Modern.az

Vəzirov: “Bənazir Bhuttonun toyunda iştirak edən yeganə xarici səfir mən oldum” - III HİSSƏ

Vəzirov: “Bənazir Bhuttonun toyunda iştirak edən yeganə xarici səfir mən oldum” - III HİSSƏ

21 İyul 2014, 10:21


Sovet Azərbaycanına rəhbərlik etmiş 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Ə.Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edib. 
Modern.az saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrinin 3-cü və yekun hissəsini ixtisarla təqdim edir.

Pakistana səfir təyinatı...

- Beləliklə, Pakistana səfir təyin olundum. Sovet-Pakistan münasibətləri ilk növbədə beynəlxalq vəziyyətlə bağlı həmişə gərgin olub. Müstəqilliyini elan edəndən bəri Pakistan SSRİ-nin etinasızlığı ilə üzləşmişdi. Bu, ilk bövbədə Pakistanın antisovet hərbi-siyasi ittifaqlarına üzv olması ilə bağlı idi. Sovet qoşunlarının Əfqanıstana yeridilməsi ilə isə bu ölkə ilə münasibətlər düşmənçilik xarakteri aldı.

Katmandudan Moskvaya gəldim və doğma Cənubi Asiya şöbəsində hesabatımı verdim. Valideynlərimi görmək üçün Bakıya döndüm. Evdə olarkən Xarici İşlər Nazirliyindən zəng gəldi ki, Moskvaya təcili dönməliyəm – xarici işlər naziri Andrey Andeyeviç Qromıko ilə təkbətək görüşüm olmalı idi. Dekabrın 26-da görüşümüz baş tutdu. Başqa görüşlərim də oldu.
Heydər Əliyevlə görüş...

- 1984-cü il dekabrın 29-da isə Heydər Əliyevlə görüşdüm. “Sənə edilən təklif göstərilən böyük etimaddan xəbər verir. Biz bu ölkə ilə münasibətləri pisləşdirməkdə maraqlı deyilik. Əksinə,  münasibətlərin yaxşılaşmasına çalışmalıyıq. Sən partiya məktəbini keçən bir müsəlman və regionda amerikalı və çinlilərin fəaliyyətindən xəbərdar olan diplomat kimi işinin öhdəsindən gələcəksən. Və sənin yeni təyinatın həm özün üçün, həm də işin üçün faydalıdır” – Heydər Əliyev o görüşdə mənə dedi. 

Xarici səfirlərin qısqanclığı...

- Və nəhayət Pakistana uçuş günü gəlib çatdı. 1985-ci il iyulun 13-ü səhəri mən həyat yoldaşım İrina Konstantinovna və nəvəmlə birlikdə Kəraçi şəhərinə gəldik. İyulun 17-də artıq mən Pakistan prezidenti Ziya Ül Həqqə öz etimadnaməmi təqdim etmək üçün prezident sarayına getdim. Əfqanıstan məsələsi Pakistandakı fəlaiyyətimdə qırmızı xətt idi.
Təkcə 1988-ci ilin fevral-aprel aylarında mənim Pakistan prezidenti ilə 30 görüşüm olub. Ziya Ül Həqq deyirdi ki, Çin və Amerika səfirləri Sovet səfirliyində 3 dəfə nahar edən prezidentin öz əsas müttəfiqlərinin səfirliyində bir dəfə olsun nahar etməməsindən narahatçılıqlarını ifadə edirdilər.

Mən Pakistanı tərk etdikdən 3 ay sonra Ziya Ül Həqqin də göyərtəsində olduğu hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı. Prezidentlə yanaşı, Amerikanın Pakistandakı səfiri Arnold Raphel və daha 36 nəfər həlak oldu.

Bənazir Bhuttonun toyuna dəvət...

- Pakistan tarixində əsas yerlərdən birini keçmiş baş nazir Zülfüqar Əli Bhutto tuturdu. İri mülkədarın oğlu, Oksford və Berkli universitetlərini bitirən möhtəşəm orator. Qızları Bənazir və Sənam, oğulları Şah Navaz və Murtaza da yüksək təhsil vermişdi.

Tezliklə, mən Bənazir Bhuttonun toyuna dəvətnamə aldım. Toy 1987-ci il dekabrın 18-də Kəraçidə keçirilirdi. Çox dəbdəbəli və qeyri-adi toy idi. Qəzetlər mənim toyda iştirak edən yeganə xarici ölkə səfiri olduğunu qeyd etməyi unutmadılar.

1988-ci il dekabrın 2-də Bhutto Pakistanın baş naziri oldu.

Bakıya dönüş və...

- Tezliklə mənim Pakistandakı səfirlik fəaliyyətim də başa çatdı. Artıq Cenevrə müqaviləsi imzalanmışdı. Əfqanıstandan Sovet qoşunlarının çıxarılması razılaşdırılmışdı. Belə bir şəraitdə mən 21 may 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi təyin olundum. Gözlənilmədən diplomatik fəaliyyətim burulğanlı Bakıda partiya işi ilə əvəzləndi.

Ömrü noyu kompromissiz beynəlmiləlçi olan mən yeni vəzifəmdə millətçilyin baş alıb getməsi ilə qarşılaşdım. Buna baxmayaraq,1989-cu ilin martından biz Novruz bayramını rəsmi səviyyədə qeyd etməyə başladıq.
Azərbaycana gəldiyim ilk gündən Qarabağ məsələsini həll etməyə çalışırdım. Lakin konstitusion yollarla həll edilə biləcək məsələ millətçi və təxribatçıların səyi nəticəsində millətlərarası qarşıdurmaya çevrildi...

Vüqar İsmayılov
***

Əbdürrəhman Vəzirov: “Heydər Əliyev məni təriflədi” - II HİSSƏ
//modern.az/articles/60809/1/

Əbdürrəhman Vəzirov: “Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı” - I HİSSƏ
//modern.az/articles/60664/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir