Modern.az

“Parlament üzvlərinin müəyyən bir qismini xalq tanımır”

“Parlament üzvlərinin müəyyən bir qismini xalq tanımır”

2 Oktyabr 2010, 18:50

Məhərrəm Zülfüqarlı: “Peşəkarlar seçilərsə, Milli Məclis daha fəal işləyə bilər”

Seçki dövründə diqqət çəkən məqamlardan biri müşahidəçiliyin həyata keçirilməsidir. Bu sahənin formalaşması demokratik seçkilərin əsas məqamlarından biridir. Seçkilər üzrə ekspert, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə söhbətimizdə müşahidəçilik institutunun  formalaşması və inkişafı ilə bağlı oldu.  

- Seçki dövründə müşahidəçilik missiyasının aparılmasının əsas məqsədi nədir?

-Ədalətli və şəffaf seçilərin keçirilməsində müşahidənin böyük rolu var. Müşahidəni təşkil edənlərin əsas məqsədi ondan ibarətdir ki, seçki prosesində saxtakarlığın və qanun pozuntusunun qarşısı alınsın. Həmçinin seçici fəallığı ilə bağlı məlumatları müşahidəçi toplayıb və təmsil etdiyi təşkilata ünvanlayır. AVCİYA 2004-cü ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqini təşkil edib və bizim təşkilat ilk dəfə olaraq, «exit-poll» tədqiqatı keçirib. Son seçkilərdə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə «exit-poll» həyata keçirdik.  
Bütövlükdə həm məntəqədə içəridə oturan müşahidəçi, həm də məntəqənin qarşısında təkrar səs sayan «exit-poll»çular ona xidmət edirlər ki, seçki saxtakarlığının qarşısı alınsın. Əgər «exit-poll»da tutaq ki, göstərilən nəticə ilə qutudan çıxarılan səslər arasında bir-iki faizdən çox fərq varsa, deməli, artıq saxtakarlıq halları var. Ona görə də, Azərbaycanda bu işə daha çox diqqət ayrılır. Seçkilərdə tək QHT-lər, AVCİYA yox, ümumiyyətlə hər bir partiya, hər bir namizədin müşahidəçisi iştirak edir. Sadəcə bir fərqimiz var ki, təşkilatımız ölkə üzrə müşahidəni aparır. Amma bəzi namizədlər ancaq öz dairəsində, bəzi partiyalar isə maraqlı olduğu dairələrdə müşahidəni təşkil edirlər. Bütün bu missiyanın əsas məqsədi seçki saxtakarlığının qarşısını almaq, demokratik, şəffaf seçkilərə dəstək verməkdir.

- Bu sahənin institutlaşmasında beynəlxalq təcrübənin nə kimi rolu var?

-Əlbəttə beynəlxalq təcrübənin böyük rolu var və biz dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bir sıra beynəlxalq təşkilatlar bu sahədə öz köməkliklərini edib. O, cümlədən son illər Avropa Şurasının Venesiya Komissiyası Azərbaycana bu sahədə köməklik göstərir. Bundan başqa ABŞ-ın Milli Demokratiya İnstitutu və ölkəmizdə fəaliyyətini dayandıran Respublikaçılar İntitutu, İFES təşkilatı hər zaman dəstək olub. Mən əvvəlki fəaliyyətim dövründə bir sıra proqramlarda iştirak etmişəm, Bolqarıstan, Polşa kimi ölkələrdə seçkilərlə bağlı təcrübəni öyrənmişəm. Bundan başqa İsveçdə, ABŞ-da olmuşam. Bunu deməkdə məqsədim odur ki, olduğum ölkələrin təcrübələrinin öyrənilməsinin böyük rolu var. Çünki Azərbaycan cəmi 19 ildir dövlət quruculuğuna başlayıb və hesab edirəm ki, seçkilərlə bağlı məsələlər öyrənilməlidir. Hazırda bir təşkilat olaraq keçmiş postsovet ölkələri ilə əlaqələrimiz var və bu günlərdə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri məktub göndərərək, əməkdaşlıq sahəsində göstərdiymiz səylərə görə təşəkkürünü bildirib. Bu bizim assosiasiyanın müsbət fəaliyyətidir və təşkilat olaraq həm beynəlxalq təcrübəni öyrənirik, həm maarifləndirmə yolu ilə bunu vətəndaşlar arasında yayırıq. Yeri gəlmişkən deyim ki, artıq regionlarda müşahidəçilər üçün seminarlarımız başlayır. İlk mərhələdə 35 rayonda müşahidəçilərlə seminarlar keçirəcəyik və beynəlxalq sahədə olan biliklər onlara öyrədiləcək.

-Bu sahə Azərbaycanda hansı inkişaf mərhələsindədir?

-Ölkəmizdə bu sahə bir neçə inkişaf mərhələsindən keçib. 2005-ci ilədək bu mərhələ bir az ağrılı mərhələ idi. Çünki o dövrdə QHT-lərin müşahidəçilik missiyası həyata keçirməsində problemlər vardı. Qanunda belə nəzərdə tutulmuşdu ki, xaricdən maliyyələşən QHT-lər müşahidəyə buraxılmasın. O dövrdə də ölkədə fəaliyyət göstərən QHT-lər Azərbaycanda donor təşkilat olmadığına görə daim xarici fondlara müraciət edirdilər və onların maliyyə dəstəyi ilə işləyirdilər. Bu da ona gətirib çıxarırdı ki, fəal QHT-lər müşahidədən uzaqda qalırdı. Amma 2005-ci ilin oktyabrında ölkə başçısının «Seçkilərin daha demokratik keçirilməsi üçün əlavə tədbirlər haqqında» sərəncamından sonra bu məsələyə aydınlıq gəldi və artıq o maddə qanundan çıxarıldı. Bundan sonra istənilən QHT və vətəndaş müraciət əsasında sərbəst surətdə müşahidə etmək hüququ qazandı. Mövcud sərəncamdan sonra 5 il müddətində bu sahədə xeyli irəliləyişlər olub. Amma bir məsələni də qeyd edim ki, QHT-lərə qadağa qoyulanda bunu tənqid edən, məsələ ilə bağlı böyük hay-küy salan çoxlu QHT-lər var idi. Şəffaf müşahidə üçün hər cür şərait yarandıqdan sonra bu sahəyə həvəs göstərənlərin sayı azaldı. Bir məsələ də var ki, bəzən regionlarda məmurlar tərəfindən QHT-lərə maneələr yaradılır. Məsələn, bir faktı deyim ki, yay aylarında assosiasiya üzvləri ilə birgə bir sıra rayonlarda olduq və işlərimizi müvəffəqiyyətlə qura bildik, amma bəzi rayonlarda buna maneələr oldu. Yevlax rayonunda bütövlükdə koordinatorumuzun fəaliyyətinə imkan verilmədi. Bu cür rayonlarda başqa metodlar vasitəsilə işimizi qurmağa çalışırq. Yəni müşahidəçilərimizin böyük bir qismini MSK-dan qeydiyyatdan keçirəcəyik. Çünki, MSK-dan qeydiyyatdan keçən müşahidəçilər istənilən məntəqədə müşahidə aparmaq hüququ var. Zərurət yaranarsa, bir neçə rayon var ki, həmin yerlərə MSK-dan keçən müşahidəçiləri ezam etmək yolu ilə seçkiləri müşahidə edək.

- Müşahidəçiliklə bağlı yerli və beynəlxalq qanunvericilikdə ziddiyətli məqamlar varmı?

-Müşahidəçiliklə bağlı əvvəlki Seçki Məcəlləsində ziddiyətlər var idi, lakin  indi elə bir ciddi məsələ yoxdur. Qeyd etdiyim kimi qanunda xarici müşahidəçilərlə yerli müşahidəçilərin hüquqları eynidir. Sadəcə olaraq, xarici müşahidəçilər Milli Məclis, MSK-nın özü və yaxud hansısa bir qurum tərəfindən dəvət olunmalıdır. Hər hansı bir əcnəbi öz niyyəti ilə burada müşahidə apara bilməz, bununda xüsusi bir hüquqi əsası var. ATƏT-in parlament seçkiləri ilə bağlı həm uzun, həm də qısa müddətli missiyası olacaq. Bundan əlavə MBD Dövlətləri Parlament Assambleyasının müşahidəçiləri fəaliyyət göstərəcək.

-Vətəndaş cəmiyyətinin bu sahədə rolu hansı şəkildə özünü göstərir?

- Vətəndaş cəmiyyətinin bu sahədə rolu mərhələlərlə özünü göstərib. 1999-cu ilə qədər vətəndaş cəmiyyəti çox ağır bir inkişaf yolu keçib. Hətta parlamentdə QHT-lərə xarici ölkələrə xidmət edən qurumlar kimi təhqirlər də səsləndirilirdi. Bu dövrdən başlayaraq, Milli QHT Forumu ilə Prezident Aparatının icitmai-siyasi şöbəsi arasında dialoq başladı və bunun nəticəsində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yarandı. Artıq 3 ildir ki, hökumətlə QHT-lər arasında əməkdaşlığın nəticəsi olaraq, dövlət özü QHT-lərin layihələrinə yardım göstərir. Bu çox müsbət haldır, çünki, elə QHT-lərimiz var ki, sırf Azərbaycanın taleyüklü məsələsi olan Qarabağ problemi ilə məşğul olur. Dünyanın heç bir fondu Qarabağ problemi ilə bağlı yerli QHT-nin layihəsinə dəstək vermirdi. Seçkilərlə, seçici fəallığının artırlması ilə bağlı bu il bir neçə QHT dəstək alıb. O cümlədən bizim bu sahədə də fəaliyyətimiz var. Vətəndaş cəmiyyəti inkişafdadır, amma problemlərdə var. Bu da əsasən digər donor təşkilatının olmaması ilə bağlıdır. Gələcəkdə bu cür donor təşkilatlarının cox olması vətəndaş cəmiyyətinin inkişafına kömək edə bilər.

- Bir ekspert kimi parlament seçkilərinə daha çox hansı peşə sahiblərinin qatılmasını istərdiniz?

- Əgər siyasət cəmiyyətin idarə olunması haqqında bir elmdirsə, siyasətin özü də seçkilərsiz mümkün deyil. Hakimiyyətin qanunvericilik qolu olan parlamentdə əsasən qanun layihələrini hazırlamağı bacaran, buna peşəkarlığı imkan verən insanlar seçilməlidir. Bu da əsasən hüquqşünas, tarixçi, jurnalistlər, iqtisadçılardır. Və belə insanların olması çox vacibdir. Peşəkarlar seçilərsə, parlament daha fəal işləyə bilər. Açıq deyək ki, parlament üzvlərinin bir hissəsinin fəallığı bizi qane edirsə, müəyyən qisim insanlar var ki, ümumiyyətlə xalq onları tanımır, heç bir prosesdə də iştirak etmirlər. Bu cür passiv parlament üzvlərindənsə, peşəkarlara üstünlük verilsə, daha yaxşı olar.  

Bəxtiyar MƏMMƏDLİ 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər