Modern.az

“Parlament seçkiləri ilə bağlı müxalifətin böyük bloku yarana bilməz” - MÜSAHİBƏ

“Parlament seçkiləri ilə bağlı müxalifətin böyük bloku yarana bilməz” - MÜSAHİBƏ

17 Sentyabr 2014, 13:45

Eldar Namazov: “Müsavat böyük buzları əridir, nümunə göstərir”

“El” Hərəkatının sədri, politoloq  Eldar Namazov Müsavatın gözlənilən qurultayı və digər məsələlərlə bağlı Modern.az saytına müsahibə verib.

- Bu ayın 27-də Müsavat Partiyasının qurultayının keçirilməsi gözlənilir. Qurultayöncəsi baş verən prosesləri necə dəyərləndirirsiniz?

- Müsavatın qurultayı ilə bağlı mətbuatda çoxlu yazılar gedir. Qurultayöncəsi rəqabətin olması  tez-tez vurğulanır. Etiraf edək ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Müsavat ilk dəfədir bir tarix yazır. Azərbaycan müstəqillik əldə etdikdən sonra müxalifət partiyalarının ən böyük bəlası bir şəxsiyyətin ətrafında formalaşmaq olub. Konkret olaraq, insanlarda belə fikir formalaşıb ki, bir nəfərdən başqa partiyaya kimsə rəhbərlik edə bilməz. Elə partiyalar var ki, orada sədr postu uğrunda hansısa bir rəqabət getdiyini təsəvvür etmək belə mümkün deyil, hətta qeyri-rəsmi seçki rəqabəti də görünmür. Müsavat o mənada böyük buzları əritməyə başlayıb və nümunə göstərir. Bu, bir prosesdir. Bir çoxları deyir ki, bu Müsavat Partiyasına böyük zərbə vura bilər. Amma Müsavat buna gedir və ilk dəfə açıq rəqabət şəraitində, partiya başqanı postu uğrunda demokratik prinsiplərə uyğun seçki prosesi davam edir. Bu, özü bir tarixdir. Çox istərdim ki, bu proses uğurla başa çatsın. Yeni bir ənənənin formalaşmasına gətirib çıxarsın.

- Müsavatda  qurultay ərəfəsi qarşıdurmaların ola biləcəyi haqda fikirlər də səslənir. Sizcə, bu qurultayın keçirilməsin mane ola bilərmi?

- Bu, seçki prosesində müşahidə edilən elementlərdir. Buna təbii baxmaq lazımdır. Avropada fəaliyyət göstərən demokrtik partiyalar da qurultay keçirəndə kimsə səs çoxluğuna əsasən qalib gəlir. Orda da rəqabət olur, orda da namizədlərin bir-biri ilə intriqaları baş verir. Orda da müxtəlif qruplaşmalar olur, kiminsə kiməsə niyə görə səs verdiyi məsələsi müzakirə olunur, bəzən mübahisəyə çevrilir. Rəqabət olan yerdə bütün bu məsələlərin baş verməsi normaldır. Seçkilərin şəffaf və demokratik keçirilməsi qurultayın nəticələrinin də hamı tərəfindən qəbul olunması deməkdir. O mərhələni Müsavat uğurla keçə bilsə, tarixində yeni bir səhifə açılacaq.

- Müsavatda başqanlığa namizədlər arasında kimə üstünlük verərdiniz - Qubad İbadoğluna, Arif Hacılıya, Tural Abbaslıya, yoxsa Səxavət Əlisoya?

- Bu məsələdə mənim də fikirlərim var. Ancaq heç vaxt mətbuatda bunu deyə bilmərəm. Təbii ki, Müsavat Partiyasının kadr potensialı kifayət qədər çoxdur. O partiyada dəyərli insanlar təmsil olunur. Hər bir namizədə böyük hörmətlə yanaşıram. Hər biri ilə şəxsi münasibətlərim, uzunmüddətli tanışlığım var. Amma bu seçim Müsavat Partiyasının daxilində olmalıdır. Ona görə nə məsləhət verməyimiz, təbliğat aparmağımız doğru deyil. Biz yalnız qurultayın nəticələrini gözləyib yeni seçiləcək başqana uğurlar arzulaya bilərik. Qurultayda kim səs çoxluğu ilə başqan seçiləcəksə, biz də həmin insanı başqan kimi qəbul edib onunla əməkdaşlıq edəcəyik.

- İsa Qəmbər uzun illərdir Müsavat Partiyasının başqanı kimi böyük nüfuz sahibidir. Sizcə, yeni başqan seçiləcək biri İsa bəy kimi nüfuza nə dərəcədə sahib ola biləcək?

- Ümid edirəm ki, yeni başqan təkcə özü nüfuz qazanmayacaq, həm də Müsavatın bir partiya kimi nüfuzunu qoruyub saxlaya biləcək. Hesab edirəm ki, Azərbaycanın digər müxalifət partiyaları da nə vaxtsa bu çətin addımı atmalıdır, Müsavatdan nümunə götürməlidir. Ümumiyyətlə, bunu kim edəcəksə alqışlamaq lazımdır. İndi bunu Müsavat edir. Deməli, ilk növbədə Müsavatı alqışlamalıyıq.

- Uzun müddətdir siyasi fəallığınız bir az səngiyib. Müəyyən səbəblərə görə siyasi proseslərdə aktivlik nümayiş etdirmirsiniz. Maraqlıdır, Eldar Namazovun müxalifət cəbhəsində yeni iddiaları varmı?

- Bir müddət üzrlü səbəblərdən Azərbaycanda olmadım. Artıq Bakıya qayıtdım. Bu haqda çox danışmaq istəmirəm. Sualınıza gəlincə, nəzərimdə bir çox  işlər var. Yaxın zamanlarda “El” Hərəkatı və digər işlərimiz haqqında mətbuata açıqlamalar verəcəyik.

- Gələn il parlament seçkiləri keçiriləcək. Bəzi siyasilərin fikrincə, müxalifətin bu seçkidə uğur qazanması üçün indidən bir araya gəlməsi vacibdir. Yeni planlarınızdan biri də  parlament seçkilərinə müxalifət aparıcı kəsiminin siyasi blok yaratmaqla qatılması ola bilərmi?

- Təbii ki, parlament seçkiləri öncəsi həmkarlarımla, dostlarımla məsləhətləşəcəm. Belə qərarlar verəndə hərtərəfli müzakirələr keçirmək və bir qənaətə gəlmək lazımdır. Açığı, bugünkü durumda hansısa böyük koalisiyaların yaranmasının mümkünlüyünü görmürəm. Böyük koalisiyanın yaradılması özü ciddi prosesdir. Buna uzun vaxt lazımdır. Sadəcə, keçən il belə koalisiya yaranmışdı. Ola bilsin, Azərbaycanın müstəqillik dövründə ən böyük koalisiyası  idi. Təəssüflər olsun ki, indi müxalifət düşərgəsi dağınıqdır, parçalanıb, onların arasında münasibətlər də yumşaq desək, hamar deyil. Bunu nəzərə alaraq hər hansı böyük koalisiyanın formalaşmasını gözləmirəm. İndiki durumda bir-birilə mübarizə aparan hansısa formatlarda nə özümü, nə də “El” Hərəkatını görürəm.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi