Modern.az

Muğamat var olan yerdə: Televiziya müsabiqəsinə bir NƏZƏR

Muğamat var olan yerdə: Televiziya müsabiqəsinə bir NƏZƏR

18 Fevral 2015, 15:39

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi

1. Muğam layihələri: muğamı bu gündən gələcəyə aparan işıqlı yollar

Heydər Əliyev Fondu Azərbaycan muğam sənətinin, xanəndə-sazəndə ifaçılığının müasir dövrün mədəni və bədii tələbləri səviyyəsində bərpası, yaşaması, ötürülməsi və təbliğində çox dəyərli işlər görür, məqsədyönlü bir şəkildə genişmiqyaslı tədbirlər, müxətlif layihələr həyata keçirir. Bu sahədə musiqiçilərə, ustadlara, müəllimlərə, gənclərə Fond tərəfindən bütün imkanlar yaradılır. Bəs bu qədər imkanların, diqqətin, tərəqqinin qarşılığında musiqiçilərin üzərinə hansı vəzifələr düşür? 



Heydər Əliyev Fondunun muğam layihələrindən biri də həmişə geniş ictimai dəstək qazanan, dünya azərbaycanlılarında maraqla izlənilən, ölkə və xaricdə musiqiçilər tərəfindən müsbət qarşılanan, gənc istedadların və muğamın uğurlu gələcəyinə yönələn, hər dəfə sənət ictimaiyyətini öz nəticələri ilə sevindirən televiziya muğam müsabiqəsidir. Müasir musiqi həyatımızın gözəl bir ənənəsinə çevrilən bu müsabiqə 10 ildir təşkil olunur və yaşayır. Məlumdur ki, ötən 2005, 2007, 2009, 2011, 2013-cü illərdə keçirilən televiziya muğam müsabiqələrinə geniş tamaşaçı auditoriyası sönməyən maraqla baxıb, bu müsabiqələr Azərbaycan ifaçılıq sənətinə yeni istedadlar, gənc ifaçılar bəxş edib. Artıq fevralın 16-dan növbəti müsabiqəyə start verilib. Amma bütün bu uğurlarla yanaşı, müsabiqədə arzu olunmayan məqamlar da var. Münsifləri heyəti tərəfindən ötən müsabiqələrdə yol verilən bəzi halların yenə də təkrarlanması, xüsusilə qiymətləndirmə, rəy və davranışlarda özünü göstərən bəzi məqamların bu dəfə özünü göstərməsi, əlbəttə, muğam mədəniyyətimizə sevgi və ehtiramla yanaşan hər birimizin istəyidir. Bu baxımdan, əvvəl verdiyim sualı yenə təkrarlamaq istəyirəm: Muğam, qeyri-maddi irs, onun ifaçıları, inkişafı, təbliği, yaşaması üçün yaradılan bu qədər geniş imkanların və diqqətin qarşılığında musiqiçilərin üzərinə hansı işlər düşür?  Üzümü münsiflərə tuturam və sözümü onlara deyirəm. Çünki hər layihənin icraçıları var və televziya muğam müsabiqəsinin də əsas icraçıları məhz onlardır. Müsabiqədə iştirakçıya qiymət, rəy, yer verən, onları böyük sənətə gətirən, onlara mənəvi və peşəkar dəstək olan, müsbət və mənfi cəhərlərinə həssas və obyektiv yanaşan, müsabiqənin gedişini və nəticəsini həyata keçirən mütəxəssis münsifləri əsas icraçı adlandırmaqda, məncə qeyd-şərtsiz haqlıyam.  

Münfilərin fikrinə hamı kimi mən də şərikəm: doğrudan da müsabiqə respublkamızda milli musiqi bayramıdır, hələ qarşıdan çərşənbə axşamları da gəlir, deməli doğrudan da bayram bayrama qarışıb.

Uğurlar!

2. Muğam ifaçılığının inkişafını istəyiriksə...

Yaxud ustadlardam və münsiflərdən nələri gözləyirik

Ustad - sənətin etalanodur. Ustadlıq - sənətdə ən böyük statusdur. Ustad - ən ali nümunədir. O, hər bir şeydə - sənətində, danışığında, münasibətində, qiymət verməsində, tövsiyəsində, rəftarında, dərsində ustadlığın yüksək mənəvi və etik qaydalarına əməl etməlidir. Bu, usdadın sənət və cəmiyyət qarşında vacib borcu və vəzifəsidir. Bir şəxsi cəmiyyət ustad kimi tanıyır və qəbul edirsə, həmin sənət adamı  bu münasibəti mütləq başa düşməli, qiymətləndirməli və ustad məsuliyyəti daşımalıdır. Əksinə, “mənə hər şey olar” deyib “atın yüyənini” boş buraxmamalı, “atını dördnala” çapmamalıdır. Əks halda, cəmiyyətdə özünə qarşı yalnız təəssüf və hörmətsizlik doğura bilər.

Sözümün canı var. Nadir Axundov və Sərdar Fərəcovdan başqa münsiflərin hamısı muğam ustadıdır, yəni muğamı ustad ifaçı kimi yaşadan, öyrədən, təbliğ edən hörmət-izzətli sənətkarlarımızdır. N.Axundov müsabiqənin təşkilində çox təcrübəli və obyektiv olan, müsabiqənini bütün təşkilati işlərini, gedişatını fəal və uğurlu bir şəkildə düzənləyən əla musiqiçidir, professional musiqi təhsillidir. S.Fərəcov isə da əla musiqiçidir, Bəstəkarlar İttifaqını təmsil edir. Hörmətli, şöhrətli muğam sənətkarlarından ibarət olan belə bir tərkib, təəssüf ki, müsabiqənin elə ilk başlanğıcından yenə də təəccüb doğuran hallara yol verməyə başladı...

Muğamın ustadı ya elə danışmalıdır, ya belə, daha elə-belə danışmamalıdır, özünü efirdə çox göstərmək, özünü reklam eləmək xatirinə söz deməməlidir. Ustadın danışmaq xatirinə danışması, hər dəfə görünmək naminə söz deməsi sənətin mənəvi və peşəkarlıq “pərdələrinə” oturmur. Doğrudur, müsabiqə, tədbirin demokratikliyi münsiflərə söz demək hüququ və azadlığı verir. Amma bu hüquq və azadlıq o demək deyil ki, münsiflər söz deyəndə ustad olduqlarını, cəmiyyətdə  yüksək hörmətə malik olduqlarını unutsunlar. Ən acıncaqlısı isə münsiflərin öz sözlərinə, rəy və münasibətlərinə az qalıl əvəzolunmaz “tütyə” kimi yanaşmasıdır. Artıq 10 ildir, belə hallara yol verilir. Bir də hər dəfə eyni fikirləri bu və digər şəkildə təkrarlmağa nə lüzum var? 



Münsfilərin “repertuarından” bəzi nümunələr:

