Modern.az

ABŞ-ın Qarabağla bağlı yeni planı

ABŞ-ın Qarabağla bağlı yeni planı

Ölkə

8 Sentyabr 2010, 17:19

ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri,  “Kosovonun xaç anası” sayılan Tina Kaydenau Azərbaycana Qarabağla bağlı Vaşinqtonun yeni sülh təşəbbüslərini gətirib. Modern.az-a diplomatik mənbələrdən daxil olan məlumatlara görə, ABŞ-ın Qarabağla bağlı sülh planında yer alan təklifləri içərisində işğal edilmiş Kəlbəcər rayonunun statusu xüsusi yer tutur. Bu məsələdə Türkiyə tərəfinin israrı rəsmi Vaşinqtonu məcbur edir ki, bu tələbi irəli sürsün. Çünki Türkiyə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhəddlərini bağlayıb. İndi isə sərhədləri Kəlbəcərin işğaldan azad olunacağı təqdirdə açacağını bu məsələdə maraqlı tərəflərə çatdırıb.

Beləliklə, ABŞ həm də bu rayonun boşaldılmasını tələb edən BMT qətnamələrini dəstəkləməklə Madrid prinsiplərini yendən təftiş edilməsinə yol vermək istəmir.

Onu da qeyd edək ki, son zamanlar Ermənistanın Madrid prinsiplərindən imtina siyasəti Vaşinqtonda narahatlıq yaradıb. Ermənistan prezidenti Serj Sərkisyan kiməsə məlum olmayan Sankt-Peterburq razılaşmasından danışır və erməni rəsmiləri problemi bu razılaşma əsasında həllinə razı olduqlarını bəyan  edirlər. Bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Lavrov da üstüörtülü şəkildə demişdi ki, tezliklə Qarabağla bağlı əsas bir necə razılaşmanı əhatə edən çərçivə sazişi imzalanmalıdır, digər mübahisəli məsələlər isə sonra həllini tapa bilər. Bununla da Rusiya Madrid prinsiplərinin arxa plana keçməsinə eyham vurub. Bu isə ABŞ-ın maraqlarına uyğun deyil. Kaydenaunun səfərində məqsəd problemin beynəlxalq güclərin vahid razılaşdırılmış mövqeyinə uyğun olmayan təklifləri gündəmdən çıxarmaq məqsədi daşıyır.

Qeyd edək ki, ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydenau sentyabrın 7-də Azərbaycana səfərə gəlib. BMT-nin işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı müzakirələrinin məhz Tina Kaydenaunun səfərindən sonraya saxlanılması da ABŞ-ın Qarabağla bağlı yeni planına uyğyn olduğu da söylənilir. ABŞ-rəsmisinin Rusiya prezidenti Medvedyevin rəsmi səfərindən sonra Azərbaycana gəlməsi heç də təsadüfi deyil. Hadisələrin gedişi onu göstərir ki, ABŞ deyildiyi kimi Cənubu Qafqazı Rusiyaya qurban verməyib və bu regiondan elə-belə vaz keçənə oxşamır.  Tina Kaydenaunun sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, daha sonra prezident İlham Əliyevlə görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə etməsi yuxarıda qeyd olunanlara əsas verir.

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır