Modern.az

“AXCP və Müsavatla seçki dairələrində toqquşacağıq”

“AXCP və  Müsavatla seçki dairələrində toqquşacağıq”

Müsahibə

25 Avqust 2010, 16:58

“Qarabağ” seçki bloku Milli Məclisdə 40 depuatat yeri əldə etmək istəyir


Builki parlament seçkilərində iştirak edəcək ilk siyasi blok elan edilib. Ümid və Azərbaycan Demokrat Partiyasının (ADP) birgə yaratdığı “Qarabağ” seçki bloku Milli Məclisdə 40 yer əldə etmək niyyətindədir. Blokun təsisçilərindən olan ADP sədri Sərdar Cəlaloğlu Modern.az-ın suallarını cavablandırıb.

- “Qarabağ” adlı yeni seçki blokunun yaradılmasını vacib edən amilər hansılar oldu?
-  Seçkilərə çox az vaxt qalıb. Artıq müxalifət xalqda bir müəyyənlik yaratmalıdır. Bu günə qədər heç bir seçki blokunun yaradılmaması xalqın mövqeyinin müəyyənləşməsinə imkan vermir. Ona görə biz Ümid Partiyası ilə qərara gəldik ki, bu bloku yaradaq. Qoy digər seçki blokunun yaranması da stimullaşsın.
- Niyə ADP və Ümid Pariyası birgə blok yaratdı?  
- Biz bir neçə partiya ilə paralel olaraq məsləhətləşmələr aparırdıq. Ümid, Liberal Partiyası, AXCP, AMİP-lə bu istiqamətdə danışıqlarımız getdi. Bu məsləhətləşəmələr prosesində Ümidlə ADP-nin mülahizələri ilə tamamilə üst-üstə düşdü və bu da siyasi blokun yaradılması üçün kifayət etdi. Biz bu bloku yalnız bu iki partiyanın qurumu kimi nəzərdə tutmamışıq. Qapılarımız açıqdır. Seçki blokuna digər siyasi qüvvələr də - Müsavat, AXCP, Liberal partiyaları da bloka daxil ola bilər.  Hazırda artıq 93 nəfər vahid namizədimizi razılaşdırmışıq. Yalnız 10-15 dairə qalıb. Bu onu göstərir ki, qəbul edilmiş qərar reallığı əks etdirir.
-Seçki blokuna niyə “Qarabağ” adı verilib?
- Hər dəfə seçkidə vətəndaşın fərdi və qrup maraqları qabarır. Ümumilli problemlər arxaya keçir. Belə həssas dövrdə beynəlxalq təşkilatlar Qarabağla bağlı Azərbaycanın xeyrinə olmayan müəyyən sazişlər imzalayırlar.  Biz belə hesab etdik ki, bu seçkilərdə seçicilərin və namizədlərin diqqətini Qarabağa cəlb edək. Bizim seçkiqabağı təbliğatımızın əsas tezisi Dağlıq Qarabağın müdafiəsinə yönələcək. Seçki fəlsəfəmizin əsasını Qarabağ təşkil edəcək. Odur ki, blokun adını “Qarabağ” qoyduq.
-Blok Milli Məclisdə neçə yer qazanmaq fikrindədir?
- Real gücümüzdən bilirik ki, saxtalaşdırma olmasa, 30- 40 namizədimiz mandat əldə edə bilər. Hesab edirəm ki, bizim blok siyasi mühitdə yaranmış pərakəndiliyi aradan qaldıracaq və siyasi inteqrasiyanın başlanmasına təkan olacaq. Müxalifətin belə dağınıq şəkildə seçkilərə getməsi ölkəyə yaxşı bir şey vəd etmir.
-Müxalifət partiyaları nədənsə Naxçıvandan namizəd irəli sürmürlər. Sizin blok bu “tilsimi” qıra biləcək?
- “Qarabağ” blokunun Naxçıvandan namizədləri olacaq. Artıq bir neçə namizədimiz müəyyənləşib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Məclisinə də namizədlərimiz olacaq.
- Blok kütləvi aksiyalar keçirəcəkmi?
- Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında açıq havada 10-a yaxın mitinq keçirməyi planlaşdırırıq . Eyni zamanda qapalı zallarda da seçicilərlə görüşlər keçirəcəyik. Xalqla təmasları artırmaq niyyətindəyik. Məqsədimiz xalqı bu total passivlikdən çıxarmaqdır.
-Bloka daha hansı partiyaların gəlməsini istərdiniz?
- AXCP, Müsavat, Liberalla və AMİP –in bu bloka qoşulmasına sevinərik.
- Bunlardan hansı ilə danışıqlar aparılır?
- Blok indi elan edilib və bizim partiyalarla danışıq aparmağa vaxtımız və imkanımız yoxdur. Danışığı on dəfə aparmayacağıq ki? Bundan əvvəl təmasda olduğumuz siyasi qüvvələrə öz mesajımızı vermişik. Bloku açıq saxlamışıq. Buna baxmayaraq “Qarabağ” bloku yaranacaq digər siyasi bloklarla seçkilərin demokratik keçirilməsi istiqamətində  əməkdaşlıq etmək fikrindədir.
- “Qarabağ” blokunun namizədləri AXCP-Müsavat blokunun namizədləri ilə dairələrdə toqquşurmu? Bu müxalifət düşərgəsində problem yaratmayacaq?
- Əlbəttə toqquşur.. Azərbaycanda 125 dairə var. Biz 95 namizəd vermişik. Deməli bu dairələrdə onlarla toqquşacğıq.
- Onda müxalifətin səslərinin parçalanması kimi qiymətləndirilməsindən ehtiyat etmirsiniz?
- Bunun məsuliyyətini biz daşımırıq. Bu məsuliyyəti “Qarabağ və Respublika Uğrunda” Hərəkatı dağıdanlar daşıyır. Bizim üç aydan artıqdır müxalifəti birləşdirmək üçün apardığımız işə müxtəlif əngəllər yaradanlar, müxtəlif bəhanələrlə bu blokları dağıdanlar bu məsuliyyəti daşıyır. Xalq bilir ki, müxalifətin vahid mövqeydə çıxış etməməsinin günahkarı kimdir. Biz nə edə bilərdik? Biz kimisə zorla blok yaratmağa məcbur edə bilmərik. 
 - “Qarabağ” bloku seçkilərdə favorit ola biləcək?
- Hər halda Qarabağ xalqın şüurunda hansı yerdədirsə, şalışacağıq ki, blokumuz o yerə uyğun nailiyyət qazansın.  

X.SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!