- Evlisənmi
- Belə getsə, sənə çətin ki qız versinlər
- Özü də gözəldi, səsi də, oxumağı da
- Ayağını niyə bu qədər aralamısan
- Oturanda, oxuyanda düz otur
- Çənən boşdur
- Zəngulələrin yerində deyil
- Bəmdə də, zildə də yaxşı oxudun
- Zildə sözləri aydın demirsən
- Səndən yaxşı xanəndə olacaq
- Xanəndə kimi oxudun
- Xanəndə kimi oxumadın
- İfan mənə əvvəl də, indi də çox təsir elədi
- Zəhmət çəksən, öyrənsən, səndən xanəndə ola bilər
- Bil ha, bu qiyməti müəlliminin zəhmətinə görə verirəm
- Sən filankəsin nəvəsisən, yadigarısan, sənə qiymət verməmək günah olar 
- Zalda əyləşən filankəsi sağ olsun, gəlin alqışlayaq
- Məşqdə yaxşı oxudun, amma indi oxumağın xoşuma gəlmədi
- İştirakçılar yorulublar
- Oxuyanda həyacanlı idin, yəqin buna görə dinamik oxuya bilmədin
- Bura müsabiqədi ey, həyacanlanmaq olmaz, xanəndə gərək özünü ələ alsın
- Əla oxudun, amma müəllim, məktəb görməmisən, ona görə də bu dəfə qiymətin olur “8”
- Sənin oxumağın cümə axşamına döndü (zalda gülüş səsləri)
- Vallah nə deyim, oxuyur, amma elə oxuyur ki, adamı lap yuxu basır (zalda gülüş səsləri)
- öyrənmək lazımdı, bilmək lazımdı, sözü, qəzəli düz demək lazımdı, biz bir qəzəli oyrənib oxuyanacan nə qədər zəhmət çəkmişik, tər tökmüşük, elə bilirsən asandı bəyəm
- səsin yaman yavaş çıxır, biz az ucadan oxu
 - və s. və i.a.  

Adama deyərlər, ay hörmətli muğam sənətkarı bu gənc iştrakçı zildə xaric oxuyursa, zəngulələri yerində deyilsə, oturuşu düz deyilsə, çənəsi boşdursa, müəllim görməyibsə, sözləri və hecaları düz tələffüz eləmirsə, ritmi yoxdursa, onda müsabiqədə nə gəzir? Axı onları seçib müsabiqəyə gətirən sizlərsiniz. Ritmi olmayanı, zənguləsi və zili olmayanı, sözü aydın deməyəni belə məsuliyyətli respublika mərhələsinə niyə gətirmisiniz və niyə oxutdurursunuz?

Daha bir məqam. Təsəvvür edin, bir xalq mahnısı 5-6 dəqiqə çəkirsə, bir nəfər münsifin qiymət verməsi isə az qala 8-10 dəqiqə, bəzən də çox çəkir. Televiziya muğam müsabiqəsində istedadlı gənc ifaçıları dinləyək, yoxsa münsiflərin çıxışlarını, bəyanatlarını, təkrarlanan əhəmiyətsiz rəylərini? Onların öz reklam həvəsini necə təmin etmələrinə hər dəfə “böyük şövqlə” qulaq asmalıyıq? Hörmətli Nadir müəllim münsiflərə bir neçə dəfə xatırlatdı ki, bu uşaqlar neçə saatdır buradadılar, gecdir, iki saatdır cəmi üç ifanı dinləmişik. Amma çifayda münsiflərə fərq eləmədi. Sanki 10 ildir, münsiflər öz ssenariləri əsasında öz rollarını oynayır, özünüreklam teatrı göstərirlər.

Bir ciddi məsələni xüsusilə xatırlatmaq istəyirəm:

- bu müsabiqəyə respublikanın hər yerində, yaşı müxtəlif olan insanlar baxırlar, gəncləri dinləyirlər, münsiflərin danışdıqlarına, qiymətlərinə diqqətlə qulaq verirlər;

- bu müsabiqəyə xarici ölkələrdə yaşayan Azərbaycan diasporları baxırlar;

- bu müabiqəyə muğam-makam sənətinin yaşadığı ölkələrdə peşəkar musiqiçilər, müəllimlər baxırlar.

Zənnimcə, bu “xüsusilər” hər birimiz üçün əhəmiyyətlidir və onları muğamın inkişafına yönələn sənət yarışmasında nəzərə almaq vacibdir,  xüsusilə də muğam ustadı, muğam professoru, muğam eksperti kimi tanınan və müsabiqədə muğamın taleyini həll edən sənət adamları tərəfindən.

Hamımız bilirik ki, şou-sənət müsabiqələrində, estrada mahnı yarışmalarında, rok və pop musiqi müsabiqələrində münsiflərin şoubazlığı, zarafat  etmələri, yumorla danışmaları, mübahisə eləmələri, iştirakçılarla və fanatlarla məzəli diskussiya aparmaları  yol verilən və qəbul olunandır. Amma ciddi musiqi müsabiqələrinə gəlincə, bunlar yol verilən deyil, məsələn, beynəlxalq fortepiano, vokal, ifaçılıq müsabiqələrində olduğu kimi. Unutmayaq ki, muğam da ciddi musiqidir və muğam müsabiqəsindəki münsiflər də bu mühüm fərqi ciddiyə almalıdırlar.

Gəlin etiraf edək ki, muğam müsabiqəsi bir-birimizlə şəxsi münasbitlərimizin, sərgilədiyimiz “dahilik və əvəzolumaqzlıq” sindromununun, şöhrətin və təkəbbürün,  özünütəbliğin yarışması deyil, məhz Azərbaycan muğamının müsabiqəsidir. Bəli, muğamı mükəmməl ifa etmək üçün onu mükəmməl sevməlisən, ciddi və mükəmməl öyrənməlisən, ustad dərsi keçməlisən, gəncləri qiymətləndirəndə sənətə hörməti itirməməlisən, özünü hər cür qeyri-obyektivlikdən qorumalısan, muğama uyğun gəlməyən hər cür rəftar formatından kənar durmalısan, bu böyük sənətin mənəvi qanunlarına uyğun danışmalısan. Amma burada bir vacib şərt də var: müasir dünyada muğamın tarixi mədəniyyətimiz kimi tanındığını və beynəlxalq aləmdə milli kimliyimiz olduğunu da mükəmməl dərk etməlisən; muğam yalnız peşəkar deyil, vətəndaş münasibəti də bəsləməlisən.

3. İfaya qiymət verənlərin arabir vurduqları “xallar”


Reqlamenti nəzərə alıb, cəmi iki faktı demək istəyirəm. Ötən müsabiqələrin birində öz ölkəmizin və xarixi ölkələrin peşəkar musiqiçiləri, muğam ifaçılar (bəlkə musiqişünasları da) muğam professorumuzun, Xalq artistimizin dilindən bu sözü eşitdilər: xahiş edirəm, muğamı regionlara bölməyin, bir Azərbaycan muğamı var.

Muğamın tarixinə, muğam sənətinin ənənəvi-regional məktəblərinə, muğamın tarixi-ifaçılıq üslublarına, muğam sənətinin tarixi çoğrafiyasına qarşı bundan da böyük ehtiyatsızlıq olar? Azərbaycana ərazi və mədəniyyət iddiasında olan erməniyə bundan da sərfəli professor fikri olar? Xahiş edirik, muğamın tarixinə, inkişaf qanunuyğunlqarına, muğam məktəblərinə, muğam nəzəriyyəsinə dəyməyin – bunlar çox mürəkkəb və aktual mövzulardır, bu barədə bir düz söz deyə bilmək üçün insanlar illərlə tədqiqatlar aparır, kitabxanalarda işləyir, yüzlərlə mənbə oxuyurlar. Üstəlik də bu müsabiqə ifaçılıq müsabiqəsidir, elmi simpozium deyil, hörmətli münsiflər. (Efirdə aləmə səslənən bu fikri səhv təsəvvürlərdən ayırmaq üçün o vaxt mətbuatda məqalə yazdım...)

Yaxud budəfəki canlı efirdə “cümə axşamı” söhbəti? Bu nədir: çaşmaq, lağlağı, qiymət? Muğam İslam mədəniyyətindən ayrılmazdır, cümə axşamı İslam ideya və fəlsəfəsində xüsusi bir dəyərdir, müsəlmanlığın qədim ənənəsidir. Əgər İslam mərasimlərindəki dini oxumalar muğam musiqisinə əsaslanırsa, bu oxumaları niyə aşağılayırıq? Əgər dünyadan köçənlərimizi cümə axşamında yad edib, Allah rizasına rəhmət diləyiriksə, dünyanın hər yerində cümə azanı verilirsə, cümə namazı oxunursa, bu qədər ali mənəvi dəyərimizi efirdə niyə dolayırıq? İfaya rəy vermək üçün daha uyğun söz, ifadə tapa bilmirmi hörmətli münsiflər?   

Başqa faktlar da var...

Qiymət verəndə deyilən hər söz, hər fikir, hər ifadə elə bu qiymətin mayasıdır, mabədidir, ölçüsüdür. Bir həqiqət də var ki, münsiflər heyətinin hər sözü, hər fikri, hər ifadəsi həm muğam sənətinin və ifa qaydalarının, həm ustad etikasının, həm müsabiqə səviyyəsinin, həm  muğama və gənclərə münasibətimizin, həm davranış və şəxsiyyət mədəniyyətimizin ayağına yazılır. Daha bir həqiqət də budur ki, verilən qiymətin necəliyi və necə ifadə, şərh olunması münsiflərin, muğam bilicilərinin intellektual mədəniyyətini əks etdirir. Bütün bu həqiqətlərimizlə təkcə özümüz yox, dünya, beynəlxalq təşkilatlar, sənət ekspertləri, psixoloqlar, sosioloqlar, diplomatlar, jurnalistlər, hətta siyasətçilər maraqlanırlar. Ona görə, muğama və bizə aid həqiqətləri mütləq bilməli, onlara qarşı son dərəcə həssas və məsuliyyətli olmalıyıq.

İcazənizlə, münsiflər heyətinin üzvlərinə onu da xatırladım ki, hər bir iştirakçının ifasına danışıqsız və şərhsiz, yəni birbaşa qiymət vermək səlahiyyətləri var. 

4. Muğam müsabiqəsində seçim hüququ: sənət, ədalət, obyektivlik, yoxsa...

Muğamın taleyi qarşısında vətəndaş məsuliyyətimizə dair bir neçə söz

Sənətdə ədalətli seçim və obyektivlik çox zəruridir. Xüsusilə, muğam haram götürən sənət deyil, haram muğama yaraşmır və yapışmır. İstər ulu sənətimizin bu meyarlarından, istərsə də Heydər Əliyev Fondunun yaratdığı maksimum imkanlardan yetərincə bəhrələnib, gələcəyin muğam ifaçılarını yetişdirməli, istedadlı xanəndələrə yol açmalıyıq. Müsabiqənin ana məqsədi də elə budur və bu, təkcə müsabiqənin deyil, bizim hamımızın milli məqsədimizdir. Bu məqsədə ilk növbədə bütün musiqiçilər, sonra da seçim edən münsif üzvləri maraqlı olmalıdırlar.

Seçim mütləq ədalətliliyə, obyektivliyə əsaslanmalıdır. Yalnız bir meyar var: qabiliyyət, istedad, düzgün ifa. Çünki muğam haram götürmür. İddiaçıların filankəsin tələbəsi, yaxud filankəsin qohumu, nəvəsi olması, hansısa deputat, biznesmen, nazir və ya İH başçısı tərəfindən tapşırılması sənət müsabiqəsində obyektiv qiymətləndirmə meyarı, şəffaf nəticəyə təsir edən amil ola bilməz. Unutmayaq: müsabiqə muğam ifaçılığının çağdaş və gələcək taleyini düz həll etmək məqsədi daşıyıt. Bəli, iştirakçının müəllimü yada salınmalı, hər hansı sənət xadimi ilə qohumluğu deyilməlidir. Bunun özü də müəyyən qədər sənət tərbiyəsidir, sənət əxlaqıdır. Amma qiymət verməyə gələndə, belə meyarlar dəyişməli, kimin kimdən dərs alması, yaxud kimin nəvəsi olması, kimin kim tərəfindən tapşırılması qiymət, ədalət, ölçü meyarı olmamalıdır, hamıya eyni prinsiplərlə yanaşılmalıdır. Məsələn, Tərtərdən gələn qız özündən əvvəlkilərin hamısından əla oxudu, ona əla qiyməti tamaşaçıların alqışları verdi. Amma münsiflərin, sən demə, öz “meyarları” var imış?

Müsabiqənin ən azı iki tərəfi var: 1) özünü, qabiliyyətini təqdim edən və sənət rəqabətinə qatılan iştirakçı; 2) onları qiymətləndirən və ən yaxşısını seçən münsiflər.

Bu adi həqiqətə görə də azarkeşləri, tamaşaçıları təkcə gənc iştirakçıların ifa səviyyəsi deyil, həm də onlara qiymət verən ustadların, peşəkar münsiflərin davranış, danışıq və qiymətləndirmə səviyyəsi, nə qədər obyektiv və tərəfsiz olmaları maraqlandırır. Hamı hadisəyə çevrilən istedadlı və fərqli ifa ilə yanaşı, həm də  ustadlarımızdan dürri-rəftar və ustad sözü eşitmək arzusundadır. Doğrudan da tamaşaçılar haqlıdır. Axı ustadlarımız  təkcə öz şöhrətlərini, fəxri artistlik zirvələrini, oturduqları müsnfi kürsününün böyüklüyünü deyil, ilk növbədə Azərbaycanın tarixi muğam mədəniyyətini və Azərbaycan muğam-ifaçılıq sənətini təmsil edirlər. Elə buna görə də Azərbaycan muğam sənətinin ən qabaqcıl nümayəndəsi olmalarını, respublika və dünya tamaşaçılarının onlardan ali səviyyə, davranış, obyektivlik, qiymət gözlədiklərinin fərqinə varmalıdırlar.

Ona görə də münsiflər özləri də özlərinə məsuliyyətlə yanaşmalı, dünyada Azərbaycan muğamına və peşəkar muğam sənətkarına olan yüksək münasibətləri ciddiyə almalı, bu cür münasibətin aşağı enməsinə səbəb ola biləcək hər hansı rəftara, danışığa, lağlağlya, lüzumsuz müəllimbazlığa zərrəcə yol verməməlidirlər. Təsəvvür edin ki, belə hallar Azərbaycan muğam ifaçılığı haqqında yüksək fikirdə olan xarici ölkə musiqiçilərində, vətəndaşlarında təəssüf doğura bilər: Azərbaycanın muğamı, ustadı, sənətkar sözü bu imiş?

Odur ki, münsiflərin özləri də seçim etməlidirlər: 1) respublikada və xaricdə Azərbaycan muğamına qarşı kütləvi marağı, sevgini, dinləmək həvəsini və muğam sənətinə, onun sənətkarlarına qarşı ciddi münasibətləri özlərinin münsif mövqeyi ilə yaşatmalı və təmin etdirməlidirlə; 2) bütün bunları heçə endirməli, dünyada muğam musiqisinə, muğam ustadına olan yüksək münasibətin tədricən enişinə, laxlamasına səbəb olmalıdırlar. 

Seçimimiz birdir və birmənalıdır.

Gəlin bizə verilən geniş imkanlardan öz xeyrimizə deyil, muğam sənətimizin, milli musiqimizin və istedadlı gənclərin xeyrinə maksimum istifadə edək.

5. Gecəyarısı muğam müsabiqəsi?



Hamıda ciddi sual doğuran, bəzən hətta narazılıq notlarına çevrilən bir məsələ də var: gecə saat 21-də, 22-də, 23-də, 23.30-də, 24-də xalq mahnısı, muğam, zərbi-muğam oxumaq. Gecəyarı da muğam çalıb-oxuyarlar? Gəncləri niyə bu qədər incidirsiniz? Nəzərə alaq ki, milyonlarla azarkeş tamaşaçı da var və onların hamısı müsabiqənin vaxtı haqqında eyni cür düşünmür. Mümkündür ki, vaxtın belə seçilməsi müsabiqəyə və muğam sənətinə qarşı kənar tamaşaçıda istehza, ironiya, qeyri-ciddi təsir bağışlasın. Niyə buna gedirik?

Azərbaycanda caz, vokal müsabiqələri də, məktəblilərin ifaçılıq müsabiqələri də, rəssamların müsabiqələri də keçirilir, amma bu müsabiqələri münsiflər və təşkilatçılar gecədən xeyli keçmiş, yəni saat 21-də başlayıb, saat 24-də bitirmirlər. Xarici ölkə və şəhərlərdə də beynəlxalq musabiqələr gecə 21-də başlamır. Elə isə bu cür vaxt təyini niyə məhz həmişə muğam müsabiqəsinə tətbiq olunur? Münsiflərdə əyləşənlərdən hansı biri gecə saat 22-də, 23-də dəstgah, təsnif oxuyar, zilə qalxar? Bir dəfə, iki dəfə yox, iki ay! Dünyanın hansı məkanında  saat 21-dən sonra başlayan müsabiqə var? Bu,  futbol çempionatı deyil, bu səsdir, oxumaqdır, muğam sənətidir, hörmətli münsiflər və icraçılar!

Baxın, gecə saat 22-də gənc xanəndəyə irad tuturlar ki, çənən boşdu, saat 23-də irat tuturlar ki, filan pərdəni düz oxumadın, mahnını yaxşı oxudun, amma muğamı oxuya bilmədin, saat 23.30-da irat tuturlar ki, zildə xaric oxudun, oturmağına fikir ver... Bu nədir? İstehza? Komediya? Axı bu gənc toyda deyil ki  biçarə ona hansısa əhlikefin gecə verdiyi sifarişi çar-naçar oxusun, o, ciddi bir sənət müsabiqəsindədir. Axı sənətimizə necə yanaşmağımızı, gəncləri sənətə necə gətirməyimizi xaricdə də izləyirlər. İnanın, muğam müsabiqəsinin gedişi zamanı zalda mürgü vuran, sifətindən əməlli-başlı yorulduğu, usandığı aşkar görünən və yaxud, yatan tamaşaçıları görmək, hətta görməsək belə, onları bu hala salmaq, üstəlik ifa zamanı zalda söhbət eləmək və s. bütün bu kimi görüntülər muğam sənətimizə, muğam müsabiqəmizə, muğamsevər mühitimizə qarşı ölkədə və xaricdə arzuolunmaz adekvat münasibətlər yaradır...

Yenə də vaxtın yaratdığı ədalətli və düşündürücü suallar: Görəsən, ölkədə və xaricdə müsabiqəni izləyən tamaşaçılar telekanallarındakı verilişlərə, konsertlərə, filmlərə necə baxa bilsinlər? Bəlkə, onları öz əlimizlə müsabiqənin seyrindən əl çəkməyə, kanalı dəyişməyə sövq edirik?

Özümüzdən asılı olan, həlli çox asan mümkün olan bu vaxt məsələsini niyə həll eləmək istəmirik? Müsabiqə Az.TV-də saat 18-də başlaya, saat 18-20 arası aparıla və “Xəbərlər” proqramından sonra yenə davam edə bilməzmi? Niyə də yox, axı müsabiqə həftənin cəmi iki günü keçirilir. Telekanalın həmin iki günlük proqramlarını bu iki günün müsabiqəsi xatirinə tənzimləmək olmazmı? Məncə olar, çünki AzTV-də çox təcrübəli, çox peşəkar televiziya mütəxəssisləri işləyirlər, belə vacib məsələnin həlli onlara, şübhəsiz, çətin olmaz. Bununla da müsabiqəyə də, gənc ifaçılara da, üstəlik müsabiqəyə baxan tamaşaçılara da hörmətimizin, sayğımızın və diqqətimizin daha yüksək olduğunu nümayiş etdirmiş olarıq.

Yox, əgər AzTV hansısa səbəblərdən vaxtı dəyişə bilmirsə, onda müsabiqənin yayımı “Mədəniyyət” kanalında saat 18-dən başlaya bilməzmi? Bir tədbir ki, canlı yayımlanır və redaktəyə, montaja yol verilmədən canlı ötürülür, onda niyə texniki işlərə əlavə vaxt tələb eləməyən bu canlı yayımın vaxtını dəyişməyək? Nədəndirsə, neçə ildir muğam müsabiqəsinə gələndə vaxt məsələsini düzgün həll etmək mümkün olmur...         



6. “Mal yiyəsinə oxşayar”, yaxud muğam müsabiqəsinin tamaşaçısı nə deməkdir?

Tamaşaçılar barədə bir neçə qeydim var. Xahiş edirəm, səmimi sözümü tam səmimi də qəbul etsinlər. Söhbət “səndən-məndən” yox, muğamdan, hamımızdan gedir. 

Televiziya muğam müsabiqəsini zalda izləyən tamaşaçının özünə də televizorda baxırlar. Unutmayaq: Bir musiqinin, ifaçının, janrın, ənənəvi mədəniyyətin qiyməti həm də onun xiridarlarının, fanatlarının kəmiyyəti və keyfiyyəti ilə ölçülür. Bəzən tamaşaçısına baxıb, ifaçıya, sənətə, musiqiyə qiymət verirlər. Muğam müsabiqəsi tamaşaçılarının bunları nəzərə alması yaxşı olar.

Hörmətli tamaşaçılar, zalda əyləşəndə papağınızı zəhmət olmasa çıxarın; tez-tez əliniz çənənizə dirəyib özünüzə müdrikanə görkəm verməyin; mürgü vurmayın; feyziyab olurmuş kimi meditasiya vəziyyətində gözləriniz axmasın; yatmayın; ifa zamanı söhbət eləməyin; yersiz gülməyin; özünüzü monitorda görəndə çaşmayın və pozanızı, mimikanızı həmən dəyişməyin; kameranı görən kimi özünüzə “cəmiyyətin seçilmişləri” formatı verməyin; əgər muğam müsabiqəsi doğrudan da sənət bayramıdırsa, onda öz görüntünüzlə də bu bayrama səliqəli, layiq bir görüntü verin; oturuşda milli mədəniyyətin dəstəkçisi, təmsilçisi, müasir dinləyicisi kimi görünməyə səy göstərin və s.  Əks halda, bütün bunlar qeyri-səmimi, süni görüntü, təəssürat yaradır.

7. Ayaqvermə

Müsabiqənin münsiflərinə çox böyük etimad göstərilib və  çox mühüm vəzifə tapşırılıb: milli musiqi mədəniyyətimizin gələcək taleyini həll etmək. Layihə müəllifinin bu yüksək etimadı isə münsiflərdəki xadimlərə olan xalq etimadından, hörmətindən və inamından qaynaqlanır. Bəli, istər muğam müsabiqəsinə, istər onun ideyasına, dəstəkçilərinə, təşkilatçılarına və icraçılarına, istər onun münsiflərinə və iştirakçılarına olan ictimai rəy və münasibət çox yüksəkdir. İştirakçıların da, münsiflərlərin də, icraçıların da işi, məsuliyyəti, obyektivliyi, sözü, rəftarı və qiyməti belə yüksək etimada, rəyə və münasibətə adekvat olmalı deyilmi? 

Qarşıda bizi daha bir möhtəşəm muğam layihəsi gözləyir. Mart ayında IV Beynəlxalq “Muğam aləmi” festivalı keçriləcək. Zənnimcə, bu televiziya müsabiqəsi qarşıdakı festivalın dəramədi və bərdaştıdır. Odur ki, gərək mütləq yaxşı və düz başlayaq, dəstgahın təməlini düz və halallıqla və şəffaf qoyaq, muğamın pərdələrinə xaric yox, düz düşək ki, sonda ayağı da düm-düz verə bilək.  Hər dəfə, həmişə belə etsək, bütün xalqlar muğamı da, ustadları da, gəncləri də, biz milləti də ayaq üstdə durub, “barova” deyə ürəkdən alqışlayacaqlar.   

Tel.: 050-540-00-91; 012-449-97-57.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir