Modern.az

Uğurlu filmlərin unudulmuş ssenaristləri - ARAŞDIRMA

Uğurlu filmlərin unudulmuş ssenaristləri - ARAŞDIRMA

Mədəni̇yyət

10 Aprel 2015, 15:29


Azərbaycan kino tarixində bir-birindən dəyərli filmlərin hazırlanmasında aktyor,  rejissorlarla bərabər, kadr arxasında qalan ssenaristlərin də xidmətləri böyükdür. Dünya kino təcrübəsində də bir filmin yaxşı alınmasının əsas səbəbini uğurlu ssenaridə görürlər. Həqiqətən də uğurlu ssenarilər rejissorun işini yüngülləşdirməklə bərabər, onun ancaq quruluş verəcəyi film üçün hazır materialverir. Ssenarist və kino redaktoru, professor Aydın Dadaşov da özünün “Ssenari yaradıcılığı” kitabında filmin əsas uğuru kimi məhz ssenari amilini göstərir.

Azərbaycan kinosunda əsasən ya quruluşçu rejissorun özü, ya da filmin əsaslandığı bədii əsərin müəllifi  həmin filmin ssenarisini hazırlayıblar. Amma elə mütəxəssislər də var ki, onlar həyatlarını məhz ssenari və film redaktorluğuna həsr edib. Modern.az saytı özünü kinoya həsr etmələrinə baxmayaraq, bu gün unudulmaqda olan ssenaristlərin bir neçəsini təqdim edir:

Alla Axundova – İldə azı bir neçə dəfə baxdığınız “Şərikli çörək” filminin ssenari müəllifi olan bu xanım Azərbaycan kinosunda özünə layiq qiyməti ala bilmədi. Qeyd edək ki, xanım Axundova bu filmin ssenarisinə görə dövlət mükafatına layiq görülüb. Moskvada anadan olsa da, sonradan taleyini Azərbaycanla bağlayan Alla Axundova 1988-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb. O, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Var olun, qızlar” və digər filmlərin ssenari müəllifidir.

İmran Qasımov - Azərbaycan kino tarixində ən məhsuldar ssenaristlərdən biri də xalq yazıçısı İmran Qasımovdur. Yazıçıdan çox, ssenarist kimi tanınan İmran Qasımov 50-yə yaxın irili-xırdalı filmin ssenari müəllifi olub. Bunlara misal olaraq “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “İnsan məskən salır, “Bizim küçə”, “Yolda əhvalat”, “Əsl dost”, “Dənizi fəth edənlər” kimi bədii filmləri göstərmək olar. Təbii ki, bədii yaradıcılıqda da öz sözünü deyən İmran Qasımov Azərbaycanda daha çox ssenarist kimi tanındı. Amma çox təəssüf ki, bu gün İmran Qasımov elə ssenarist kimi də unudulmaqdadır.

Muxtar Dadaşov - mərhum xalq artisti rejissor kimi fəaliyyət göstərsə də, Azərbaycan kino tarixində daha çox ssenari ustası kimi tanınıb. Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Filmlərinin əksəriyyətində ssenari müəllifi kimi çıxış edib. Onun “Sovet Azərbaycanı” sənədli filmi Kannda keçirilən festivalda xüsusi mükafata layiq görülüb. Muxtar Dadaşov 1945-ci ildə çəkilən birinci “Arşın mal alan” filminin operatoru, 1965-ci ildə lentə alınan ikinci “Arşın mal alan” filminin isə Tofiq Tağızadə ilə bərabər ssenari müəllifi olub. “Bakıda küləklər əsir”, “Qanun naminə” kimi səviyyəli bədii filmlərlə yanaşı, 40-dan çox sənədli filmin ssenari müəllifi olub. 

Nadejda İsmayılova - ssenari müəllifi, kino redaktoru olan bu xanım ömrünü  kino sənətinə xərcləyib. İrili-xırdalı, məlum-naməlum 50-dən çox kinoda ssenarist, redaktor və məsləhətçi kimi çalışıb. “Azərbaycanfilm” kinostudiyasında bir müddət baş redaktorun müavini vəzifəsində də çalışıb. Bu gün o qədər də çox xatırlanmayan Nadejda İsmayılova dəfələrlə maraqla baxdığımız filmlərin ssenarisini yazıb. Həmin filmlərə misal olaraq “Asif Vasif, Ağasif”, “Yol əhvalatı”, “Dantenin yubileyi”, “Ad günü”, “Yeddi gözəl”, “İstintaq”, “Qəribə adam” kimi filmlərdə Nadejda İsmayılovanın da əməyi var. Bu filmlərin hamısında ssenarist kimi olmasa da, ya redaktor, ya da məsləhətçi kimi misilsiz zəhmət sahibidir.

Əjdər İbrahimov – bu incəsənət xadiminin çox təəssüf ki, nə rejissor, nə aktyor, nə də ssenarist kimi xatırlanmaqdadır. Halbuki, hər üç sahədə onun özünəməxsus xidmətləri olub. Bu gün uzaq Vyetnamda rəğbətlə xatırlanan İbrahimov orada kinonun sirlərinin yayılmasında misilsiz xidmətlər göstərib. “Qayınana”, “Məhəbbətim mənim, kədərim mənim”, Qəribə adam”, “Ulduzlar sönmür” kimi filmlərin ssenari müəllifi olub. Bu ssenariləri həyat yoldaşı Marqarita Çalayeva ilə bərabər yazıb.

Ədhəm Qulubəyov  - ömrünü bütünlükdə Azərbaycan kinosuna həsr edən ssenarist və kino redaktoru Ədhəm Qulubəyov da unudulanların arasındadır. Halbuki o, bir çox güclü filmlərin həm redaktoru, həm də ssenari müəllifi olub. Bunlara misal olaraq “İstintaq davam edir”, “Görüş”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Bakıda küləklər əsir”, ”Dərviş Parisi partladır”, “Ömrün səhifələri”, “Sehirli xalat” və digər filmləri göstərmək olar. Ədhəm Qulubəyov bu filmlərdən bəzilərinin redaktoru, bəzilərinin isə ssenari müəllifi olub.

Əhmədağa Muğanlı – bədii yaradıcılıqla paralel kino sahəsində də ssenarist və redaktor kimi fəaliyyət göstərən Əhmədağa Muğanlı bu gün xatırlanması vacib olan adamlardandır.  O, 20-yə yaxın sənədli film (“Azərbaycan..., Azərbaycan...”,
“Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Mən sərhədçiyəm” və s.), “Dağlarda döyüş” (1968), “Od içində vahə” (1982), “Qocalar..., qocalar” (1982), “Atları yəhərləyin” (Süleyman Rüstəmlə birlikdə, 1983), “Doğma sahillər” (1988) bədii filmlərin ssenari müəllifıdir.  Muğanlının ümumilikdə 50-dən artıq filmdə əməyi var. O həm də Dövlət Mükafatı laureatı olub.

Azərbaycan kino tarixində bir sıra görkəmli ədəbiyyat adamlarının da ssenariləri sonradan ən baxımlı filmlərin əsasını qoyub. Bu ədəbiyyat xadimləri həm öz bədii mətnlərindən çıxış edərək ssenari hazırlayıblar, həm də sərbəst ssenariləri hazırlayaraq rejissorlara təhvil veriblər. Azərbaycan kinosuna ssenariləri ilə töhfə verən yazıçı-şairlər bunlardır: İsa Muğanna, Sabit Rəhman, Məhəmmədhüseyn Təhmasib, Süleyman Rüstəm, İsi Məlikzadə, Fərman Kərimzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Elçin, Anar, Mövlud Süleymanlı, Ramiz Rövşən. Təbii ki, bunlar hamısı deyil. Amma Azərbaycan kinosunda ən çox ssenariləri olan yazıçılar Rüstəm və Maqsud İbrahimbəyov qardaşlarıdır.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi