Modern.az

“Babək”in KADRARXASI: Rasim Balayev baş rola görə verilən qonorardan narazı qalıb

“Babək”in KADRARXASI: Rasim Balayev baş rola görə verilən qonorardan narazı qalıb

Mədəni̇yyət

9 Noyabr 2015, 16:52


Modern.az saytı “Kadrarxası” layihəsini davam etdirir. Bu həftə kadrarxasında xarizmatik sənətkar, xalq artisti Rasim Balayevdir. Onunla birlikdə “Babək” filminin yaradıcı heyəti, akyorları, çəkiliş prosesi, yadda qalan kadrarxası məqamlarından söhbət açırıq.

Arayış: Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu 1969-cu ildə bitirdikdən sonra ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.
Xalq artisti, dövlət mükafatı laureatı “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.
1990-cı ildən 18 yanvar 2013-cü ilə kimi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Bir sıra orden və medallarla təltif olunub. Ailəlidir, iki övladı var.

1979-cu ildə ekranlaşdırılan “Babək” filmi sərkərdə Babəkə ithaf olunub. Filmdə Babəkin həyatı, vuruşduğu döyüşlər, qəhrəmanlıqları öz əksini tapıb. 60-a yaxın ölkə tərəfindən alınan film bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənib. Ekran əsəri 1-ci kateqoriya layiq görülüb.

Filmin  ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı Mayis Ağabəyov, bəstəkarı Polad Bülbüloğlu, dirijoru Rauf Abdullayev, direktoru Tələt Rəhmənovdur.

Rollarda Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amaliya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə, Süleyman Ələsgərov və başqaları çəkilib.

Həsən Seyidbəylidən alınan film...

Qeyd edək ki, filmin rejissorluğu ilk olaraq Həsən Seyidbəyliyə həvalə olunub. Əsərə quruluş verməyə hazırlaşan rejissor fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü aparmağa başlayır. Bədii Şuranın təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərdən “Babək” filmi ondan alınaraq kinorejissor Eldar Quliyevə verilir. Film üçün mübarizə aparan Həsən Seyidbəyli çəkiliş ərəfəsində səhhəti ilə bağlı xəstəxana şəratində müalicə alır. Müalicə müddəti uzandıqca, sağalacağına gümanı azalan H.Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina edir. Rejissor 1980-ci ilin yayında dünyasını dəyişir.

Azərbaycan kinosunun sərkərdəsi Rasim Balayev


Rasim Balayev “Babək”ə qədər “Nəsimi” filmində İmaməddin Nəsimi, “Dədə Qorqud” filmində Beyrək rolunu canlandırmışdı. Tarixi filmlərdə təcrübəsi olan aktyoru tərəddüd etmədən çəkilişlərə dəvət edirlər.

Azərbaycan səhnəsinin parlaq siması, Rusiyanın 650 min, Azərbaycanın 1 milyon rubl ayırdığı “Babək”ə gəlişini belə xatılayır.

Rasim Balayev: “Xəbər tutdum ki, “Babək” filmi çəkilir. Məni də sınaq çəkilişlərinə dəvət etdilər. Sınaqda bəyəndilər və filmə təsdiq olundum. Filmin çəkilişləri bir neçə aya qədər davam etdi, hardasa 1 ilə hazır oldu. Çəkilişlər əsasən Naxçıvanda, Ramana qalasında, kinostudiyanın pavilyonunda, Surxanıdakı “Atəşgah” məbədində aparılıb. Filmin Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda lentə alınıb. Ekranda görünən Bəzz qalası əlində dekorasiya idi, quruluşçu rəssam Mayis Ağabəyov tərəfindən taxtadan hazırlanmışdı. O qədər dəqiqlik, ustalıqla tikilmişdi ki, dekorasiya olduğu hiss edilmirdi.
Babəkin andiçmə, taxta çıxma mərasimi Suraxanıdakı Atəşgahda, Cavidanla qılınclaşması isə kinostudiyanın pavilyonunda ekranlaşdırılıb.

Naxçıvanda gedən çəkilişlər üzüm yığımı vaxtına təsadüf etmişdi. Belə bir vaxtda filmin kütləvi səhnələrində çəkilmək üçün aktyor gücü azlıq etdiyindən yerli əhali də çəkilişlərə cəlb edilmişdi. Naxçıvan rəhbərliyi üzüm yığımı ilə əlaqədar camaatın tam səfərbər edilməsinə nail ola bilmədi. Bu məqamda Azərbaycan SSR Komunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev məsələyə müdaxilə etdi. O, Naxçıvan rəhbərliyinə tapşırıq verdi ki, “Babək” filmi üçün lazım olan bütün şərait yaradılsın və bildirdi ki, “eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar”.
Onun tapşığı ilə zavodlar bizə qılınc, qalxan, nizə düzəldirdi. Havalar çox isti idi, insanların çoxu gəlmirdi. Pambıq yığımına məcburən apardıqları kimi onları çəkilişə zorla gətirirdilər. O köməklər edilməsəydi, filmin ərsəyə gəlməsi mümkün olan iş deyildi.

Həmçinin Moskvadan “Mosfilm”in “Kavaler polku”nun diviziyası, atları ilə birlikdə əsgərləri də gəlmişdi. Naxçıvan sərhəd qoşunlarının əsgələrini də çəkilişlərə cəlb etmişdilər. Çəkiliş meydançasında əksərən 4-5 min adam olurdu.

Yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar hazırlamışdı.

Aktyor işi bütün bunlarla uzlaşdığından ortaya mükəmməl iş çıxdı. Aktyorların hər biri sənət uğrunda can qoyurdu. İndi belə sənətkarlar barmaqla sayılacaq qədərdir. Heç onları axtarıb arayan da yoxdur”.

“Atdan yıxılmaqlarım indi özünü göstərir”

Xalq artisti çəkiliş prosesinin ağırlığını xatırlayarkən, aldığı zədələrin hələ də onu narahat etdiyini dilə gətirir:


Rasim Balayev
: “Bir neçə aktyorla birlikdə ippodroma, üzgüçülüyə, qılıncoynatma məşqlərinə gedirdik. Təxminən 2-3 ay məşqlərdə olduq. Əsasən atla bağlı problemlərim olurdu. Bir neçə dəfə atdan yıxılmışdım deyə, zədələnmişdim. Elə indi də onun əziyyətini çəkirəm. Belimdə ağrılar çox olur, həkimə müraciət edəndə deyirlər ki, zərbə almısan. Zərbə almağım da ancaq atdan yıxılanda olub, cavan olanda hiss etməmişəm. Yaş da, zədələr də indi öz sözünü deyir.

Həm ağır film olduğundan, həm də bu qədər çox insan cəlb edildiyindən ekstremal vəziyyətlər çox yaranırdı. Bir də görürdün ki, ani olaraq aktyor qılıncı səhv vururdu, gedib digərinin çiyninə, qoluna, ayağına dəyirdi. Yaralananlar, atdan yıxılıb beli sərpən, qılıncla əlini kəsənlər çox olurdu.

Bir dəfə belə halı mən də yaşadım. Az qalmışdı ki, rəhmətlik Şahmarın başını qılıncla yarım. Onda yaxşı qurtardıq.

Nəinki mən, ata minən istənilən aktyorun atdan yıxılmağı bir yana, qılıncdan aldğımız zədələr, isti hava şəraiti dözülməz idi. Hətta bir dəfə atın özü yıxıldı, ayaqları sındı, onu Naxçıvanda sərhədi qoruyan itlərə yedizdirdilər.

Nizə, qılınc tutmaqdan əllərim qabar bağlamışdı. Ənvər Həsənovla (Tərxan) mənim əynimdəki geyimlər donuz dərisindən hazırlanmışdı. Əynimizdəkilər qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi.

Situasiyadan asılı olaraq heç cür alınmayan səhnələrimiz olurdu. Bu, demək olar ki, bütün filmlərdə olan şeylərdir. “Babək”in hər bir epizodu mənim üçün çətin idi. Çünki, dərin psixoloji rolu canlandırırdım, əsəb, stress, fərqli oyun tərzi tələb edən obraz idi. Ona görə də həmişə ağır olurdu, özümü səfərbərliyə alırdım. Mənim üçün çətin idi”.

“Filmdəki oğlum yasda mənə çay gətirmişdi...”



Rasim Balayev
: “Aktyor heyətinə söz ola bilməzdi. Amaliya Pənahova, Ənvər Həsənov, Şahmar Ələkbərov və başqaları hamısı işinin öhdəsindən layiqincə gəlməyi bacarırdı. Filmdəki pəhləvanlar Qırğızıstandan gəlmişdi, xüsusi tryukları həyata keçirirdilər.

Babəkin oğlu rolunda çəkilən körpə uşaq filmin direktoru Tələt Rəhmanovun qohumu idi. Yenicə anadan olmuşdu. Babəkin oğlunu qucağına aldığı səhnə kinostudiyanın pavilyonunda lentə alınıb. Yadıma düşmüşkən deyim ki,Tələt Rəhmanov dünyasını dəyişəndə yoldaşlarla birlikdə başsağlığına getmişdik. Məclisdə gələnlərə çay verilirdi. Bir cavan uşaq mənə də çay verdi. Dedilər ki, bu oğlan tanış gəlir sənə? Dedim, yox. Bildirdilər ki, “Babək” filmindəki balaca oğlundur. İllər sonra tanımağım, əlbəttə, mümkün deyildi, mən onu körpə ikən görmüşdüm.

Səhər saat 6-dan axşam saat 11-ə qədər çəkiliş meydanında olurduq. Hamı səhər tezdən durub hazırlaşırdı. Bizi də hazırlaşdırırdılar. 5-6 nəfər kostyumer 3-4 min adamı geyindirirdilər. Bu, saatlar alırdı. Hər şey çətin idi. Camaat hazır olanda bizi də çəkiliş meydanına gətirirdilər. Xüsusi rejim, qayda-qanun, hərənin öz vaxtı vardı. 4-5 min  adamı bir yerə cəm edib film çəkmək elə-belə baş tutan iş deyildi. Təsəvvür edin ki, 50 dərəcə istidə atların alnını yaş dəsmalla bağlayırdılar ki, gün vurub öldürməsin. Bir də görürdün ki, başımızda olan mis dəbilqələr istidən qızıb, başımızı yandırırdı. İstinin təsirindən dəhşətli ağrılar olurdu deyə, fürsət düşən kimi dəbilqələri çıxarırdıq.

Babəkin qoşunu ilə hücuma keçdiyi kadrda arxasınca 400-500 döyüşçü gedirdi. O vaxt indiki kimi mobil telefonlar, müxtəlif vasitələr yox idi. Ona görə də müxtəlif işarələrdən istifadə edilirdi. Məsələn, fişəng bir dəfə atılanda “gəlin” deyilirdisə, ikinci fişəngdə dayanmalı idik. Amma olurdu ki, ikinci atılan fişəng eşidilmirdi. Zarafat deyildi, o boyda adamın səs-küyü, izdiham. “Stop” deyib çəkilişi saxlayırdılar. O qədər adam yenidən geri qayıdırdı, yenidən həmin vəziyyəti alırdıq. Naxçıvan rəhbərliyi xüsusi maşınlar ayırmışdı, yemək, su gətirirdilər. İsti olduğundan suya tələbat da çox idi.

Rejissor Eldar Quliyev və operator Rasim İsmayılovun gördüyü iş haqqında danışmaq artıqdır. Çünki, iş göz qabağındadır. Tamaşaçı məhəbbəti, tamaşaçı marağı hər şeyi izah edir. Rejissor nə istədiyini bizə bildirirdi, biz də çalışırdıq ki, onun istədiyini yerinə yetirək”.

“Babək”in Rasim Balayevin həyatındakı rolu

Rasim Balayev: “Bakək mənim üçün çətin, məsuliyyətli, həyəcanlı bir rol idi. Anlayırdım ki, filmin uğurlu alınması üçün tamaşaçı Babəki sevməli idi. Çünki, bu filmə qədər və bu filmdən sonra  bir çox tarixi filmlər çəkildi, amma qəbul edilmədi, tamaşaçı onu sevmədi. Bu da aktyor üçün başucalığı gətirmir. Mən məsuliyyəti dərk edirdim. Bilirdim ki, ya oynamamalı idim, ya da razılıq vermişdimsə, ürək qoymalı idim. Şükürlər olsun ki, hər şey gözlənildiyi kimi alındı. Düzdür, bu tək bir insanın deyil, ümumi kollektivin, şəraitin, tərəf müqabillərinin ərsəyə gətirdiyi iş idi. Qrimdən tutmuş məkan, aktyor seçiminə qədər hər şey bir-birilə bağlı idi. Hansısa biri axsayanda keyfiyyət aşağı düşür. Ona görə də tarixi filmi çəkmək asan deyil. İnsanlar tarixi filmlərə daha həssaslıqla yanaşır. Mən də hiss edirdim ki, yaxşı oynamasam əziyyətimiz bata bilər.

Bu filmə görə çox az qonorar almışdım. Sovet vaxtı da, indi də aktyora verilən qonorar azdır. Ən azı Rusiyaya baxın, orada aktyora verilənlə burdakını müqayisə edin. Bizdə qonorarı “tula payı” kimi aktyorun qabağına atırlar ki, olan budur. O barədə biz həmişə də geridə qalmışıq, hələ də geridəyik. Azərbaycanda aktyora layiq olduğu qiymət verilməyib”.

Gülşən RAUFQIZI

****
Həmçinin oxu:

“Ögey ana”nın KADRARXASI - “Çaya yıxılandan sonra Ceyhun Mirzəyevlə ikimiz də xəstələndik”
//modern.az/articles/84253/1/

"Xoşbəxtlik qayğıları”nın KADRARXASI: “Rasim Balayev rejissorun göstərişi ilə o oğlanı gerçəkdən vurdu, aləm qarışdı"
//modern.az/articles/84706/1/

“Özgə ömür” filminin KADRARXASI: Məşhur Aleksandr Kolyagin Bakıda çəkiliş heyətini çətinə salıb
//modern.az/articles/68514/1/

Kadrarxası: “Səməndər Rzayev “Ad günü” filmində çəkilişi saxlayıb, rejissordan əsl şampan tələb etdi”
//modern.az/articles/63945/1/ 

Kadraraxası: “Ceyhun dedi ki, “məni döyün”, şil-küt elədilər onu..”
//modern.az/articles/59953/1/

Kadrarxası: “Qanun naminə” filmindəki rola görə mənə 4 min rubl verdilər, imtina etdim” - Flora Kərimova
//modern.az/articles/65703/1/

Kadrarxası: “Rejissor Rasim Ocaqov “ə, sən araq içmirsən, bazlıq etmirsən, rədd ol burdan!” deyə məni qovdu"
//modern.az/articles/56852/1/

“Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi”
//modern.az/articles/53626/1/

“Şərikli çörək”in KADRARXASI: “Film təhvil veriləndə Moskvada nəhəng sənətkarlar ağlayırdı”
//modern.az/articles/85187/1/

“Qaraca qız”ın KADRARXASI: “İlanı ətəyimə atanda az qaldı qorxudan dəli olum” - Filmin Xədicəsi
//modern.az/articles/86043/1/

“Dərviş Parisi partladır”ın KADRARXASI: Ənvər Həsənov filmdəki Şərəfnisəyə gerçəkdən aşiq olub
//modern.az/articles/87045/1/

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü