Modern.az

Əli Nağıyev: “Rəsul Quliyev Heydər Əliyevlə oyun oynamaq istəyirdi” - MÜSAHİBƏ (II HİSSƏ)

Əli Nağıyev: “Rəsul Quliyev Heydər Əliyevlə oyun oynamaq istəyirdi” - MÜSAHİBƏ (II HİSSƏ)

Müsahibə

5 Noyabr 2014, 01:33

“Elçibəyi gecə yatanda öldürüb eyvandan atmaq planını quranlar olub”


Müsahibəyə çox çətinliklə razı salmaq mümkün oldu. “Mən heç nə və heç kim haqqında fikirlər söyləmək istəmirəm. Vaxtımı kitab oxumağa həsr etmişəm. Xahiş edirəm, məni işimdən ayırmayın. Bilmirəm, belə bir zamanda danışdıqlarım kimə lazımdır?!”. O, danışmamaqda israrlı idi, mən isə danışdırmaqda. Uzun sözün qısası,  müsahibəmiz alındı. Beləliklə, Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyevdir. Onun müsahibənin ikinci hissəsini təqdim edirik.

(əvvəli burada )

- Növbəti sualıma ola bilsin ki, bir neçə dəfə bəzi mətbu orqanlarda cavab vermisiz. “Əlincə” Cəmiyyətinin sədr müavini olduğunuz dövrə qayıtmaq istəyirəm.  O dövrü necə xatırlayırsıniz?..

- “Əlincə” Cəmiyyəti bir  tarixdir. Bu cəmiyyət Naxçıvanın çox ağır günündə yaranıb. Əvvəllər ətraflı danışdığıma görə təkrara yol vermək istəmirəm. O zamanlar burda Naxçıvandan raykom katibləri, akademiklər vardı. Ancaq bu cəmiyyət yarananda  heç də naxçıvanlıların hamısı qabağa durmadılar. Ona görə də Heydər Əliyevlə birinci görüşdə (1992-ci il, iyulun 16-da) dedim: “Heydər Əliyeviç, hesab elədik ki, naxçıvanlılığın ləzzətini görənlər qabağa durarlar. Ancaq qabağa gəlmədilər”. Heydər Əliyev mənim bu sözümü tutaraq dedi: “Sən düz deyirsən, naxçıvanlılığın ən çox ləzzətini görənlər qabağa gəlməli idi”.  Bu o demək idi ki, sən də  naxçıvanlılığın ləzzətini görmüsən. Doğrudan da,  məni Leninqrada oxumağa qardaşı Cəlal Əliyev göndərmişdi.

- Heydər Əliyev görün nə qədər hazırcavab insan imiş. Maraqlıdır, hansı yaddaqalan xatirələrinizi bölüşə bilərsiniz?

- Bilirsiniz, söhbət hazırcavablıqdan düşdüsə, Heydər Əliyevin Ziya Bünyadovla bir söhbətini həmişə xatırlayıram. Ziya müəllim söhbət zamanı keçmişdən yadında saxladığı hansısa bir narazılığını türklər demiş “söz konusu” etmək istədi. Bu zaman Heydər Əliyev belə cavab verdi: “Ziya, sən ki mənim dövrümdə akademik oldun”. Ziya müəllim təsdiq etdi. “Sən ki mənim dövrümdə institut direktoru oldun”. Ziya müəllim yenə təsdiq etdi. “Sən ki mənim dövrümdə dövlət mükafatı laureatı oldun. Mən istəməsəydim bunları sən ala bilərdin?!”. Ziya müəllim başını aşağı salıb “Siz düz deyirsiniz”, - cavabını verdi. Heydər Əliyev sözünə davam edərək dedi: “Mən səni də, dövləti də qorumalı idim”. Bu şəxsiyyətin hər bir adamın qabağında deməyə sözü var idi. Heydər Əliyevin hesabına raykom katibi olanların hərəsi bir tərəfə qaçdı. 300 min adamın Ermənistandan, 600 mindən artıq adamın Dağlıq Qarabağdan tökülüb Bakıya gəlməsi ilə bağlı həyəcan təbili çalıb deyirdim: “Neyləyək, 300 min adamın da Naxçıvandan qaçıb gəlmələrini gözləyək?! Bax, “Əlincə” Cəmiyyəti bu əsasda  yarandı.

- Siz həm də Azərbaycan Xalq Cəbhəsinin o vaxt rəhbərlik etdiyi milli-azadlıq hərəkatında iştirak etmisiz. Elçibəylə görüşləriniz tez-tez olurdu?

- Xalq Cəbhəsi Azərbaycan tarixinin çox fəxarətli və qürurlu səhifəsidir. Universitetdə Xalq Cəbhəsinin üzvü, fakültədə isə yaradıcısı və sədri olmuşam. Bunu universitetdəki AXC fəallarının hamısı bilir. Murtuz Ələsgərovla orda tanış olmuşam. O, məclisin üzvü idi. Murtuz müəllim dəfələrlə fakültədə mühazirə oxuyub. Əbülfəz Elçibəyə gəlincə, onu deyə bilərəm ki,  böyük qardaşımla Elçibəyin yaxın münasibəti vardı. “Əlincə” Cəmiyyətini yaradanda Elçibəyin evinə getdik. Mən Elçibəyin bibisi oğlu ilə yaxın idim. Münasibətimiz belə olub. Əvvəla,  Elçibəy böyük türkçü idi. Azərbaycan tarixində qalan şəxsiyyətdir. Amma Elçibəy dövlət adamı, dövlət idarə edən adam deyildi. Ona görə də ətrafına onun qıçına balta vuranları  yığdı. Elçibəyi gecə yatanda öldürüb eyvandan atmaq planını quranlar olub.  Ətrafına yığdığı adamların hamısının gözü Elçibəyin yerində idi. Bunları nöqtə-vergülünə qədər bilirəm.

- Maraqlı məqama toxundunuz. Belə başa düşdüm ki, Elçibəyin ətrafında xəyanətkarlar da olub. Mənə çox maraqlıdır. Bu gün heç bir vəzifə sahibi deyilsiniz. Amma yenə də Heydər Əliyevçi olduğunuzu söyləyirsiniz. Bir şəxsə bu dərəcədə vurğun olmaq olarmı?

- Bilirsiniz, daban yalayanların millətə dəxli yoxdur.  Əli Nağıyevin Azərbaycan sevgisi qanan adamların hamısına bəllidir. Bunu əməlimlə sübut etmişəm. Güllə qabağına gedib “Heydər Əliyev gəlməsə, Azərbaycan yoxdur” deyəndə və buna nail olanda bunu sübut etmişəm.  Hesab edirəm ki,  bundan sonra ən azı iki dəfə də İlham Əliyev seçilməli və Azərbaycana rəhbər olmalıdır. Bu gün Azərbaycanın problemlərini İlham Əliyevdən düzgün görən və təhlil edərək ən lazımlı qərarları qəbul edə bilən şəxsiyyət yalnız onu görürəm. Bizi narahat edən məsələ İlham Əliyevin təyin etdiyi bəzi məmurların yaratdığı problemlərdir, bu da xalq arasında narazılıq yaradır. Bunlardır bizi narahat edən. O yerə iddialı olanların səviyyəsi İlham Əliyevlə müqayisə olunmayacaq dərəcədə aşağıdır. Yaltaq, daban yalayan adamlar sabah İlham Əliyev olmasa, görün onun haqqında  nələr deyəcəklər? Bir haşiyə çıxım. Bu gün “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülü alqışlayıram. Mütəllibov dedi və durdu. Bir dəfə sağa-sola çəkmədi.  Amma Mütəllibov deyənlərin çoxu neçə sifətə girdilər. Hətta, bir çoxları bu gün də özlərini müxtəlif vəzifələrə dürtürlər. Bu gün məni öldürə bilərlər, amma Heydər Əliyev xəttindən döndərə bilməzlər. Çünki bu yol Azərbaycanın gözəl gələcəyinə aparır. İstənilən adama sübut edə bilərəm ki, Heydər Əliyev gəldi və bu milləti,  bu xalqı ölümdən qurtardı. Heydər Əliyev gəlməsəydi, Azərbaycan yox idi.



(Növbəti sualıma Əli müəllim cavab vermək istəmirdi. “Bu insan haqqında danışmaq istəmirəm. Nə sual verin, nə də cavab verim”. Söhbət Milli Məclisin keçmiş sədri Rəsul Quliyevlə bağlı sualdan gedir. Çox israr etdikdən sonra,  Əli müəllim çətinliklə də olsa sualıma cavab verdi).

- Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin YAP-a ərizəsiz qəbul olunmasında sizin rolunuzun olduğu söylənilir. Ən dolğun cavabı sizdən eşitmək istəyirəm.

- Mən özümü onun səviyyəsinə endirmək istəmirəm. Siz israr etdiyinizə görə cavab verəcəm. Bu adam  Heydər Əliyevlə oyun oynamaq istəyirdi. Deyirdi: “Bilirsiniz nə var, bir  partiya yaratsam, bəzi adamlar mənim partiyama gələcək. Onlar sizin partiyaya gəlmək istəmirlər, mənim partiyama qoşulmaq istəyirlər”.  O adamlar Anar Rzayev,  Rüstəm İbrahimbəyov və Yusif Səmədoğlu idi. Bunu Heydər Əliyev camaatın qarşısında dedi. Baxın, bu adamın beyni pozulub, bu adama informasiya verənlər də onun kimi nadürüstdür. Heydər Əliyev dedi ki, Rəsul ona belə söz deyib. Heydər Əliyev sonra mənə tapşırıq verib dedi: “Axı, sən kimsən ki, camaat sənin dalınca gəlsin. Onun yanına get və partiyaya üzv olması üçün ərizə al!”. Mən zəng etdim, o yenə oyun oynamağa başladı: “Mənim YAP-a ərizə verməyim ucuz olur, sən bir nəfər göndər məndən müsahibə götürsün. Orda deyəcəyəm ki, YAP-a tərəfdaram”. Heydər Əliyevə deyəndən sonra Eldar Sabiroğlunu göndərdim. Rəsul Eldar Sabiroğluna müsahibə verdi, ancaq onu Heydər Əliyev bəyənmədi.

- Müsahibələrinizin birində tanınmış jurnalist Eynulla Fətullayev haqqında da danışmısız. Maraqlıdır, 19 yaşlı bir gəncin hədsiz dərəcədə intellektual biliyini necə müəyyən etmişdiniz? Eyni zamanda, Eynullanın YAP-a üzv olması necə baş vermişdi?

- Eynullanı 19 yaşında partiyaya gətirmişəm. Universitetdə müəllim idim, qarşımda gənclər əyləşirdi. Tətbiqi-riyaziyyat fakültəsində oxuyan gənclər çox savadlı olurdular. Eynulla az sayda  intellektual gənclərdən biridir. Eynulla Zərdüşt Əlizadənin partiyasında olub. Mən bu cür adamın bizim partiyaya gəlmək istədiyini görəndə, düşündüm ki, bunu həyata keçirmək lazımdır. Onu partiyaya gətirib gənclərlə işi ona tapşırdım. Nazir olandan sonra Eynullanı özümə köməkçi, sonra isə bir pillə qaldırıb müşavir təyin etdim. Eynulla özü də bilir, mən Prezident Aparatı səviyyəsində xahiş etdim ki, bunu yanımdan aparıb daha vacib yerlərdə istifadə etsinlər. Sadəcə, o adamlar Əli Nağıyev deyillər, mən nə edim?! Hamı istəyir ki, əlinin altında başı qırxıq adamlar olsun. Böyük vəzifəyə ləyaqətsiz adamı qoymaqdan böyük xəyanət yoxdur, bu həm də dövlətə, millətə xəyanətdir.  Çünki o tip insanlar heç vaxt istəməyəcəklər ki, yanında səviyyəli adamlar olsun. Həmişə istəyəcəklər ki, başı qırxıqlar, aftafa daşıyanlar əlinin altında olsun. Mənim yanımdan gedəndə Eynullanın 25-26 yaşı var idi. Bütün bunlar Eynullanın ağlına, savadına görə idi. Eynulla elə intellektual adam idi ki, onu çağırıb 5-6 tezis verirdim, 3 saatdan sonra ya rus, ya da Azərbaycan dilində 10 səhifəlik yazı hazır olurdu.

- Eynullanın başqa ideologiyaya xidməti olan adamlar tərəfindən öyrədilməsi mümkün ola bilərdimi?

- O cür intellektual adamlar çoxunun diqqətini cəlb edir. Onun özü də siyasi baxışlardan asılı olmayaraq insanlarla ünsiyyət qurmağa həvəsli idi. Yadımdadır, Mütəllibovun vaxtında Az.TV-nin rəhbəri Məmməd Muradı bir dəfə bir məsələ ilə bağlı yanıma gətirmişdi. Mən Heydər Əliyevə də məruzə elədim. Nə isə lazım olmadı.  

- Adətən, insanın kənardan müşahidə etmək qabiliyyəti daha güclü olur. Maraqlıdır, bir siyasətçi kimi bugünkü Azərbaycan müxalifətini kənardan müşahidə edib necə dəyərləndirirsiniz?

- Müxalifətsiz demokratiya olmaz. Müxalifət də müxalifət xətrinə müxalifət olmamalıdır. Biz də müxalifət idik. İkinci tərəfdən müxalifət işləməyi bacarmalıdır. Müxalifətdə çox şey çatışmır. Həm yaxşı işləyəni, həm də liderləri çatışmır. Ən əsası odur ki, xətləri, mövqeləri aydın deyil. Bugünkü müxalifətin belə olmasının səbəbi bu problemlərdir. 

- YAP-ın qurucularındansınız. Bu gün YAP-ın nüfuzlu adamları sizinlə əlaqə saxlayıb hal-əhval tuturlarmı?

- Əlaqə saxlayanlar olur, amma əlaqə saxlamayanlar da var.

- Cavabınız qısa olsa da, maraqlı alındı. Onlarla görüşdüyünüz vaxtlar olurmu?

- Bir az  mənə yad sual oldu.  Heç kimin dalınca getmirəm, heç kəslə də görüşmürəm. Bilirəm, sözünü ora gətirmək istəyirsən ki, “mən niyə bu gün evdə oturmuşam”. Mən Heydər Əliyevin müavini olmuşam. Heydər Əliyevdən başqa,  bu dövlətdə,  bu məmləkətdə bir adam mənə tapşırıq verə bilməyib. Bu gün hesab edirəm ki, bir nəfər istəsə, məni çağırıb iş verə bilər. O istəməsə, heç kim iş verə bilməz. Bunu bilirəm. Bu mövzu ilə bağlı heç kimə müraciət edən deyiləm. İkincisi, sənin danışığından xoşum gəlməsəydi, bu müsahibə alınmayacaqdı. Gördüm ki, sağlam fikirləşən adamsan. Bunu səndə tutmasaydım, bu görüş alınmayacaqdı.

- Təşəkkür edirəm. Hazırda heç bir işlə məşğul deyilsiniz. Sadəcə, kitablarla vaxt keçirirsiniz, darıxmırsınız?

- Bəlkə də darıxıb ölməməyimin bir səbəbi də yaxşı məşğuliyyətlərimin olmasıdır. Sözsüz ki, darıxıram. Ona görə yox ki, vəzifədən getmişəm. Sizə bir hadisə danışım.  2000-ci ildə indiki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dedim ki, nazir vəzifəsindən gedib deputat olmaq istəyirəm. Hamı dəhşətə gəldi ki, belə adam olmayıb. O zaman Heydər Əliyev məni çağırıb dedi: “Siruz Təbrizinin nazirliyini ləğv edəcəyəm, ona görə ona dedim ki, sən deputat ol. Sənin nazirliyin lazımlıdır, özün də işləyirsən. Sən nazirlikdə qal, o da bizə lazımdır”. Bunu özümü tərifləmək xatirinə demirəm. Mehdiabadda əlillər üçün saldığım kəndin açılışında Heydər Əliyev çıxış edərək camaatın qarşısında dedi: “Bu işləri çox nazirlər görə bilər. Onlar görmür, amma Əli Nağıyev görür”. Heydər Əliyev dəfələrlə mənim işlərimi təqdir edib.

- Kitab oxumaqdan başqa daha hansı məşğuliyyətləriniz var?

- Musiqiyə qulaq asıram, üzməyi sevirəm. Hər gün 500 metr üzürəm. Ayda bir-iki dəfə Azərbaycanın rayonlarına gedirəm. Düşünürəm ki, xarab adamla oturub vaxtımı niyə boş yerə xərcləməliyəm?! Kimlə oturursan, 10 dəqiqədən sonra bazar söhbətinə keçir. Ona görə də bu cür maraqlı məşğuliyyətlərlə vaxtımı keçirirəm. İşə gəlincə, yəqin ki, bir iş tapıb məşğul olaram.

- İki övladınız var, Allah saxlasın. Bəs, ailə ilə necə vaxt keçirirsiniz?

- Ailəmlə də normal vaxt keçirirəm. Qızım Moskvada yaşayır. Moskva Beynəlxalq Münasibətlər Universitetini qurtardıqdan sonra aspiranturada təhsilini davam etdirib, müdafiə edib, elmlər namizədidir. Universitetin Beynəlxalq hüquq fakültəsində müəllimədir. Oğlum da oranı bitirib. Burda kiçik reklam biznesi ilə məşğuldur. Ailəmdə cəmiyyətə ziyan verən adam yoxdur. Bu, hər şeydən yaxşıdır.

- Müəyyən vəzifələrdə çalışdığınız vaxtlarda uşaqlarınızın təhsil və tərbiyəsinə vaxt ayıra bilirdinizmi?

- Çox az məşğul olurdum. O işlərlə əsasən həyat yoldaşım məşğul olub. 1992-ci ildən gecə-gündüzüm olmayıb. Hətta Xalq Cəbhəsi dövründə hərəkata çox vurğun idim. Orda da vaxtım çox gedirdi. Qızım 1991-ci ildə orta məktəbə gedəndə siyasi proseslərlə çox ciddi məşğul idim. 1992-ci ilə qədər uşaqlara vaxt ayıra bilirdim. 1992-ci ildən sonra isə vaxt olmadı. Nazir olandan sonra isə səhər nazirliyə gəlib axşam 8-9-da çıxıb partiyaya gedirdim. Gecə saat 12-də evə gedirdim. Deputat olduğum müddətdə ildə 4 dəfə Strasburqa getməli olurdum. Bundan başqa, komitələrin iclası olurdu. Universitetdə kafedra müdiri idim. Həftədə bir dəfə kafedraya gedirdim. Hər gün 15-16 saat işləyirdim.  


Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı