Modern.az

Elmar Məmmədyarovun akademik atası: ““Bu gün akademiya lazım deyil” deyənlər onun mahiyyətini bilmirlər” - MÜSAHİBƏ

Elmar Məmmədyarovun akademik atası: ““Bu gün akademiya lazım deyil” deyənlər onun mahiyyətini bilmirlər” - MÜSAHİBƏ

2 Fevral 2015, 11:58

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi tamam olur. Həm SSRİ, həm də müstəqillik illərində əsas kadr bazalarından olan AMEA-da bu gün də çoxlarının tanımalı olduğu nüfuzlu elm xadimləri çalışmaqdadır ki, onların elmə faydası beynəlxalq müstəvidə ölçülür. Bu alimlərdən biri də kimya elmləri doktoru akademik Məhərrəm Məmmədyarovdur. 91 yaşı tamam olacaq qocaman alim hazırda Yusif Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. Məhərrəm müəllimlə yanaşı, onun iki övladı da Azərbaycan elm və ictimai həyatında tanınmış şəxslərdəndir. Böyük oğlu Ayaz Məmmədyarov tibb, kiçik oğlu Elmar Məmmədyarov (Azərbaycanın hazırki xarici işlər naziri) isə diplomatiya sahəsində tanınmış mütəxəssisdirlər.

Modern.az saytı akademik Məhərrəm Məmmədyarovla müsahibəni təqdim edir:

- Bu gün akademiya Azərbaycana hansı formada lazımdır?

- Mənə elə gəlir ki, “bu gün akademiya lazım deyil” deyən insanlar akademiyanın mahiyyətini, onun dəyərini bilmirlər. Akademiya Azərbaycanın, Azərbaycan xalqının səviyyəsinin bir isbatıdır. Sovet vaxtında Azərbaycandankı akademiyanın səviyyəsi başqa respublikalarla müqayisəedilməz idi. Həm kadr potensialı, həm də apardığı elmi işlərin səviyyəsinə görə bir çox respublikaları qabaqlayırdı. Bunu deməyə tamamilə haqqım var. Çünki 60 ildən artıqdır ki, akademiyadayam. Akademiyanı respublikanın bütün sahələrində olan problemlərin həllinə cəlb etmək, onun təcrübəsindən, fəaliyyətindən daha səmərəli surətdə istifadə etmək vacibdir.

- Məhərrəm müəllim, mümkünsə akademiyaya gəlişinizdən bir qədər ətraflı danışardınız…

- 1953-cü Leninqradda Kimya Texnologiyası İnstitutunun aspiranturasını  qurtardım və dissertasiyanı müdafiəyə təqdim etdim. İşə düzəlmək üçün o şəhərdə qeydiyyatda olmaq lazım idi. Vəziyyətimdən xəbərdar olan bir azərbaycanlı mənə dedi ki, Azərbaycanda Akademiyanın nəzdində Kimya institutu var, ora müraciət et, bəlkə müsbət cavab verərlər. Mən Kimya institutunun direktoru adına bir məktub yazdım və öz xahişimi bildirdim. Çox az müddətdən sonra cavab aldım ki, mənə elmi katib vəzifəsini təklif edirlər. Təbii ki, mən çox şad oldum və birdəfəlik Bakıya qayıtmaq qərarına gəldim. Bu, 1953-cü ilin sentyabr ayında olub.

- Sizcə Akademiyanın hansı prezidentinin vaxtında AMEA daha yüksək nailiyyətlər əldə edib?

-  Bunu demək çətindir. Mən Akademiyanın 10  prezidentindən 9-u ilə bir vaxtda AMEA-da çalışmışam. Bu prezidentlərin hamısının Azərbaycan elminin inkişafında özünəməxsus rolu var. Lakin onların arasından Milli Azərbaycan Akademiyasının səviyyəsini SSRİ miqyasında yüksəldən üç prezidentin rolunu xüsusi qeyd etmək istərdim. 50-ci illərdə “soyuq müharıbə” dövründə SSRİ-də strateji əhəmiyyəti olan bir sıra faydalı qazıntılara ehtiyac var idi. Bu problemin həlli AMEA-ya həvalə olunmuşdu. O vaxt  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti ixtisasca geoloq  olan Musa Əliyev seçilmişdi. Onun vaxtında Azərbaycanda bir çox qiymətli yataqlar, yeni-yeni neft sahələri işə salındı.

Artıq 60-cı illərdə Akademiya Azərbaycan SSRİ-nin inkişaf planını həyata keçirən bir orqan kimi qəbul olunmuşdu. O illərdə kimya sənayesinin inkişafına daha çox üstünlük verilirdi. Neftin daha dərin emalı, ondan alınan karbohidrogenlər əsasında strateji əhəmiyyəti olan bir sıra kimyəvi materialların alınması texnologiyası işlənib hazırlanmalı idi. Bu problemi yalnız mütəxəssis həll edə bilərdi. O vaxt Yusif Məmmədəliyev Moskvada Kimya Nazirliyində elm şöbəsinin rəhbəri idi. O, yenidən akademiyaya prezident seçildi. O vaxtdan akademiya Musa Əliyevin vaxtında geologiya istiqamətində qabağa gedirdisə, Yusif Məmmədəliyevdən sonra kimya sahəsi ön plana keçdi. Məmmədəliyev dövründə Akademiya neft emalının elmi mərkəzi kimi fəaliyyət göstərdi.

70-ci illərdə dünyada fizikanın yarımkeçiricilər sahəsi sürətlə inkişaf etməyə başladı. Azərbaycanda bu sahədə Fizika İnstitutunda aparılan işlər  SSRİ miqsasında ön cərqələrdə idi. Yəqin ki, bunları nəzərə alaraq 1970-ci ildə AMEA prezidenti vəzifəsinə ixtisasca fizik olan Həsən Abdullayev seçildi. Məhz onun vaxtında laboratoriyalarda aparılan elmi işlərin təcrübə-sənaye sahələrinə çıxarılması təşkil edildi. Bu isə AMEA-nın bir çox işlərinin  sənayedə tədbiqinə imkan yaratdı.  


- Uzun müddət çalışdığınız Neft-Kimya Prosesləri İnstitutu elmlə praktikanın sintezindən nə dərəcədə yararlana bildi?

-  1959-cu ildə akademik Yusif Məmmədəliyevin birbaşa səyi, elmi və təşkilatı dəstəyi ilə bir neçə institutun, o cümlədən Neft institutu, Kimya institutunun bir sıra laboratoriyaları əsasında Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində Neft-Kimya Prosesləri İnstitutu yaradıldı. 1962-ci ildə bu instituta akademik Məmmədəliyevin adı verildi. Burada həm nəzəri, fundamental işlər görülür, həm də praktiki. Aparılan tədqiqatlarda həm nəzəriyyə hissə ilə məşğul olurlar və eyni zamanda məşğul olduqları sahənin qabaqcadan praktiki əhəmiyyətini də vurğulayırlar. Texnikanın elmə tələbi indi də belədir. Ona görə də bu institut akademiyanın flaqmanı rolunu oynayırdı və o tendensiya bu gün də davam edir. Bu institut SSRİ miqyasında öz elmi nəticələrinə və səviyyəsinə görə nəinki Azərbaycanda, həmçinin keçmiş SSRİ miqyasında neftkimya sahəsində tanınmışdır. Qürurla deyə bilərəm ki, bu ənənə bu gün də davam edir, institutumuz bir çox inkişaf etmiş ölkələrəin elmi mərkəzlər ilə sıx elmi əlaqələr yaradır.

- 1953-cü ildə akademiyaya gəldiniz. Hər şeyin köklü surətdə dəyişdiyi ağır bir il idi. Həmin vaxt, 1953-cü illərin gərginlikləri xatirinizdə necə qalıb? O zaman akademiyaya qarşı təzyiqlər olurdu?

- Təbii ki sovet sistemində hər şey kontrol altında idi. Həqiqəti demək lazımdır ki, həm Mircəfər Bağırovun vaxtında, eləcə də Mərkəzi Komitənin digər katiblərinin vaxtında Akademiyaya hörmətlə yanaşılıb.

- Həm də o səbəbdən ki, Akademiyadan çıxanlar dövlətə rəhbərlik edib yüksək postlar tutmuşdular. İmam Mustafayev, Mirzə İbrahimovu misal göstərmək olar…

- Təkcə dedikləriniz deyildi. Bir çox nazirliklərdə və başqa rəsmi vəzifələrdə Akademiyanın nümayəndələri işləyib, hazırda da işləyirlər. Akademiyanın yetişdirmələri sonradan universitetlərə rəhbərlik edirdilər. Akademiya kadr mənbəyi kimi də böyük rol oynayıb. Amma mən yenə öz fikrimdə qalıram ki, Akademiya inzibati orqan deyil, AMEA yaradıcı elm ocağıdır. Akademiyaya münasibət dəyişib. Sovet vaxtında bir nazirlik var idi - Elm və Texnologiya Nazirliyi. O nazirlik dövlətlə elm arasında bir körpü idi. Əfsus ki, o qurum  bircə Azərbaycanda ləğv edildi. Hazırda Akademiya ilə dövlət arasında körpü rolunu oynayan idarə yoxdur. Odur ki, Akademiya bir çox işləri özü görməyə məcburdur. Mənə belə gəlir ki, biz o nazirliyi ləğv etməkdə tələsmişik. Akademiya yalnız elmlə məşğul olmalıdır. O nazirlik olan vaxtda biz nə qədər yataqlar kəşf etdik, nə qədər elmi yenilikləri istehsalatda həyata keçirdik. Bütün bunlardan xəbərsiz olanlar Akademiyanın işini tənqid edirlər.

- Siz gənc yaşınızda Böyük Vətən müharibəsində iştirak etmisiniz. Necə oldu ki, gənc bir oğlan müharibədən sonra birbaşa elmə gəldi?

- Mən 1943-cü ilin fevral ayında əsgərliyə getdim. Əvvəlcə Gürcüstana yollandıq. Orada Stalinin əmri gəldi ki, 18 yaşı tamam olmayanları cəbhəyə aparmasınlar. Mənim də yaşım tamam olmamışdı. Bizi Duşeti şəhərinə göndərdilər və orada 6 ay hazırlıq keçdik. May ayında isə bizi Kursk cəbhəsinə göndərdilər. Mən Kurskda iki dəfə yaralandım. Daha sonra Xarkov ətrafında gedən qanlı döyüşlərin birində də ağır yaralandım və 6 ay Saratov şəhərində yerləşən hospitalda müalicədən sonra ordu sıralarından azad olundum, evə qayıtdım. Rus dilini bildiyimə görə “voyenkom” məni gömrükdə işləməyə göndərdi. 1945-ci ildə müharibə qurtardı və biz  gömrükçülərə  SSRİ-nin ayrı-ayrı sərhədlərində işləmək təklif edildi. Mənimlə işləyən moskvalı yaşlı kişi bir məsləhət verdi və onun məsləhətini qəbul etdim. Mənə dedi ki, oxumağın arxasınca getsən, daha çox qazanarsan. Mən o kişinin sözünə qulaq asdım. O zaman da müharibədən qayıdanlar, xüsusən də müharibə iştirakçıları müsabiqəsiz ali məktəbə qəbul olunurdular. Beləcə, mən də universitetə qəbul oldum. Universiteti bitirdikdən sonra isə mənimlə eyni qrupda oxuyan yoldaş Leninqrad (Sankt-Peterburq) Kimya-Texnologiya İnstitutunun aspirantrasına sənədlərini göndərmişdi və mənə də məsləhət gördü ki, mən də sənədlərimi ora göndərim. Leninqraddakı Kimya-Texnologiya İnstitunun aspiranturasında bir yerə beş ərizə verilmişdi.

O zaman Bakıda universitetin rektoru Abdulla Qarayev idi. Aspiranturaya sənədlərimi hazırlayarkən o mənə bir məktub verib, bəlkə orada köməyi dəyər dedi. Məktubda milli kimyaçı kadrlara ehtiyac olduğu yazılmışdı. Həmin məktub mənə kömək elədi və mənə əlavə yer ayrıldı. Aspiranturanı  1953-cü ildə bitirdim və dissertasiyamı müdafiəyə təqdim etdim.



- Keçmişə qayıtmış ikən, elə uşaqlıq çağlarından da danışaq…

- Yeddillik orta məktəbi əla qiymətlərlə bitirməyim mənə Pedoqoji texnikuma imtahansız daxil olmağıma şərait yaratdı. O vaxt Pedoqoji texnikum çox nüfuzlu idi. Biz birinci kursda oxuyanda üçüncü kursda oxuyanlara həsəd aparırdıq. Onlara bir nümunə kimi baxırdıq. Sonradan məlum oldu ki, üçüncü kursda həsəd apardığımız tələbələrdən biri də Heydər Əliyev olub. Biz bir vaxtda Pedoqoji Texnikumda oxumuşuq.     Pedaqoji Texnikumu bitirəndən sonra bir müddət kənddə ibtidai sinif müəllimi kimi çalışdım.

- Yormuruq ki sizi?

- Xeyr keçmisi yada salmaq üçün materialım çoxdur. Həyatın qəribəliklərini çox görmüşəm (gülür).

- Şəxsən özünüz övladlarınızın, tələbələrinizin  formalaşması üçün onlara nə kimi məsləhətlər vermisiniz? 

- Başlayım böyük oğlumdan. Mənim böyük oğlum Ayaz riyaziyyatı məktəbdə çox gözəl bildiyindən riyaziyyatçı olmaq istəyirdi. Oturduq söhbət etdik. Mən ona Tibb  İnstitutuna daxil olmağı tövsiyyə etdim. O, etiraz etmədi və pediator olmaq istədiyini söylədi. 6 il Tibb İnstitutunda layiqincə oxudu.

Ayaz Tibb İnstitutunu bitirdikdən sonra Uşaq Nevrorloji Xəstəxanasında işləməyə başlamışdı. İndi o, Moskvada yaşayır, Rusiya Tibb Akademiyasının Pediatriya İnstitutunda aparıcı mütəxəssisdir, şöbə müdiridir, tibb elmləri doktorudur.

- Kiçik oğlunuz Elmar müəllimə də yəqin ki, eyni cür məsləhət vermisiniz…

- Kiçik oğlum da hazırda xarici işlər naziridir. Məktəbi bitirdikdə gəlib dedi ki, “mən beynəlxalq əlaqələr ixtisası üzrə oxumaq istəyirəm”. Getdi Kiyevdə oxudu. Oranı bitirdikdən sonra SSRİ Diplomatiya akademiyasında aspiranturaya daxil oldu. Dissertasiyasını müdafiə etdikdən sonra birbaşa Xarici İşlər Nazirliyində işləməyə başladı.

3 oğul nəvəm var. Biri – Zaur, Moskva Dövlət Universitetini qırmızı diplomla bitirib, diqər iki nəvəm (Riyad və Emin) – Nyu-York Oksford Universitetinin tələbələridirlər. Onlar da öz istəkləri ilə özlərinə ixtisas seçiblər.

- 25 yaşım olacaq. Mənim yaşda olan gənclərə intellektual cəhətdən irəli getmək, həyatda  büdrəməmək üçün nəyi məsləhət görərdiniz?

Bir məsəl var: yüz ölç, bir biç deyiblər. Məqsədyönlü olmaq lazımdır.







Elmin NURİ

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi