Modern.az

Deputatlar toylarda hansı musiqiyə OYNAYIRLAR? - “Tərəkəmə”yə oynayıram”, “Orta şəkərli mahnıları xoşlayıram”...

Deputatlar toylarda hansı musiqiyə OYNAYIRLAR? - “Tərəkəmə”yə oynayıram”, “Orta şəkərli mahnıları xoşlayıram”...

Mədəni̇yyət

16 Aprel 2015, 12:07


Milli rəqslər xalqın dünyagörüşünü əks etdirməklə yanaşı, zaman-zaman onun yaşantılarınn güzgüsü olub. İnsanlar öz duyğularını əl, ayaq və bədən hərəkətlərinə çevirməklə bir növ həmin hiss-həyəcanı ifadə edib. Çox təəssüf ki, milli rəqslərimiz getdikcə toylarda bayağı səslənən mahnı və rəqslərin kölgəsində qalır. Bəs, indiki ziyalılar, konkret olaraq xalqın səs verdiyi deputatlar həmin rəqsləri sevirlərmi? Toylarda, yeri düşəndə həmin rəqsləri sifariş verib rəqs edirlərmi?

Modern.az saytının bu istiqamətdə apardığı sorğuya bir neçə deputat səmimi cavab verib.

Cavanşir Feyziyev: “Milli rəqslərimiz olduqca çoxdur və gündən-günə daha da populyarlaşır. İstənilən halda müxtəlif tədbirlərdə gənclərdə milli musiqi sədaları altında rəqs etməyə böyük həvəs və maraq var. Mən də  demək olar ki, milli rəqslərimizin hamısını sevirəm və toy məclislərində də rəqs edirəm”.

Fazil Mustafa: “Milli musiqilərimiz olduqca zəngindir. Toylarda, müxtəlif şənliklərdə hər kəs qol qaldırıb rəqs edir. Açığı, mən çox oynayan deyiləm. Ancaq toya getmişiksə, əlbəttə, orada oynamalıyıq. Mənim sevdiyim bir neçə mahnı var, onlara oynayıram.  “Bu qala daşlı qala” , “Bala Nərgiz” mahnıları bunlara misaldır”.

Vahid Əhmədov: “Milli musiqilərimizin demək olar hamısı yaxşıdır. Ancaq məclislərdə ən çox sevdiyim milli rəqsimiz “Tərəkəmə”dir. İmkan daxilində toylarda həmin rəqsə oynayıram”.

Jalə Əliyeva: “Mən daha çox xalq mahnısı üstündə olan musiqilərə üstünlük verirəm. Ümumiyyətlə, evdə də xalq mahnılarını dinləməyi, əhval-ruhiyyəm yol verirsə, qol qaldırıb rəqs etməyi sevirəm. Dinlədiyim mahnıların çoxu oynamalı havalar deyil. Amma sevirəm. “Pəncərədən daş gəlir”, “Qaragilə”, “Dağlardan endim düzə, qoymadılar, Bəzəndim gəldim düzə, qoymadılar” mahnıları olduqca xoşuma gəlir. “Uzundərə”ni çox sevirəm. Heç bir qonşu elementi qarışmamış havalarımızı daha çox sevirəm”.

Sevinc Hüseynova:  “Qədimdən olan xalq mahnılarımızı dinləməyi sevirəm. Oynamağa gəldikdə, əlbəttə, oynayıram, ancaq bir o qədər də yox. Toyda sonuncu dəfə nə vaxt oynadığımı xatırlamıram”.

İqbal Ağazadə: “Sümüyümə düşən mahnılara oynayıram. Orta şəkərli mahnıları sevirəm. Hər musiqinin özünün oynayanı var. Toyda şənlənirlər. Ancaq mənim istədiyim mahnılar olsa, daha o toy nə toy olar? Günorta konserti deyil ki? Hər kəsin zövqü fərqlidir. Cavanı, yaşlısı, qocası, ağıllısı, dəlisi, emosiyalısı var. Hərə bir rəqsə oynayır”.

Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi