Arxiv
20 Sentyabr 2015, 09:30 | MƏDƏNİYYƏT
“Şərikli çörək”in KADRARXASI: “Film təhvil veriləndə Moskvada nəhəng sənətkarlar ağlayırdı”
“Şərikli çörək”in KADRARXASI: “Film təhvil veriləndə Moskvada nəhəng sənətkarlar ağlayırdı”

Modern.az saytının “Kadrarxası” layihəsinin bu həftəki qonağı dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, tanınmış aktyor, rejissor Əbdül Mahmudovdur. Onunla birlikdə tamaşaçıların hər zaman maraqla izlədiyi “Şərikli çörək” filminin tarixini vərəqləyirik.

 

Arayış: 15 may 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olmuş Əbdül Mahmudov əslən Şamaxıdandır. Ata tərəfi Ərdəbildən gəlib. 1961-ci ildə orta məktəbi bitirən Ə.Mahmudovun kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmlərilə baş verib. 
O, 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnib. “Axırıncı aşırım” filmi çəkilən müddətdə isə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsinə daxil olub. 1971-1973-cü illərdə Moskvada Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G.Daneliya kimi məşhur sənətkarlardan dərs alıb. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, iki nəvəsi var.

 

Müharibədən sonrakı illərin ağır həyat şərtlərindən bəhs edən “Şərikli çörək” filmi 1969-cu ildə ekranlaşdırılıb. Kinopovestdə İkinci Dünya Müharibəsi illərindən sonrakı dövrdə uşaqların çətin, fərəhsiz həyatından söhbət açılır. Səfalətin hökm sürdüyü, həm də bitmək bilməyən günlərdə uşaqların bir-birinə olan münasibətləri, baş qəhrəman Vaqifin ac olduğu halda çörəyini digərlərilə bölüşməyi olduqca ibrətamizdir. Bu, aclıq, səfalət şəraitində belə mənliyini, insanlığını itirməyən uşaqların gələcəyə dair yaratdığı böyük ümidləri tərənnüm edir. Arxa cəbhədə gedən müharibənin kiçik qurbanları olan uşaqlar, bu filmdə ön palana çəkilir. Müharibə uşaqları vaxtından tez böyüdür...10 yaşlı uşaq dərs oxumaq əvəzinə, çörəkpulu qazanmağın yollarını axtarır.

 

Filmin ssenari müəllifi Alla Axundova, quruluşçu rejissor Şamil Mahmudbəyov, quruluşçu operator Teyyub Axundov, quruluşçu rəssam Fikrət Bağırov, bəstəkar Vasif Adıgözəlov, filmin direktoru Yusif Yusifzadədir.

Rollarda Kamran Rəcəbli, Tuna Namazova, Firuz Əliyev, Xosrov Mamayev, Cəmilə Məmmədova, Sədayə Mustafayeva, Əminə Yusifqızı, Sofa Bəsirzadə, Fazil Salayev, Əbdül Mahmudov, Ağahüseyn Cavadov, Əliağa Ağayev, Əhməd Əhmədov və başqaları çəkilib.



Hər planlaşmada müharibə mövzusu şərt idi...

 

Müsahibimiz deyir ki, həmin dövrdə müharibə illərinə həsr edilmiş filmlərin çəkilməsi şərt idi. Filmin ssenaristi Alla Axundova hadisələrin canlı şahidi olduğundan belə bir sserinin yazılması onun üçün heç də çətin olmur. Filmin bəstəkarı Vasif Adıgözəlovun yaratdığı ecazkar musiqi isə görünməyən səhnələri tamaşaçı gözü qarşısında canlandırmağa bəs edir.

Əbdül Mahmudov: “O dövrdə kinostudiyada bütün janrlarda filmlər çəkilirdi. Ona görə indi Azərbaycan kinosu canlı arxiv, silinməz tarix, böyük mədəniyyətdir. İndi əksəriyyət nostalgiyaya qapılaraq “niyə o filmlərdən çəkilmir?” deyir. Əvvala o filmləri yazan-yaradan ustadlar var idi. O ustadların hamısı janr üzrə formalaşmış, peşəkar rejissorlar idilər. Məsələn, uşaq filmlərindən söhbət düşəndə hamı çox gözəl bilirdi ki, bu, Şamil Mahmudbəyovun işidir, nağıldan, fantastikadan söhbət düşəndə Əlisəttar Atakişiyev xatırlanırdı, psixoloji əsərləri Həsən Seyidbəyli, müasir-dedektiv janrda olan filmləri isə Rasim Ocaqov ekranlaşdırardı və s. Hər hansı film kinostudiyada qəbul olunanda müəlliflər rejissorla görüşür və çəkilişlərə birgə hazırlaşırdılar. “Şərikli çörək” də məhz uşaqların həyatına həsr olunduğundan filmi Şamil Mahmudbəyova həvalə etdilər.

Mənim bu filmdə oynamağım heç də təsadüfi deyildi. Artıq xeyli vaxt idi ki, təyinatla kinostudiyaya gəlmişdim, peşəkar kinoda idim. Bir neçə filmlərdə çəkilmişdim. Həm də o vaxt belə bir tendensiya var idi ki, rejissorlar hər dəfə film çəkəndə şəxsən simpatiyası olan aktyorları dəvət edirdi. Bu dünya kinosunda da belə idi. Məsələn, rejissorlar var, şərt irəli sürür ki, baş rolda istədiyim aktyorlar çəkiləcəksə, filmi çəkirəm.



“Şərili çörək” filmi müharibə və ondan sonrakı dövrdən bəhs edən mükəmməl əsər idi. Hamı müharibəni bilirdi. Amma çoxu bilmirdi ki, əsl müharibə arxa cəbhədə gedir. Əli iş, silah tutan bütün kişilərin hamısı cəbhədə, qalanlar isə qadınlar, uşaqlar və yaşlılar idi. Azərbaycan sovet ideologiyası bu idi ki, arxa cəbhə möhkəm olanda, cəbhədə olanlar biləndə ki, ailəsi etibarlı əllərdədir, onlar da sidq ürəklə vətəni, ailələrini qoruyurdular. Hətta vətən üçün ölümə də gedirdilər. “Azərbaycanfilm” də böyük SSRİ ideologiyasının bir parçası idi. Ümumiyyətlə, Cənubi Qafqaz xalqlarının əxlaqı, mənəviyyatı, onların arxa cəbhədə fəaliyyəti çox təqdirəlayiq idi. Ələlxüsus da Azərbaycan və Bakının...

Cəbhənin “qan damarı” olan neft Bakıda istehsal olunurdu. Ona görə Azərbaycan almanların da, daxilin də, xaricin də xüsusi diqqət mərəzində idi. Məhz bu səbəbdən də kinostudiyada hər il planlaşdırmada bu mövzuya aid bir film çəkilirdi”.

 

Filmi təhvil verəndə nəhəng rejissorlar ağlayırdı...

 

Baş qəhrəmanın – Vaqifin atası müharibədə həlak olmuş, anası isə ezamiyyətə göndərilmişdi. O təkbaşına, həm də ac idi. Qonşular mümkün qədər ona göz-qulaq olur, qarnını doyurmaq üçün bir qarın yemək verirdilər. Bununla bağlı səhnələr tamaşaçının qəlbini sızladır... Film iki variantda lentə alınıb. Birinci variantda film diktor mətni ilə müşayiət olunur. Vaqifin fikrindəkiləri danışan diktor isə Azərbaycanın görkəmli sənətkarı Həsən Əblucdur. İkinci variantda isə diktor mətni yoxdur.

Əbdül Mahmudov: “Yadımdadır ki, o vaxt “Şərikli çörək”i Moskvada təhvil verəndə dünyanın bütün kinolarını görmüş nəhəng sənətkarlar orda idi. “Qostakino”da diqqət etdim ki, orada olan redaktorların, rejissorların hamısı filmi izləyib ağlayırdı.

Məsələ burasındadır ki, insanlar ekstremal şəraitdə tez böyüyürlər, eləcə də müharibədə... Filmdə ac uşaq talonunu tapanda çörəyi alıb onu bütün uşaqlarla ata malı kimi bölüşür. Bolşevik-sosialist ideologiyasının ana xətti bu idi. İnsanlar arasında vəhdət, birlik, bir-birinə qarşı inam, qayğı yaradırdı. Ona görə də sovet dövrü filmlərindən dövlət mükafatı alan heç təsadüfi deyil ki, məhz “Şərikli çörək” oldu”.

 

Bakı məhəlləsi, Kubinka, Nalçik...

 

Aktyor filmin lentə alındığı məkanlar barədə də məlumatları bizimlə bölüşür. Deyir ki, filmin böyük hissəsi “Böyük qala” küçəsində çəkilib.

Əbdül Mahmudov: “Film bütövlükdə “İçərişəhər”də, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə çəkilmişdi. Filmdəki hadisələr Bakı məhəllələrinin birində cərəyan edir. Bu həyət məhz bu filmdə kəşf olunub. Bu həyət Azərbaycan kino tarixində özünəməxsus yer tutan filmlərə evsahibliyi edib. Daha sonra orada “Bizim Cəbiş müəllim”, “Gecə qatarında qətl” və s. filmlər də lentə alınıb. O həyət elə bil fim üçün salınıb. Çox maraqlı, sanki dekorasiya idi, indi də durur.

Həmin həyət “Səadət” sarayı yaxınlığında yerləşir. Film üçün lazım olan geniş girişi, böyük ərazisi vardı. Uşaqların yun çırpması, vedrənin yuxarıdan aşağı çırpılması məhz orada lentə alınıb. O həyətdən hər tərəfə dəmir pilləkənlər var idi.

Hər dəfə oradan yolum düşəndə mütləq ayaq saxlayıb, bir anlıq xatirələrə dalır, o həyətdəki adamlarla görüşüb-salamlaşıram. Bir ara həmin həyətin kinostudiyanın balansına verilməsi məsələsi qaldırıldı. Təklif etdik ki, təmir-tikinti işlərinin hamısını kinostudiya hesabına reallaşdıraq və müqavilə ilə kinostudiyanın olsun, təbii ki, sakinlərin orada yaşaması şərtilə. Amma sonra məsələ aktuallığını itirdi.

Həyətin quruluşu elə idi ki, dörd mərtəbəli binada pilləkəndən qalxıb hərə öz evinə gedirdi. Filmdə gördüyünüz həyətdəki insanlar, kütləvi səhnədəkilərin hamısı həyətin adamları idi.

Filmdəki epizodların birində uşağın başı dəmirə keçir. Xalis bakılı obrazının qəhrəmanı deyir: “Uşaqda fərasətə bax eyy, sabunlayın, sabunlayın…”. Bu səhnə ssenari əsasında çəkilmişdi, yəni təsadüfi deyildi. Tipik bakılı olan Novruz obrazının yaradıcısı Əliheydər Həsənzadə idi. Guya bakılılar ağırtaxtalıdır, amma hər işə bir qulp qoyurlar. Müharibədən qaçırlar, amma hazırın naziri olurlar.

Çəkilişlərdə həyətin sakinləri bizə qaynayıb-qarışmışdılar. Onlar artıq kino camaatı olmuşdu. Səhərdən axşama qədər bizimlə birgə olurdurlar. Onların evində çay içib, çörək kəsirdik. Camaat demək olar ki, filmə çəkilməkdən teatrallaşmışdı. Həyətdə 40-50 ailə yaşayırdı. Hamısı da bir-birindən mehriban, qonaqsevən idilər.

Mənim kostyum almağım, aldanmağım Nalçikdəki “tolkuçka” deyilən yerdəki bazarda ekranlaşdırılıb. Fırıldaqçı satıcı mənə deyir: “O boyda Çörçil bundan geyinib, bu hələ fikirləşir".

Bütün şimali-cənubi Qafqazın əhalisi şənbə-bazar günləri ora axışardı. Orada əntiqə mallar satılırdı. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, həmçinin Vaqifin su satan uşaqla davası məhz olmuşdu. Bazarda kartof oğurlayan uşaq isə SSRİ xalq artisti Gülağa Məmmədovun qardaşıdır”.



İtmiş çörək “kartoçka”ları...

 

Müharibə dövründə çörək həqiqətən də talonla verilib. İnsanlar çörək almaq üçün növbəyə dayananda növbə nömrəsi onların əlində qeyd olunub. Eynilə filmdəki kimi...

Əbdül Mahmudov: “Çörək dükanının təsvir olunduğu yer rejissor Şamil Mahmudbəyov tərəfindən təsadüfi seçilməmişdi. Həmin yerlə üzbəüz həqiqətən də çörək dükanı vardı. İnsanların növbəyə dayandığı yer “Böyük qala” küçəsi idi. Sənətkar Yusif Vəliyevin qəhrəmanı çörəkçi ilə insanların dialoq səhnəsi pavilyonda lentə alınıb. Vaqifə növbə çatmamış ekranlarda titrək bir əl görünür. O əl məhz rejissor Şamil Mahmudbəyovun əlidir. İstədiyi kadrı tutmaq üçün rejissor bu epizodda öz əlini çəkdi. Vaqifin kartoçkları itirdiyi vaxt qaçaraq var-gəl etdiyi yer isə Sabir bağıdır. Filmdəki məscid məhz İçərişəhərin girəcəyindəki məscid idi, hansı ki, Vaqif İsmayıl babanın arxasınca ora gəlmişdi”.

 

Filmin Vaqifi indi aktyorluqdan uzaqdır

 

Əbdül Mahmudov: “Filmdəki uşaqların hamısı orta məktəblərdən bircə-bircə seçilmişdilər. Filmlərdə uşaqların tapılması ilə kinoaktyor studiyası məşğul olurdu. Fotoqrafla, ikinci rejissor məktəbləri gəzir, rola uyğun uşaqları seçir, onların fotolarını çəkib rejissor üçün gətirirdilər. Rejissor baxıb qiymət verdikdən sonra uşaqları çağırıb söhbət edir, rollarını başa salırdılar. İlk olaraq sınaq çəkilişləri həyata keçirilirdi.



Vaqif rolunun ifaçısı Kamran, indi Amerikada yaşayır. Şamil müəllim onu “Torpaq. Dəniz. Od. Səma” novellasından tanıyırdı. Ona bələd olduğu üçün düşünmədən bu filmə çəkdi. Şamil müəllim ondan çox razı qalmışdı. Uşaq rollarına görə “Şərikli çörək”də Vaqif roluna görə Kamran Rəcəbli, “Ögey ana”da İsmayılı oynayan Ceyhun Mirzəyev mükəmməl obraz yaratmışdılar. Yəni onları bəyənməmək mümkünsüz idi. Hər ikisi SSRİ uşaq məktəbinin ən gözəl, ən istedadlı nümayəndələri idilər. Yadımdadır ki, Kamran universiteti bitirdikdən sonra Amerikaya getdi və indi də orada yaşayır. Hərdən gələndə görüşüb hal-əhval tuturuq. Aktyorluqdan uzaq, texniki sahəylə məşğuldur.

Filmdə rəqs edən qızı orta məktəblərin birindən tapmışdılar. Uzun illərdən sonra qız mənə yaxınlaşıb dedi ki, mən “Şərikli çörək”də çəkilən qızam. Səhv etmirəmsə, indi hansısa nazirlikdə çalışır.

Hamıdan gizlində yemək yeyən Xosrov Mamayev (Əşrəf) aktyor, rejissor Əşrəf Mamayevin oğlu idi. O da musiqi sənətilə məşğul olurdu. Ümumilikdə film çəkmək özü çətin prosesdir. Bəzən uşaqlar pilləkənlərdən yıxılıb əzilirdi, onların film gərəyi ağlaması üçün rejissor dəridən-qabıqdan çıxırıdı. Bu filmdəki kadrların bəziləri gizli kamera ilə çəkilmişdi. Uşaqlar söhbət edirdi, oynayırdı, rejissor isə özünə lazım olan kadrı tuturdu. Şamil Mahmudbəyov təbiiliyi qorumaq üçün uşaqlara başa salırdı ki, burda yıxılacaqsan, birdən də deyirdi qardaşın öldü, atana güllə dəydi və s. Uşaq da başlayırdı ağlamağa”.

Müsahibimiz bildirir ki, filmdəki elektriçka səhnəsi naturada çəkilib: “Elektriçka Bakı-Suraxanı elektriçkası idi. Vaqonu icarəyə götürdülər, onu film üçün hazır vəziyyətə gətirib çəkdilər. Nəqliyyat Nazirliyindən sifarişlə götürülmüşdü, sonra isə geri qaytardılar”.

Ə.Mahmudov deyir ki, indiki Hökumət Evini o vaxtki alman əsirlər tikiblər: “Almanların pilləkənlərlə irəlilədiyi səhnə Funiklyorun yanıdır, “Dağüstü park”a çıxan yoldur. Filmin canlı alınması üçün müxtəlif yerlərdə müharibəyə həsr edilmiş plakatlar asılmışdı.
Filmdəki aktyor heyəti çox mehriban idi. Xüsusilə böyüklərlə kiçiklər arasında əla münasibət vardı. Əsl rejissorun işi, böyüklüyü vəhdət yaratmaq idi. Filmdə təsvir edilən məsələ-aclıq həqiqətən də arxa cəbhədə idi və aclıq 50-ci illərə qədər davam etdi. Yadımdadır, biz məktəbə jımıx aparırdıq, çünki çörək yox idi. Müharibədən sonra Stalinin gücünə ölkədə vəziyyət bərpa olundu”

Ə.Mahmudov filmdəki foksçu ilə bağlı səhnəni belə şərh edir: “Məsələ burasında idi ki, Rusiyada çətin bir vəziyyətdə belə simfonik konsert verirdilər. Bununla insanları qorxmamağa, sınmamağa çağırırdılar. Yəni, hər şey “əla”dır. O kadr da bunu təsvir edirdi”.

Əbdül Mahmudov: “Filmdə qız uşağının ayağına gəlincik çəkməsi özünün ideyası idi. O qız rəssamlıq məktəbində oxuyurdu, özü də rusdilli idi. Həmin səhnədə əslində parçadan gəlincik düzəldilməli idi. Birdən qız dedi ki, mən çox yaxşı şəkil çəkirəm, hətta dizimə də. Rejissor dedi göstər. O da yaylığı ayağına bağladı, dizində göz-qaş çəkdi. Deyim ki, çox maraqlı səhnə oldu. Krantın başına da yaylıq bağlaması öz ideyası idi.

Şamama roluna nəfəs verən Sədayə Mustafayevanın yaratdığı obraz isə çox ibrətamizdir. Tək qalan Vaqifgilin evlərinin qırlanması üçün qırçı Məhəmmədə ağız açır, ondan xahiş edir. Vaqifin ona şagirdlik edəcəyi müqabilində evlərinin qırlanmasına razı salır. Qırçı Məhəmmədlə bağlı səhnə “İçərişəhər”də, “Kiçik qala” küçəsində lentə alınmışdı. Rəhmətlik Vaqif Mustafazadənin yaşadığı məhəllə idi. Filmdə kiçik bir epizodu oynasa da Fazil Salayev çox maraqla qarşılanır.

Ekran əsərində qırçı Məhəmmdlə Vaqifin nahar fasiləsi zamanı səslənən musiqi isə ecazkar Bülbülün səsidir”.

1970-ci ildə “Şərikli çörək” filmində rejissor Şamil Mahmudbəyov və ssenarist Alla Axubdovaya Dövlət Mükaftı verilib.


***

Həmçinin oxu:

“Ögey ana”nın KADRARXASI - “Çaya yıxılandan sonra Ceyhun Mirzəyevlə ikimiz də xəstələndik”
//modern.az/articles/84253/1/

"Xoşbəxtlik qayğıları”nın KADRARXASI: “Rasim Balayev rejissorun göstərişi ilə o oğlanı gerçəkdən vurdu, aləm qarışdı"
//modern.az/articles/84706/1/

 

“Özgə ömür” filminin KADRARXASI: Məşhur Aleksandr Kolyagin Bakıda çəkiliş heyətini çətinə salıb

//modern.az/articles/68514/1/

 

Kadrarxası: “Səməndər Rzayev “Ad günü” filmində çəkilişi saxlayıb, rejissordan əsl şampan tələb etdi”

//modern.az/articles/63945/1/ 

 

Kadraraxası: “Ceyhun dedi ki, “məni döyün”, şil-küt elədilər onu..”

//modern.az/articles/59953/1/

 

Kadrarxası: “Rejissor Rasim Ocaqov “ə, sən araq içmirsən, bazlıq etmirsən, rədd ol burdan!” deyə məni qovdu" –LAYİHƏ

//modern.az/articles/56852/1/

 

“Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi” – LAYİHƏ

//modern.az/articles/53626/1/

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM 14:28, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi - 3 oktyabr 1993-cü il 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün Keçmiş naminə gələcəyi qurban vermək... 12:32, Bu gün Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR 12:28, Bu gün "Azercell" Azərbaycanda ilk dəfə yeni rəqəmsal tarif təqdim edib 12:24, Bu gün Tehranda ara qarışdı, dərslər dayandırıldı 12:20, Bu gün “Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında... 12:16, Bu gün Instagram hesabını qorumağın yolları 12:12, Bu gün Vətən müharibəsində azad edilən ilk şəhərimiz 12:08, Bu gün