Modern.az

"Televiziyaya rəhbərlik edən tənqidə hazır olmalıdır" - MÜSAHİBƏ

"Televiziyaya rəhbərlik edən tənqidə hazır olmalıdır" - MÜSAHİBƏ

4 Avqust 2014, 09:50

Modern.az İctimai Televiziyanın Baş direktoru Cəmil Quliyev ilə müsahibəni təqdim edir:  

 -Cəmil müəllim, İctimai Televiziyaya Baş direktor seçildikdən sonra, istər televiziyanın götürdüyü istiqamət, istərsə də özünüzün həyata keçirdiyiniz bir sıra islahatlar müşahidəçilər tərəfindən birmənalı qarşılanmadı. Daha çox tənqidlə üzləşdiniz. Bunu nə ilə bağlayırsınız?  

-Bilirsiniz, hər hansı yeni rəhbər təyin olunmuş şəxs istər-istəməz tənqidə məruz qala bilər, onun həyata keçirdiyi tədbirlər, verdiyi qərarlar hamını razı sala bilməz. Çünki fikir fərqliliyi var. Televiziyaya rəhbərlik edən insan hər zaman tənqidə hazır olmalıdır və əgər tənqid haqlıdırsa, ümumi işin xeyrinə hesablanırsa, ondan nəticə çıxarılmalıdır.  

- Sizin rəhbərlik dövrünüzün İsmayıl Ömərov dövrü ilə müqayisə olunmasını necə qarşıladınız?  

- Televiziya çox mürəkkəb, çoxşaxəli kütləvi informasiya vasitəsidir, o, zamanın tələblərinə cavab verməyi bacarmalıdır. Zövqlər dəyişir, fikirlər dəyişir, televiziya da yeniləşməlidir. Vaxtilə hazırlanmış maraqlı verilişlər, filmlər qorunmalıdır, yeni verilişlərin hazırlanması dəstəklənməlidir. Qaldı ki, İTV rəhbərliyinin müqayisəsinə, bu, hər bir insanın zövqündən, mövqeyindən, şəxsi münasibətindən qaynaqlanır.  

-Telekanal rəhbəri olaraq tamaşaçıların Azərbaycan telekanallarına marağının azalması fikir ilə razılaşırsınızmı? 

-Mən bu fikirlə razılaşmıram. Çox adamlar deyir ki, “biz öz telekanallarımıza baxmırıq, öz seriallarımızı izləmirik”. Deyirlər, amma hər şeydən də xəbərləri var, hansısa bir telekanalda bir nöqsan görən kimi, hamı o nöqsanı dilə gətirir. Deməli, Azərbaycan telekanallarına baxılır. Mən düşünürəm ki, televiziya məkanında kifayət qədər maraqlı verilişlər və aparıcılar, jurnalistlər var. Bunu danmaq olmaz.


-Cəmil müəllim, bu gün Azərbaycan telekanalları arasındakı rəqabətin səviyyəsini necə qiymətləndirirsiniz?

  - Yaxşı mənada rəqabətin olması təqdirəlayiqdir. Əgər bu rəqabət sağlam şəkildə həyata keçirilərsə, telekanallarımız biri-birindən bəhrələnərək birgə fəaliyyət göstərsə, uğurlarımızda çox olar.  

-İctimai Televiziya yeni mövsümdə öz tamaşaçılarına nələr vəd edir, hansı yeni layihələr gözlənilir?  

-İndi bir çox telekanalda verilişlər tətilə çıxıb. Bizim telekanal öz tamaşaçılarına yay mövsümü olmasına baxmayaraq 2 yeni layihə təqdim etdi.Bunlardan biri"Media və Zaman”dır. Hansı ki, ölkə mətbuatına həsr olunmuş verilişdir. Digəri isə Əməkdar jurnalist Flora Xəlilzadənin “Yadigarlar” layihəsidir. Tamaşaçıların münasibətindən uğurlu layihələr olduğu hiss olunur. Sentyabr ayından etibarən yeni mövsümə start veriləcək. Yaradıcı heyətmiz də axtarışdadır, təbii ki, yeni mövsümdə yeni layihələrin şahidi olacaqsınız.  

Gülşən RAUFQIZI


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir