Modern.az

General polis rəislərindən nöqsanları aradan qaldırmağı tələb edib

General polis rəislərindən nöqsanları aradan qaldırmağı tələb edib

24 Sentyabr 2010, 20:01


Sentyabrın 24-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı görülən işlər”in və "Soyğunçuluq və quldurluq cinayətlərinin istintaqı və açılması"nın vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Modern.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin  daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib və qeyd edib ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir.

Onun sözlərinə görə, davamlı şəkildə həyata keçirilən tədbirlərlə istintaqdan yayınan təqsirləndirilən şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi, eləcə də soyğunçuluq və quldurluq cinayətləri törətmiş cinayətkar qrup və dəstələrin zərərsizləşdirilməsində müəyyən müsbət nəticələr əldə olunb.

 Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov deyib ki, bütövlükdə, cari ilin 8 ayında, axtarışda olan 1446, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 68 təqsirləndirilən şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 70 nəfərin, habelə İnterpolun Azərbaycan Respublikasında MMB-si tərəfindən beynəlxalq axtarışda olan 58 nəfərin və İnterpolun üzvü olan ölkələr tərəfindən axtarılan 25 şəxsin yeri müəyyən edilib. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışa elan edilmiş 877 təqsirləndirilən şəxsdən 192-si yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə axtarılanların ümumi sayı 156 nəfər, axtarışda qalanların sayı 74 nəfər azalıb. A.Daşdəmirov qeyd edib ki, bu ilin 8 ayı ərzində itkin düşmüş şəxslərin 59,9 faizinin (2009-cu ilin müvafiq dövründə 62,7 faiz) yeri müəyyn olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkin düşənlərin sayı 14,2 faiz azalıb. 

 Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək keçmiş illərlə müqayisədə soyğunçuluq və quldurluqların statistikasında azalmanın müşahidə edildiyini, ötən dövrlərdən bağlı qalmış faktlar da daxil olmaqla 2009-cu ildə soyğunçuluqların 72,4, quldurluqların isə 87,9 faizinin açılmasının təmin olunduğunu bildirib. O, qeyd edib ki, bütövlükdə müsbət sayıla bilən bu  tendensiya cari ildə də davam edib. Ötən illərdən bağlı qalmış hadisələr də daxil olmaqla cari ilin birinci yarısında  sözügedən cinayətlərin açılması müvafiq olaraq 75,5 və 77,3 faiz təşkil edib. Bundan əlavə, 2009-cu ildə quldurluq  və soyğunçuluq faktları ilə bağlı istintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın 81 faizinin, cari ilin birinci yarısında isə 64 faizinin ödətdirilməsi təmin edilib, habelə son ilyarımda ölkə ərazisində quldurluq və soyğunçuluq cinayətləri  törətmiş 159 cinayətkar qrup və 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 597 şəxs məhkəmə məsuliyyətinə verilib.  

O qeyd edib ki, cinayətlərin “isti izlər”lə açılmasının mühüm şərtləri  kimi hadisə yerinə baxışın keyfiyyətli aparılması, iz və maddi sübutların aşkar edilib götürülməsi, araşdırma başladığı andan istintaq, əməliyyat və digər xidmətlərin əməkdaşlarının işgüzar əlaqəli fəaliyyəti, hadisənin şahidlərinin müəyyən olunması, talanmış əmlakın tapılması və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri məqsədyönlü şəkildə və ardıcıllıqla davam etdirilir.       
Müzakirələrdə  çıxış edənlər görülmüş işlər barədə danışıb, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanları tərəfindən görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, lakin bu istiqamətlərdə xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb edib.

Qarşıdan ölkəmizin ictimai-siyasi həyatında dövlət əhəmiyyətli mühüm tədbirin -növbəti parlament seçkilərinin gəldiyini diqqətə çatdıran cənab Ramil Usubov səvermə hüququ olan bütün vətəndaşların, xüsusən bu hüquqdan ilk dəfə yararlanacaq 18 yaşı tamam olmuş vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini işində müsbət nəticələrin əldə olunduğunu, ümumən bu prosesin noyabrın 7-dək başa çatdırılacağına əminliyini ifadə edib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir