Modern.az

“Pyer Rişar və Van Dam da Mir Mövsüm Ağa ziyarətgahına gəlib” - MÜSAHİBƏ

“Pyer Rişar və Van Dam da Mir Mövsüm Ağa ziyarətgahına gəlib” - MÜSAHİBƏ

Mədəni̇yyət

27 Aprel 2015, 13:25

Modern.az saytı Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu ilə müsahibəni təqdim edir.

- Mir Mövsüm Ağa ziyarətgahının yaradılması fikri və bu gözəl məkanın ərsəyə gəlməsi və bugünkü fəaliyyəti ilə bağlı danışmanızı istərdik.

- X
alq arasında Ətağa adı ilə tanınan Ağa Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə 1950-ci ildə dünyasını dəyişib və gördüyünüz bu məkanda torpağa tapşırılıb. Ağa hələ sağlığında əfsanəvi bir nüfuza, insanlar arasında dərih hörmət və ehtirama malik olub. Ağamız bu gün də İçəri Şəhərdə ziyarətgah olan evində hər zaman insanlar tərəfindən ziyarət olunub. O, insanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, səfa gətirən fitri istedad, ecazkar qabiliyyət sahibi kimi böyük nüfuz qazanmış, şöhrəti Azərbaycanın hüdudlarını aşıb uzaqlara yayılmışdı. İndinin özündə respublikamızda, Bakıda vaxtilə seyidi görmək nəsib olmuş, ona pənah gətirmiş, xeyir-duasını almış, onun şəfaverici əllərinin təmasını duymuş çoxsaylı şahidlər yaşayırlar. Minlərlə insan onun kəraməti sayəsində əlacsız sayılan azar-bezardan qurtulmuş, yüzlərlə sonsuz qadın nicat tapıb analıq səadətinə qovuşub. Camaat ona pənah gətirər, onun ilahi vegisinə inam bəsləyərdi. Cahan müharibəsi illərində oğulları, ərləri ölüm-dirim vuruşu aparan analar, gəlinlər Ağanın ocağına üz tutur, əzizlərinin cəbhədən sağ-salamat qayıtması üçün ondan xeyir-dua diləyirdilər.

Ağa dünyasını dəyişəndə minlərlə, on minlərlə insan yas tutdular, onun ruhuna rəhmət oxudular. Bu günədək seyidin son mənzilini, ömrünün əksər hissəsini keçirdiyi İçərişəhərdəki ocağını ziyarət edən xalqın axını kəsilmir. 

İnsanlar əvvəlki kimi onun müqəddəs ruhuna inam bəsləyir, səcdə qılır, türbəsinə, odasına, bu gördüyünüz ziyarətgaha qədəm qoyaraq, nəzir verir, öz dərdi-sərinə əlac tapılmasına ümid bəsləyir, onun mübarək ruhuna pənah gətirirlər.

Ağanın məzarı 1950-92-ci illərdə baxımsız qalıb. Bizim də vətəndaşı olduğumuz Sovet hökuməti imkan verməyib ki, insanlar onun qəbri üzərində abadlıq işi görsünlər. Yaxşı yadımdadır, 90-cı illərin əvvəllərində İranın Məşhəd şəhərində İmam Rzanın məqbərəsini ziyarət etməyə getmişdim. O zaman ilk olaraq düşündüm ki, görəsən, bizdə niyə belə ziyarətgahlar yoxdur? İrandan qayıdan kimi Ağanın ailəsinin icazəsi ilə qəbir üstündə tikinti işlərinə başladım. Hörmətli  Hacı Şərif və Tahir Quliyev də bu işdə mənə çox kömək oldular. Mən yeddi il ziyarətgahın tikilməsində fəhlə kimi işlədim. İki ildən sonra fədakar adamların səyi ilə, nəzir  gətirən zəvvarların vəsaiti hesabına bu gördüyünüz əzəmətli abidə yarandı. Biz qarşıya belə bir məqsəd qoyduq ki tikintilər, memarlıq ünsürləri, ifrat təmtəraqdan uzaq, sadə, gözəl və əzəmətli, Ağa Seyid Əlinin xatirəsinə layiq olmalıdır. Və çox şükür ki, buna nail olduq. 1995- ci ildə Novruz bayramı ərəfəsində Seyidin türbəsinin açılış mərasimi oldu və o gündən bu məkan müqəddəs bir ocaq kimi insanların daha rahat istifadəsinə verildi.

- Bilirik ki, bu ziyarətgaha təkcə Azərbaycandan deyil, digər ölkələrdən də ziyarətə gələnlər var, siz bunun səbəbini nədə görürsünüz?

-
Ağa Seyid Əli haqqında çoxlu əfsanələr, şahidlərin xatirələri var. Bu xatirələri danışanlar təkcə müsəlmanlar deyil, hələ o zamandan beynəlmiləl şəhər olan Bakının müxtəlif dinlərə və millətlərə məxusus olan vətəndaşları da var. Bu məkan Seyidin ruhuna ehtiramın və hörmətin izhar edildiyi bir ocağa çevrildiyindən və Seyidin hikmətlərini görənlərin sayı-hesabı olmadığından onun hikmətinə toplanan insanlar da təkcə ölkəmizdən deyil, xaricdən də gəlirlər.

Amma mən sizə bir məqamı da deyim, Seyidin yaşadığı o müqəddəs məkana ulu öndərimiz Heydər Əliyevin öz anası ilə ziyarətə gəldiyi də bizlərə məlumdur. Bunu Heydər Əliyev Seyidlə bağlı xatirələrində dilə gətirib. Bu ziyarətgaha möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı, mərhəmətli xeyriyyəçi insan Mehriban xanım da dəfələrlə gəlib ziyarətlərini ediblər. Ziyarətgahımızın ən dəyərli nəzirini də bu ocağa Mehriban xanım bağışlayıb. Ağanın rəsminin əks olunduğu möhtəşəm xalça ziyarətgahın bəzəyi, Ağanın ruhuna ehtiramın ifadəsidir.

Sizə deyim ki, bu şəfalı və Allahın böyük inayət etdiyi qəbri hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib.

- Ziyarətgahda toplanan nəzir-niyazlar nəyə sərf olunur?

-
Bütün bu gördüyünüz gözəllik, ziyarətə gələnlərə göstərilən xidmət, burada çalışan insanlar hamısı insanların nəzir-niyazlarının, Ağanın ruhuna xatir Allaha etdiyi qurbanların nəticəsidir.

Bu gün ziyarətgahda insanlar üçün hər şey pulsuzdur. Ziyarətgahın 100 nəfər uzaq yerlərdən gələn ziyarətçini qəbul etmək və gecələməsini qarşılamaq üçün pulsuz mehmanxanası var.

Burada yaradılan, qurulmuş və qurulan nə varsa, Seyidin vəsaiti, camaatın nəziri və inaəsi hesabına əmələ gətirilir. Əgər insanlar dünyadan getmiş kiminsə ruhuna Yasin oxutdurmaq istəsələr, bu, pulsuz yerinə yetirilir. Və ya “Qurbangah”da qurban kəsdirmək istədikdə, qoyunun kəsilməsi, dərisinin soyulması, içalatın çıxarılıb yuyulmasından tutmuş, ətin dogranmasına qədər bütün xidmətlər pulsuz yerinə yetirilir. Bütün bu xidmətlər üçün heç bir pul ödənmir.

Ziyarətgahda bütün Azərbaycan xalqının əməyi var. Bu kompleksi tikərkən heç kəsdən fərdi yardım almamışıq. Bura Azərbaycanın hər bir məkanından ziyarətə gəlirlər və ziyarətgah bütün Azərbaycan xalqının əməyi hesabına tikilir.Ona görə də burada bütün xidmətlər xalq üçün pulsuzdur.

Hazırda Mirmövsüm Aga adına gələn nəzirlərin hesabına yüzlərlə insana maddi yardım olunur və onlar hər ay bu müqəddəs ocaqdan öz paylarını alırlar. Xeyriyyəçilik bununla bitmir. Seyid Ağa adına yıgılan nəzirlərdən bu günə qədər neçə-neçə gənc ailənin təməli də qoyulub, onlara el adətincə toy edilib. Ağa adına gələn hər bir nəzirin öz ünvanı var. Xalçalar, yun yorğanlar gətirirlər, bunları hərbi hissələrə, ailə quranlara veririk. Qızıllardan da yeni ailə quranlara veririk. Bunlar xalq tərəfindən Ağa adına gələn nəzirlərdir və ehtiyacı olan insanlara da verilməlidir.

Ziyarətgaha müraciət edən əlsiz-ayaqsızlara, imkansız şəxslərə yardım olunduğunu, əlillərə, korlar cəmiyyətinə, mədəniyyət işçilərinə, sağlamlığını itirmiş şəxslərin xaricdə müalicə olunmasına, ümumiyyətlə, hər kəsə maddi yardımlar edildilir və hər bir müraciət sənədləşdirilir. Ziyarətgah hər il 12 min manat dövlət vergisi də ödəyir. Eyni zamanda, bütün dini bayramlarda, mövlud günlərində ziyarətgahda böyük ehsan süfrələri verilir.

Hazırda ziyarətgahda yüz nəfərdən artıq insan daimi çalışır. Onlar bizlərdən maddi köməklik istəməyib. İş istəyiblər, biz də Ağaya gətirilən nəzir-niyazın hesabına onlara məvacib veririk.



- Mətbuatda oxuduq ki, rəhbərlik etdiyiniz ziyarətgah Zaqatalada qəzalı vəziyyətdə olan bir məscidin təmirini həyata keçirir. Xahiş edirik, bu haqda ətraflı məlumat verəsiniz.

-
Bu ziyarətgahda bir xeyir iş, xeyir əməl olursa, bunların hamısı Allahın lütfü, Ağamızın mübarək ruhu və insanlarımızın, camaatın nəzir-niyazı hesabına olur. Biz bu nəzir-niyazdan hər bir xeyir iş üçün sərf edirik. Hörmətli akademikimiz, Dövlət müşaviri Kamal Abdullayev vasitəsilə Zaqatala rayonunun Əliabad kəndində ingiloyların ibadər etdiyi tarixi bir məscidin qəzalı vəziyyətdə olduğundan xəbər tutdum. Ziyarətgahın bu məscidin təmirinə yardımçı ola biləcəyini Kamal müəllimin diqqətinə çatdırdım və hörmətli Kamal müəllim də buna çox sevindiyini bildirdi. O məsciddə ibadət edən insanlar bizim din qardaşımızdır və hamımızın vətəni olan Azərbaycanın vətəndaşlarıdır, soydaşlarımızdır. Biz ziyarətgahda toplanan nəzir-niyazın hesabına o məscidin təmirinə maddi yardım göstərdik. Kamal müəllimin,  Zaqatala rayon icra başçısı Mübariz müəllimin və məscid əhlinin iştirakı ilə elə həmin qəzalı vəziyyətdə olan məscidin həyətində toplandıq. Biz Mir Mövsüm Ağa ziyarətgahı olaraq maddi dəstəyimizi, ziyarətgaha bağışlanan xalçanı və ziyarətgahımızın çap etdirdiyi müqəddəs Quran kitablarını onlara hədiyyə etdik. İnsanların, kənd ağsaqqallarının, ziyalıların bu yardımlaşma üçün Ağanın ruhuna oxuduğu rəhmət bizlərin ən gözəl mükafatımız oldu.

- Sizin gördüyünüz bu işlər toleranatlığı və multikulturalizmi vacib siyasi istiqamətə çevirmiş Dövlətimizin atdığı addımlara ən gözəl töfhədir.

- D
oğrudur bu gün ölkə rəhbərimiz, Prezidentimiz İlham Əliyev hər bir vətəndaşımıza, hər bir dinin və məzhəbin nümayəndəsinə eyni münasibəti göstərir. Biz də cənab Prezidentimizdən nümunə götürərək xalqın ziyarətgaha toplanan hədiyyələrini, nəzir-niyazını xalq üçün sərf edirik. Bizim bir vətənimiz var – Azərbaycan və bir əqidəmiz var, dövlətimizə sədaqət və xalqımıza xidmət.

- Ziyarətgah daha hansı xeyriyyə işlərini görməyi planlaşdırır?

- B
iz bu gün olduğu kimi sabah da, birigün də və ümumən Allahın bizləri yaşatdığı hər gələn gündə də yenə öz missiyamızı ləyaqətlə icra edəcəyik və Ağanın ruhuna xatir bu ocağa pənah gətirən insanlara hər zaman yardımçı olacayıq. Bunlardan əlavə biz təkcə müsəlman qardaşlarımıza deyil,  bütün dinlərdən olan və bu ocağa pənah gətirən insanlara əl tutmaqda davam edəcəyik. Bunu da diqqətinizə çatdırım ki, ziyarətgahımız təzəlikcə Qax rayonunda bir neçə imkansız xristian gürcü ailəsini də himayəsinə götürmüş və onlara da mütəmadi yardımlar edəcəyik.

Tez bir zamanda ziyarətgahımızda pulsuz qan bankı da yaradılacaq, bununla bağlı artıq bir xeyli işlər görülmüşdür. Bizim niyyətimiz Ağanın ruhuna xatir toplanan ianələri, camaatımızın nəzir-niyazını yenə də insanlarımıza, ehtiyacı olanlara qaytarmaqdır. Bu işlərdə bizə yardımçı olan hər kəsi Uca Allah öz pənahında saxlasın.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı