Modern.az

“Müxalifətdə YAP-ın qərarıyla bağlı bir qorxu, həyəcan vardı”

“Müxalifətdə YAP-ın qərarıyla bağlı bir qorxu, həyəcan vardı”

Ölkə

20 Sentyabr 2010, 16:31

Yeni Azərbaycan Partiyası (YAP) namizədlər siyahısını açıqladı. Ancaq siyahı açıqlanan kimi ona adı həmin siyahıya düşməyən bəzi YAP-çi millət vəkilləri tərəfindən sərt təpkilər gəldi. Eyni zamanda, YAP-ın namizədlər siyahısı müxalifət mətbuatı və bəzi müxalif siyasi liderləri tərəfindən istehza ilə qarşılandı. Görəsən, hakim partiya təmsilçiləri bu haqda nə fikirdədir?

Yeni Azərbaycan Partiyasından (YAP) növbəti dəfə deputatlığa namizəd, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, müxalifət partiyaları onların siyahısını çox diqqətlə öyrəniblər: «Gözləyirdilər, öz planlarını ona uyğun qurmağa çalışırdılar və dünən, srağagün onlar bütün günü YAP-ın hər bir dairə üzrə irəli sürdüyü namizədi analizlə məşğuluydular. Bu istehza deyil, qorxuydu, həyəcan idi. Çünki, YAP 114 nəfər parlamentə düşməyə şanslı olan insanların adlarını açıqladı. Və bir daha sübut etdi ki, cəmiyyətin aparıcı siyasi təşkilatı YAP-dır, onun qələbə çalmaq şansı çoxdur. Eyni zamanda, cəmiyyətin ən çox dəstəyinə malik olan təşkilatı odur. Bu baxımdan, opponentlərimizin bizə nə qiymət verməsinin bir o qədər əhəmiyyəti yoxdur. Əsas odur ki, biz cəmiyyətə üzümüzü tutmuşuq, hər bir dairəyə öz namizədimizi vermişik və bundan əvvəl də həmin dairələrdə o şəxslərin şansları çox diqqətlə öyrənilib. Hesab edirəm ki, bu taktika da özünü doğruldacaq. YAP həmçinin bir siyasi təşkilat olaraq üzvlərinin bu partiyanın ana xəttini müdafiə etməsində maraqlıdır. Bu ümumiyyətlə, bütün siyasi partiyalar üçün xarakterik olan bir cəhətdir. Dairələrdə partiya siyahısından kənarda namizəd verilməsinə dair bəyanatlara isə YAP-ın konkret mövqeyi ortadadır. Kimlərsə özünün namizəd olmağını istəyirdisə əvvəlcədən partiya rəhbərliyinə müraciət edərək onun namizədliyinin nəzərdən keçirilməsini xahiş edə bilərdi. Yox, namizəd verildikdən sonra əgər o, buna alternativlik yaradacaqsa, partiya tərəfindən də çox sərt mövqe ilə qarşılaşacaq. Kimlərinsə bu gün partiya mövqeyindən kənar danışması, əlbəttə, onların öz seçimidir. Hər bir insan bir vətəndaş kimi hüququndan istifadə edərək bu və ya digər addımı ata bilər, amma partiya üzvü kimi o, əgər partiya xəttini gözləmirsə, təbii ki, partiya tərəfindən müvafiq qərara da hazır olmalıdır».

Bəs görəsən, YAP-ın 11 dairədən namizəd irəli sürməməsi nə ilə bağlıdır?
A.Mirzəzadənin bildirdiyinə görə, həmin dairələrdən biri Xankəndi dairəsidir ki, orada partiyanın strukturu olmadığına görə, namizəd verilməsi düzgün deyil: «Qalan 10 dairədə isə ya YAP-a müttəfiq olan partiyaların rəhbərləri namizədliklərini veriblər və biz müttəfiqilk prinsiplərindən irəli gələrək oradan namizədlər irəli sürmədik, ya da bir neçə yerdə respublikanın tanınmış ziyalıları, ictimai xadimləri var ki, onların seçilməsi ümumən dövlət üçün xeyirli olardı və bu baxımdan həmin dairələrdən alternativ namizədlər vermədik. Məsələn, Naxçıvandakı dairələrdən birindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev öz namizədliyini verib. O çalışan insanların, zəhmət adamlarının hüquqlarının qorunması istiqamətində respublikada çox böyük işlər görüb. Onun seçilməsi ümumən cəmiyyət və parlament üçün xeyirlidir. Ona görə həmin dairədən alternativ namizəd verməyə ehtiyac yoxdur».

«Hakim partiya iqtidara meyilli olan, ancaq bitərəfliyini qoruyub saxlayan bəzi nüfuzlu şəxslərin - Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Fuad Muradov, Rövşən Rzayev və digərlərinin dairələrini niyə boş saxlamadı» sualına cavabında A.Mirzəzadə bunları bildirib:

«Bu o demək deyil ki, YAP ümumiyyətlə, tanınan insanların heç birinə  alternativ verməyəcək. Bu gün hörmətli Qənirə Paşayeva da, Gültəkin Hacıbəyli də, Fuad Muradov da, Rövşən Rzayev də hazır olmalıdırlar ki, onlar YAP-ın namizədlərindən daha uğurlu olduqlarını öz dairələrində sübut etsinlər…
YAP öz namizədlərini müdafiə edəcək. Ancaq seçkinin gedişi özü göstərəcək ki, nə dərəcədə rəqabətli seçki daha çox kimi üzə çıxaracaq. Bu baxımdan mən bir tərəfdən Qənirə Paşayevanın, Fuad Muradovun, Gültəkin Hacıbəylinin fəaliyyətinə, potensialına bələd oldğuma görə, onların seçilməsində maraqlıyamsa, digər tərəfdən partiya üzvü kimi YAP-ın namizədinin uğurlu seçkiqabağı kampaniya keçirməsində maraqlıyam. Hər halda, son sözü seçicilər deməlidir və deyəcək».

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü