Modern.az

“Azərbaycanda avtoritar müxalifət liderləri var” - MÜSAHİBƏ

“Azərbaycanda avtoritar müxalifət liderləri var” - MÜSAHİBƏ

Müsahibə

17 İyul 2014, 10:48

“Tələsik hansısa qurum yaradıb, sonra onu dağıtmaq, müxalifəti xalqın gözündən salmaq adətindən əl çəkmək lazımdır”


Bu günlərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasının 22 ili tamam olub. Azərbaycan müstəqillik qazanandan sonra yaranan AMİP həmişə siyasi arenada öz yeri və özəl mövqeyi ilə seçilib. Yusif Bağırzadənin bu partiyaya sədr seçilməsindən sonra isə AMİP-in siyasi proseslərdəki iştirakında yeni bir dönəm başlayıb. AMİP sədri ilə söhbətdə partiyanın bundan sonra qarşısında duran əsas vəzifələr, bir sıra sahələrlə bağlı mövcud problemlərin həlli ilə bağlı milli-istiqlalçıların təklifləri və digər vacib məsələlərə toxunulub.

- Bu il üçün ən vacib siyasi hadisə bələdiyyə seçkiləridir. AMİP-in bu seçkilərdə iştirak etmək üçün ilkin qərarı varmı?

- AMİP 2008 və 2013-cü il prezident seçkilərini çıxmaq şərtilə demək olar bütün seçkilərdə öz namizədi ilə iştirak edib. Bu seçkilərdə iştirak etməməyimizin də obyektiv və subyektiv səbəbləri olub. Obyektiv səbəb o idi ki, hakim partiya kifayət qədər güclü namizədlə seçkidə iştirak edirdi, müxalifət isə geniş birlik yarada bilməmişdi. Bu birlik yaranmadığına görə prezident seçkilərində iştiraka ehtiyac görmədik. Bələdiyyə seçkilərinə gəldikdə, AMİP bu seçkidə iştirak edəcək, bizim daimi fəaliyyət göstərən seçki qərargahımız var, artıq hazırlıq işləri gedir. Biz düşünürük ki, bələdiyyə seçkiləri hətta prezident və parlament seçkilərindən daha vacibdir. Bələdiyyə seçkiləri həm də ölkənin bütün ərazisini əhatə edir. Ona görə bu seçkilərdə iştirak etməyə israrlıyıq. AMİP həmişə bələdiyyə seçkilərində yer də götürüb. Gələcəkdə icra hakimiyyətlərinin müəyyən səlahiyyətlərinin bələdiyyələrə verilməsi bu seçkilərdə iştirakımız üçün daha ciddi əsas verir.

- Siz partiya rəhbəri olmaqdan əlavə həm də hüquqşünazsınız. Bələdiyyələrin icra strukturlarından asılı bir quruma çevrildiyini iddia edənlər, əslində bu seçkilərdə iştiraka o qədər də önəm vermirlər. AMİP bələdiyyələrin daha müstəqil və daha işlək bir quruma çevrilməsi üçün hansı təklifləri var?

- Konstitusiyadakı müvafiq maddələrdə göstərilir ki, gələcəkdə icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilə bilər. Əfsuslar olsun ki, bu gün bələdiyyələr sanki icra strukturlarının bir şöbəsinə çevrilib. Bu danılmaz faktdır. Bunun da səbəbi var. Bələdiyyələr yaradılan vaxt formalaşması düzgün aparılmadı. Bələdiyyələr elə bildilər ki, yalnız torpaq satmaqla məşğul olmalıdırlar. Nəticədə vətəndaşların əsas sosial problemlərinin həlli ilə məşğul olmadılar. Ona görə total surətdə bələdiyyələrdə qanunvericiliyin pozulması ilə müşayiət olunan, hətta cinayət xarakterli əməllər də baş verdi. Nəticədə hakimiyyət bələdiyyələrə əlavə səlahiyyətlər verilməsindən çəkindi, beləliklə proses də dayandırıldı.

- Bu proses həm də ikihakimiyyətliliyin yaranması ilə nəticələnə bilərdi...

- Bəli. Ancaq mənim əldə etdiyim məlumata görə, növbəti seçkilərdən sonra bələdiyyələrin səlahiyyətləri artacaq. Ən azı mənzil-istismar sahələrinin ləğv olunacağı və səlahiyyətlərinin bələdiyyələrə veriləcəyi istisna olunmur.

- Bu günlərdə bələdiyyələrlə bağlı keçirilən iclasda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də çıxışında deyib ki, bələdiyyələrlə bağlı problemlər 2015-ci ilə kimi həll olunacaq...

- Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev bələdiyyələrin statusunun artırılması ilə bağlı tezisləri çox vaxtında bəyan etdi. Bildiyiniz kimi, hakimiyyətdə nüfuzlu bir şəxs kimi Ramiz Mehdiyevin söylədikləri kifayət qədər ciddi qəbul olunur, ən əsası cənab Mehdiyev əbəs yerə hansısa məsələdən danışmır. Administrasiya rəhbərinin bu ciddi tezislərindən sonra bələdiyyə seçkilərində iştirakımız daha çox əhəmiyyət kəsb edir. Əslində mənzil-istismar sahələrinin səlahiyyətləri çoxdan bələdiyyələrə verilməli idi. İndi nə baş verir? Eyni işi həm bələdiyyələr, həm də MİS-lər görürlər. MİS-lər vətəndaşla ən çox təmasda olan bir qurumdur. Təbii ki, orada da rüşvət, korrupsiya mövcuddur, ikihakimiyyətlilik var. Bəzi problemlərin həllini bələdiyyələr MİS-lərin, ikinci isə bələdiyyələrin üstünə yıxır, bəzən hər iki qurum rüsum yığır. Ona görə də vətəndaşlarda inciklik yaranır. Bizim fikrimizcə, Bakıda, Gəncədə və digər iri şəhərlərdə mütləq böyük şəhər bələdiyyələri yaradılmalıdır.

- Ramiz Mehdiyevin çıxışındakı tezislərə əsaslanaraq demək olarmı ki, builki bələdiyyə seçkilərinə maraq kifayət qədər artacaq, cəmiyyətdə seçki ərəfəsi ciddi siyasi fəallıq müşahidə olunacaq?

- Bəli, çünki bələdiyyələr vətəndaşlarla daha çox təmasda olan  və sanki parlament seçkilərinə hazırlığın alt bazasıdır. Bildiyiniz kimi, prezident seçkiləri ərəfəsi AMİP-in də təmsil olunduğu Məşvərət Məclisində (sonradan bu qurumun adı  Demokratik Qüvvələrin Birliyi oldu) mən belə bir bəyanat vermişdim ki, biz gələcəkdə keçiriləcək bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq. Hətta məni ittiham edirdilər ki, qarşıda prezident seçkiləri gəlir, sən isə başqa seçkilərdən danışırsan. Mən görürdüm ki, geniş birlik yarada bilməyən müxalifət prezident seçkilərində fiaskoya uğrayacaq. Əslində hakimiyyət seçkiyə kifayət qədər güclü gedirdi. Belə vəziyyətdə müxalifət seçkiyə geniş birlik yaratmadan getməməli idi. Bunu nəzərə alaraq AMİP həmin seçkidə iştirak etməkdən vaz keçdi. Hesab edirəm ki, qərarımız düzgün idi. Seçkiyə seçki xətrinə getmək düzgün taktika deyil.

- Müxalifətdən söz düşmüşkən, siz AMİP-ə sədr seçiləndən sonra müxalifətin aparıcı qüvvələrinin bir araya gəlməsi istiqamətində xeyli cəhdlər etdiniz. Bu məqsədlə hətta ayrı-ayrı liderlərlə təkbətək görüşləriniz də olmuşdu. Müxalifətin prezident seçkilərindəki uğursuzluğunu qeyd etdiniz, sizcə, nədən bütün cəhdlərə baxmayaraq, müxalifətin geniş tərkibdə birliyinə nail olmaq niyyətləri, cəhdləri baş tutmur?

- Müxalifətin geniş birliyinə nail olunmamasının ən başlıca səbəbi məqsədlərin, amalların tamamilə fərqli olmasındadır. Müxalifətin bir hissəsi fikirləşir ki, aranı qarışdırmaqla, situasiyanı gərginləşdirməklə nəyəsə nail olmaq, hakimiyyətə gəlmək mümkündür. Bu, artıq keçilmiş və özünü tamamilə doğrultmayan vasitədir. Hakimiyyətin güclü olduğu vaxt belə oyunlara getmək də düzgün deyil. İkincisi, bildiyiniz kimi, 2010-cu ildə AMİP-ə sədr seçiləndə birləşməklə bağlı bəyanatlar verdim. Siyasi partiyalar birləşməli və qərarlar konsensus yolu ilə qəbul olunmalıdır. Bundan əlavə, birləşəndə konkret sənəd hazırlanmalıdır, hara və nəyə görə getdiyimizi bilməliyik. Azərbaycan geopolitik cəhətdən çətin bir regionda yerləşdiyindən, Dağlıq Qarabağ kimi problemimiz olduğuna görə biz beynəlxalq prioriteti elan etməliyik. Mən üç-dörd prinsip irəli sürüb bunun ətrafında birləşməyi təklif etdim. Bu zaman partiyaların böyüklüyü-kiçikliyi məsələsinin də gündəmə gətirilməməsini istəyirdim. Əfsus ki, buna bütün partiyalar razılaşmadılar. Bəzi AMİP də daxil olmaqla bir neçə siyasi partiyalar buna razılıq versələr də, siyasi müxalifət düşərgəsində ümumi razılığa nail olunmadı. Tələsik hansısa qurum yaradıb, sonra onu dağıtmaq, müxalifəti xalqın gözündən salmaq adətindən əl çəkmək lazımdır. Hakimiyyətə gəlmək müxalifət üçün şərt olmamalıdır. Əsas şərt cəmiyyətdəki, hakimiyyətdəki çatışmazlıqları ortaya çıxarıb müzakirələr aparmaqdır. Bu problemlərin həlli üçün hakimiyyət təmsilçilərini də dəvət etmək və onlarla birgə müzakirə aparmaq mümkündür.



- Sizin dörd il bundan öncə müzakirəyə çıxardığınız məsələlər müxalifətin bu gün də ciddi problemi olaraq qalmaqdadır. Sizcə, niyə situasiyanı, yanaşmanı dəyişmək mümkün olmur?

- Çünki müxalifətin özündə avtoritarlıq mövcuddur. İstənilən vəzifədə, eyni zamanda partiya rəhbəri kimi qalmaq avtoritarlıqdan başqa bir şey deyil.  Müxalifət hər zaman islahatlar aparılmasının zəruri olduğunu iddia edir. Ancaq müxalifət islahatlara öncə öz daxilində başlamalıdır. AMİP nizamnaməyə uyğun olaraq hər zaman partiya rəhbərliyində dəyişikliyə gedir. Bizdə 3 ildən bir seçkidir və iki müddətə partiya sədri vəzifəsində qala bilərsən. Azərbaycanda isə avtoritar müxalifət liderləri var. Onların ambisiyalarının ucbatından bu gün müxalifət birləşə bilmir. Biz Demokratik Qüvvələrin Birliyi adlı bir qurumda təmsil olunuruq. Mən dəfələrlə demişəm ki, bu, seçki blokuna çevrilə bilər. Ancaq belə fikirləşirik ki, artıq zaman bizi qabaqlayıb, bu birliklə seçkiyə getmək mümkün olmayacaq. Eyni zamanda, onu da nəzərə alırıq ki, bələdiyyə seçkiləri lokal seçkilərdir. Bu seçkilərə blok formasında getmək bir qədər çətinlik yarada bilərdi. Ancaq bu birliyin gələcək fəaliyyətinə də maraqlıyıq.  Yeri gəlmişkən, qeyd edim ki, birlikdə təmsil olunan partiyalar bələdiyyə seçkilərində daha şanslı namizədi dəstəkləməkdə israrlı olacaqlar. Hətta yaxınlarda keçirilən iclasda parlament seçkilərinə birgə getmək haqda ilkin razılaşma əldə olunub.

- Siyasi partiya seçkidən seçkiyə fəallaşmaqdan, hakimiyyət uğrunda mübarizə aparmaqdan başqa həm də müxalifətdə olsa belə ölkədə müəyyən sahə ilə bağlı problemləri qabartmaq, təkliflər irəli sürmək institutu olmalıdır. AMİP-in bugünkü hakimiyyətə konkret hansısa problemlərin həlli ilə bağlı təklifləri varmı?

- Azərbaycanda bir çox sahələrdə islahatların aparılmasına ehtiyac var. SSRİ kimi imperiyanın tərkibindən ayrılıb 23 illik müstəqilliyi olan dövlətdə islahatların davamlı aparılması isə çox vacibdir. Dövlətin özünün prioritet hesab etdiyi inkişaf istiqamətləri var. Biz də həmişə hesab etmişik ki, prioritet hesab olunan sahələrlə bağlı islahatlar kampaniya xarakteri daşımamalı, davamlı aparılmalıdır. Bu gün tələbə gənclərin üzləşdiyi bəzi problemlərin həlli olduqca vacibdir. Azərbaycanda  məlum olduğu kimi yaşlı nəsillə müqayisədə gənclər seçkilər zamanı daha fəal olur. İnnovasiyanı da gənclər yaşlı nəsildən daha yaxşı götürürlər. Ona görə bizim gənclərimiz digər millətlərdən fərqli olaraq daha savadlı olmalıdır. Fikrimizcə, təhsil sahəsində islahatların aparılması çox vacibdir. Yeni təhsil naziri bu islahatlara meylli olduğunu nümayiş etdirir, inanıram ki, cəhdləri uğurlu olacaq. Hər il xaricdə təhsil almaq üçün ayrıca vəsait ayrılır. Keçən il həmin vəsaitin cəmisi 40 faizindən istifadə olunub. Məncə, bu il həmin vəsaitin hamısı xərclənməlidir. Çünki bizim həm dostlarımız, həm də düşmənlərimiz görməlidir ki, Azərbaycan dövləti gənc nəslin yüksək təhsil almasında kifayət qədər maraqlıdır. Bunu nəzərə alaraq xaricdə təhsilə üstünlük verilməlidir. Bizim yüksək ixtisaslı mütəxəssislərə ehtiyacımız var. Bizim hətta tibb sistemində də kifayət qədər yüksək bilikli həkimlərə ehtiyacımız var. Nəyə görə bizim vətəndaşlarımız gedib xaricdə müalicə olunmalıdır? Mənə elə gəlir ki, dövlətimizin gənclərimizin xaricdə təhsil alması üçün kifayət qədər imkanı var. Biz bu imkandan maksimum yararlanmalıyıq. Etiraf edək ki, təhsil sistemimiz hələ ki zəifdir. Əlbəttə, istərdim təhsil sistemimiz 3-5 ildən sonra elə səviyyəyə çatsın ki, xaricdə təhsilə ehtiyac yaranmasın. Lakin bugünkü reallığı nəzərə almaq lazımıdır. Məsələn, özəl orta məktəblərdə təhsil haqqı çox yüksəkdir. Bəzi məktəblərdə bu rəqəm 10-12 min manatdır. Məncə, təhsil naziri bu məsələyə ciddi diqqət yetirməlidir. Bundan əlavə, tələbə kreditləri ayrılmalıdır. Neçə ildir bu məsələ gündəmdədir, lakin indiyədək bu kreditlərlə bağlı müvafiq qanun qəbul olunmur. Digər zəruri hesab etdiyim məsələ tələbə ombudsmanının yaradılmasıdır. Məncə, tələbə ombudsmanı zaman-zaman problemləri də gündəmə gətirməkdə faydalı olacaq.  Ən vacib məsələlərdən biri də Azərbaycanda hansı ixtisasa daha çox ehtiyac olduğunu müəyyənləşdirməkdir. Azərbaycan artıq dövlət olaraq xaricə sərmayə qoyur. Deməli, bu sərmayənin idarə olunmasına da ehtiyac var. Biznesin idarə edilməsi ilə əlaqədar bizim beynəlxalq təcrübəyə malik kadrlara ehtiyacımız var. Biz dünyada ən çox artım olan millətlər siyahısındayıq. Ona görə ailədə yeni doğulan uşaqla bağlı dövlətin təminatı olmalıdır. Məsələn, Türkmənistanda uşaqlar 8 yaşına qədər dövlətin hesabına təmin olunurlar. Məncə, bizim də buna bənzər təminat tətbiq etmək imkanımız var. Bizim biznes ombudsmanımıza da ehtiyac var. Əgər bu institut yaradılarsa orta sahibkarlıq, eləcə də biznes sahəsindəki digər problemlərin həllində mühüm rol oynaya bilər. Yeri gəlmişkən, bir müddət əvvəl Vergilər Nazirliyi ölkədə iqtisadi amnistiyanın elan ediləcəyini bəyan etmişdi. Ancaq indiyədək bu addım atılmayıb, yubanmasının səbəbi başa düşülən deyil. Bu günlərdə prezident İlham Əliyev 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilən müşavirədə bankların verdiyi kreditlərin faizlərinin çox yüksək olduğunu vurğuladı. Zənnimcə, cənab prezident çox vacib bir problemə toxunub, kredit faizləri elə həddədir ki, orta sahibkarlıqla məşğul olmaq istəyənlər faktiki heç bir iş görə bilmirlər. Bunu hamı bilir, hamı bu haqda danışır, ancaq hamı da susur. Əhalimizin böyük hissəsinin banklara kredit borcu var. Halbuki kreditlərin faizlərinin aşağı salınması orta sahibkarlığın inkişafına çox böyük təkan olardı.

Azərbaycanın ən ciddi problemlərindən biri də qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Biz həm də aqrar ölkəsiyik, bu sahəyə diqqət artırılarsa, özümüzü bir çox zəruri kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilərik. İndi istifadəsiz torpaqları icra başçıları, ayrı-ayrı məmurlar alıblar, istifadə də olunmur. Bu səbəbdən bəzi rayonlarda heyvan otarmaq üçün ərazi belə yoxdur. Kənd təsərrüfatı ilə bağlı ciddi problemlərimiz var. Bu sahədə də ciddi dönüş yaradılmasına ehtiyac var. Eyni zamanda, hesab edirəm ki, ölkədə korrupsiya ilə bağlı mübarizə kompaniya xarakterli yox , davamlı və barışmaz olmalıdır. Qarabağ məsələsinin həllinə gəldikdə, AMİP bununla bağlı hakimiyyətin bu günə qədər atdığı  addımlarına dəstək verir. Avropa  Parlamentinin tərkibindəki sağ mərkəzçilərin toplandığı  Avropa Xalq Partiyasında (AXP) hakim partiya ilə AMİP müşahidəçi statusuna yaxın statusla iştirak edir. Dövlətçilik, Qarabağ - bir sözlə ölkəmiz uçün strateji məsələlərdə bizim fikirlərimiz, təkliflərimiz  üst-üstə düşür. Məsələn, iki ay öncə İrlandiyaya səfər zamanı mənim geniş bəyanatım oldu, Qarabağ probleminin həllinin vacibliyi ilə bağlı kifayət qədər arqumentlər səsləndirdim.

Yeri gəlmişkən, biz bu ilin mart ayında AXP-nin Dublindəki qurultayında  AXP –nin Avropa Komissiyasının  prezidentliyinə namizədi kimi Jean Claude Junkerin təsdiq olunması iclasında iştirak etdik və onunla görüşümüz də oldu. Ona Aİ ilə əməkdaşlıqda maraqlı olduğumuzu, ondan  gələcəkdə bu istiqamətdə bizə dəstək verməsini xahiş etdik. Qarşılıqlı olaraq o da bunda maraqlı olduğunu bildirmişdi. Artıq iki gün öncə Avropa Parlamentinin yeni tərkiblə keçirilən iclasında  Jean Claude Junker Avropa Komissiyasının prezidenti seçildi. Bununla bağlı mən elə dünən də AMİP adından onu təbrik etdim.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!