Modern.az

Bir ürək çırpınsa şeirlərimdə - Tanımadığımız məşhur Ələkbər Ziyatay

Bir ürək çırpınsa şeirlərimdə - Tanımadığımız məşhur Ələkbər Ziyatay

Ədəbi̇yyat

28 Oktyabr 2014, 23:30

Ürək var, arzusu qaranlıqları
İşığa qərq edir nurlu günəştək,
Arzu var, istəyir ayın, ulduzun
Verə gərdişinə yeni bir ahəng
Gözüm yox bunların heç birisində,
Tamam başqa şeydir qəlbimdən keçən: hal bilən,
hay verən ağlayan gülən
Bir ürək çırpınsa şeirlərimdə deyərdim:
Dünyanın xoşbəxtiyəm mən.

Ələkbər Ziyatay.

1979-cu ilin dekabr ayının 30-u. Təhsil aldığım Yasaml rayonundan 158 saylı orta məktəbin 10a sinfinin şagirdləri belə qərara gəldik ki, Yeni il şənliyini şagird yoldaşımız Ceyhun Cəfərovun evində keçirək. Bu məqsədlə hamımız Ceyhungilin keçmiş Basin (indiki Füzuli) küçəsində yerləşən yazıçılar binasındakı mənzilinə yığışıb orada şənlik düzənlədik. Şənlik yenicə başlamışdı ki, otağa bir alicənab, nurani, ixtiyar yaşında bir kişi daxil olub mülayim səslə, ədəb-ərkanla bizi salamladı, bayramımızı təbrik edib öz otağına keçdi. Bu kişi illərlə adını eşitdiyim üzünü, heç vaxt görmədiyim şair Ələkbər Ziyatay idi. Mən onu ilk və son dəfə məhz həmin mənzildə gördüm. İlahi, insan nə qədər sadə, təvazökar, böyük ədəb sahibi olarmış. Həmin görüşdən sonra mən yəqin etdim ki, Ə.Ziyatayın bu xasiyyəti məhz onun ailə üzvlərinə də keçib. Oğlu Ceyhun və şairin həyat yoldaşı, bizim məktəbin dil və ədəbiyyat müəllimi Böyükxanım Cəfərova heç zaman Ələkbər Ziyatay haqqında söz açmaz, onu təbliğ etməz və onunla lovğalanmazdılar. Sanki ailəm bütövlükdə ağır oturub, batman gələrdi. Ə.Ziyatayın belə bir parlaq şəxsiyyət olmasına və onun həqiqətən zəngin, rəngarəng yaradıcılığına rəğmən bu ustad haqqında bu yazını yazıb, onun parlaq xatirəsini yad etməyi qərara aldım....

Ürəkləri riqqətə gətirən şeirlər, qəlbləri ovsunlayan nəğmələr müəllifi, şair, tərcüməçi Ələkbər Ziyatayın keçən əsrin Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti, öz yeri vardır. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli sənət inciləri ilə zənginləşdirib. Zahirən ağır təbiətli, sakit,lakin son dərəcə mehriban,qayğıkeş bir insan olan Ələkbər Ziyatay könül dincliyini doğma Azərbaycan ədəbiyyatına məhəbbətdə tapıb. Şair dilimizin saflığını, şirinliyini böyük ustalıqla qoruyub, tərənnüm edib:

Doğma dilim, sən ki,varsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə min hörmətim olsa da
Öz dilimə min könüldən bağlıyam!!

Bu doğma dil ürəyi gen xalqımın
Kainata baxışıdır, sözüdür.
Bir can desən yüz can deyən xalqımın
Ruhundakı incəliyin özüdür.

Dönük çıxsan məsləkinə, dilinə,
Torpaq altda rahat yatmaz əcdadım,
Düşsəm əgər bu nankorluq yoluna,
Tarix boyu qınar məni övladım.....

Əməkdar ali məktəb işçisi, filologiya elmləri namizədi Kövsər Tarıverdiyevanın xatirələrindən: “Ələkbər Ziyatayı 1933-1937-ci illər arasında Azərbaycan Pedaqoji İnstitutunda dil və ədəbiyyat fakültəsində 4 il birgə tələbəlik etdiyimiz illərdən tanıyırdım. O, ağıllı, zəkalı, ciddi, çox bilib az danışan, sakit, mülayim təbiətli, üzündə daim xoş bir təbəssüm olan, özünə xas asta və ustup yerişli, yaşının az olmasına baxmayaraq, xeyli mütaliyəyə malik və elə buna görə də oxuduğu müddətdə daim əladan aşağı qiymət almayan bir tələbə idi. Ələkbər Ziyatayın əlində hələ o dövrdə biz tələbələrin təsəvvüründə olmadığı qalın cildli ensiklopediyalara , rəsm albomlarına, dünya ədəbiyyatını və incəsənətini əks etdirən toplulara rast gəlmək olurdu. Biz qrupda cəmi 35 tələbə idik. Onlardan 4-ü qız idi. Ələkbər Ziyatay bizimlə münasibətində çox qayğıkeş, səmimi, diqqətli, mehriban idi. Bizimlə o, daim nəvazişlə davranar , hətta bizi əzizlər və xüsusi hörmətlə yanaşardı. Maraqlandığımız kitabları bizə göstərər, izahat verər, dərslərdən çətinlik çəkdiyimiz sualları aydınlaşdırar, xüsusilə, imtahan dövründə öz köməkliyini bizdən əsirgəməzdi. Ələkbər Ziyatayın bir sıra müsbət məziyyəti ilə yanaşı, o, çox mədəni, təvazökar, həssas qəlbli, öz şəxsi ləyaqətini gözləyən oğlan idi. Belə ki, oxuduğumuz dövrdə o, coşğun təbə malik bir şair kimi inkişaf etdiyi, şeirlər yazdığını biruzə verməzdi. Bu cəhətdən bizdən üstün olduğunu sezdirməmək üçün heç qrupda öz şeirlərindən bizə oxumazdı. Biz Ələkbər Ziyatayın məhsuldar lirik şair kimi yüksəlməsini “Şeirə dönən duyğular” ından əmələ gələn kitabların müəllifi olmasını, həzin nəğmələrin mahir zərgəri, eləcə də başqa dilli poeziyanın gözəl tərcümanı kimi tərəqqi etməsini, elin, xalqın yaratdığı gözəl, zəngin və çox şairə nəsib olmayan incə el mahnıları yazmaq səviyyəsini yüksəltməsini , onun bu səpkidə yazdığı şeirlərin dərhal bəstəkarlarımız tərəfindən bəstələnərək musiqiyə çevrilməsini və dünya şöhrətli müğənnilərimizin repertuarını bəzəməsini, dünya ictimaiyyətinin , eləcə də ədəbiyyat sevənlərin nəzər diqqətini cəlb edən klassik əsərlərə Əlişir Nəvainin, Homerin, Lope de Veqanın, Xulican, Ednardas Mejelaytisin, A.S.Puşkinin, N.Nekrasovun , T.Şevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dillində həyat verməsini və bununla da, bədii tərcümənin qabil ustasına çevrilməsini biz sonradan zaman keçdikcə, hər birimiz cəmiyyətdə müəyyən bir mövqe tutduqdan sonra öyrənir, eşidir və yoldaşımız Ə.Ziyatay üçün sevinib fəxr edirdik”.

Qüssələnəndə könlüm,
Fərəh kimi gəlirsən.
Qaralanda gözlərim,
Çıraq kimi gəlirsən.

Ömrümün baharından
Çox bahar ötdü getdi,
Xəyalımda onların
İzləri itdi getdi.

Həyatımın, ömrümün
Xatirə dəftərindən
Silinməyən, itməyən
Bircə sənsən, bircə sən!



Qədim Gəncə: Ulu Nizaminin, Məhsəti Gəncəvinin doğma yurdu, uyuduqları torpaq 1913-cü il dekabrın 21-də xalqımız üçün bu cür dahi şairlər yetirən Gəncə şəhərində Ə.Ziyatay gəldi dünyaya-- Ələkbər Həsən oğlu Cəfərov. Kim bilir şairin neçə-neçə misrası bu şəhərdə yaranıb, göllər kraliçası Göy gölün mavi sularından pərvazlanıb:

Nizamilə bir zamandan
Adın düşüb dilə, Göy göl!
Aşıqlar söz açıb səndən.
Mizrab vurub telə, Göy göl!

Ə. Ziyatay əsasən, nəğməkar şair kimi tanınırdı. Onun qəlb oxşayan mahnıları, incə qəzəlləri müğənnilərimizin, xanəndələrimizin sevə-sevə üz tutduğu ədəbi nümunələrdir. “Qəlbim gəl deyir” , “Nə deyim”, “Səninləyəm”, “Azərbaycanım mənim”, “Bakı gecələri”, “Sənsən”, “Dilim –dilim ol dilim”, “Olmalıydın, olmadın” kimi mahnılar şairə şöhrət gətirib.

SSRİ Xalq artisti, Dövlət mükafatı laureati Zeynəb Xanlarovanın dedikləri: “Ələkbər Ziyatay mənim çox sevdiyim şairlərdən biridir. Şairlərin varı-dövləti onun şeirləridir. Bu baxımdan mən onu dövlətli şair sayıram. Ələkbər Ziyatay pərdə arxasında dayanan, gözəl şair idi. Mən onunla ilk dəfə bəstəkar Ələkbər Tağıyevin evində tanış olmuşam. Bəstəkar onun “Azərbaycanım mənim” adlı şeirinə mahnı yazmışdı. Mahnını ilk dəfə mən ifa etdim. O vaxtdan dostluğumuz başladı. Həftədə üç dəfə danışardıq. Onunla şeir, poeziya, ədəbiyyat barəsində fikir mübadiləsi aparardıq. O, ilk şeirlərini mənə də oxuyardı. Onun şeirləri mənə xoş gəlirdi. Mən o zaman onun “Olmalıydı olmadı” qəzəlinə mahnı yazdım, ifa etdim. O mahnı çox populyarlıq qazandı. Ələkbər Tağıyevin şairin “Sənsən” şeirinə bəslədiyi mahnıda mənim ifamda nəinki respublikada, uzaq-uzaq ölkələrdə - İsraildə, Avstraliyada ,Amerikada, Avropada və s. sevildi. 50 ilə yaxındır mahnı yaşayır ölməzlik qazanır. Ölməz mahnı o vaxt olur ki, şairin şeiri ilə musiqi bir-birinə uyğun gəlsin. Ələkbər Ziyatayın sözlərinə yazılmış mahnılar tək mənim ifamda yox, digərlərinin ifasında da popuylarlıq qazanardı. Bu şair heç zaman özünü gözə soxan, reklam edən şair olmayıb. O, çox sakit, təvazökar adam idi. Onun heç bir zaman yubileyi keçirilmirdi. Ona münasibət o qədər də ürək açan deyildi. Mən ona həmişə Ziyatay müəllim deyirdim. Bir dəfə Ələkbər iyatay dostu ilə hansısa rayona ezamiyyətə gedir. Birdən klubun qarşısında insanların radioda mənim ifamda “Olmalıydı olmadı” mahnısı dinləmələrinin şahidi olurlar. Onlar da ayaq saxlayıb mahnini dinləməyə davam edirlər. Orada mahnını dinləyən qocalar öz aralarında danışırdılar ki, “bu Ələkbər Ziyatay kimdir görəsən, yəqin o, Nizaminin, Füzulinin vaxtından qalıb. Zeynəb xanım da mahir ustadır ki, onun şeirini tapıb oxuyub”. Onlar Ə.Ziyataya “Allah rəhmət eləsin! ” deyəndə şairin dostu dözməyib onlara yaxınlaşır “Ay kişilər, həmin Ələkbər Ziyatay budur, yanımdadır” deyir.
Onlar dərhal Ə.Ziyataya yaxınlaşıb üzrxahlıq edirlər. Niyə indiyə qədər rayona görüşə gəlməməyinin səbəbini soruşurlar. Ə.Ziyatay isə onu tanımadıqları üçün pərişan olmuşdu. Bu hadisəni Ələkbər Ziyataydan eşidəndə ona dedim ki, ay böyük şair narahat olmayın, sizin adınız şeirlərdə, mahnılarda yaşayır. O rəhmətə gedəndə mən qastrolda idim. Amma çox heyfsləndim. Allah ona rəhmət eləsin.O, mənim xatirəmdə daim yaşayır”.

Azərbaycan ədəbiyyatında nakam məhəbbət, ilk məhəbbətin uğursuzluğu haqqında çox nümunə vardır. Süleyman Rüstəm, Tofiq Fikrət və başqaları bu mövzuda sanballı şeirlər yazmışlar. Məncə Ələkbər Ziyatayın “Olmalıydın, olmadın” adlı qəzəli bu mövzuda ən uğurlu, ən təsirli bir əsərdir. Zeynəb Xanlarovanın bu qəzələ yazdığı və ifa etdiyi mahnı 70-80-ci illər gəncliyi tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk məhəbbətin uğursuzluğunu yaşamağa məhkum olmuş gənclər, yeniyetmələr üçün bu mahnı bir təsəlli idi:

Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın,
Sən mənim bir dünya sevdam olmalıydın, olmadın.

Mən sənin eşqinlə Məcnuntək gəzirkən çölləri,
Sən mənim istəkli Leylam olmalıydın, olmadın.

Sən mənim bir an gözümdən getməyən şux sevgilim,
Sən mənim hərgünkü röyam olmalıydın, olmadın.

Başqasıyla indi xoşbəxtsən, ya bədbəxt, bilmirəm,
Sən mənimlə daha xoşkam olmalıydın, olmadın.

Ziyatay vəsf etdiyi gündən müqəddəs sevgini,
Sən onunçun əsl ilham olalıydın, olmadın.

Ə.Ziyatay həm də mahir tərcüməçi kimi də özünü tanıda bilib. Homerin “Odisseya”sını, Əlişir Nəvainin “Yeddi səyyarə”, “Fərhad və Şirin” əsərlərini, Lope de Veqanın “Nə yardan doyur ,nə əldən qoyur”, Bertold Brextin “Üç quruşluq opera” komediyalarını dilimizə Ə.Ziyatay çevirib.Hələ orta məktəbdə sevə-sevə oxuduğumuz “Min bir gecə” kitabındakı qəzəllərin əksəriyyətini də dilimizə məhz Ə.Ziyatay tərcümə edib, o qəzəlləri sevdirib.

A.Qriboyedovun “Ağıldan bəla” komediyasının Azərbaycan variantı da onun qələminə məxsusdur. Bu komediyaya Süleyman Rüstəm, Mirzə İbrahimov, Nigar Rəfibəyli kimi görkəmli söz ustaları müraciət etsələr də, tərcümələrini yarımçıq dayandırmışlar. S.Rüstəm özü etiraf edib ki, “Ağıldan bəla” komediyasının tərcüməsi üzərində iş təkcə onun üçün deyil, digər tərcüməçilər üçün də olduqca çətin olub. Nəhayət, on lllik zəhmətdən sonra Ə. Ziyatay özünün poetik istedad və tərcüməçi həssaslığı ilə, orijinal, ideya məzmununu, pafosunu, məna çalarlarını satirik kəskinliyi, poetik gözəlliyini saxlamaqla “Ağıldan bəla” nın dilimizə ilk mükəmməl tərcüməsini gətirməyə nail olmuşdur.

Ədliyyə polkovniki, jurnalist Eldar Eyvazovun dedikləri:

”Görkəmli ədib Ələkbər Ziyatay nəğməkar şair olmaqla yanaşı, həm də poeziya aləmində bir neçə janrda qələmini sınamış sənətçilərdəndir. O, hansı mövzuya müraciət edirsə etsin istəyinə nail olmuşdur. Hamının nəğməkar şair kimi tanıdığı Ə.Ziyatay həm tərcümələrində, həm uşaq mövzusuna həsr etdiyi şeirlərində, həm lirikasında və s. öz istəyinə nail olmuş şairlərindəndir. O, təvazökar və təmənnasız şair idi. Sadə həyat tərzi görmüşdür. O, “Ədəbiyyat” qəzetində poeziya şöbəsinin müdiri, Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim, Azərbaycan yazıçılar İttifaqında məsul katib Azərbaycan Dövlət nəşriyyatında redaktor kimi şərəfli vəzifələrdə çalışmışdır.Gəncə şəhər xalq deputatları sovetinin deputatı seçilmişdir. Ədəbiyyatımızda daim müharibə mövzusu diqqətəlayiq mövzulardan olmuşdur. Şair bu sahədə də qələmini sınamış dəyərli əsərlər yaratmağa müvəffəq olmuşdur. Xalq şairi S.Vurğunun təbirincə desək: “Müsəlləh əsgərəm mən də bu gündən” misraları onu müharibə mövzusunda şeirlər yazmağa sövq etmişdir.Sənətkar xoşbəxtliyi ondadır ki, onun şeirləri zaman keçdikcə yaşayır, həmişə oxucuların diqqətini cəlb edir. Bu baxımdan şairin “Qana qan deyə”, “Nifrət”, “Qalxan et dərdə qəzəb bayrağını” şeirlərini göstərmək olar. Məhz bu gün bu şeirlər olduqca müasir səslənir, əsgərlərimizə, doğma vətənimizin sərhədlərini qoruyan, onun keşiyində duran döyüşçülərimizə müntəzəm olaraq oxumaq lazımdır. Məhz bu qəbildən olan şeirlər hər kəsi səfərbər edir, Vətən torpaqlarını qorumağa çağırır:

Bu mehriban Vətən, bu doğma dağlar.
Pərilər yığnağı qaynar bulaqlar.
Ceyranlı meşələr bülbüllü bağlar
Baxar göy üzünə saran sislərə.
O insan donunda qurd faşistlərə.
Çəkil, bu torpaqlardan ey, duman deyə,
Səsləyir elləri qana qan deyə.

II

İntiqam eşqilə bu ana torpaq,
Tutmuş övladının qanı ilə bayraq.
İntiqam səsləri ərşə qalxaraq,
Çevrilir çaxlasan sıx buludlara,
Dönər şimşəklərə, yanar odlara,
Qalmasın yağıdan bir nişan belə
Səsləyir elləri, qana qan deyə.



Kövrək qəlbli şair gələcəyimiz olan uşaqları çox sevər, onlarla ünsiyyətdə olmaqdan yorulmazdı. Böyük, ciddi ədəbi əsərlərə imza atan şairin yaradıcılığında uşaq şeirlərinə də xüsusi yer ayrılmışdır. Əslində hər şair uşaq şeiri yaza bilmir, çətinlik şəkir. Lakin Ə.Ziyatay bu sahədə də yadda qalan, uşaqlar tərəfindən sevilən şeirlər yazmağa müvəffəq olub. Şairin “Kəpənək”, “Nərminin oyuncaları”, “Salam, yeni dərs ili”, “Sənin tutacağın yol”, “Qoşulsun nəğməmizə” və s. bu qəbildəndir.

Şair, tərcüməçi, pedaqoq və ictimai xadim Ələkbər Ziyatay 1982-ci ildə iyulun 2-də vəfat edib.Qədim Gəncə torpağında əbədiyyətə qovuşan şair öz sənəti ilə ölməzlik qazanıb. Bu ölməzlik isə onun şeirlərinin ilhamında sehrindədir:

Qoca dünya, övladınıq biz,                    
Yazın, qışın ögey deyil bu insanlara.
Həyat, ölüm, yer üzünə gəlmişdir əkiz,
Lakin ölüm yaraşmayır yaradanlara.
Qoca dünya, qoca torpaq aç ağuşunu,
Hüzuruna çox hörmətli bir insan gəlir.
Öz sehrli rübabını ömrü-uzunu,
Sevə-sevə səsləndirən bir ozan gəlir.

Qafar Əsgərzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Pedaqogika üzrə fəlsəfə doktoru, publisist
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir