamalı idi. Belə faktlar az olmayıb. Mən istərdim bizim vaxtımızda Xaçmazda hüquq-mühafizə orqanlarına rəhbərlik edənlərin onların adlarını çəkim: hazırda Sabirabad rayon prokuroru işləyən Seyfəddin Həsənov (o vaxt Xaçmazın prokuroru idi), bizim vaxtımızda Xaçmaz rayon Polis Şöbəsi rəisinin müavini, sonradan komendantı olan, indisə Şəki rayon Polis Şöbəsinin rəisi işləyən Eldar İlyasov, Milli Təhlükəsizlik Nazirliyi Xaçmaz rayon şöbəsinin rəisi bütün bu əməliyyatlarda çox böyük bacarıq nümayiş etdirən Sədiyar Abbasov. Adlarını çəkdiyim bu insanlarla birlikdə biz baş verə biləcək bütün hadisələrin qarşısını ala bilmişdik. Təbii ki, bu işdə Xudat Sərhəd Qoşunlarının rəisi Elçin Quliyevin də xüsusi rolu olub. Mən deyərdim ki, AXC hakimiyyəti dövründə Xaçmazda siyasi hakimiyyətlə hüquq-mühafizə orqanları nümunə olacaq bir formada çalışıb və biz bunun sayəsində “Sadval”ın ən ciddi təxribatlarının qarşısını ala bilmişik. Sonradan biz birgə qərara gəlib 1993-cü il yazın əvvəllərində çox ciddi bir əməliyyat keçirdik. Həmin əməliyyat nəticəsində Xaçmaz və Qusarda qanunsuz silahlar yığıldı, təxminən 13-ə yaxın “Sadval” fəalı həbs edilərək Bakıya göndərildi. Nəhayət, biz baş verə biləcək qiyamın qarşısını ala bildik.



- AXC hakimiyyətindən sonra da şimal bölgəsində “Sadval”la bağlı ciddi problemlər yaşanırdı. Bu təşkilatın şimal bölgəsindəki fəaliyyəti sizin dövrünüzdəkindən hansı cəhətlərinə görə fərqlənirdi?

- Bildiyiniz kimi, 1993-cü ilin məlum iyun hadisələri nəticəsində Heydər Əliyev hakimiyyətə gəldi. Bu zaman Qusarın Piral kəndində və digər yerlərdə müxtəlif  hadisələr baş verdi, “Sadval” kartından yenidən istifadə olunmağa başladı. Amma səmimi olaraq deyirəm ki, Heydər Əliyevin çox ciddi səyi və bacarığı sayəsində həmin hadisələrin qarşısı vaxtında alındı. Yəni Heydər Əliyev şimal regionunda vəziyyətin sabitləşməsinin əsasını qoya bildi.

- Biz “Sadval”dan danışdıq, ancaq o zaman AXC hakimiyyətinə qarşı siyasi müxalifət də ciddi mübarizə aparırdı. Sizin bölgədə, xüsusilə də Xaçmazda siyasi müxalifətlə bağlı problemlər yaşanırdımı?

- Bəli, bizim bu cür problemlərimiz də olub. O vaxt bildiyiniz kimi, AMİP əsas müxalifət qüvvəsi kimi çıxış edirdi. Məsələn, bir faktı xatırladım. Biz Qusarda əməliyyat keçirməmişdən öncə Qubada AMİP böyük aksiya keçirməyi planlaşdırırdı. Mən AMİP sədri Etibar Məmmədovla telefon vasitəsilə danışıqlar apardım, vəziyyəti izah etdim və həmin mitinqi təxirə saldıra bildik. Nəticədə Azərbaycan dövlətçiliyinin qorunması kimi vahid mövqedən çıxış etməyə razılaşdıq. Biz çalışırdıq ki, nəyin bahasına olur-olsun Azərbaycanın şimalında ikinci cəbhə açılmasın. Çünki siyasi müxalifətlə də aramızda müəyyən qarşıdurmalar olurdu.

- Siz icra başçısı olduğunuz müddətdə mərkəzi hakimiyyətdə təmsil olunan nazirlərlə, yaxud digər yüksək vəzifəlilərlə hansısa məsələ ilə bağlı fikir ayrılığına görə problemlə üzləşirdinizmi?

- Belə bir problem 1992-ci ilin noyabr ayında olub. Mən situasiyanı çox ciddi təhlil edəndən sonra istefa vermək qərarına gəlmişdim. Bu məqsədlə rayon fəallarını mədəniyyət evinə topladıq və mən ölkədə baş verən hadisələrin hansı istiqamətə doğru getdiyini və baş verə biləcək hadisələr üçün məsuliyyət daşımaq istəmədiyimi, buna görə də istefa verdiyimi bildirdim. Tədbirdə Əli Kərimov iştirak edirdi, dövlət müşaviri Arif Hacılı da gəlməli idi, lakin o gəlib çıxmadı. Məndən istefa bəyanatımı oxumamağımı xahiş etdilər. Buna baxmayaraq, ora yığışan 500-ə qədər fəal qarşısında bəyanatı oxuyub istefa verdim. Bundan sonra Əli Kərimov dedi ki, Azərbaycan prezidenti Elçibəy bu istefanı qəbul etmir və qəbul etməməsinin də ciddi səbəbləri var. Ona görə də gözləmək lazımdır.

- Siz konkret hansı məsələyə görə istefa vermək qərarına gəlmişdiniz?

- Açıq deyəcəyəm, mən bir sıra məsələlərlə razı deyildim. Hesab edirdim ki, ölkənin bütün ərazisində hərbi vəziyyət elan olunmalıdır, hər şey cəbhədə qalib gəlməyə hesablanmalıdır, siyasi partiyalar və mətbuat hərbi vəziyyətə uyğun fəaliyyət göstərməlidirlər, arxa cəbhə möhkəmləndirilməlidir, bütün fəaliyyət ön cəbhənin möhkəmlənməsinə yönəldilməlidir. İkincisi, ölkənin idarə olunmasında müəyyən fikir ayrılıqlarına və digər problemlərə son qoyulmalıdır, nəhayət, ən ciddi məsələlərdən biri də mərkəzi hakimiyyətdə təmsil olunan bəzi yüksək vəzifəli şəxslərin ölkənin siyasi taleyinə müəyyən qədər biganə yanaşmaları idi.

- Onlar kimlər idi? Bəlkə konkret danışaq, həmin şəxslərin adlarını çəkəsiziniz?

- Biz o vaxt burada əməliyyat keçirəndən sonra dövlət katibi olan Pənah Hüseyn belə bir məsələ irəli sürmüşdü. O deyirdi ki, əməliyyatdan sonra baş verə biləcək bütün hadisələrin məsuliyyəti bizim üzərimizə düşəcək. Mən onun mövqeyini yanlış hesab edirdim.

- Belə demək mümkündürsə, sizin şimal bölgəsindəki separatçılara qarşı apardığınız əməliyyatlarla bağlı məsuliyyəti mərkəzi hakimiyyət bölüşmək istəmirdi...

- Bəli, mərkəzi hakimiyyətin mövqeyi belə də görünürdü. Etiraf edirəm ki, biz əməliyyatları müstəqil həyata keçirirdik. Çünki bölgədəki situasiyanın hansı istiqamətə yönəldiyini və “Sadval”ın törədə biləcəyi təxribatların Azərbaycan dövləti üçün necə fəsadlarla nəticələnə biləcəyini daha ciddi hiss edirdik. Amma onu da qeyd edim ki, hər bir əməliyyatla bağlı prezident Elçibəy məlumatlandırılırdı. Əslində bayaq qeyd etdim, prezidentlə görüşümüzdə mənə verilən ən başlıca tapşırıqlardan biri bu məsələlərin qarşısının alınması ilə bağlı idi.

- Bəs, daxili işlər naziri kimi İsgəndər Həmidov bu məsələdə hansı mövqedə idi?

- Bizim Xaçmaz polisi ilə bağlı heç bir problemimiz olmayıb, hər bir məsələdə dəstək verirdilər. Lakin həmin hadisələrin qarşısının alınmasına müəyyən qədər maneçilik törədilirdi, mərhum Rövşən Cavadovla aramızda fikir ayrılığı vardı.

- Rövşən Cavadovla aranızda nə kimi qarşıdurma olub?

- Məsələn, bizim keçirdiyimiz əməliyyatlardan sonra Eldar İlyasovun polis rəisi vəzifəsindən azad olunmasını istəyirdilər. Mən İsgəndər Həmidovla telefon vasitəsilə əlaqə qurandan sonra onun vəzifəsində qalmasına nail olduq. Onunla danışandan sonra Eldar İlyasovun polis məmuru kimi dövlətçiliyin qurulmasındakı önəmli fəaliyyəti nəzərə alındı. İsgəndər Həmidovun hətta onun vəzifəsindən azad olunması ilə bağlı qərarı da ləğv olundu.

- Sizin hakimiyyət zamanı prezident Elçibəyin milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı fərmanı da olub. bu fərman hesabına şimal bölgəsində milli azlıqların problemlərinin həlli ilə bağlı hansı işlər görüldü?

- Həmin fərmanın “Sadval”ın şimal regionundakı planlarının baş tutmamasında çox böyük rolu oldu. Fərman imzalanandan sonra “Samur” Ləzgi Mədəniyyət Mərkəzinə və “Tat” Mədəniyyət Mərkəzinə, digər milli azlıqların cəmiyyətləri ilə birgə ciddi fəaliyyətə başladıq. Onların hesablarına hətta müəyyən miqdarda vəsait də köçürüldü. Milli azlıqların yerlərdəki təşkilatları ilə iş üçün plan o vaxt millətlərarası münasibətlər üzrə dövlət müşaviri olan Hidayət Orucov tərəfindən hazırlanırdı. O, tez-tez şimal bölgəsinə səfərlər edirdi. Bütün bunların sayəsində “Sadval” Azərbaycanın şimalında yaşayan ləzgilərin dəstəyini ala bilmədi.

- Qayıdaq 1993-cü ilin məlum iyun hadisələrinə. Sizin icra başçısı vəzifəsindən getməyiniz nə zaman və necə baş verdi?

- Hakimiyyət dəyişikliyindən sonra vəzifəmdə bir müddət qaldım. Doğrudur, bəzi millətçi qüvvələr, sadvalçılar mərkəzi hakimiyyətə məktublar yazıb mənim getməyim məsələsini istəyirdilər. Hətta bunun üçün mitinqlər də keçirirdilər. Mövqeyimiz birmənalı idi: Surət Hüseynov və onun əlaltıları olan silahlı dəstələrini rayona buraxmamaq. Həmin vaxt rayonda müşavirə keçirib dedim ki, hakimiyyətə kim gələrsə, mən gedərəmsə, qayda-qanunla təhvil-təslim prosesi olacaq. Lakin icra hakimiyyətinin, digər dövlət binalarının zəbt olunması, hakimiyyəti hansısa bir bandanın ələ keçirməsinə qətiyyən imkan verməyəcəyəm. Elə də oldu. Gəncə qiyamından sonra bir sıra dəstələr Xaçmaza daxil olmağa cəhd etdilər, biz onların qarşısını aldıq. Regionda qarşıdurmanın yaranmasına imkan vermədik. Çünki o dövrdə şimal regionunda qarşıdurmanın yaranması çox böyük fəlakətlərə səbəb ola bilərdi. Mən hesab edirdim ki, yaranmış böhranlı şəraitdə hakimiyyəti hanısa yaraqlıya, yaxud separatçı qüvvələrə təhvil vermək Azərbaycan dövlətçiliyinin mənafeyinə daha böyük zərbələr vura bilərdi. Sonradan dövlət müşaviri Hidayət Orucov Xaçmaza gəlib yerimə başqa adamın təyin olunduğunu bildirdi. Rafiq Niftəliyev təyin olunandan sonra vəzifədən getdim.

- Vəzifədən gedəndən sonra sadvalçılar tərəfindən hansısa təzyiqlə, təqiblə üzləşdinizmi?

- Müəyyən təzyiqlər olurdu. Hətta bir neçə il qapalı şəkildə yaşamalı oldum. Amma bununla belə, ”Sadval”ın Azərbaycana qarşı hər hansı bəyanatını, hər hansı hərəkətini heç vaxt cavabsız qoymadım.

Azər Hüseynbala

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi