Modern.az

Ramin Hacılı: “Əhməd Davudoğlu, Kılıçdaroğlu və Dövlət Baxçalı ilə danışıqlara başlamışıq” - MÜSAHİBƏ

Ramin Hacılı: “Əhməd Davudoğlu, Kılıçdaroğlu və Dövlət Baxçalı ilə danışıqlara başlamışıq” - MÜSAHİBƏ

29 Avqust 2014, 15:54

Modern.az saytının müsahibi Ümid Partiyasının beynəlxalq münasibətlər və strateji məsələlər üzrə sədr müavini, Avropa Azərbaycan Hərəkatının prezidenti Ramin Hacılıdır.

- Demokratik İslahatlar Partiyasından Ümid Partiyasına gəldiniz. Ümid Partiyasında sizi nə cəlb etdi ki, bir müddətlik müstəqil fəaliyyətdən sonra orda təmsil olunmaq qərarını verdiniz?

- Azərbaycan vətəndaşları və media quruluşları ilə münasibətlərdə, müzakirələrdə həmişə səmimi olmuşam. Açıq şəkildə demək istəyirəm ki, Demokratik İslahatlar Partiyasındakı yeddi illik fəaliyyətim zamanı çox böyük uğurlar qazandıq. Buna səbəb partiyanın sədri Asim Mollazadə ilə bizim aramızda olan yaxşı və doğma münasibətlər olub. Lakin sonradan baş verən bəzi proseslər onu göstərdi ki, həm ictimai həm də siyasi fəaliyyətlə məşğul olmaq çətindir. Belə qərara gəldim ki, müstəqil fəaliyyət göstərim. Bu baxımdan Avropa Azərbaycan Hərəkatında ictimai fəaliyyətlə özümü ifadə etməyə çalışdım. Biz bunu Asim Mollazadə ilə müzakirə də etdik. O, qərarıma hörmətlə yanaşdı. Mən on ay müstəqil fəaliyyət göstərdim. Lakin hər hansı siyasi institutsuz siyasi fəaliyyət göstərmək mümkünsüz idi. Çünki mən siyasi mövqeyimi nümayiş etdirməyə çox həvəsliyəm. Ölkə həyatında öz bilik və bacarıqlarımı tətbiq etmək istəyirəm. Bu istiqamətdə dövlətimə, xalqıma daha çox fayda verə biləcəyimi düşünürəm. Ona görə də hər hansı bir siyasi partiya seçmək qərarına gəldim. Təbii ki, bundan sonra Demokratik İslahatlar Partiyasına qayıtmaq çox absurd olardı. Həmişə Azərbaycanda yeniliklərə can atan, orta xətlə barış mövqeyi nümayiş etdirib dəyişikliklərə islahatlar yolu ilə nail olmaq istəyən Ümid Partiyasını seçmək qərarını verdim. Partiyanın sədri İqbal Ağazadə ilə bu istiqamətdə müzakirələrimiz oldu. Onun mənə göstərdiyi münasibət çox müsbət oldu. Bu, məni qane elədi.

- Partiyaya hansı yeniliklər gətirmisiniz və bundan sonra hansı addımlar atacaqsınız?

- Ümid Partiyasına gəldiyim iki ay ərzində bir çox plan hazırlamışıq. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, demokratik dəyərləri, vətəndaş cəmiyyətini, siyasi partiyaların inkişafını dəstəkləyən səfirliklərlə əlaqələri sıxlaşdırmaq və gücləndirməyi planlaşdırırıq. Bu istiqamətdə görüşlər planını tərtib etmişik. Ümid Partiyası ilə xarici ölkələrdə fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığı genişləndirəcəyik.

- Konkret olaraq adlar deyə bilərsinizmi?

- Əsasən Qərb ölkələrindəki partiyalarla ikitərəfli əlaqələri gücləndirəcəyik. Bu istiqamətdə ABŞ konqresmenləri və senatorları ilə danışıqlar gedir. Avropa Xalq Partiyası və digər Avropa dövlətləri partiyaları ilə ikitərəfli sazişlər imzalanması üçün işlər aparırıq. O cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası, CHP və MHP ilə əlaqələrimizin gücləndirilməsi və bundan sonrakı birgə fəaliyyətlərlə bağlı müzakirələrə başlamışıq. Çoxtərəfli və ikitərəfli əməkdaşlıqlar istiqamətində hazırladığımız təkliflər sentyabr ayında reallaşa bilər.

- Ümid Partiyası ideologiyasız bir siyasi qurumdur. Siz isə siyasi sistemlər və ideologiyalar nəzəriyyəsi üzrə mütəxəssis hesab olunursunuz. Ümid Partiyasına hansı ideoloji çalarlar qatmaq istəyirsiniz? 

- Ümidin ideologiyasız olmasını demək klassik yanaşmadır. Qərbdə bu klassik ideologiyalardan imtina edirlər. Liberalizmin beşiyi sayılan ABŞ-da liberal dəyərləri müdafiə edən Demokrat Partiyası hakimiyyətdədir. Barak Obamanın irəli sürdüyü tezislər daha çox sosial səpkidədir. Bu anlamda ABŞ-da və Avropada klassik ideologiyanın mövcudluğu yoxdur. Artıq Avropa dövlətlərində olan bütün ideologiyalar bir idarəçilik prinsipini, yəni demokratiyanı, demokratik dəyişikləri əsas seçərək ideoloji bazasında modern prinsiplərə üstünlük verir. Ümid Partiyası çalışır ki, Avropanın qazandığı o dəyərləri, qısa bir zamanda Azərbaycana daşısın. Bu istiqamətdə cəhdlər öz bəhrəsini verəcək. Bizim ideoloji olaraq qorumaq istədiyimiz ənənələr var. Bura dövlətçilik, insanlar arasındakı qarşılıqlı hörmət ənənələri daxildir. Biz müasir anlamda bütün dəyərləri, ideologiyaları bəşəriyyətin çatmış olduğu ən böyük dəyərlər əsasında tətbiq etməyin tərəfdarıyıq. Klassik ideologiyalarda ilişib qalmış insanlar bunu anlamaqda çətinlik çəkir. Ona görə də bu istiqamətdə maarifləndirici tədbirlər və seminarlar həyata keçirməyi planlaşdırırıq.

- Bəzən sizin və Ümid Partiyası sədrinin hakimiyyətlə isti münasibətlərinizin olması haqqında ittihamlar səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?

- Mən peşəkarlığın tərəfdarıyam və siyasətə bir elm kimi yanaşıram. Siyasət mübarizə meydanı deyil. Siyasətə müharibə kimi baxmaq qeyri-peşəkarlıq və savadsızlıqdır. Hər bir partiyanın məqsədi hakimiyyətə gəlməkdir. Ancaq partiya mövcud hakimiyyətlə müharibə etməməlidir. Partiyalar insanların üzərinə qartal kimi şığıyıb, sərçə kimi insanların başında oturmamalıdır. Siyasi partiyalar insanların qəlbini, dəstəyini almaq və vətəndaşların güvəni ilə hakimiyyəti formalaşdırıb vətənə xidmət etmək missiyasını daşımalıdır. Çox təəssüf edirəm ki, Azərbaycanda klassik müxalifət və onun təbliğatının qurbanına çevrilmiş insanlar üçün siyasət xalq hərəkatının psixologiyasından kənara çıxa bilmir. Xalq hərəkatı siyasət deyildi, bir xalqın mövcud rejimdən xilas olub azad yaşamaq arzusu idi. Lideri və prinsipləri məlum bu xalq hərəkatı sayəsində Azərbaycan müstəqilliyini qazandı. Xalq həmin hərəkatdan çıxan insanlara hörmət etməyə başladı və onlar ölkəni idarə etməyə başladılar. Yalnız Əbülfəz Elçibəyin fərdi dəyərləri hesabına 1992-1993-cü illərdə Azərbaycanda renesans oldu. Bu istisna olmaqla idarəçilik baxımından dövlətçilik ənənələri olmadı. Daha sonra Heydər Əliyev  məhz peşəkar siyasət və idarəçilik üzərində hakimiyyətə gəldi. Xalq da ona etibar etdi. İndi də onun siyasətinə etibar etməkdə davam edir. Bütün cəmiyyətlər onu yaxşı idarə edə biləcək rəhbəri sevir. Toplum heç vaxt onun qayğılarını dilə gətirən, onunla bir ağlayan, onunla bir “Kərbala müsibəti” quran insanları özünə rəhbər seçməz. Azərbaycandakı son prezident seçkisi də onu göstərdi ki, xalq ya siyasi proseslərə biganədir ya da dəyişiklikdən qorxur. Qorxmaqda reallıq axtarmaq olar. Çünki xalq sabitlik istəyir, savaşı isə görmək istəmir. Çünki Azərbaycan müxalifəti  “biz hakimiyyətə gələcəyik, siz gedin həbsxanada kitab oxuyun, bizim gənc nazirlərə ehtiyacımız var” kimi pafos dolu, real əsası olmayan çağırışlar edir. Yalnız emosiyaya qapılmış insanları bu cür aldatmaq olar. Ona görə də bu gün gəncləri aldadıb, onların həbsxanaya düşməsində səbəbkar olanlar cinayətlə məşğuldurlar. Həmin gənclərin isə günahı yoxdur. Biz xalqımıza qarşı bu xəyanəti eləmək istəmirik. Biz müxalifətlə də, hakimiyyətlə də, cəmiyyətin bütün təbəqələri ilə də bərabər məsafəli  əməkdaşlığa can atırıq. Amma bu xəttin üzərinə hakimiyyət və iqtidarın müxalifətdə olan adamları tərəfindən hücumlar olur. Bununla yanaşı, müxalifətdə öz mövqeyini itirməkdən qorxan, kreslosundan iki əli ilə bərk-bərk yapışan insanların da bizə qarşı paxıllığı var. Qeyri-peşəkar, şər-böhtan, insanlığa yaraşmayan formada üzərimizə hücumlar edirlər.

- Dediyiniz peşəkar siyasət kontekstində 2015-ci il parlament seçkisində deputatlığa namizədliyinizi verməyi düşünürsünüzmü?

- Təbii ki. Bu istiqamətdə mən artıq hazırlıqlara başlamışam və müzakirələr aparılır. Yaxın günlərdə hansı dairədən namizəd olacağımla bağlı da açıqlama verməyi düşünürəm.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir